Ermənistan, Azərbaycan və Rusiya sərhədlərin müəyyənləşdirilməsi və yeni nəqliyyat xətlərinin açılması ilə bağlı yeni müqavilə imzalamağa hazırlaşır. Rusiya və Ermənistanın xəbər agentliklərinin yaydığı məlumata görə, müqavilə Rusiyanın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasındakı atəşkəsin il dönümündə bağlanacaq.
OC Media RIA Novosti-yə istinadən yazır ki, üçtərəfli görüş noyabrın ilk ongünlüyündə baş tutacaq.
Oxşar xəbər oktyabrın 22-də Ermənistan mətbuatında da yayılıb və etibarlı diplomatik mənbəyə istinadən bildirilib ki, noyabrın əvvəlində baş tutacaq görüşdə iki yeni sənəd imzalanacaq.
Görüşdə birinci müzakirə mövzusu Ermənistan və Azərbaycan arasında sərhədin müəyyənləşdirilməsi və bölünməsi olacaq. Digər məsələ isə, Azərbaycan və Ermənistan arasında nəqliyyat xətlərinin açılması barədə müzakirə olacaq. Xüsusilə də Azərbaycanın qərb bölgələri ilə Naxçıvan arasında Cənubi Ermənistan üzərindən keçən nəqliyyat xətlərinin açılmasına fürsət verilməsi və eyni zamanda, Ermənistanın Azərbaycan vasitəsilə İran və Rusiyaya çıxışı təmin edilməsi müzakirə olunacaq.
Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasındakı nəqliyyat xətləri son aylarda Azərbaycan prezidenti İlham Əliyevin lazım gələrsə, hərbi gücdən istifadə edərək yaradacağını dediyi “dəhliz” tələbindən sonra Ermənistan və Azərbaycan arasında müzakirə mövzusu olub. Ermənistanın Baş naziri Nikol Paşinyan isə daha öncə belə bir nəqliyyat yolunun “dəhliz” demək olmadığını qeyd edib.
Bu iddialarla bağlı hər üç ölkədən rəsmi açıqlama hələ verilməyib. Lakin, Kremlin sözçüsü Dmitri Peskov RIA Novosti-yə müsahibəsində deyib ki, üçtərəfli görüşdə hər hansı bir razılıq əldə olunsa, bu məsələ ilə bağlı Kreml vaxtında məlumat verəcək.
Bu il payızın əvvəlində həm Əliyev, həm də Paşinyan görüşə hazır olduqlarını qeyd ediblər.
Ermənistan və Rusiya oktyabrın 22 -də Azərbaycan sərhədinə yaxın ərazidə yerləşən Sünik əyalətində birgə hərbi təlimlərə başlayıb. Təlimlərə Ermənistan silahlı qüvvələrinin bütün hərbi hissələri ilə yanaşı, Gümrüdə yerləşən 102 -ci hərbi bazadakı Rusiya qüvvələri də qoşulub.
Rusiya-Ermənistan ortaq qüvvələrinin komandanı Tiqran Parvanyanın bildirib ki, təlimlər Rusiya ilə Ermənistan arasında mövcud olan illik hərbi əməkdaşlıq planına daxildir.