Bazar, 18 Yanvar 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Xankəndidən olan qaçqınlar üçün gələcək qeyri-müəyyəndir. Erməni jurnalistin Qorisdən reportajı

12 Oktyabr 2023
A A
Xankəndidən olan qaçqınlar üçün gələcək qeyri-müəyyəndir. Erməni jurnalistin Qorisdən reportajı

Foto: Arshaluys Barseghyan / OC Media. İllustrasiya: Mikroskop Media

Azərbaycanın 2023-cü il sentyabrın 19-da Dağlıq Qarabağda keçirdiyi əməliyyatdan sonra orada yaşayan erməni sakinlər evlərini tərk edərək Ermənistanın müxtəlif şəhərlərinə getməyə məcbur olub. OC Media-nın Ermənistandan olan əməkdaşı Arşaluys Barseğyan həmin ermənilərin əsasən üz tutduğu və hazırda müvəqqəti məskunlaşdığı Qoris şəhərində olub. Qoris Ermənistanın cənubunda yerləşir və Dağlıq Qarabağdan çıxan yük dolu maşınların əksəriyyəti bu şəhərə gəlib. 

Jurnalist Qorisdə müvəqqəti məskunlaşmış qaçqınlarla görüşüb və onların ən son baş verənlərlə bağlı nə düşündüyünü öyrənməyə çalışıb. Mikroskop Media jurnalistin həmin şəhərdən hazırladığı reportajı Azərbaycan dilində təqdim edir.  

Dağlıq Qarabağın demək olar ki, bütün əhalisinin köçü artıq başa çatıb. Sıfırdan yeni həyata başlamaq məcburiyyətində qalanların çoxu geridə nəyi və kimləri qoyub getdiklərini düşünürlər.

29 sentyabrdan Qorisə gedən yolu üstü yük dolu avtomobillər doldurub.

1 oktyabrda keçmiş “Dağlıq Qarabağ Respublikası”nın hüquq müdafiəçisi Qeqam Stepanyan son avtobusun Qorisə çatdığını açıqlayıb. 

“Dağlıq Qarabağ Respublikası” təslim olandan sonra Ermənistana 100 mindən çox məcburi köçkünün gəldiyi bildirilir. BMT-nin regiondakı missiyası hazırda Dağlıq Qarabağda 50-1000 arası erməninin qaldığını açıqlayıb.

Nə yorğan, nə döşək, nə soyuducu, nə televizor, nə də mebel. Hər şey türklərə qaldı.

Laura Vardanyan

Abidənin pilləkənlərində oturan yaşlı qadın Laura Vardanyan belə deyir. Jurnalist yazır ki, söhbətləşdiyi Dağlıq Qarabağ ermənilərinin hamısı azərbaycanlılara “türk” deyir.

Laura və altı nəfərlik ailəsi həmin səhər Qorisə gedib və Ermənistanın ikinci böyük şəhəri olan Gümrüyə köçürülməyi gözləyirlər.

Lauranın oğlu 2020-ci ildə İkinci Dağlıq Qarabağ müharibəsi zamanı çörək bişirərkən xəsarət alıb. Onun jurnalistlə söhbətinə qoşulan qızı Mariam Nalbandyan isə əlavə edib ki, həmin müharibə zamanı evlərini itiriblər və dövlətin verdiyi güzəştli kirayə evlərdə qalmaq üçün Xocavəndə köçməyə məcbur olublar.

 Mariam Nalbandyan sökülən abidənin bir parçasını göstərir. Foto: Arshaluys Barseghyan / OC Media

Onların sözlərinə görə, Xocavənddə 3 nəfər qalıb; ərinin məzarını tərk etmək istəməyən yaşlı qadın, oğlunun məzarını tərk etmək istəməyən bir kişi və evsiz bir nəfər sakin. 

Lauranın ailəsi deyir ki, bu dəfəki köçdə onlar yalnız paltarlarını götürə bilib, hərəsi bir çanta yığmağa imkan tapıb. Mariam isə dəyərli hesab etdiyi başqa bir şeyi, Monte Melkonyanın heykəlindən mərmər parçası götürüb.

“Heykəl dağıdıldı. Kim bacardısa, dağıntılar altından bir parça götürdü. Bu mənim götürdüyüm ən dəyərli şeydir, qalanı sadəcə materialdır. Biz evimizi yox, vətənimizi itirmişik”. Məryəm bu sözləri göz yaşları içində danışıb.

Müəllifin söhbətləşdiyi başqa bir ailə isə bir az aralıda, kölgəlikdə oturan, Ağdərədən gələn Arakelyan ailəsi olub. Onların yanında Azərbaycan hərbçilərinin atəşi altında ikən analarının yığdığı bir neçə çanta var. Buradan sonra isə hara gedəcəklərini bilmirlər.

“13 və 16 yaşlı Raksana və Regina bacıları son döyüşün necə başladığını xatırlayır. 19 sentyabr nahar vaxtı. Sərhəddə gərginliklə bağlı verilən xəbərlərə görə, nəyinsə başladığını ehtimal edirdilər, amma bunun bu qədər pis nəticələnəcəyi ilə bağlı heç bir fikirləri yox idi” – jurnalist yazır. 

Regina deyir ki, təhsil aldıqları məktəb evlərinə yaxın idi və atəş başlayandan sonra onlar dərhal məktəbin zirzəmisinə gedib: 

Oraya çoxlu kəndli toplaşmışdı. Türklər orada çoxlu insanların olduğunu başa düşdükdən sonra məktəbi hədəfə aldılar.

16 yaşlı Regina

Onların atası 19 sentyabrda döyüşlər başlayan gün yaralanıb. O, əməliyyat olunmaq üçün 27 sentyabrda helikopterlə Yerevana təxliyə olunub.

Raksana və Regina Arakelyan. Foto: Arshaluys Barseghyan / OC Media

Şəhərdəki meydanda, çəmənlikdə 4 uşağının əhatəsində oturan başqa bir qadın isə 27 yaşlı Sona Nahapetyandır. O, Heyvəli [ermənilər Drmbon adlandırır] kəndindən məcburi köçkündür və Xankəndinə soyuqda və ac halda gəldiyini deyir. 

“Uşaqlar məktəbdə idilər və qorxub evə qaçmağa başladılar. Qorxudan bəzi uşaqlar tanımadıqları adamların evlərinə girmişdilər. Onların vəziyyətini təsəvvür edin, indi ən adi partlama səsindən də qorxurlar” – Sona 19 sentyabrı belə xatırlayır. 

Qoris şəhər meydanı həm də ətrafda gəzərək su, kofe və yemək təklif edən könüllülərlə doludur. Sona bu meydanda eltisi, 30 yaşlı Qohar Arutyunyanla birgə oturub. Qohar hesab edir ki, sentyabrdakı döyüşlər cəmi 1 gün davam etsə də, 2020-ci ildəki 44 günlük müharibədən daha dəhşətli olub. 

“Mən heç kimin bizim getdiyimiz yoldan getməsini istəməzdim. Sevindiyim yeganə şey ailəmin sağ-salamat çıxmasıdır. Çıxacağımıza ümid yox idi” Qohar deyir. Əlavə edir ki, qoyub getməyə məcbur qaldığı evini mədəndə işləmək və mal-qara yetişdirməklə tikib. 

O həm də evdən çıxanda ailə fotolarını götürə bilmədiyinə peşmandır, amma deyir ki, vacib hesab etdiyi başqa şeyi, İkinci Dağlıq Qarabağ müharibəsi zamanı həlak olmuş 30-dan çox əsgərin Xankəndidəki universitetdə olan şəkillərini götürə bilib. Qorxub ki, azərbaycanlı əsgərlər o şəkilləri təhqir edə bilər.

Sona Nahapetyan və Gohar Harutyunyan uşaqları ilə. Foto: Arshaluys Barseghyan / OC Media

“Onlar silahları ilə ətrafda gəzir, bizə baxır, işarə edir, gülürdülər. İnsan özünü alçaldılmış hiss edir” –  Qohar xatırlayır.

63 yaşlı Ella Süleymanyanın isə geridə qoyduğu və götürə bilmədiyinə görə peşman olduğu şey məzar torpağıdır:

“Kaş ki, azərbaycanlıların hücumunda həlak olan qardaşım oğlunun məzarından bir ovuc torpaq götürəydim”.

Qaçqın uşaqlar 

UNICEF Ermənistanın məlumatına görə, Ermənistana gələn məcburi köçkünlərin 30 mini uşaqdır. Qorisdə həm də “Barekam Mərkəzi” adlı layihə var ki, bu, 2020-ci ildə Əmək və Sosial Məsələlər Nazirliyinin dəstəyi ilə yerli QHT – Tərəfdaşlıq və Tədris tərəfindən yaradılıb. Mərkəzin koordinatoru Hasmik Arzumanyan deyir ki, onlar bu günlərdə uşaqların başını qatmağa çalışır ki, əhval-ruhiyyələrini dəyişdirə bilsinlər: 

“Günlərdir növbədə qalan, uzun müddət eyni yerdə oturan uşaqları öz oyun dünyalarına geri qaytarmağa çalışırıq. Bu həm də valideynlərə kömək edir ki, uşaqlarının təhlükəsiz yerdə olduqlarına əmin şəkildə sakitcə növbədə dayanıb qeydiyyatdan keçsin və paltar götürsünlər”. 

“Sərhədsiz Həkimlər” Təşkilatının (MSF) komandası da Dağlıq Qarabağdan gələn ermənilərlə işləyənlər arasındadır. Onlar əsasən uzun müddətli blokada və məcburi köçdən sonra emosional böhran yaşayanlara ilkin psixoloji yardım göstərir. 

Qaçqın olan uşaqlar. Foto: Arshaluys Barseghyan / OC Media

MSF-nin Ermənistan üzrə direktoru Frankinq Frias deyir ki, qaçqınlar şok vəziyyətindədirlər və narahatlıq, stress keçirir və dərin depressiya əlamətləri göstərirlər: 

Bəzilərinin psixosomatik problemləri var – bu o deməkdir ki, yaşadıqları emosional şeylər bədənin müxtəlif hissələrində fiziki ağrı kimi özünü biruzə verir. 

Frankinq Frias

Jurnalist şəhər meydanındakı ümumi mənzərəni belə təsvir edir: 

“Qoris şəhər meydanında eyni taleni paylaşan, hər yaşdan olan insanlar Ermənistanın fərqli yerlərinə göndərilməzdən əvvəl sonuncu dəfə burada bir yerə toplaşıblar. Qaçqınların çoxu üçün üzləşməli olduqları başqa bir problem yeni yaşayış yeri tapmaqdır”. 

Ermənistan hökumətinin təklif etdiyi yerlər əsasən Tavuş, Lori, Qeqarkunik və Şirak əyalətlərindədir, amma qaçqınların əksəriyyəti paytaxt Yerevana yaxın ərazilərdə yaşamaq istəyir. Onların çoxu bu istəyin əsas səbəbini təklif olunan rayonların bir qisminin Azərbaycanla sərhədə yaxın olması ilə əsaslandırır. 

Qeyri-müəyyənlik və ölüm

Jurnalist yazır ki, Qorisdə söhbətləşdiyi qaçqınların hamısında gələcəklə bağlı qeyri-müəyyənlik hissi müşahidə edib. Bəzilərində isə bu qeyri-müəyyənlik hətta onların yaxınlarının taleyi ilə bağlı olub.

Barseğyanın Yerevana qayıtmazdan əvvəl şəhər meydanında qarşılaşdığı sonuncu adam yanında bir neçə çanta ilə skamyada oturan qadın olub. O, Dağlıq Qarabağdan olan və bir neçə gündür evində qonaq etdiyi ailəni müşayiət edirdi. Ailə telefon üçün sim-kart almağa gedib ki, sentyabrın 25-də anbardan yanacaq almağa gedən oğulları və kürəkənləri barədə xəbər ala bilsinlər. Həmin anbarın partlaması nəticəsində 170 nəfər həlak olub və o vaxtdan bəri ailə oğulları və kürəkənlərindən xəbər ala bilmir. 

“Qadına Səhiyyə Nazirliyinin qaynar xəttinin nömrəsini verdim ki, həmin ailə xəstəxanaya yerləşdirilənlərin siyahısında qohumlarının adının olub-olmadığını öyrənsin. Yoxdursa, çox güman ki, onlar da partlayışda, 30 ildən çox davam edən münaqişədə ölən on minlərlə başqaları kimi həlak olublar”. 

Bu yazı OC Media ilə əməkdaşlığın tərkib hissəsidir. Mətnin orijinalını ingilis dilində buradan oxuya bilərsiniz.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia