Çərşənbə axşamı, 24 İyun 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Azərbaycan hökuməti ildə 5-6 tədbir keçirdiyi Berlindəki Mədəniyyət Mərkəzinə 19 milyon avro xərcləyib  – Araşdırma 

Müəllif: Fatimə Kərimova, Əməkdaşlıq: Paul Schwenn

27 İyun 2024
A A
Azərbaycan hökuməti ildə 5-6 tədbir keçirdiyi Berlindəki Mədəniyyət Mərkəzinə 19 milyon avro xərcləyib  – Araşdırma 

İllustrasiya: Mikroskop Media

Əgər il ərzində Azərbaycan mədəniyyətini tanıtmaq və təbliğ etmək məqsədilə müxtəlif tədbirlər keçirmək istəyirsinizsə, bunu necə təşkil edərsiniz? Olduğunuz şəhərdəki event mərkəzlərində yer kirayələrsiz, yoxsa bunun üçün milyonlarla avroya başa gələn ayrıca bina tikərsiz?

Azərbaycan hökuməti ikinci variantı seçib və Berlinin ən bahalı rayonlarından birində yerləşən Mədəniyyət Mərkəzinə milyonlarla avro xərcləyib.

Bu araşdırmada sizə bu binanın neçəyə başa gəldiyi, kimin təşəbbüsü ilə tikildiyi və yerləşdiyi yerin niyə bahalı hesab olunması barədə danışacağıq. 

Söhbət hansı mərkəzdən gedir?

Berlində, Klingelhöferstraße 20 ünvanında yerləşən və Azərbaycanın Almaniyadakı səfirliyinin tabeliyində fəaliyyət göstərən Mədəniyyət Mərləzi 2022-ci ilin iyununda ilk tədbirini keçirib. Fəaliyyətə başladığı il ərzində mərkəzdə yalnız 7 tədbir baş tutub. Bunlar Heydər Əliyevin doğum günü, Almaniya-Azərbaycan münasibətlərinin 30 illiyi, Muğam konserti və bu qəbildən olan tədbirlər olub.

Azərbaycanın Mədəniyyət Mərkəzi. Foto: Cavid Abdullayev / Mikroskop Media

2023-cü ilin sentyabrına qədər isə 5 tədbir keçirilib və bunlar müstəqillik günü, Xocalı soyqırımı, AzərXalça ASC-nin təşkil etdiyi sərgi, Heydər Əliyevin 100 illiyinə həsr olunmuş konsert və Silahlı qüvvələr günü münasibətilə baş tutan mərasimlər olub. 

Səfirliyin rəsmi saytında qeyd olunur ki, mərkəzdəki tədbirlərdə Almaniyanın Xarici İşlər Nazirliyi və dövlət qurumlarının nümayəndələri, diplomatlar, Almaniyadakı Azərbaycan diasporunun üzvləri iştirak edib. 

Mədəniyyət mərkəzinin yaradılması ilə bağlı təşəbbüs isə Mehriban Əliyevanındır. Açılış mərasimi və eyni zamanda 28 may Müstəqillik gününün qeyd olunduğu tədbirdə həmin vaxt Azərbaycanın Almaniyadakı səfiri kimi fəaliyyət göstərən Ramin Həsənov deyib ki, mərkəz birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü və İlham Əliyevin 2019-cu ildə imzaladığı sərəncam əsasında təsis edilib. 

Sözügedən mərkəzin yaradılması zəngin Azərbaycan mədəniyyətinin Almaniyada təbliğinə və ölkələrimiz arasında mədəniyyət əlaqələrinin inkişafına ölkəmizin rəhbərliyi tərəfindən verilən çox mühüm töhfədir.

Səfir çıxışında deyib

10 ilə başa gələn Mədəniyyət Mərkəzi

Mədəniyyət Mərkəzinin hazırda ümumi sahəsi 4 min kvadratmetrdir, bu binanın tikilməsi üçün Azərbaycan Respublikası 2012-ci ilin mart ayında Berlində 1306 kvadratmetrlik torpaq sahəsi alıb. Berlin reyester xidmətindən “Mikroskop Media”nın əldə etdiyi rəsmi sənədlər və satış müqaviləsinə görə, Azərbaycan şəhərin Tiergarten rayonunda, səfirliklər küçəsi kimi tanınan ərazidə yerləşən torpaq sahəsinə 4 milyon 800 min avro ödəyib. Satış müqaviləsində də qeyd olunur ki, həmin ərazi səfirliyin tabeliyində fəaliyyət göstərəcək Mədəniyyət Mərkəzinin tikintisi üçün alınır. 

Torpaq sahəsini satın alan tərəf kimi Energetika naziri, 2005-2016-cı illərdə isə Azərbaycanın Almaniyadakı səfiri kimi fəaliyyət göstərmiş Pərviz Şahbazov imzalayıb. Sənədə Azərbaycan Respublikasının ona verdiyi etibarnamə də əlavə olunub.

Pərviz Şahbazova verilən etibarnamədən screenshot.

Müqavilə əsasında ödənən birdəfəlik xərclərlə yanaşı Mədəniyyət Mərkəzi ərazisində olan “Pocket Park” adlanan parkın saxlanması üçün həm də digər binaların sahibləri arasında bölüşdürülən aylıq və ya illik xərclər də var.

Bu xərclərə daxildir: 

  • Təmizlik 
  • Parkın vergisi 
  • Çəmənin biçilməsi 
  • Güllərin sulanması 
  • Həftəlik zibillərin təmizlənməsi və s. 

2014-cü ildə rəsmi qaydada torpaq sahəsi Azərbaycan Respublikasının adına qeydiyyata alınıb və bir neçə il sonra da tikinti başlayıb. Google Earth vasitəsilə tikintinin 2016-2019-cu illərdə davam etdiyini təsdiqləmək mümkün olub. 

Berlində Azərbaycan Mədəniyyət Mərkəzi üçün torpaq satın alınması, onun tikintisi barədə Azərbaycan rəsmi mənbələrində nadir məlumatlardan biri prezidentin mərkəzin yaradılması ilə bağlı 2019-cu ilin iyulunda imzaladığı sərəncamdır. 

Yazının əvvəlində niyə dedik ki, bina Berlinin ən bahalı rayonlarından birində yerləşir? 

Berlin şəhərindəki rayonlardan bir neçəsi mərkəz rayon hesab olunur. Mitte və Weddinglə yanaşı, Tiergarten, yəni Azərbaycan Mədəniyyət Mərkəzinin yerləşdiyi rayon da onlardan biridir. Təkcə rayon yox, mərkəzin yerləşdiyi küçə də səfirliklər küçəsi hesab olunur və burada Meksika, Seneqal, Malaziya səfirlikləri, Çin Mədəniyyət Mərkəzi, CDU partiyasının baş ofisi və Konrad Adenauer Fondunun binası yerləşir. 

CDU-nun binası. Foto: Cavid Abdullayev / Mikroskop Media
Konrad Adenauer Fondunun binası. Foto: Cavid Abdullayev / Mikroskop Media
Meksika səfirliyinin binası. Foto: Cavid Abdullayev / Mikroskop Media

Tiergartenin hazırkı inzibati ərazisi 2001-ci ildəki dəyişikliklərdən sonra yaradılıb. Həmin tarixə qədər bu rayonun ərazisi daha böyük idi. 

Hazırda Almaniyanın parlament binası, Zəfər abidəsi, Berlin zooparkı, Akvairum Berlin bu rayonda yerləşir. Bundan əlavə isə Tiergarten kifayət qədər böyük park ərazisinə görə fərqlənir. Berlin şəhərinin rəsmi saytında yazılır ki, nyu-yorklu üçün “Central park”, londonlu üçün “Hyde Park” nədirsə, berlinli üçün də Tiergarten odur. 

Həmçinin daşınmaz əmlak bazarı üzrə müxtəlif hesabatlar göstərir ki, bu rayon mülk almaq üçün də kifayət qədər bahalı və lüks ərazidir. 2023-cü ildə dərc olunan belə hesabatlardan birində deyilir ki, hətta yaşayış binasının kvadratmetrinin orta satış qiyməti 8 min avrodan bahadır. Şəhərin ən yüksək kirayə qiyməti də bu rayondadır.  

Binanı hansı şirkət tikib?

Mədəniyyət Mərkəzinin tikintisi Almaniyanın BATEG adlı tikinti şirkətinə həvalə olunub. BATEG 1994-cü ildə Almaniyada türk əsilli iş adamları tərəfindən yaradılan şirkətdir və fəaliyyəti ərzində Almaniyadakı çoxlu sayda iri büdcəli tikinti layihələrini icra edib. Bunların arasında Humboldt Universitetinin Mərkəzi Kitabxanası, Leipzig Universitetinin yeni əsas binası, Red Bull Leipzig tədris mərkəzi və s. var. Şirkət yaşayış binası, universitet, məktəb, istirahət və idman kompleksləri kimi müxtəlif təyinatlı bir çox binanın müəllifidir.  

“North Data” bazasından “Mikroskop Media”nın əldə etdiyi məlumata görə, BATEG şirkətinin illik maliyyə hesabatlarında bu binanın tikintisi ilə bağlı plan qeyd olunub. 2015-ci ilin maliyyə hesabatında deyilir ki, 2016 və 2017-ci illər ərzində bir neçə binanın, o cümlədən Azərbaycan Mədəniyyət Mərkəzinin tikintisinin başa çatdırılması nəzərdə tutulur. Amma binanın inşaatı 2017-ci ildən sonra da davam edib və növbəti illərin maliyyə hesabatlarında da planlamada tikintinin başa çatdırılması qeyd olunub. 

Şirkətin rəsmi saytında qeyd olunan rəqəmə görə, Mədəniyyət Mərkəzinin layihə dəyəri 14,2 milyon avrodur.  

Tikintinin ayrı-ayrı hissələri, fasadın dizaynı, binanin üzərindəki yazıların yazılması, pəncərələrin və qapıların hazırlanması və s. kimi işlər Almaniyanın müxtəlif podratçı şirkətlərinə verilib. 

Bir bina, iki memar

Mərkəzin binansının iki, alman və azərbaycanlı memarı var. Onlar Claus Neumann və Nəriman İmaməliyevdir. 

2012-ci ildə Əməkdar memar adı alan Nəriman İmaməliyev DOST Agentliyinin Bakı şəhəri, Yasamal rayonunda yerləşən ilk mərkəzinin, Gömrük Komitəsinin yeni inzibati binasının, Azərkosmos ASC yerüstü idarəetmə mərkəzi inzibati binasının müəllifidir. Memarlar İttifaqının İdarə Heyətinin üzvü olan N.İmaməliyev 2021-ci ildə prezidentin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib. 

Nəriman İmaməliyev (soldan ikinci) Mədəniyyət Mərkəzinin açılışında. Mənbə: Azərbaycanın Almaniyadakı Səfirliyinin rəsmi saytı

Nəriman Memarlıq MMC şirkətinin sahibi olan memarın rəsmi saytında Mədəniyyət Mərkəzi üçün təklif olunmuş layihə versiyaları qeyd olunub, amma onun dəyəri barədə məlumat yoxdur. Alman memar Claus Neumann-ın rəsmi saytında isə layihənin dəyəri 12 milyon avro kimi yazılıb. 

Claus Neumann şəhərin müxtəlif yerlərindəki yaşayış binası və otel ilə yanaşı, həm də Konrad Adenuer Fondunun binasının müəllifidir. 

Bu mərkəzin Azərbaycana nə xeyri var və onu hansı qurum maliyyələşdirir?

Biz bu araşdırmanı hazırlayan müddətdə Mədəniyyət Mərkəzinin qapıları Google-da hər baxdıqda bağlı görünürdü. Azərbaycan Mədəniyyət Mərkəzindən fərqli olaraq, onun düz yanındakı binada yerləşən Çin Mədəniyyət Mərkəzinin qapısı üzərində iş saatları qeyd olunub. Hətta Mərkəzdəki kitabxananın hansı saatlarda açıq olduğu barədə də məlumat var.

Mərkəz tədbirlər keçirilən günlərdə girişə açıqdır. Tədbirlərdə iştirak edənlər isə əsasən Almaniya rəsmiləri, Azərbaycan səfirliyinin rəsmiləri və Azərbaycan və türk icmalarının nümayəndələri olduğundan ölkə mədəniyyətinin kimə tanıdıldığı, təbliğ edildiyi aydın deyil.  

Mərkəzin saxlanma xərcləri, bunun birbaşa hansı qurum tərəfindən ödəndiyi barədə məlumatlar isə açıqlanmır. İqtisadçı Toğrul Vəliyev deyir ki, dövlət büdcəsindən olan xərclənmələr şəffaf olmalıdır və istər ölkə daxilində olsun, istərsə də xaricdə qanunvericiliyə uyğun şəkildə satınalma müqaviləsi olmalıdır. 

Məqsədindən, təyinatından asılı olmayaraq dövlət büdcəsindən bütün xərcləmələr “Dövlət satınalmaları haqqında” Qanuna tabedir. Hərbi xərclər və s. kimi bəzi istisnalar ola bilər, amma xüsusi istisna yoxdursa, onda satınalma müqaviləsi imzalanmalıdır.

İqtisadçı Toğrul Vəliyev

Ölkə mədəniyyətinin milyonlarla avroya başa gələn bina ilə təbliğinə gəlincə isə digər ölkələrdə bunun daha uğurlu və effektiv nümunələri var. Toğrul Vəliyev Gürcüstan nümunəsini danışır: 

Məsələn, Gürcüstanda dövlət vəsait, qrant ayırır ki, gürcü müəlliflərin kitablarını xarici dillərə tərcümə etsin. Məntiq deyir ki, bizdə də hansısa bina tikməkdənsə, bu yolla, ya da filmləri dublaj edib xaricdə göstərməklə mədəniyyəti təbliğ etmək olar. Azərbaycanda əsas istiqamət Formula 1 və xaricdə bu cür binaların tikilməsidir. Effektivdirmi? Fikrimcə yox.

İqtisadçı Toğrul Vəliyev

Mərkəzə ayrılan maliyyə vəsaiti barədə detallı məlumat almaq, pulun necə xərcləndiyini öyrənmək üçün Azərbaycan Xarici İşlər Nazirliyinə jurnalist sorğusu göndərsək də 2 aydan çox vaxt ərzində bu sorğu cavabsız qaldı.

Berlindəki Mədəniyyət Mərkəzi tək deyil

Azərbaycan səfirliyinin tabeliyində Mədəniyyət Mərkəzi təkcə Berlində fəaliyyət göstərmir, Avropanın başqa bir neçə şəhərində, eləcə də Mərkəzi Asiyada Azərbaycan Mədəniyyət Mərkəzləri var. 

2012-ci ildə prezident İlham Əliyev və vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə Parisdə Azərbaycan Mədəniyyət Mərkəzinin açılışı baş tutub. Açılışla bağlı rəsmi xəbərdə deyilir ki, mərkəz Heydər Əliyev Fondu və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə yaradılıb. 

Avropadakı daha bir Mədəniyyət Mərkəzi Avstriyanın Vyana şəhərindədir. Bu mərkəz də səfirliyin tabeliyində fəaliyyət göstərir və onun yaradılması ilə bağlı sərəncamı prezident 2012-ci ilin noyabrında imzalayıb. Mərkəzin açılışı isə 2013-cü ilin mayında İlham və Mehriban Əliyevaların iştirakı ilə baş tutub. 

İlham Əliyev və Mehriban Əliyev Parisdə Mədəniyyət Mərkəzinin binasında. Mənbə: president.az

Özbəkistanda isə səfirliyin tərkibində Heydər Əliyev adına Mədəniyyət Mərkəzi fəaliyyət göstərir və 2010-cu ildə əsaslı təmirdən sonra baş tutan açılış mərasimində İlham Əliyev iştirak edib. Bu mərkəzin tərkibinə bir neçə muzey də daxildir. 

Berlindəkindən fərqli olaraq digər şəhərlərdəki Mədəniyyət Mərkəzlərinin rəsmi saytları olduğundan onun fəaliyyəti, keçirilən tədbirlər barədə daha çox məlumat əldə etmək olur. 

Tezliklə yaradılacaq, amma hələ ki fəaliyyətə başlamayan Mədəniyyət Mərkəzləri isə İtaliya və Türkiyədədir. 

Türkiyənin paytaxtı Ankaradakı Azərbaycan səfirliyinin tabeliyində mərkəzin yaradılması ilə bağlı sərəncam bu il iyun ayında imzalanıb. 

İtaliyadakı səfirliyin tərkibində fəaliyyət göstərəcək Mədəniyyət Mərkəzinin yaradılması ilə bağlı isə 2022-ci ilin sentyabrında prezident sərəncam imzalayıb.

Berlində torpaq almaq demişkən… 

Azərbaycan Respublikası Berlində Mədəniyyət Mərkəzi ilə eyni vaxtda həm də yeni səfirlik binası üçün torpaq sahəsi alıb və hər iki satınalma eyni müqavilədə öz əksini tapıb. Məhz səfirlik binası üçün mərkəzin yaxınlığında, Von-der-Heydt küçəsi 3 ünvanında yerləşən, 957 kvadratmetr torpaq sahəsinə 3 milyon avro ödənib. Artıq 11 il keçsə də hələ də həmin ərazidə nə səfirlik, nə də başqa bina tikilib. Ərazidə olduğumuz vaxtda da hər hansı tikintinin getdiyinə şahid olmadıq.

Hələ tikintisinə başlanılmayan yeni səfirlik binasının ehtimal edilən görüntüsü. Mənbə: Nəriman İmaməliyevin rəsmi saytı

Səfirlik binasının da memarı Nəriman İmaməliyev və Claus Neumanndır. Hər iki memarın rəsmi saytında binanın ehtimal olunan görüntüsü və layihə detalları barədə məlumat yerləşdirilib. “Nəriman Memarlıq”ın paylaşdığı məlumatda binanın istifadəyə verilmə tarixi 2016-cı il kimi qeyd olunsa da hələ də Berlindəki Azərbaycan səfirliyi əvvəlki, Hubertusallee 43 ünvanında yerləşən binada fəaliyyət göstərir. 

Claus Neumann isə həm də layihənin dəyərini əlavə edib və saytdakı məlumata görə səfirlik binasının layihəsi 10 milyon avrodur.  

Bundan əvvəl də Almaniyadakı səfirlik üçün Hoffmanstrasse 11 ünvanında yerləşən bina satın alınıb və 2008-ci ildə prezident o binanın satılması barədə sərəncam imzalayıb.  

Read the article in English on Mikroskop Media

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025
Bəylər Eyyubovun qardaşının 4 ölkədə 60 milyonluq mülkləri və biznes fəaliyyəti – ARAŞDIRMA
Araşdırma

Bəylər Eyyubovun qardaşının 4 ölkədə 60 milyonluq mülkləri və biznes fəaliyyəti – ARAŞDIRMA

10 Mart 2025
Frank Peloniyə qarşı aksiya keçirən QHT-lər Azərbaycan hökumətindən 3 il ərzində 124 min manatdan çox qrant alıblar
Detallı

Frank Peloniyə qarşı aksiya keçirən QHT-lər Azərbaycan hökumətindən 3 il ərzində 124 min manatdan çox qrant alıblar

18 Noyabr 2024
Azərbaycan hökumətinin yeni propaqanda maşını: ANEWZ – 11 milyon manata yaranan televiziya
Detallı

Azərbaycan hökumətinin yeni propaqanda maşını: ANEWZ – 11 milyon manata yaranan televiziya

12 Noyabr 2024
Dövlət büdcəsi hesabına “SeaBreeze” üçün 4 milyon 700 min manata yol çəkilib
Detallı

Dövlət büdcəsi hesabına “SeaBreeze” üçün 4 milyon 700 min manata yol çəkilib

11 Noyabr 2024

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia