Azərbaycan prezidenti İlham Əliyev İtaliyanın “La Repubblica” qəzetinə müsahibə verib. Prezident müsahibəsində Qarabağdakı hazırkı vəziyyət, İranla Azərbaycan arasındakı gərginlik və onun və ailəsinin biznesi barədə də sənədlərin, araşdırmanın yer aldığı “Pandora sənədləri” barədə danışıb. Müsahibədən əsas hissələrin çıxarışlarını təqdim edirik!
Qarabağdakı sülhməramlılar barədə
həllini gözləyən müəyyən məsələlər qalmaqdadır. Xüsusən də, hazırda Rusiya sülhməramlılarının məsuliyyət zonasında olan ərazilərimizə səfər etmək üçün Azərbaycandan icazə almalı olan əcnəbilər məsələsi var. Qarabağa səfər edən dırnaqarası turistlərin sayı kəskin şəkildə azalsa da, bəzi əcnəbilər hələ də bizim ərazimizə, Rusiya sülhməramlılarının olduğu yerlərə qanunsuz daxil olurlar. Bu məsələ Rusiyanın səlahiyyətli orqanlarının, Müdafiə Nazirliyinin diqqətinə çatdırılıb ki, buna son qoyulsun. Bu və bəzi digər məsələlər öz həllini tapmalıdır. Ancaq hazırda biz onların fəaliyyətindən ümumilikdə razıyıq.
Azad olunmuş ərazilərə qoyulan sərmayə
Azad edilmiş ərazilərlə bağlı xüsusi investisiya proqramı qəbul edilib. Cari il üçün nəzərdə tutulmuş məbləğ təqribən 1.3 milyard ABŞ dolları təşkil edir. Sərmayə qoyuluşu əsasən infrastruktur layihələrinədir.
Yenidənqurmada iştirak edən xarici şirkətlər
İtaliya bu işlərə cəlb edilən ilk ölkələrdəndir. İlk ölkə Türkiyədir, ikincisi isə İtaliyadır. Bu, təsadüfi deyil. Bu, bizim seçimimiz idi. Mən demişdim ki, biz Böyük Qayıdışla bağlı yenidənqurma layihələrinə yalnız dost ölkələrdən olan şirkətləri dəvət edəcəyik. Bir neçə italyan şirkəti artıq müxtəlif layihələrdə, o cümlədən Zəfər muzeylərinin, Memorial muzeylərin və İşğal muzeylərinin yaradılmasında iştirak edir
Azərbaycan Taliban hökumətini tanıyacaqmı?
Biz hazırda hər hansı bir addımın atılması mərhələsində deyilik. Azərbaycan bilavasitə Əfqanıstana yaxın coğrafiyada yerləşmir. Hesab edirəm ki, ilk olaraq, bu qərarı Əfqanıstanın qonşuları verməlidir.
… Hazırda Əfqanıstanda yeni hökumətin qurulması və xarici siyasət prioritetlərinin müəyyən edilməsi dövrüdür. Müsbət meyil, müsbət yanaşma və potensial əməkdaşlıq əlamətləri gördüyümüz halda biz, əlbəttə ki, adekvat şəkildə cavab verəcəyik
İran-Azərbaycan gərginliyi haqqında
İranın yeni hökuməti, yeni Prezidenti seçiləndə biz nə etdik? Biz onun inauqurasiyasına parlament sədrinin və Baş nazirin müavininin rəhbərliyi ilə böyük nümayəndə heyətini göndərdik. Onlar mənim dostluq mesajımı birbaşa İran Prezidentinə çatdırdılar. Eyni zamanda, digər çatdırılan mesaj və mən bunu xüsusi olaraq əvvəlcə bildirdim, belə idi: “Xahiş edirik Qarabağda İran biznesmenləri tərəfindən aparılan qeyri-qanuni biznes fəaliyyətinə diqqət yetirin”. Biz İran hökumətini ittiham etmək mövqeyində deyildik. Biz anladıq ki, bunu bəzi özəl şirkətlər edir. Lakin biz bunun dayandırılmasını xahiş etdik. Cavab olaraq nə baş verdiyini hər kəs görür. Nəticədə nəyə nail olduq? Bir daha söyləyim ki, heç bir yaxşı şey baş vermədi. Buna görə, biz, ilk növbədə, İsrailin azad olunmuş torpaqlara gətirilməsi ilə bağlı Azərbaycana yönələn bütün ittihamları rədd edirik. Bu, tamamilə cəfəngiyyatdır. Bu, sadəcə, Azərbaycanı qaralamaq məqsədilə daxili auditoriyaya yönəlmiş bəhanədir. Hər kəs gedib görə bilər ki, orada heç həyat yoxdur. Hər bir şey dağıdılıb. İkincisi isə biz digərlərinə etdiyimiz hörmətin özümüzə də olmasını tələb edirik.
“Pandora sənədləri”ndəkilər nə qədər doğrudur?
Mən bundan əvvəl sahibkar olmuşam, bizneslə məşğul olmuşam. Tərcümeyi-halım da məlumdur. Özü də uğurlu sahibkar olmuşam. Prezident seçiləndə mən kasıb insan deyildim. Prezident olduqdan sonra mən biznesdə birbaşa iştirakımı dayandırdım və biznesi öz ailəmə ötürdüm. Siz bəlkə məni başa düşərsiniz ki, bütün mirasını pişiklərə və itlərə qoyub gedən Qərbdəki digər insanlardan fərqli olaraq, İtaliya və Azərbaycanda biz ailə dəyərlərinə daha çox üstünlük veririk. Buna görə, mən bütün biznesimi uşaqlarıma ötürdüm. Onlar isə səylər göstərib biznesi davam etdirirlər. Onların əsasən Azərbaycanda sərmayələri var. Onların Azərbaycandan kənarda sərmayələri var. Onların bütün biznes fəaliyyəti şəffafdır və beynəlxalq səviyyədə auditdən keçir və heç kəs burada bir şeyin səhv olması iddiası ilə çıxış edə bilməz.
Sənədlərdə nə yazılıbsa, səmimi desəm, mən onları oxumamışam. Mənə məlumat verildi və orada ola bilsin 5 faiz həqiqətdir. Qalanı isə yalandır. Amma bir daha bu haqda açıq söyləməyə qanuni haqqım var. Azərbaycanda sirr deyil ki, mənim qohumlarım və ailə üzvlərim biznesdə, xeyriyyəçilikdə və hazırda Qarabağda aparılan bir çox işlərdə iştirak edirlər.