Gürcüstan Parlamentində müzakirəsi davam edən və “rus qanunu” kimi tanınan “Xarici təsirin şəffaflığı haqqında” Qanun layihəsinə etiraz edənlər son bir neçə gündür təqib olunur. OCCRP yazır ki, aksiyada iştirak edən jurnalist və fəallara tanımadıqları şəxslərdən telefon zəngləri gəlir və onlar təhdid olunur.
İlkin olaraq zəng edənlər telefonda söyüş söyüblər, sonradan təhdidlər başlayıb. Ən son olaraq isə təhdid olunanların yaxınlığındakı yerlərə onları xarici agent və vətən xaini kimi damğalayan posterlər yapışdırılıb.
Təhdid məzmunlu telefon zəngləri həm də jurnalist və fəalların ailə üzvləri və qohumlarına da edilir.
Onlardan biri “Franklin Club” qeyri-hökumət təşkilatının təsisçisi Sandro Zibzibadzedir ki, ona zəng edənlər harada yaşadığını bildiklərini deyiblər. S. Zibzibadzeyə xəbərdarlıq ediblər ki, əgər dayanmasa, onu qapının ağzında gözləyəcəklər və bu görüşdən o, sağ çıxmayacaq. Təhdid bununla yekunlaşmayıb və naməlum şəxslər onun anasına da zəng edib və tələb ediblər ki, oğlunu dayandırsın.
Sandro ilə yanaşı son bir neçə gündür Gürcüstandakı bir çox jurnalist və fəal oxşar təhdid zəngləri alır, onların şəkilləri olan və üzərində “xarici agent” yazılan posterlər divarlara yapışdırılır.
Mənə 13 fərqli telefon nömrəsindən zəng gəlib. Təkcə mən yox, həm də anam, atam, əmim və digər qohumlarıma mənlə bağlı zənglər ediblər.
– fəal deyir.
Onun sözlərinə görə, ilk zəng Ukrayna nömrəsi ilə, sonrakılar isə Moldova, Azərbaycan, Cənubi Afrika və Gürcüstan telefon nömrələri ilə olub.
“Sizin yeriniz Gürcüstan deyil”
Qardaşım görüb ki, gecə evin qarşısında 4-5 nəfər naməlum şəxs dayanıb. Mənə xəbər verdi ki, evə gəlməyim. Onlar bir müddət sonra mənim gəlmədiyimi görüb evin qapısına “Agent burada yaşayır” yazıblar. Qapıya üzərində “O öz vətənini qrant üçün satdı” yazılan poster yapışdırıb çıxıb gediblər.
Zibzibadze OCCRP-ə açıqlamasında deyib.
OCCRP-nin Gürcüstandakı tərəfdaş mediası “Studio Monitori”nin baş redaktoru Nino Zuriyaşvili də oxşar təzyiqlə üzləşir. O deyir ki, həm qanun layihəsi, həm də ona etiraz edənlərə qarşı bu kampaniya Kremlin resepti ilə gəlir.
Bu bir növ hədə-qorxu cəhdidir. Bilmirəm bu necə davam edəcək. Bu, sırf Rusiya senarisidir.
– Zuriyaşvili deyib.
Baş redaktor deyir ki, hələ qanun qüvvəyə minmədən ona etiraz edənlər artıq agent kimi damğalanıb. Bu posterlərdə “Gürcüstanda agentlərə yer yoxdur” və “Sizin yeriniz Gürcüstan deyil” yazılıb.
Mayın 10-u səhər saatlarında Zuriyaşvilinin şəxsi avtomobilinin üzərinə də gürcü dilində söyüşlər və “pula satılmış agent” sözləri yazılıb. Təqib və təhdidlə üzləşən jurnalist və fəallar hesab edir ki, kampaniyanın arxasında “Gürcü Arzusu”nun rəhbərlik etdiyi hökumət dayanır. Partiyanı maliyyələşdirən iş adamı Rusiyada var-dövlət qazanmış və müxalifətin rusiyapərəst hesab etdiyi şəxsdir.
Təhdid zənglərini edən naməlum şəxslər fəalların ev ünvanını, ailə üzvlərini və ictimaiyyətə açıq olmayan digər məlumatları bilirlər. Zuriyaşvili ehtimal edir ki, onlarda Daxili İşlər Nazirliyi və ya digər dövlət qurumundan verilən siyahı var.
“Studio Monitor”un redaktoru Nana Biqanişvili də həmkarı ilə həmfikirdir. Biqanişvili deyir ki, ona zəng edənlər atasının adını çəkib.
Mən başa düşdüm ki, onlar məlumatı hökumətin data bazasından götürüb. Bu təhdiddir. Onlar mənim şəxsi məlumatlarımı yad adama verib. Bəlkə o hətta mənim yaşadığım ünvanı da bilir.
redaktor deyib.
Gecə həbsləri və hücumlar
Civil.ge yazır ki, ötən gecə Tbilisinin Vake rayonunda bir neçə etirazçı polis tərəfindən zorakılıqla saxlanılıb. Onların saxlanılma anı ilə bağlı yayılan videolarda zorakılıqla polis maşınına sürükləndiyi görülüb. Həmin gecə evinə qayıdan zaman digər fəal, “Girchi” (Daha çox Azadlıq) Partiyasından olan Boris Kurua da hücuma məruz qalıb. Bir qrup şəxs ona hücum edib və dərhal sonra çəkilən fotolarda onun üzündə və başında yaralar görünür.
Hökumət nə deyir?
Gürcüstan Parlamentinin spikeri Şalva Papuaşvili elan edib ki, Gürcü Arzusu Partiyasının Siyasi Şurası etiraz aksiyalarında iştirak edənlərin databazasını yaratmağa qərar verib. O deyib ki, “zorakılıq, təhdid, şantaj və digər qeyri-qanuni aktlar edən və bunu açıq dəstəkləyənlər” barədə məlumatlar bu bazaya əlavə olunacaq.
“Dövlət və cəmiyyət tərəfindən cavabsız qalmaması üçün konstitusiya çərçivəsində tədbirlər görüləcək. “Şəffaflıq haqqında qanun” Gürcüstanda uzunmüddətli sülh və əmin-amanlığın təmin edilməsinə, müvafiq olaraq, Avropa İttifaqının Gürcüstana qarşı əsas tələblərindən biri olan qondarma depolarizasiyaya mühüm töhfə verəcək”. – o əlavə edib.
“Rus qanunu” qəbul olunsa, nə olacaq?
Qanun layihəsi qəbul olunarsa, xaricdən maliyyə alan qeyri-hökumət təşkilatları və müstəqil media qurumlarının “xarici qüvvələrin maraqlarını güdən” agent kimi qeydiyytadan keçməsi tələb olunacaq. Bu da onları hökumətin nəzarətinə salacaq.
Apreldə qanunla bağlı parlamentdəki müzakirə içəridə yumruq döyüşü, çöldə isə minlərlə etirazçının nümayişi ilə müşayiət olunub. Fəallar və jurnalistlər bu qanun layihəsini “rus qanunu” adlandırır, çünki Rusiyada bir neçə il əvvəl qəbul olunmuş “Xarici agent haqqında” qanun müstəqil səsləri boğmaq üçün istifadə olunub.