Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumu (ICIJ) indiyə qədər ən böyük jurnalist araşdırmalarından biri hesab olunan “Pandora Papers”i (Pandora sənədləri) yayıb. Oktyabrın 3-də yayımlanan araşdırmada hazırkı və keçmiş 35 siyasi lider və müxtəlif ölkələrdən olan 300-dən çox məmura məxsus ofşor şirkətlərin sənədləri var.
Araşdırmada 117 ölkədən olan 600-dən çox jurnalist iştirak edib. 2.94 terabyt öçlüyə malik məlumatlarda müxtəlif formatlarda sənədlər, şəkillər və e-mail var.
Bu sənədlər vasitəsilə jurnalistlər ortaya çıxarıb ki, dövlət və hökumət rəhbərləri, eləcə də məmurlar gizli yollarla əmlak sahibi olmaq üçün müxtəlif ofşor şirkətlər təsis edib. Həmin şəxslərin siyahısında Azərbaycanın hakim ailəsi Əliyevlərin də adı var.
İlham Əliyev və ailəsinin 700 milyon dollarlıq 17 mülkü
Araşdırmada göstərilir ki, Azərbaycan Prezidenti İlham Əliyev və onun ailə üzvləri ofşor şirkətlər vasitəsilə Böyük Britaniyada, Londonda təxminən 700 milyon dollarlıq əmlak əldə ediblər. Bunu BAJK tərəfdaşı olan Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Xəbərləmə Layihəsi bildirir. Sənədlərə əsasən ailənin 17 mülkü nağd ödənişlə aldığı bildirilir.
Prezidentin oğlu Heydər Əliyevin də Londonun Meyfer bölgəsində mülkü var. 44.7 milyon dollar dəyəri olan 4 binalıq bloku prezidentin ailə dostuna məxsus şirkət alıb və bir neçə ay sonra mülk prezident oğlunun adına keçirilib.
Jurnalistlərin sənədlərə əsasən əldə etdiyi məlumata görə, Əliyevlərin Londondakı malikənlərindən birini Böyük Britaniya kraliçasına məxsus daşınmaz əmlakları idarə edən “Crown Estate” korporasiyası satıb. Həmin korporasiyanı Britaniya Maliyyə Nazirliyi idarə edir.
Araşdırma ilə bağlı “The Guradian” Əliyevlərdən şərh almağa çalışsa da cavab ala bilməyib.
“Crown Estate” isə BBC-yə deyib ki, həmin əmlak alınanda yoxlamalar aparılıb, amma indi məsələyə yenidən baxılır.
Araşdırmada başqa kimin adı var?
Sənədlərdə Böyük Britaniyanın keçmiş Baş naziri Toni Bleyr və onun həyat yoldaşı Çeri Bleyrin də adı hallanır. Onların ofşor şirkət vasitəsilə Londonda ofis alan zaman 312 min funt sterlinq (təxminən 720 min AZN) dəyərində daşınmaz əmlak vergisindən yayınıblar.
Ukrayna Prezidenti Vladimir Zelenski 2019-cu ildə seçkilərdə qalib gəlməzdən öncə gizli ofşor şirkətindəki payını transfer edib. Araşdırmaya görə, Ukrayna prezidenti 2012-ci ildən ofşor şirkət şəbəkəsi qurub və bunu “Kvartal 95” adlı prodakşn şirkətindəki tərəfdaşları ilə birlikdə edib. Zelenskinin yaxınları bu ofşorlar vasitəsilə Londonda üç böyük əmlaka yiyələnib.
Siyahıda adı olan digər lider İordaniya kralı II Abdulladır və sənədlərdə göstərilir ki, o, Britaniya və ABŞ-da dəyəri 100 milyon dollardan artıq olan daşınmaz əmlak imperiyasına yiyələnib.
Sənədlər II Abdullanın Britaniyanın Vircin adaları və digər vergi cənnətlərində ofşor şirkətlər şəbəkəsini aşkara çıxarıb. Bu şirkətlər vasitəsilə o, 1999-cu ildə hakimiyyətə gələndən bəri 15 ev alıb. Malibudakı 50 milyon funt sterlinq (təxminən 116 milyon AZN) dəyərində olan 3 ev də bunların sırasındadır.
Araşdırmada Rusiya prezidenti Vladimir Putinin də adı var və onun Monakoda gizli mülklərə sahib olduğu qeyd olunub.
“Pandora Sənədləri” nədir: Dünyanın müxtəlif ölkələrindəki 150 mediadan olan jurnalistlərin birgə ortaya çıxardığı “Pandora Sənədləri”ndə milyonlarla sənəd var. Oxşar məlumatlar və jurnalist araşdırması bir neçə il öncə “Panama Papers” və “Paradise papers” sənədləri vasitəsilə də yayılıb.
“Pandora Papers”də Böyük Birtaniyanın Britaniya Vircin Adaları, Seyşel Adaları, Honq Konq, Belize, Panama, Cənubi Dakota və digər yerlərdə qeydiyyatdan keçmiş mülk sahibləri haqqında məlumatlar daxildir. Səhmdarlar, direktorlar və məmurlar haqqında da informasiyalar var.
ICIJ deyir ki, sənədlərin əksəriyyəti 1996-2000-ci illərə aiddir və bəzi sənədlər çirkli pulların yuyulması da daxil olmaqla maliyyə cinayətləri ilə də bağlıdır. Ümumilikdə sənədlər müxtəlif sahələri əhatə edir:
- saxta şirkətlərin, fondların yaradılması;
- daşınmaz əmlak, yaxta, təyyarələr və həyat sığortası almaq üçün bu cür şirkətlətin istifadəsi;
- investisiya yatırmaq və bank hesabları arasında pul köçürmək üçün istifadə edilməsi;
- əmlak planlaşdırması və digər miras məsələləri;
- mürəkkəb maliyyə sxemləri vasitəsilə vergilərdən yayınmaq.
.