Avropa İnsan Haqları Məhkəməsi (AİHM) bu gün, oktyabrın 7-də Azərbaycanla bağlı iki qərarını elan edib. Hökumət şikayətçilərə ümümilikdə 350 min manatdan çox təzminat ödəməlidir.
Qərarlar 35 ərizəçinin ədalətli məhkəmə araşdırması, ifadə azadlığı, köləliyin, məcburi əməyin yolverilməzliyi, və mülkiyyət hüquqlarının pozuntusu iddiaları ilə bağlıdır.
Ülvi Həsənov və Məcid Məcidli Azərbaycana qarşı
Bu işdə ərizəçilər müxalifət yönlü gənc fəallar olub. 2013-cü ilin iyulunda İçərişəhər metro stansiyasında vərəqələr yayarkən polislər tərəfindən saxlanılıblar. Hər iki ərizəçi polisə aparılıb, bir gecə orda saxlanılıb. Ü. Həsənov və M.Məcidli barəsində “İnzibati xəta haqqında protokol” tərtib edilib.
- Şikayət: Ərizəçilər hökumət əleyhinə vərəqələr yaymaqda, polis məmurunun qanuni əmrinə tabe olmamaqda günahlandırlıb, onlara 15 sutka həbs cəzası verilib. Bu işdə AİHM qarşısında ədalətli məhkəmə araşdırması və ifadə azadlığı hüquqlarına müdaxilə olunduğunu iddia edilib.
AİHM ərizəçilərin iddialarını əsaslı hesab edib, onların ədalətli məhkəmə araşdırması və ifadə azadlığı hüquqlarına müdaxilənin baş verməsi qənaətinə gəlib.
Hökumət ərizəçilərin hər birinə mənəvi zərər əvəzi 5850 avro təzminat ödəyəcək.
Seudin Zoletic və başqa 32 nəfər Azərbaycana qarşı
Bu işdə ərizəçilər- 33 Bosniya və Herseqovina vətəndaşı Azərbaycanda aldadıldıqlarını iddia edib. Onlar AİHM-ə şikayətlərində bildiriblər ki, Bakıdakı məşhur “Buta Saray”, “Bakı Ekspo Mərkəzi”, “28 Mall” alış-veriş mərkəzi də daxil olmaq üzrə məşhur binaların inşa edilməsində çalışıblar. Şikayətdə Gənclik və İdman Nazirliyinin də adı keçirdi, ərizəçilərin bəziləri həmin nazirliyə aid olduğu bildirilən Mingəçevir – Kür Olimpiya Mərkəzinin inşasında çalışdıqlarını deyiblər.
- Şikayət: 33 ərizəçi iddia edib ki, onları işə götürərkən hər saat üçün 5-7 dollar ödənilməsi, zəruri şəraitlə təmin edilmiş mənzillərdə yerləşdirilməsi razılaşdırılıb. Lakin onlara cəmi 3-4 dollar ödənilib. Ərizədə qeyd olunub ki, yaşayış durumları dözülməz olub, pasportları əllərindən alınmış bosniyalılar hamam, tualeti olmayan, yüz nəfərə qədər insanın sığdığı, sərt daxili qaydaların tətbiq edildiyi baraklara yerləşdiriliblər. Ərizəçilər yerli və beynəlxalq hüquq müdafiə qurumları vasitəsilə üzləşdikləri rəftarı məhkəməyə çıxara biliblər. Hüquq müdafiə qurumlarının müdaxiləsindən sonra onlara cüzi miqdarda ödəniş edilib, pasportları geri verilib, hava limanına aparılaraq ölkələrinə göndəriliblər.
Ərizəçilər Avropa Məhkəməsində iddia edirdilər ki, onlara münasibətdə köləliyin, məcburi əməyin yolverilməzliyi, ədalətli məhkəmə araşdırması və mülkiyyət hüquqlarının pozuntusuna yol verilib.
AİHM onların iddialarını qismən qəbul edib. Məhkəmə hesab edib ki, 33 ərizəçinin hər birinə münasibətdə köləliyin, məcburi əməyin yolverilməzliyi hüququnun pozuntusuna yol verilib. Hökumət ərizəçilərin hər birinə mənəvi zərərə görə 5 min (ümumi – 165 min) avro ödəməlidir.