Azərbaycanda “Media Haqqında” yeni Qanun layihəsinin hazırlanması barədə qərar prezident tərəfindən ilin əvvəlində verilib. 2021-ci il yanvarın 12-də İlham Əliyevin “Media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı ilə Media İnişaf Agentliyi (MEDİA) yaradılıb və fərmana əsasən agentliyə iki ay ərzində yeni qanun layihəsini hazırlayıb prezidentə təqdim etmək tapşırılıb.
Bu fərmandan 9 ay keçsə də yeni qanun layihəsi nə prezidentə təqdim olunub, nə də ictimai müzakirəyə çıxarılıb. Ötən aylar ərzində qanun layihəsi AZərTac, Trend, Report və APA informasiya agentliklərində müzakirə edilib.
Media İnkişaf Agentliyinin icraçı direktoru Əhməd İsmayılov deyib ki, qanunun məqsədi media sahəsində sistemləşmənin təşkilidir:
Yeni qanun layihəsində nəinki çap mediası, eyni zamanda audioviziual media subyektləri və onlayn media subyektləri də eyni qaydada reyestrdə qeydiyyatdan keçməlidir.
Yeni qanunla bağlı həm Media İnkişaf Agentliyi rəsmiləri, həm də sayt redaktorları öz müsahibələrində bu qanunun 2019-cu ilin əvvəlində başlayan islahatların davamı olduğunu deyir və yüksək qiymətləndirir. Qanun layihəsinin hazırlanmasında eksperlətin, işçi qrupların, sayt rəhblərinin iştirak etdiyi deyilsə də həmin ekspertinlərin və sayt rəhbərlərinin kim olduğu, işçi qruplara kimlərin daxil olduğu və həmin şəxslərin necə və kim tərəfindən seçildiyi barədə heç bir məlumat verilmir.
Bu il ərzində yeni qanun layihəsi ilə bağlı qurum rəsmilərinin müsahibələrində qısa məlumatlar, maddələr barədə bəzi detallar açıqlanıb.
Media haqqında qanunla bağlı indiyə qədər açıqlanmış bəzi məlumatları bir yerə topladıq.
Qanunun 8-ci fəsli Media reyesterinə həsr olunub və həmin fəsildə deyilir:
Media reyestri Azərbaycan Respublikasında media subyektlərinə və onların redaksiyalarına, habelə jurnalistlərə dair məlumatların sistemləşdirilməsi məqsədilə yaradılır. Reyestr audiovizual media subyektləri, çap mediası subyektləri, onlayn media subyektləri, informasiya agentlikləri və jurnalistlər bölmələrindən ibarət olacaq.
Audiovizual media subyekti barədə məlumatları MEDİA-ya qanunda şərti olaraq Audiovizual Şura adlandırılan qurum tərəfindən təqdim olunacaq.
Qanuna əsasən, çap mediası və ya onlayn media subyektləri, informasiya agentlikləri, həmçinin jurnalistlər isə media reyestrinə daxil edilmək üçün özləri MEDİA Agentliyinə müraciət edəcəklər. Reyestrin aparılması qaydalarını MEDİA müəyyən edir.
Reyestrdə nə olacaq?
- Media subyektinin adı
- Loqotipi
- Hüquqi və faktiki ünvanları
- Təsisçisi haqqında məlumatlar
- Onlayn media subyektinin domen adının sahibi haqqında məlumat
- Jurnalistlərin siyahısı
- Jurnalistlərin əmək və ya mülki hüquq müqaviləsi
- Qəzetlərin dövriliyi və birdəfəlik tirajı
- Məzmunu haqqında məlumatlar və s.
Reyestrə daxil edilən medialara şəhadətnamə, jurnalistlərə isə vəsiqə veriləcək. Reyesterə daxil edilmək üçün də jurnalistlər üçün də ayrı tələblər var:
- Ali təhsili olmalı
- İctimai mənəviyyat əleyhinə cinayətlərə görə əvvəllər məhkum edilməməli
- Əmək müqaviləsi olmalı
- İşlədiyi media subyekti media reyestrinə daxil edilmiş olmalı
- Jurnalistika sahəsi üzrə ən azı 3 il iş stajı olmalı;
- və ya elmi və pedaqoji təhsil müəssisələrində jurnalistika sahəsində ən azı 3 il fəaliyyət göstərməlidir.
Media İnkişaf Agentliyindən verilən və üç illik etibarlılıq müddəti olan jurnalist vəsiqəsinin güzəşt və imtiyazları nədir?
- Muzey, qalereya və digər mədəni-ictimai tədbirlərin keçirildiyi obyektlərə ödənişsiz daxil olmaq;
- Dövlət orqanlarında akkreditasiya olunmaq
- Hərbi və fövqəladə vəziyyətin tətbiq edildiyi ərazilərdə informasiya əldə etmək
- Güzəştli kreditlər
- Sosial müdafiənin gücləndirilməsi
- Maddi təminatının yaxşılaşdırılması
“Media sahəsində fəaliyyətin azadlığı” maddəsi:
Media sahəsində fəaliyyət azadlığı bundan ibarətdir ki, dövlət hər kəsin qanuni yolla informasiya axtarmaq, əldə etmək, hazırlamaq və yaymaq hüququna təminat verir. Media azadlığı dedikdə yaradıcılıq və redaksiya müstəqilliyi nəzərdə tutulur və bu azadlıq yalnız qanunla müəyyən edilmiş hallarda məhdudlaşdırıla bilər.
İnternet televiziyalarının lisenziyalaşdırılması
Yeni qanun layihəsində internet televiziya kanallarının lisenziyalaşdırılması da nəzərdə tutulub. Qanun layihəsinə lisenziyanın əldə edilməsi üçün media əsasən iki şərtə cavab verilməlidir:
- İnternet televiziya kanalı özünün saytından yayım aparmalı;
- Yayım gün ərzində 6 saatdan az olmamalıdır
MEDİA-nın icraçı direktoru Əhməd İsmayılov qurumun “Media etikası jurnalist peşəkarlığının əsas prinsipidir” mövzusunda 12 oktyabrda keçirdiyi onlayn konfransda deyib ki, yeni qanun layihəsi yekunlaşmaq üzrədir və müzakirələrdən sonra layihədəki bəzi maddələrə dəyişiklik edilə bilər.