Martın 6-da polis Toplum TV və Üçüncü Respublika Platformasının ofislərində axtarış aparıb və axtarış zamanı ofisdə olan 10-dan çox jurnalist saxlanılıb. Onların bir qismi sonradan sərbəst buraxılsa da ümumilikdə 7 nəfərə qarşı Cinayət Məcəlləsinin 206.3.2 – qaçaqmalçılıq maddəsi ilə cinayət işi açılıb.
Bu yazıda Abzas Media-dan sonra növbəti təzyiq dalğası nəticəsində Toplum TV və Üçüncü Respublika Platformasında baş verənlər barədə yazılıb.
Eyni vaxtda bir neçə yerdə axtarış
Toplum TV-nin ofisində axtarış başlaması ilə bağlı ilkin məlumatı jurnalist Gülzar Məmmədli yayıb və bildirib ki, ofisdə olan əməkdaşlar polis maşınlarına doldurulub ərazidən uzaqlaşdırılıb.
Daxili İşlər Nazirliyinin də qısa müddət sonra yaydığı məlumatda medianın ofisində axtarış aparıldığını təsdiqləyib. DİN-in sözçüsü Elşad Hacıyev BBC Azərbaycanca-ya açıqlamasında bildirib ki, onlara daxil olan məlumat üzrə polis əməliyyat-axtarış tədbirləri həyata keçirir.
Axtarış davam edən zaman Toplum TV-nin ofisinə heç kim buraxılmayıb və saxlanıldığı ehtimal olunan əməkdaşlarla əlaqə saxlamaq mümkün olmayıb.
İlkin olaraq aşağıdakı siyahıda olan jurnalistlər saxlanılıb və onların bir qismi daha sonra sərbəst buraxılıb.
- Əli Zeynal
- Fərid İsmayılov
- Elmir Abbasov
- Ramil Babayev
- İlkin Əhmədov
Sərbəst buraxılanlar:
- Samir Ağazadə
- Sadiq Məmmədov
- Cavid Ramazanov
- Cəmilə Əzimova
- Gülyetər Mahmudova
- Fidan Əlicanova
- Alya Ağayeva
- Ceyhunə Həsənli
- Pərvanə Qurbanlı
- Xanlar Əlizadə
- Taleh Bədəlov
İki saata yaxın davam edən axtarışdan sonra Toplum TV-nin qapısı möhürlənib. Bir neçə saat sonra isə Toplum TV-nin rəsmi YouTube və Instagram hesabları ələ keçirilib. YouTube kanalının adı dəyişdirilib və 5 mindən çox video silinib. İnstagram hesabı tamamilə bağlanıb.

Medianın redaksiyasında axtarış getdiyi vaxtda, eyni zamanda Üçüncü Respublika Platformasının yerləşdiyi ofisdə axtarış başlayıb. Axtarış nəticəsində ofisdən 30 min avro (55 000 AZN) pul aşkarlandığı barədə məlumat yayılıb. Həmçinin Üçüncü Respublika Platformasının spikeri Akif Qurbanovun da mənzilində polis axtarışa başlayıb.
III Respublika Platformasının üzvləri Ruslan İzzətli və Araz Əliyev də saxlanılsa da, onlar bir müddət sonra sərbəst buraxılıb.
Axtarışda Akif Qurbanov özü iştirak etsə də onun vəkili Şəhla Hümbətova mənzilə buraxılmayıb. Vəkil yaydığı videoda deyir ki, onun orderi olsa da polislər axtarışda iştirak etməyinə icazə verməyib. Bir neçə dəqiqə sonra isə o, 6 polis əməkdaşının zorakılığı ilə mənzilin yerləşdiyi binadan çıxarıldığı barədə məlumat yayıb.
Evində axtarış aparılan digər şəxs isə Toplum TV-nin əməkdaşı Fərid İsmayılov olub. Polis onun evindən polis 3100 avro (5100 AZN) aşkarladığını deyib. Fərid İsmayılovun vəkili Zibeydə Sadıqova deyib ki, Fəridlə görüşə bilib və o, həmin pulun ona aid olmadığını bildirib.
Onun anası Məlahət İsmayılova Meydan Tv-ə açıqlamasında deyib ki, o həm də Fəridin səhhətindən narahatdır, çünki, bir neçə ay əvvəl əməliyyat olunub və hələ də həkim nəzarətindədir.
Mən xəstə anayam. Fərid də xəstədir, bu yaxınlarda iki dəfə ard-arda əməliyyat olub, ona havasızlıq olmaz. Ağciyərindən əməliyyat olunub. Dövlət mənə verdiyi 60 AZN pulu mən hər ay Fəridə verirəm. Fəridin evində pul varsa, gedin mənim evimi çəkin görün dolanışığımızı. Yaşayımızı görün, evimdə nə təmir var, nə kombi var.
Məlahət İsmayılova
Jurnalistlər Fərid İsmayılovun evindən qolları qandallanmış halda çıxarıldığını bildirib.
Martın 7-də yaxınlarının yaydığı məlumatdan sonra məlum olub ki, ötən gün axşam axtarışlar həm də Demokratik Təşəbbüslər İnstitunun əməkdaşları Əli Zeynal və Elmir Abbasovun da evində aparılıb. Jurnalistlərin yaxınlarına polis deyib ki, Əli Zeynalın evindən 120 min AZN dəyərində olan dollar və avro, Elmir Abbasovun evindən isə 2700 avro (4990 AZN) pul tapılıb.
Yaşadığı evdən pul aşkarlandığı deyilən digər jurnalist isə Ramil Babayev olub. Onun qardaşı Nail Babayev məlumat yayıb ki, polis evdən 2700 avro (4900 AZN) pul aşkarlandığını bildirib.
Nəticədə 7 nəfər – Akif Qurbanov, Əli Zeynal, Elmir Abbasov, İlkin Əhmədov, Fərid İsmayılov, Ramil Babayev, Müşfiq Cabbar barədə Cinayət Məcəlləsinin 206.3.2 – qaçaqmalçılıq maddəsi ilə cinayət işi açılıb.
İttiham olunduqları maddəyə əsasən onları 5-7 il azadlıqdan məhrumetmə gözləyir.
“Ölkədə bütün media qurumlarını ləğv etmək istəyirlər”

Toplum TV-nin baş redaktoru Xədicə İsmayıl “Amerikanın səsi”nə açıqlamasında deyib ki, Toplum TV cinayət işi üçün heç bir hüquqi əsas verməyib.
Bizim heç bir cinayətdə iştirakımız, hər hansı qeyri-qanuni addımımız olmayıb. Ona görə də bu baş verənlərin heç bir hüquqi əısası yoxdur. Bu sadəcə ölkədəki repressiya dalğasının növbəti addımıdır.
Xədicə İsmayıl
Xədicə İsmayıl hesab edir ki, Toplum TV-ə təzyiqin səbəbi hökumətin ölkədəki azad medianı ləğv etmək istəyidir.
Ölkədəki bütün media qurumlarını sadəcə ləğv etmək istəyirlər ki, heç bir media qurumu qalmasın, heç kim tənqidi fikir səsləndirməsin, tənqidi fikirlərin səslənməsi üçün heç bir platforma olmasın. Bu da həmin hadisələrin növbəti mərhələsidir.
Xədicə İsmayıl
Barəsində cinayət işi açılan Elmir Abbasovun üzvü olduğu NİDA Vətəndaş Hərəkatı ötən günkü həbslərlə bağlı bəyanat yayıb. Təşkilat bəyanatında deyir ki, əməliyyat azad medianın və yeni siyasi subyektlərin aradan qaldırılmasını planlayır.
Üzvümüz Elmir Abbasovla yanaşı Fərid İsmayılov, Ramil Babayev, Əli Zeynal, İlkin Əmrahov, Müşfiq Cabbar, Akif Qurbanov daxil olmaqla cinayət işi açılan hər bir kəsin azad edilməsini tələb edir, həbslərinin siyasi motivli olduğunu qətiyyətlə qeyd edirik.
NİDA-nın bəyanatından
Toplum TV və Üçüncü Respublika Platforması nədir?
Müstəqil media resursu olan Toplum TV 2016-cı ilin oktyabrında media eksperti Ələsgəri Məmmədli tərəfindən təsis edilib. Media qurumunun baş redaktoru araşdırmaçı jurnalist Xədicə İsmayıldır.
Sayt həmçinin Demokratik Təşəbbüslər İnstitutunun (IDI) “Demokratiya Məktəbi” proqramının jurnalistika təlimlərinin iştirakçılarının peşəkarlığını artıran platformadır.
Üçüncü Respublika Platformasının əsası 2023-cü ilin dekabrın 8-də bir qrup hüquq müdafiəçisi və siyasətçi tərəfindən qoyulub. Platformanın yaydığı əsasnamədə deyilir ki, fəaliyyətlərinin məqsədi idarə olunan cəmiyyətdən özünü idarə edən cəmiyyətə keçidi təmin etmədir.
Platformanın spikeri Akif Qurbanovdur, qurucu heyətdə isə Səməd Rəhimli, Ruslan İzzətli, Araz Əliyev, Yadigar Sadıqlı, Elman Fəttah və Rövşən Ağayev yer alıb.
Platformanın üzvü Araz Əliyev 2023-cü il dekabrın 24-də saxlanılıb və İnzibati Xətalar Məcəlləsinin 510-cu – xırda xuliqanlıq- maddəsi ilə təqsirli bilinərək 25 sutka inzibati həbs cəzası alıb.
Beynəlxalq ictimaiyyət nə deyir?
ABŞ Dövlət Departamentinin sözcüsü Metyu Miller deyib ki, ABŞ-ın Azərbaycan polisinin Toplum TV-nin ofisinə basqın etməsi, eləcə də bir neçə müstəqil jurnalistin və vətəndaş cəmiyyəti fəalının həbsi ilə bağlı xəbərlərdən “dərin narahat olduğunu” bildirib.
Biz Azərbaycanı fundamental azadlıqlarından istifadə edənlərə qarşı təqiblərə son qoymağa və siyasi motivli işlərdə haqsız yerə həbs edilmiş bütün şəxslərin azadlığa buraxılmasına çağırırıq. Heç kəs ifadə azadlığından istifadə etdiyinə görə həbs və ya başqa cəzalarla üzləşməməlidir.
Metyu Miller
Freedom House hüquq müdafiə təşkilatı da həbslərlə bağlı X platformasında bildirib ki, ölkədəki azad və tənqidi səslərə qarşı hücum qəbuledilməzdir.
Biz Azərbaycan rejiminin ölkədəki vətəndaş cəmiyyəti, fəallar və azad mediaya qarşı kampaniyasını yaxından izləyəcəyik və biz demokratik hökumətləri çağırırq ki, rejimdən bu repressiya dalğasına görə cavab tələb etsinlər.
Freedom House
Abzas Media ilə bağlı nə baş vermişdi?
2023-cü il noyabrın 20-dən başlayaraq Abzas Media-ya qarşı repressiya başlayıb və ilkin olaraq medianın direktoru Ülvi Həsənli, daha sonra isə baş redaktor Sevinc Vaqifqızı saxlanılıb. Onların hər ikisi Cinayət Məcəlləsinin 206.3.2 maddəsi ilə (qaçaqmalçılıq) ittiham olunub. Daha sonra da bu medianın əməkdaşlarının həbsi davam edib və hazırda Abzas Media-nın ümumilikdə 6 əməkdaşı – direktor müavini Məhəmməd Kekalov, jurnalistlər Hafiz Babalı, Nərgiz Absalamova və Elnarə Qasımova həbsdədir.
Onların hamısı qaçaqmalçılıqda ittiham olunur və hər biri barəsində məhkəmənin qərarı ilə 3-4 aylıq həbs qətimkan tədbiri qərarı seçilib.
Bu gün Xətai rayon Məhkəməsinin qərarı ilə Hafiz Babalı və Elnarə Qasımovanın hər ikisinin həbs müddəti daha 3 ay uzadılıb.
Abzas Media əməkdaşları həbslərinin səbəbinin korrupsiya araşdırmaları ilə bağlı olduğunu bildirib və barələrindəki qaçaqmalçılıq ittihamını rədd ediblər.
Hökumət mediası: “Xarici dövlətlərdən və fondlardan pul alaraq Azərbaycana…”

Jurnalistlərin həbsindən sonra Azərbaycanın hökumətyönlü mediaları Toplum TV ilə baölı keçirilən əməliyyat və jurnalistlərin həbsini “onların milli maraqlara, dövlətə qarşı işləməyi” kimi qiymətləndirib. “Yeni Müsavat” yazır:
“Dövlətə qarşı işləyən jurnalist, QHT-çi və ya başqa biri zərərsizləşdiriləndə, neytrallaşdırılanda bunu dərhal insan haqlarının pozuntusu və ya söz azadlığına basqı kimi qiymətləndirmək olmaz. Hələ bir araşdırma aparılsın, onlara pul verənlərin hansı niyyətdə olduqları aşkara çıxarılsın, ondan sonra kimin haqlı, kimin haqsız olduğuna baxarıq.”
Report İnformasiya Agentliyinin müəllifsiz analitik materialında müstəqil medianın fəaliyyətinin Azərbaycanda qarışıqlıq yaratmaq, mövcud sabitliyi pozmaq məqsədi daşıdığı yazılıb.
Bununla yanaşı Axar.az, Xalq qəzeti, REAL Tv, eyni mövzuda oxşar ittihamlarla reportajlar hazırlayıb.