Vladimir Putin, Aleksandr Lukaşenko və İlham Əliyev idarə etdikləri ölkələrdə öz vətəndaşlarının hüquqlarını pozmaqda ittiham olunub. Amma dünya onları kobud diktatorlar kimi görsə də, rejissor İqor Lopatonok buna fürsət kimi baxır.
Kiçik komandası və Hollivud film rejissori Oliver Stoun ilə birlikdə Lopatonok, artıq bir neçə layihəyə imza atıb. Onlar Ukrayna ilə bağlı olan, amma ölkədə Kremlin propaqandası kimi tanınan iki sənədli film və Qazaxıstan lideri Nursultan Nazarbayev barədə 8 hissəli sənədli film çəkib.
Amma ABŞ-da yaşayan, Ukrayna əsilli rejissor bununla yekunlaşmaq istəməyib. OCCRP və Vlast.kz-nin əldə etdiyi onlarla sənəd göstərir ki, Lopatonok Belarus, Azərbaycan və daha bir neçə ölkənin avtoritar liderilərinin reputasiyasını yaxşılaşdırmaq üçün bir neçə sənədli filmin hazırlanmasını planlayıb. Həmin sənədlərdə daxili email yazışmaları, film konseptləri və prezentasiya broşurları var. Əldə edilən sənədlərdən nəzərdə tutulan filmlər üçün planlamanı Lapotonokun Stoun ilə birlikdə və ya tək hazırlaması aydın deyil.
Lopatonok ötən həftə OCCRP-ə müsahibəsində deyib ki, Stoun “mənim qəhrəmanlarım” adlandırdığı diktatorlara təklif olunan sənədli film ideyaları barədə tamamilə xəbərdar olub. Lopatonok jurnalistlərlə müsahibəsində əlavə edib:
“Siz bununla bağlı xəbər yaza bilməzsiz də, yəqin ki, bilirsiz, hə?”
O, jurnalistlərin əvvəllər çəkilmiş filmlərə ayrılan maliyyə və Stoun ilə birlikdə təklif olunmuş layihələrə ayrılacaq maliyyə ilə bağlı olan spesifik suallara cavab verməkdən imtina edib. Müsahibənin gedişatında yaranan mübahisədən sonra rejissor jurnalistləri və onların mənbələrini təhdid edib və qışqıraraq “sizin şəxsən izinizə düşəcəyik, sizi məhv edəcəyik” deyib. Bundan sonra OCCRP redaktoru intervyunu bitirib.
Suallara yazılı cavab verilməsini təklif edən sonrakı emaillərə də Lopatonok cavab verməyib.

Lopatonok nə təklif edir?
Əldə edilən yeni sənədlər Lopatonokun filmlərinin əsl məqsədi ilə bağlı nə qədər açıq olduğunu və onu subyektlərinə necə təqdim etdiyini göstərir; onların dünya səhnəsində reputasiyasını daha da yaxşılaşdırmaq.
Lopatonokun parlaq prezentasiyalarından biri – “Başlıqsız Oliver Stoun Sənədli Filmi” və “İlham Əliyev və Azərbaycan haqqında” başlıqlı film – vəd edir ki, Stoun Azərbaycanın birinci şəxsi ilə “üzbəüz oturub” təkcə “liderin dövlət başçısına yüksəlişi yox, həm də Azərbaycanın rəngarəng və füsunkar tarixi haqqında bütün sualları” əhatə edən söhbət planlaşdırılır.
Digər belə planlama isə Belarus üçün olub və təklif olunan prezentasiyada deyilir:
“Bütün dünyanın diqqətinin Belaursda olduğu vaxtda müasir Belarus və onun liderinin dramatik tarixini daha böyük auditoriyaya danışmaq”.
Sənəddə tarix qeyd olunmayıb, amma görünür ki, prezident Lukaşenkonun zorakılıqla qarşısını almazdan əvvəl bütün ölkə boyunca davam edən, demokratiya tərəfdarı olan kütləvi aksiyalar nəzərdə tutulur.
“Biz, filmin yaradıcıları olaraq, Aleksandr Qriqoryeviç Lukaşenkonun hərəkətlərinin müdrikliyinə və ardıcıllığına inanırıq”, deyə Lukaşenko və Stounun üzünün üst-üstə qoyulduğu ağ-qara fotoda yazılır.
Rejissor Əliyevə nə təklif edib?
Azərbaycan prezidenti İlham Əliyevə təqdim etdiyi “Oliver Stoun sənədli filmi” prezentasiyasında Lopatonok qeyd edir ki, planlaşdırılan filmin “Azərbaycan və onun prezidentinin təbliğatına unikal, müsbət təsiri olacaq”.
Əliyevin bu prezentasiya ilə tanış olub-olmadığı bəlli olmasa da, Avrasiya üzrə ekspert hesab edir ki, bu, uyğun təklif ola bilər, çünki prezidentin əvvəllər də regionda öz dinamik və modernləşdirici təsirini göstərməyə çalışıb.
Jurnalistlərin əldə etdiyi sənədlər göstərir ki, ümumilikdə ən azı 6 diktatora film ideyası təklif edilib və söz verilib ki, Stoun liderlərdən müsahibə alacaq və onlara kömək edəcək ki, “əsl hekayələrini” danışsınlar.
Stounun Azərbaycan prezidenti ilə müzakirə üçün təklif etdiyi mövzular arasında Əliyevlər ailəsinin “sülalə hakimiyyəti” altında ölkənin “uğurları” və Azərbaycanın “sabitliyini itirən və uçurumun kənarında olan Ermənistanla” davam edən münaqişəsi məsələləri olub.

Təklif olunan filmin xülasəsi Lopatonokun yanaşmasını aydın göstərir: Film Əliyevi ona “müdrik lider” olmağı öyrədən atasının “uğurlu davamçısı” kimi təsvir edir. Prezentasiyada qeyd olunub ki, filmin dəyəri 15 milyon dollardır ki, bu da Qazaxıstan lideri Nazarbayev üçün çəkilən filmdən 3 dəfə bahadır.
Bu proyektlərin hazırda nə qədər hissəsinin hazır olub-olmadığı aydın olmasa da, Lopatonok 2021-ci ildə “Qazaq” filminin təqdimatı üçün Bakıda olanda gələcək film barədə də danışıb.
“Bu çox zəngin tarixi və rəngarəng mədəniyyəti olan ölkədir. Mən 2012-2013-cü illərdə burada olanda Qarabağ xalçalarının digər bütün xalçalardan necə fərqləndiyini, onları ornamentlərindən tanımağı öyrəndim. İstərdim ki, Azərbaycan barədə yaxşı film hazırlayım” – deyə o yerli mediaya bildirib.
Ukraynadakı müharibə Lopatonokun planını necə pozub?
Lopatonokun komandasının daxili email yazışmasında razılaşıdırlıb ki, Stoun proyektlərdən azı birində – Lukaşenko filmində iştirak edəcək. Amma 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya müdaxiləsindən sonra bu əməkdaşlıq dayanıb. Stoun Rusiyanın ABŞ qərarına “yem olduğunu” iddia etməyinə baxmayaraq, 2022-ci ilin mart ayında Rusiyanı açıq tənqid edib və işğalı “səhv addım” kimi qiymətləndirib.
“Təəssüf ki, Oliver imtina etdiyinə görə [Belarus] proyektinə fasilə verildi” – prodüsser İqor Kobzev həmin ilin iyun ayında komanda üzvünə yazıb. “Müsahibə ala biləcək yeni adam tapmaq cəhdləri uğursuz olub, çünki Ukraynadakı müharibədən sonra əlaqə saxladığımız hər kəs təklifi rədd edib. Mən çox pis vəziyyətdəyəm”.
Amma bu manəeyə qədər belə görünürdü ki, Lopatonok uğurlu düstur tapıb; ssenarist və produserlərdən ibarət olan və diktatorlara təqdim etmək üçün film ideyaları hazırlayan kiçik komanda toplayıb dünya şöhrətli rejissorla bol ekran vaxtı təklif etmək.
Komandadan bir nəfər anonimliyin saxlanması şərti ilə jurnalistlərə danışmağa razılaşaraqdeyib ki, “pul qazanmaq” hiyləsi sadə idi. Lopatonok nüfuzlu insanlara rədd edə bilməyəcəkləri şeyi təklif edirdi – dünya səhnəsində legitimlik.
“Satıla bilən ulduz var idi – Stoun. Bu qədər!” – insayder deyib. “Adətən zinət əşyaları satın alınır, amma burada zinət Oliver Stoun idi. Hədəf qrup dərhal razılaşıb deyirdi: “Mən Oliver Stounlayam. Bütün dünyada görünəcəm`”.
Oliver Stoun dünya səviyyəsində şöhrət üçün bilet olaraq artıq köhnəlib. Kassa uğurunun kritik sevimlisi və etibarlı mühəndisi, Oscar mükafatı laureatı olan Oliver Stounu bu yaxınlarda “Variety” jurnalı “qeyri-sabit çəkilişlərin” tədarükçüsü kimi təsvir edib.
Oliver Stoun əvvəllər hansı filmləri çəkib?
2000-ci illərdə yayımladığı sənədli film serialında o, Fidel Kastro və Hüqo Çavesə solçu siyasi proqramlarını səsləndirmək üçün simpatik platforma verib. 2017-ci ildə o, Rusiya prezidenti Vladimir Putinlə müsahibələrindən ibarət olan və geniş müzakirə olunmuş 4 hissəli “Putin müsahibələri” filmini yayımlayıb.
Oxşar təklif Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana da edilib.
2018-ci ildə Türkiyə prezidentinin o zamankı mətbuat xidməti rəhbəri İbrahim Kalın Stounun Türkiyədə olduğu ərəfədə jurnalistlərə verdiyi müsahibədə təsdiqləyib ki, onlara Ərdoğanla bağlı sənədli film çəkilməsi təklif edilib.
“Biz hazırda bu fikri dəyərləndiririk. Bilirəm ki, o, əvvəllər cənab Putin barədə də filmlər hazırlayıb” – Kalın deyib.