Bu ilin 1 sentyabrında Azərbaycanda növbəti dəfə növbədənkənar parlament seçkiləri keçiriləcək. Konstitusiya dəyişikliyindən sonra İlham Əliyevə verilən səlahiyyətə görə o, parlamenti buraxa və yeni seçkilər təyin edə bilir.
Bəs kimin seçkidə iştirak hüququ var? Deputat olmaq istəyənlər hansı sənədləri toplamalıdır? Deputatlığa namizədlərin hansı hüquqları var? İzah edirik!
İştirak hüququ:
Milli Məclis 125 deputatdan ibarətdir və həmin deputatlar 5 il müddətinə seçilir.
Konstitusiya deyir ki, seçkidə iştirak etmək hüququna malik olan, yəni 18 yaşı tamam olmuş Azərbaycan vətəndaşları Milli Məclisin deputatı seçilə bilər.
Kimlər deputat seçilə bilməz?
Deputatlığa namizədliyə dair tələblər Azərbaycan Konstitusiyası ilə tənzimlənir və aşağıdakı hallarda şəxs deputat seçilə bilməz.
- ikili vətəndaşlığı olan
- başqa dövlətlər qarşısında öhdəliyi olan
- icra və ya məhkəmə hakimiyyəti sistemlərində qulluq edən
- elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslər
- din xadimləri
- fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilən
- ağır cinayətlərə görə məhkum olunmuş şəxslər
- məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrumetmə yerlərində cəza çəkən şəxslər
Növbəti mərhələ – İmzatoplama
Yuxarıda yazılanlardan heç biri sizə aid deyilsə, deputatlığa namizədliyini vermək üçün növbəti mərhələyə keçmək olar. Bu, seçici imzalarının toplanmasıdır. Siz namizədliyinizi irəli sürdüyünüz seçki dairəsinin ərazisində ən azı 450 seçicinin imzasını toplanmalısınız.
Hər seçici yalnız bir dəfə, yalnız bir namizəd üçün imza verə bilər.
Başqa hansı sənədlər lazımdır?
Deputatlığa namizədliyin qeydə alınması Seçki Məcəlləsi ilə tənzimlənir və bu məcəllədə deyilir ki, şəxs və ya siyasi partiya, eləcə də siyasi partiyalar bloku tələb olunan sənədləri seçki komissiyasına təqdim etməlidir. Bu, səsvermə gününə ən çoxu 50, ən azı isə 30 gün qalmışa qədər baş tuta bilər. Tələb olunan sənədlər isə aşağıdakılardır:
1. Toplanmış seçici imzaları olan imza vərəqələri;
2. seçici imzaları toplanmasının yekunu haqqında protokolun 2 nüsxəsi;
3. namizəd haqqında təqdim edilmiş məlumatlarda dəyişikliklər barədə bildiriş;
4. namizədin gəlirlərinin miqdarı və mənbələri barədə məlumat;
5. mülkiyyət hüququ əsasında namizədə məxsus əmlak barədə məlumat;
6. namizədin ilkin maliyyə hesabatı (seçici imzaları toplanmasının təşkilinə sərf edilən vəsait haqqında məlumatlar göstərilməklə).
Bu ilki parlament seçkiləri ilə bağlı sənədlərin son təqdimetmə tarixi 2 avqust saat 18:00-dır.
Deputatlığa namizədin hansı hüquqları var?
Seçki Məcəlləsinin 151-ci maddəsinə görə, Milli Məclisə seçkilər zamanı qeydə alınan namizədin toxunulmazlığı var, lakin bu toxunulmazlıq Baş prokurorun razılığı ilə ləğv edilə və həmin şəxs məsuliyyətə cəlb oluna bilər.
Məcəllədə qeyd olunub ki, prokurorun razılığı olmadan, deputatlığa nazmizəd olan şəxs;
– namizəd kimi qeydə alındıqdan sonra törətdiyi əməllərə görə cinayət məsuliyyətinə cəlb edilə bilməz
– tutula bilməz
– məhkəmə qaydasında müəyyənləşdirilən inzibati tənbeh tədbirlərinə məruz qala bilməz
Əgər qeydə alınan namizəd cinayət başında yaxalanarsa, həbs oluna bilər. Belə razılıq verildikdə və ya qərar qəbul edildikdə, müvafiq prokuror və ya məhkəmə namizədin qeydə alındığı seçki komissiyasını bu barədə dərhal xəbərdar edir.
Təşviqat kampaniyası necə aparılır?
Deputatlığa namizədliyiniz qeydə alındıqdan sonra özünüzün təbliğat-təşviqat kampaniyanıza start verə bilərsiniz. Bunu necə edəcəksiz?
media vasitəsi ilə – televiziya, radio, sayt, qəzet və s.
yığıncaqlar və vətəndaşlarla görüşlər
çap olunmuş, audiovizual və digər təşviqat materiallarının yayılması yolu ilə
və qanunla qadağan edilməyən digər üsullarla
Deputatlığa namizədlər həm də qanunla müəyyən olunmuş pulsuz efir vaxtından da istifadə edə bilər.
Təşviqatın qadağan edilən formaları da var və buna MSK-nın nəzdində yaradılan, əsasən jurnalistlərdən ibarət mətbuat qrupu nəzarət edir. Qanun deyir ki, öz vəzifəsindən və xidməti üstünlüyündən istifadə etməklə
Qanun deyir ki, dövlət orqanlarında, idarələrində, təşkilatlarında və ya bələdiyyə orqanlarında və təşkilatlarında vəzifədə olan şəxslərə, dövlət və bələdiyyə qulluqçularına, hərbi qulluqçulara təşviqat aparmaq qadağandır.
Bundan başqa seçki komissiyaları, seçki komissiyasının həlledici səs hüquqlu üzvləri və digər vəzifəli şəxslər də təşviqat apara bilməz.