Oktyabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Niyaməddin Əhmədovun sonuncu məhkəmə prosesi keçirilib. Hakim Siyavuş Hacıyevin sədrliyilə keçirilən məhkəmədə partiya fəalına hökm oxunub və o, 13 il müddətinə azadlıqdan məhrum edilib.
Fəalın son sözü nə olub: Niyaməddin Əhmədov məhkəmə prosesinə onlayn formatda qoşulub. Məhkəmə zalında əyləşən atası Arif Əhmədov oğlunun son sözündə nə dediyinə qulaq asa bilməyib.
Fəalın səsini yalnız vəkil və hakim qulaqlıq vasitəsilə dinləyib. Onun vəkili Zibeydə Sadıqovanın sözlərinə görə, Niyaməddin Əhmədov günahkar olmadığını bildirib.
Məhkəmə önündə nə baş verib: Məhkəmə saat 11:00 – da başlayıb. Proses başlamadan öncə məhkəmənin qarşısında gözləyən ictimai-siyasi fəallar polis tərəfindən saxlanılıb.
AXCP-nin 6 üzvünə polis fiziki təzyiq göstərərək onları avtomobilə mindirib və ərazidən uzaqlaşdırıb. Saxlanılanlar:
- Fuad Əhmədli
- Emin Manıyev
- Tünzalə Əmirova
- Gülnarə Rəhimova
- Könül Əhmədova
- Mətanət Mahmırzayeva
Fəallardan Fuad Əhmədli və Emin Manıyevi Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə aparılıb. Emin Manıyev bir müddət sonra sərbəst buraxılıb. Lakin F.Əhmədli hələ də polis şöbəsindədir.
Polislərin saxlanılan digər fəallar, Tünzalə Əmirova, Gülnarə Rəhimova, Könül Əhmədova və Mətanət Mahmırzayeva ərazidən uzaqlaşdırılıb və Şamaxı- Yevlax yolunda, düzənlik ərazidə sərbəst buraxılıb. Onların arasında olan hamilə Könül Əhmədovanın halı pisləşib, sancısı tutub.
Niyaməddin Əhmədov kimdir: O, AXCP partiyasının sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi olub. 1 il 6 aydır ki, həbs olunub. Fəla qarşı Cinayət Məcəlləsinin 214-1 (terroru maliyyələşdirmə) maddəsi ilə ittiham irəli sürülüb. N.Əhmədov Almaniyada mühacirətdə olan bloqqer Qabil Məmmədovla əlaqədə olmaqda və Azərbaycanda terror törətmək üçün ondan maddi dəstək almaqda ittiham olunur.
Bu il sentyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror siyasi fəala 15 il həbs cəzası istəyib. Partiyadan verilən məlumata görə, N. Əhmədov həbsini qanunsuz hesab edir və buna etiraz olaraq aclıq aksiyası keçirir.
AXCP nə deyir: Azərbaycan Xalq Cəbhəsi Partiyası Niyaməddin Əhmədovun həbsini “siyasi qisasçılıq” hesab etdiyini açıqlayıb. Partiya üzvünə qarşı açılmış cinayət işini “qondarma” adlandırıb və ona işgəncə veridliyini deyib.
Onun həbsinə etirzaz olaraq ictimai və siyasi fəallar #NiyaməddinƏhmədovaAzadlıq heştəqi ilə kampaniya başladıb. Bakı küçələrinə şüarlar yazılıb və AXCP fəalları oktyabrın 5-də onun həbsinə etiraz olaraq aksiya keçirib.
Rəsmilər nə deyir: Dövlət Təhlükəsizliyi Xidməti( DTX) işgəncə iddialarını təkzib edib və məlumatın yanlış olduğu bildirilib.