Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi saxta əlilliklə mübarizə apardığını açıqlayıb və 2019-cu ildən bu günə qədər minlərlə insanın əlilliyini ləğv edib. Son zamanlar bu, ən çox müzakirə olunan mövzulardan birinə çevrilib. Bəs əlillik dərəcəsinin ləğvi prosesi nə qədər ədalətli aparılır? Bu prosesin əslində aparılma qaydası ilə bağlı eskpertlər nə düşünür?
6 yaşlı fiziki məhdudiyyətli uşağa 2 ildə 8 dəfə rədd cavabı necə verilib?
Samil Soltanovun 6 yaşlı oğlu serebral iflic xəstəsidir. Atanın sözlərinə görə, oğlu ürək qüsuru ilə doğulub, həmçinin doğuş zamanı başı və sağ qolu zədələnib. Bu vaxta qədər ailə uşağı müalicə etdirsə də, həkimlər serebral iflicin sağalmasının çətin, ya da mümkünsüz xəstəlik olduğunu deyib.
S.Soltanov deyir ki, buna görə də oğlu mütəmadi müalicə almaldır ki, xəstəliyi irəliləməsin. Onun sözlərinə görə, oğluna ilk dəfə 2016-cı ildə 3 il müddətinə 74 manat pensiya təyin edilib:
Həmin vaxt ilk dəfə uşağa ürəyindəki qüsurla bağlı pensiya təyin olundu, ancaq qolundakı problem yazılmadı. 2019-cu ildə yenidən komissiya vaxtı çatanda oğlumun yalnız ürəyindəki qüsurla pensiyaya çıxdığını əsas gətirərək rədd cavabı verdilər. Dəfələrlə müayinəyə aparsam da, nəticəsi olmadı. Uşağın qolunda kiçilmə, nazikləşmə və inkişafdan qalma var. Bunu görmək üçün ekspert olmağa belə gərək yoxdur.
S.Soltanov deyir ki, həmin vaxtdan etibarən 2 il ərzində dəfələrlə yoxlanışdan keçməsinə baxmayaraq, 8 dəfə imtina cavabı alıb. Hər dəfə də ona “əlavə müayinə və müalicəyə ehtiyac var”,- deyilib. Hazırda işsiz olan ata pensiya kəsildiyi üçün övladını vaxtında həkimə apara, müalicə etdirə bilmir.
O deyir ki, sonuncu dəfə 6 ay əvvəl Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya mərkəzində bir neçə dəfə təkrar müayinədən sonra ekspertlər oğlunun xəstəliyini təsdiq edib, bir aydan sonra ona pensiyana təyin olunacağını deyiblər.
O vaxtdan 5 ay keçib. Hər dəfə zəng edəndə “gözləyin, sənədlərdə gecikmə var deyirlər. Qalmışıq bunların əlində, nətər edək, necə edək?
deyə S.Soltanov şikayətlənir.
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Mərkəzinin mətbuat üzrə nümayəndəsi Gülnar Əzizova “Mikroskop Media”ya açıqlamasında vəziyyəti belə izah edib:
Uşağa xəstəxana tərəfindən tərtib edilən “forma 88” çox bərbad vəziyyətdə idi. Normalda prosedur elektron təyinatla həyata keçirilir, əlillik dərəcəsi xəstəxanın verdiyi “forma 88”in əsasında verilir. Ancaq bəzən səhiyyə müəssisələri natamam, qeyri -dəqiq göndərişlər təyin etdiyi üçün indiki situasiya yaranır. Belə olan halda məcburən vətəndaş əziyyət çəkməsin deyə, nazirlik olaraq həmin şəxsləri təkrar əyani müayinələrə cəlb edib, bu şəkildə qərar veririk. Samil Soltanovun oğlu da təkrar əyani müayinəyə cəlb olunduqdan sonra bu ilin mayında 3 illik müddətə sağlamlıq imkanı məhdud olaraq qeydiyyata alınıb.
G.Əzizova bildirib ki, yaxın günlərdə ailə rayon üzrə sosial müdafiə fonduna yaxınlaşaraq ödənişlərini ala bilər.
2 ildir pensiya ala bilməyən Soltanovlar ailəsinin bu müddət ərzində itirdiyi məbləğ təxminən 1800 manatdır. Əlillik təyinatı gec-may ayında verildiyi üçün onlar bu məbləğin cəmi 518 manatını geri qaytara biləcək…
Prosedur niyə bu qədər çətindir və əslində necə olmalıdır?
“Altay” Sosial-iqtisadi Araşdırmalar mərkəzinin rəhbəri, sosiloq Elçin Bayramlı rüşvətin aradan qaldırılması, eləcə də saxta əlillik alanların ortaya çıxması baxımından nazirliyin keçirdiyi yoxlamaları düzgün hesab edir, amma bununla yanaşı düşünür ki, indiki halda da proses tam ədalətli şəkildə aparılmır:
Adam var ki, aylarıdır pensiyası kəsilib, hər dəfə təkrar müayinə üçün borc-xərc edib Bakıya gəlir və burada yoxlanışdan keçmək üçün xərclədiyi pul, alacağı pensiyadan çoxdur. Əlilliyin təyin edilməsi günlərlə, həftələrlə vaxt alır. Halbuki, 21-ci əsrdə bunu müəyyən etmək cəmi bir saat vaxt alır, yerindəcə insanların işini həll edib yola sala bilərlər. Məsələn, adamın əli, ayağı yoxdursa, bunu komisiyya bir saat ərzində müəyyənləşdirə bilər. Komisiyya işini elə görməkdir ki, insanların şikayətlənməsi üçün səbəb qalmasın. Şikayətçinin haqlı və haqsız olduğu real şəkildə görülməlidir. Vətəndaşla dövlət arasında inamın itməməsi üçün proses şəffaf və sürətli aparılmalıdır.
Sosioloqun sözlərinə görə, digər tərəfədən regionlarda ayrıca mərkəzlərin olmaması da işi çətinləşdirir: “Hamı Bakıya gəlməyə məcbur deyil. Nə müavinət verirlər ki, onu da adamlar yola xərcləsin?”
Sosioloq hesab edir ki, saxta əlilliyin ləğvindən gələn pullar hesabına həqiqətən sosial müavinətlərə ehtiyac duyan insanların aldığı pulun həcmini 2 dəfə artırmaq olar; hökumət yalnız bu cür ədalətli sosial siyasət yürüdə bilər.
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) 2021-ci ilin yanvar-iyun aylarına dair hesabatında keçən illə müqayisədə bu il ölkədə insan hüquqları ilə bağlı pozuntuların artdığı qeyd edilib. Hesabatda qeydə alınan 353 şikayətdən 191-i sosial-iqtisadi hüquqlarla bağlı olub ki, bu da bütün pozuntuların 54%-dir.
Pensiya təyinatının səbəbsiz uzadılması, ünvanlı dövlət sosial yardımlarının verilməsində süni əngəllər bu rübdə sosial təminat hüququ ilə bağlı pozuntların əsasını təşkil edib. Şikayət edilən əsas qurumlar:
- yerli icra hakimiyyətləri
- bələdiyyələr
- məşğulluq mərkəzləri
- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
Hökumət saxta əlillik verilməsi ilə necə mübarizə aparır?
Saxta əlilliklə bağlı mübarizəyə 2018-ci ildə sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun vəzifədən azad edilməsindən bir qədər sonra başlanılıb.
Əvvəlki nazir Füzuli Ələkbərovun çalışdığı dövrdə (2006-2013) hər il orta hesabla 31 min şəxsə ilk dəfə əlillik dərəcəsi verilirdisə, eks-nazir Səlim Müslümovun vəzifədə olduğu dövrdə (2013-2018) bu say 36 min nəfər olub.
Hələ o vaxt adı “yeyinti” iddialarında hallanan Səlim Müslümov vəzifəsindən azad edildikdən 3 il sonra bu ilin fevralında təkrar külli miqdarda rüşvət alma, ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə məsuliyyətə cəlb olundu.
Onun dövlət büdcəsindən nə qədər mənimsədiyi rəsmi təsdiqini tapmasa da, yerli mediada dərc edilən yazılarda bu rəqəmin 2.5 milyard dollar olduğu iddia edilib.
ƏƏSMN-nin verdiyi məlumata görə, 2018-2021-ci illərdə əlilliyin qiymətləndirilməsində qanunsuz hərəkətlərə yol vermiş 30 əməkdaş barəsində də tədbirlər görülüb.
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Aparatının və tibbi-sosial ekspert komissiyalarının (TSEK) 19 əməkdaşı əmək funksiyalarının icrasında kobud nöqsanlara yol verdiklərinə görə vəzifələrindən azad edilib, 11 nəfərsə intizama görə tənbeh edilib.
Həmçinin sənədlərin saxtalaşdırılması faktlarının araşdırılması məqsədilə 266 şəxs üzrə əlillik sənədləri də hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa təqdim edilib.
Büdcəyə 500 milyon manatlıq qənaət…
Dövlət Statistia Komitəsinin (DSK) məlumatına görə, 2020-ci ildə əhali arasında pensiya və ya müavinət alan əlillərin sayı 633 469 nəfər olub. Bu isə 2019-cu illə müqayisədə (636 004) 2 535 nəfər azdır.
Eyni zamanda Azərbaycanda mövcud olan 1 milyon 270 min 559 nəfər pensiyaçının 30,2%-i, yəni 383 993 nəfəri əlillik səbəbi ilə pensiya alır.
Əlilliyə görə pensiya alanlardan cəmi 43 070 nəfəri işləyir. Çalışmayan əlillərin sayı isə bundan 7 dəfə çoxdur (340 923 nəfər).
Əlilliyə görə təyin edilən pensiyanın orta məbləği 229,7 AZN-dir.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev oktyabrda verdiyi açıqlamada 2021-ci ildə ümumilikdə əsassız və saxta pensiya işlərinin ləğv edilməsi nəticəsində təqribən 500 milyon manat məbləğində vəsaitə qənaət edildiyini bildirib:
- 2018-ci il – 25 milyon AZN
- 2019-cu il- 133 milyon AZN
- 2020-ci il – 346 milyon AZN məbləğində əsassız və saxta pensiya işləri ləğv edilib.
Rəsmi məlumata görə, bu illər ərzində illərdə 7000-dən çox saxta əlillik təyinatı ləğv edilib.
2021-ci ilin yanvar-oktyabr ayları ərzində isə 45 677 şəxsə əlillik təyin edilib. Bu 2020-ci ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur. Həmin 45 mindən artıq şəxsdən 14 245-i ilkin, 31 432-si təkrar əlillik təyinatıdır.
Əlilliyin təyin edilməsi hansı meyarla aparılır?
2021-ci ildə edilən son dəyişikliyə əsasən, əlilliyin təyin edilməsi yeni meyarlar üzrə aparılır; orqanizmin funksiyalarının itirilməsi faizinin müəyyən edilməsi və xəstəliyin ağırlıq dərəcəsi nəzərə alınmaqla.
- I dərəcə – orqanizmin funksiyalarının 81-100 faiz itirilməsi
- II dərəcə – orqanizmin funksiyalarının 61-80 faiz itirilməsi
- III dərəcə – orqanizmin funksiyalarının 31-60 faiz itirilməsi
Son dəyişiklikləri isə bir qrup əlillik almağın çətinləşdirilməsi kimi xarakterizə edir.
Sosioloq Elçin Bayramlı əlilliyin bədən üzvlərinin itirlməsi əsasında təyin edilməsini absurd hesab edir:
Bir ayağı olmayan adamı kimsə işə götürür? Dövlət orqanlarında, şirkətlərdə əlillik kovatası deyilən məcburi kvota var. Gəlin görək, harada belə bir kvotaya riayət olunur, harada əlilləri işə götürürlər?
Onun sözlərinə görə, dünyada bu problem 2 üsulla müəyyən edilir: Ya əlilə müavinət ayrılır, ya da əlil uyğun işlə təmin olunur.
Əgər dövlət bunların heç birini təmin edə bilmirsə, nə haqla insanların pensiyası kəsilir?
Səbəb maliyyə çatışmazlığıdır, yoxsa siyasət?
İqtisadçı ekspert Qubad İbadoğlu hesab edir ki, dəyişikliklərin səbəbi maliyyə çatışmazlığı yox, daha çox siyasət problemidir. Onun sözlərinə görə, əslində bu ilin büdcəsində ciddi bir dəyişiklik yoxdur. Çünki, dünya bazarında neftin qiyməti büdcədə nəzərdən tutulandan 2 dəfə də artıqdır. Dövlət Neft Fondunun qiymət artımından gəlirləri əvvəlki illərlə müqayisədə çoxdur və dövlət büdcəsinə Neft Fondundan transferlər nəzərdə tutulub. Ekspertin sözlərinə görə, büdcənin 4 aylıq yekunlarının icrası da göstərib ki, büdcədə 706 milyon manat profsit var və bu da problemin maliyyə çatışmazlığı olmadığını göstərir.
İndi yeni siyasət qurulur və bu siyasətin əsas məqsədi ondan ibarətdir ki, yalnız bu il üçün yox, digər illərdə də büdcənin sosial xərclərini azaldıb aşağı səviyyədə saxlanılsın. Bunun üçün müxtəlif addımlar atılıb. Pensiya yaşı qaldırılaraq pensiya alanların sayı aşağı salınıb, digər tərəfdən pensiya alanların imtiyazları ləğv olunmaqla buradan da büdcəyə qənaət olunur.
İqtisadçı deyir ki, əlilliklə yanaşı pensiyaların verilməsində də əngəllər yaradılıb və pensiya əvəzində qocalıq müavinəti verilir.
Məsələn, bir neçə il əvvəl qocalıq müavinəti alanların sayı 16 min idi, hazırda 100 mini keçib. Yəni ki, bunlar potensial pensiya alacaq adamlar idi. İndi hökümət 130 manat müavinət verməklə bu adamları sakitləşdirməyə çalışır və onlara pensiya vermir. Hətta gözlənilir ki, gələn ildən sağlamlıq imkanları məhdud olan uşaqlara ödəniləcək məbləğ də azaldılsın.
Q.İbadoğlunun fikrincə, növbəti illərdə neft gəlirləri azalacağından hakimiyyət sosial öhdəliklərini indidən azaldır və dövlət büdcəsində bu istiqamətdə əhəmiyyətli ixtisarlar hesabına sosial yükdən azad olacaq.
Burada insan amili, sosial qayğı, firavanlıq və digər məsələlər təəsüflər olsun ki, arxa plana keçib. Saxta əllilik adı altında bütün əlillərin təyinatı dəyişdirildi. İndi də yenidən təftiş prosesi gedir. Saxta əllilik almaq imkanları hələ də qalıb. Saxta əlillikdən danışırlar, amma bunu insanlar özü düzəltməyib ki, dövlət orqanı verib. Həmin insanlar nə qədər ki o maaşla işləyir, onlar saxta əlliliyə qazanc mənbəyi kimi baxacaq. Bu sistemdə nə qədər ki, ədalətli məhkəmə, mühakimə yoxdur saxta əllilik də, digər problemlər də qalacaq
deyə ekspert qeyd edib.
Digər ölkələrdə fiziki imkanları məhdud vətəndaşlara nə qədər xərclənir?
Ümumdünya Səhiyyə Təşilatının (ÜST) məlumatına görə, dünyada 1 milyarddan çox insan və ya dünya əhalisinin 15% -i əlil yaşayır. Əlillər bir qrup olaraq əlil olmayanlara nisbətən mənfi sosial-iqtisadi nəticələrlə qarşılaşırlar.
ÜST əlillərin sayının əskin şəkildə artdığnı bildirir və bunu demoqrafik tendensiyalar və xroniki sağlamlıq vəziyyətindəki artımlarla əlaqələndirir.
Qurum qeyd edir ki, ilkin səhiyyə xidmətlərində, xüsusən də reabilitasiya müdaxilələrində əlillik xidmətlərinin genişləndirilməsinə təcili ehtiyac var; çox az ölkə səhiyyə sektorunda əlilliyə görə bölgü təmin etmək üçün məlumat toplayır.
2018-ci ildə Avropa Biriyinə üzv dövlətlər əlillik müavinətlərinə təxminən 276 milyard avro xərcləyib və bu, sosial müdafiə müavinətlərinə xərclənən vəsaitin 7,6% -ni təşkil edib.
2010-cu ildən bəri Avropa Birliyində əlillik müavinətləri üçün sosial müdafiə xərclərinin payı sabit qalıb, 2018-ci ildə bu göstərici əhəmiyyətli dərəcədə dəyişməyə başlayıb. Ən yüksək əlillik xərcləri olan ölkələr:
- Danimarka – 15%
- Estoniya – 11,4%
- Lüksemburq – 10,4%
- Xorvatiya – 10,3%
- İsveç – 10%
Ən aşağı əlillik xərcləri olan ölkələr:
- Malta – 3.6%
- Yunanıstan – 4,1%
- Kipr – 4,6%
- Sloveniya – 4,7%