Azərbaycanlı aktivistlər, jurnalistlər və müxaliflər ayrı-ayrı vaxtlarda onları nüfuzdan salmaq məqsədi daşıyan kompramatlara məruz qalıblar. Bu, əksər hallarda qadın fəalları və ya aktivistlərin qadın yaxınlarını hədəf alan kompramatlar olub. Belə hədəfə alınma bəzi hallarda hətta həmin qadınların həyatını təhlükəyə ata bilir.
Sonuncu dəfə isə belə kampaniya ilə hazırda həbsdə olan siyasi fəal və deputatlığa keçmiş namizəd Bəxtiyar Hacıyev üzləşib. “Telegram”, “Facebook”, “TikTok” kimi bir neçə sosial şəbəkədə reallaşdırılan kompramatın hədəfi əsasən qadınlar olub. Eyni zamanda hökumətyönlü bir neçə veb sayt da bu kompramat çərçivəsində yayılan materialları dərc edib.
Kompramat nədir və bu araşdırma niyə hazırlanıb?
Bu, KQB jarqonunda istifadə olunan ifadədir və mənası qeyri-qanuni yollarla əldə edilən real və ya uydurma, əsasən də intim xarakterli materiallarla “düşmən”in reputasiyasına xələl gətirmək məqsədi daşıyan “kompramat material” deməkdir.
DFRLab platforması kompramatın aparıldığı bir neçə sosial şəbəkə və veb saytda araşdırma apararaq troll bənzəri hesabları və müxtəlif hesablar vasitəsilə kompramatın necə yayıldığını araşdırıb. Araşdırmada qadınların foto və yazışmalarını paylaşan “Telegram” kanallarına izləyici cəlb etmək məqsədilə “Facebook” və “TikTok” kimi platformaların necə istifadə olunduğu aşkara çıxarılıb.
Nə baş verib?
Bəxtiyar Hacıyevin və onun tanıdığı qadınların foto və yazışmalarının yayıldığı kompramat fəalın 2022-ci ilin dekabrındakı həbsindən bir neçə həftə sonra başlayıb. O, xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı həbs edilsə də, fəal iddia edib ki, Daxili İşlər naziri Vilayət Eyvazovun əmri ilə saxlanılıb.
2023-cü il fevralın 24-də onun barəsindəki həbs-qətimkan tədbiri iki ay uzadılıb və həmin gündən etibarən şəxsi yazışmaları və intim xarakterli materiallar yayılmağa başlanıb. İlk olaraq “Telegram” sosial şəbəkəsində yaradılan bir neçə kanal vasitəsilə materiallar paylaşılıb.
Kompramatın hədəf aldığı qadınlar arasında aktivistlər və jurnalistlər olub və həmin qadınlardan bir neçəsinin çılpaq fotoları, Hacıyevlə birlikdə çəkilmiş və intim xarakterli olmayan selfiləri, yazışmaları, bəzilərinin isə adları da paylaşılıb. Bununla yanaşı, yayılan materiallar arasında Hacıyevin həmin qadınların fotolarını “Facebook”dakı bir neçə kişi ilə olan qrupa göndərdiyini iddia edən skrinşotlar da olub. Fəal bunla bağlı açıqlamasında deyib ki, həmin materiallar uydurulub və dəyişdirilib, onlardan bəziləri isə 10 il əvvəl çəkilib.
Bir müddət əvvəl oxşar kompramatla üzləşmiş qadın hüquqları fəalı Gülnara Mehdiyeva bildirib ki, yayılan məlumatlar arasında hətta qadınlardan birinin yaşadığı ünvan da olub.
Kompramat bir neçə platformada necə qurulub?
Materialların paylaşımı “Telegram”da başlayıb, sonradan “Facebook” hesabları və səhifələrdə, daha sonra isə yeni yaradılmış “TikTok” hesabları, eləcə də hökumətyönlü saytlarda davam edib. DFRLab aşkarlayıb ki, Hacıyevin və bir neçə qadının şəxsi materiallarını yaymaq məqsədilə “Telegram”da 10 kanal yaradılıb. Bu araşdırmanın hazırlandığı vaxtda həmin kanallardan 6-ı silinib. Kanallardan biri Bəxtiyar Hacıyevlə əlaqələndirilən bir neçə qadının adlarını yazaraq sorğu keçirib və istifadəçilərdən soruşub ki, onlardan hansı haqqında material görmək istəyirlər. DFRLab qadınların şəxsi məlumatlarının gizliliyini qorumaq üçün həmin kanalların adlarını və linklərini paylaşmayıb.
Yayım mərkəzi – “Telegram”
“Telegram” oxşar məqsədlə əvvəllər də istifadə olunub; 2022-ci ildə BBC aşkarlayıb ki, bu platformadakı kanal və qruplarda ən azı 20 ölkədən olan qadınların gizli çəkilmiş, oğurlanmış və qeyri-qanuni yolla əldə edilmiş çılpaq şəkilləri paylaşılıb.
Güclü moderasiya siyasəti olmadığından platforma kompramatın yayılması üçün məşhur vasitədir. “Telegram” öz istifadəçilərinə limitsiz üzvü olan anonim kanallar yaratmağa imkan verir ki, bu da bir çox hallarda kompramatı törədənləri müəyyənləşdirməyi çətinləşdirir.
“Facebook” vasitəsilə yayım dairəsini genişləndirmək
Telegram kanallarındakı yayımdan sonra kampaniyanın əhatə dairəsi “Facebook”la genişləndirilib. DFRLab “Facebook”da iki üsuldan istifadə olunduğunu aşkarlayıb:
- “Telegram” kanallarının linkini “Facebook” qrupları və səhifələrində paylaşmaq
- “Facebook” səhifələri vasitəsilə təhqiredici şərhlər yazmaq
DFRLab müəyyənləşdirib ki, 7 “Facebook” hesabı və bir səhifə 31 qrupda 60 post paylaşıb və bu postlarla ən azı 3 “Telegram” kanalını tanıdıb ki, həmin kanallardan ikisi artıq deaktiv edilib. “Telegram” kanallarını tanıtmaq üçün yayılan paylaşımların arasında mesajlar və sızdırılan materialların bir qismi olub. Həmçinin, “Facebook” hesablarının bir hissəsi kompramatın olduğu “Telegram” kanallarına istifadəçi cəlb etmək üçün aidiyyatı postlara şərhlər yazıb. Həmin hesablardan biri saxta profil şəkli istifadə edib və bu araşdırma davam etdiyi müddətdə hesabındakı soyadı “Asim Lələyev”dən “Asim Lazıyev”ə dəyişib.
“ANSQapanma” (98,981 izləyici) and “Sətiraltı” (30,863 izləyici) kimi bəzi populyar Azərbaycan “Facebook” səhifələri də “Telegram”dan götürülmüş kompramat şəkillərini paylaşıb. DFRLab “ANSQapanma” səhifəsində azərbaycanlı qadın hüquqları fəalı Nərmin Şahmarzadənin manipulyasiya edilmiş şəklinin paylaşıldığını aşkarlayıb. Şahmarzadənin “Facebook” hesabında paylaşdığı original fotoda onun əlində “Seçkidə – Qisasda – Siyasi alət deyil!” şüarı ilə 8 Mart etiraz aksiyasında olduğu əks olunub. Aksiya plakatında qadın alt paltarı çəkilib və vurğulanır ki, qadın siyasi alət kimi istifadə olunmamalıdır. Plakatın manipulyasiya edilmiş versiyasında isə cinsi təcrübəyə işarə edən və təhqir məqsədilə “Dilin ağrıyır dilinə qurban, belin ağrıyır belinə qurban” şüarı yazılıb.
Telegram kanallarına abunə cəlb etmək üçün istifadə olunan və hazırda silinmiş “Facebook” səhifələrindən ikisi “Bextiyarin qizlari” və “Bəxtiyarın ifşası” olub. Səhifələr müvafiq olaraq 2023-cü il fevralın 25 və 28-də yaradılıb.
Kompramatla əlaqəsi olmayan bəzi “Facebook” istifadəçiləri həmin səhifələrdən birinin sponsorlu post paylaşdığını göstərən skrinşot yayıb, amma DFRLab Meta Library vasitəsilə bunu təsdiqləyə bilməyib.
“Facebook” səhifələrinin trolluğu
DFRLab 24 fevral – 16 mart 2023-cü il tarixləri arasında Hacıyev barədə ən çox şərh yazılmış postu tapmaq üçün Meta-ya məxsus “CrowdTangle” onlayn alətindən istifadə edib. Ən çox şərh yazılmış 3 post 7GÜN XƏBƏR (27,799 izləyici), Patrul.az (38,956 izləyici), və Duckstagram (47,050 izləyici) səhifələrində olub ki, həmin postların hər üçü fəal və keçmiş siyasi məhbus İlkin Rüstəmzadənin Bəxtiyar Hacıyevlə bağlı danışdığı video idi. Postlardakı şərhlərin böyük əksəriyyətini azərbaycanlı ad və soyadı olan və real istifadəçi kimi görünən Facebook səhifələri yazıb.
Troll şərhlərin sayı:
- 7GÜN XƏBƏR (27,799 izləyici) – 921 şərhdən 881-i
- Patrul.az (38,956 izləyici) – 749 şərhdən 336-sı
- Duckstagram (47,050 izləyici)- 906 şərhdən 670-i
Üç postda hesab kimi maskalanan səhifələrdən xeyli sayda şərh gəlib. Ümumilikdə 1211 “Facebook” səhifəsi 3 ən populyar paylaşıma 1886 dəfə şərh yazıb. Bu səhifələrdən bəzisi birdən çox posta şərh yazıb. Onların yazdıqları şərhlər çox oxşar olsa da, tamamilə eyni məzmunda olmayıb.
Facebook səhifələrinin analizi nə deyir?
DFRLab real istifadəçi hesabı kimi görünən “Facebook” səhifələrini analiz edib. “Google” və “Yandex” vasitəsilə şəkil axtarışı nəticələrinə görə, həmin “Facebook” səhifələrinin bir çoxu şablon və ya oğurlanmış fotoları profil şəkli kimi istifadə edir. Məsələn, Bəxtiyar Hacıyevlə bağlı ən çox şərh yazılan hər 3 paylaşımda fikir bildirmiş hesablardan birinin şübhəli xarakteristikası var. 2022-ci il sentyabrın 30-da “Kitab seriyası” kateqoriyasında yaradılan “Mila Melik” səhifəsinin istifadə etdiyi profil fotosu 2021-ci ildə intihar edən tələbə Sevil Atakişiyevanın şəklidir.
Başqa nümunələrdə isə görünür ki, bəzi səhifələr eyni şəxsin oğurlanmış fotolarını istifadə edir. Məsələn, iki fərqli səhifə İsraildə yaşayan dırnaq ustasının fotolarını istifadə edir. 2021-ci il iyulun 7-i və 2022-ci il avqustun 13-ü yaradılan bu səhifələr müvafiq olaraq “Qida və İçki” və “İncəsənət və Əyləncə” kateqroiyalarında qeydiyyatdan keçib. Digər iki Facebook səhifəsi isə VKontakte platformasındakı real şəxsin fotosunu profil şəkli kimi istifadə edib.
DFRLab Facebook-dakı şəffaflıq datalarından istifadə edərək müəyyənləşdirilən 1211 səhifədən 606-nın yaradılma tarixlərini təhlil də edib. Bu 606 səhifənin hamısı 2018-2023-cü il tarixləri aralığında yaradılıb. Onlardan 99-u isə 2022-ci ilin sentyabrında qeydiyyatdan keçib.
Troll səhifələr təkcə kompramat üçün istifadə olunmur
Daha keçmiş tarixdə yaradılmış səhifələr isə sonradan Azərbaycan hökumətini tənqid edən BBC Azərbaycan, Meydan TV və Hamam Times kimi səhifələrin postlarına şərh yazmaq üçün istifadə olunub. Troll fəaliyyət üçün istifadəçi hesabından daha çox, “Facebook” səhifəsi yaratmağa üstünlük verilir, çünki səhifə tərəfindən yazılan şərhlərin izinə düşmək daha çətindir. Bu da həmin səhifələrə şərhlər və ya qərəzli fikirlər, xüsusilə də hakimiyyətyönlü rəylər yazmağa daha çox imkan verir.
“DFRLab-ın aşkarladığı səhifələrin ortaq cəhətləri”
- Tipoqrafik səhvlər
- Qrammatik səhvlər
- Oxşar şərh dilindən istifadə
2021-ci ildə The Guardian Azərbaycanda trolinq əməliyyatında iştirak edən hesaba bənzər Facebook səhifələri haqqında araşdırma yayıb.
“Telegram”dan “TikTok”a və geriyə
DFRLab “Telegram” kanallarını tanıtmaqla məşğul olan 6 “TikTok” hesabı aşkarlayıb. Bu hesabların hamısının məlumat hissəsində “Telegram” kanallarının linki yerləşdirilib. Onlar oxşar adlardan və sızdırılan şəkillərdən profil fotosu kimi istifadə edib. Ən populyar kanalda 320 izləyicisi və 3570 bəyənmə olub.
Hacıyevi və fəalları hədəf alan saytlar
Araşdırma zamanı DFRLab aşkarlayıb ki, bir neçə Azərbaycan saytı Hacıyevi “qeyri-münasib seksual davranış”da ittiham etmək üçün oxşar arqumentlərdən istifadə edib. Onlar müxalifətin Bəxtiyarın davranışlarını dəstəklədiyini iddia edib. Saytlar sızdırılan materialları və həmin materiallar ətrafında qurulmuş şişirtmə və ya uydurma iddialar olan yazıları dərc edərək Hacıyevin şəxsi həyatına müdaxiləni göz ardı edib.
Bu saytlardakı materiallar əsasən sensasiya xarakterli, qərəzli və konteksdən kənardır. Məsələn, demokrat.az 2023-cü il martın 8-də Bakıda baş tutmuş “8 Marş” yürüşünün iştirakçısı olan Nərmin Şahmarzadənin dəyişdirilmiş fotosunun da yer aldığı material paylaşıb. Bu saytlar həm də keçmişdə Şahmarzadənin “Facebook” hesabı oğurlandıqdan sonra sızdırılan şəkilləri də yayımlayıb.
Bu kompramatlar nə ilə nəticələnir?
Bu nümunədə də göründüyü kimi “Freedom House” insan haqları təşkilatının “azad olmayan ölkə” kimi təsnif etdiyi Azərbaycanda demokratiya tərəfdarı fəallar onlayn və real qısnamaya məruz qalır. Onlayn təcavüz xüsusilə təhlükəli hesab olunur, çünki bunla bağlı tədbir görülməməsi digər fəallar və jurnalistlərə də ya susmalı olduqları, ya da oxşar nəticələrlə üzləşə biləcəkləri barədə mesaj verir.
Platformalararası kompramat kampaniyası isə daha geniş auditoriyaya yayıla və demokratiya tərəfdarı fəallara qarşı neqativ münasibəti daha da artıra bilər.
Bəxtiyarın həbsi ilə bağlı kim nə deyib?
Müxalifət kampaniya ilə bağlı həm hökuməti, həm də Bəxtiyar Hacıyevi qınayıb. Siyasi fəallar iddia edib ki, kampaniyanın arxasında hökumət dayanır. Bəxtiyar Hacıyevi kompramat material saxlamaqda ittiham edib və buna görə tənqid ediblər.
Daxili İşlər Nazirliyi Hacıyevin şəxsi materiallarına baxdığını və onu ötürdüyü iddiasını təkzib edib. Hacıyevin vəkilinin sözlərinə görə, fəal hesab edir ki, cinayətkarlar kompramat materiallarını Pegasus vasitəsilə əldə edib. OCCRP-nin bir müddət əvvəl yaydığı araşdırmada da Bəxtiyar Hacıyevin Pegasus vasitəsilə izlənmiş şəxslər siyahısında olduğu bildirilib.
ABŞ-ın keçmiş Dövlət katibi Hilari Klinton, USAID-in administratoru Samanta Pover və eləcə də ABŞ Dövlət Departamenti Azərbaycan hökumətini Hacıyevi azadlığa buraxmağa çağırıb.
Bəxtiyar Hacıyev kimdir?
2020-ci il parlament seçkilərində deputatlığa namizəd olan Bəxtiyar Hacıyev həm də “Capsian PlatForum”un təsisçisidir. 2015-ci ildən fəaliyyət göstərən təşəbbüsün yerləşdiyi ofis 2023-cü ilin yanvarında, fəalın həbsindən sonra boşaldılıb. Həmin ofisdə fəaliyyət göstərən Hüquqi Təşəbbüslər Mərkəzi və “Müdafiə Xətti” İnsan Haqları təşkilatı da ofisi tərk etməli olub. “Müdafiə Xətti” İnsan Haqları təşkilatının həmtəsisçisi Zaur Əkbərin sözlərinə görə, ofisin yerləşdiyi “Caspian Plaza” rəhbərliyi müqavilənin Bəxtiyar Hacıyevlə bağlandığını əsas gətirib və yanvarın sonunda müqaviləyə xitam verəcəyini açıqlayıb.
“Buradan tək biz – 3 təşkilat faydalanmırdıq. Buradan onlarla təşkilat faydalanırdı, vətəndaş cəmiyyəti təşkilatları, gənclər təşkilatları, ekoloji təşkilatlar, ictimai təşkilatlar, hətta siyasi təşkilatlar, buradan partiyalar faydalanırdı. Bu ümumilikdə götürəndə cəmiyyətə, vətəndaş cəmiyyətinə, ictimai-siyasi sektora vurulmuş zərbədir” – Zaur Əkbər deyib.
Bu il ərzində Bəxtiyar Hacıyev barədə həbs qətimkan tədbiri azı iki dəfə uzadılıb və ona qarşı yeni – qeyri-qanuni sahibkarlıq, qaçaqmalçılıq və saxta sənədlərdən istifadə ittihamları irəli sürülüb. Eyni zamanda 2023-cü il iyunun 6-da evində axtarış aparılıb və bu zaman onun kompyuteri, yaddaş kartları və sənədlər götürülüb. Fəalın qardaşı deyib ki, Bəxtiyar Hacıyevin 2011-ci ildə Hilari Klintonla çəkilmiş şəkli də evdən götürülən əşyalar sırasında olub.
Hacıyev vəkilləri vasitəsilə bildirib ki, bu ittihamlarla razı deyil və onun təqib olunmasının səbəbi ictimai fəaliyyəti ilə bağlıdır.
2023-cü il iyunun 16-da ona qarşı Cinayət Məcəlləsinin 5 maddəsi ilə yeni ittihamlar irəli sürülüb:
- 192-ci maddə – Qanunsuz sahibkarlıq
- 193-cü maddə – Yalançı sahibkarlıq
- 320.1-ci maddə – Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma
- 320.2-ci maddə – Bilə-bilə saxta sənədlərdən istifadə etmə
- 206.1-ci maddə – Qaçaqmalçılıq
Son olaraq oktyabrın 2-də Xətai Rayon Məhkəməsinin qərarı ilə onun barəsindəki həbs-qətimkan tədbiri daha 3 ay uzadılıb. Məhkəmə bu qərara səbəb kimi istintaqın davam etdiyini göstərib.
Araşdırmanın ingiliscə orijinal mətni DFR Lab platformasında yayımlanıb.