Milli Məclis buraxılmadan öncə, son iclasında azı 4 qanuna dəyişiklik təklifini müzakirə edib qəbul etdi. Bu təkliflərin qəbul olunması ilə;
- hərbi texnika, silah satışı və ixracı mülki dövriyyədə olması qadağan olunan məhsullar siyahısından çıxarıldı
- müdafiə təyinatlı məmulatlar vergi və gömrük rüsumundan azad edildi
- Bu sahədəki fəaliyyətə görə lisenziya üçün dövlət rüsumu müəyyənləşdi
Bu təkliflər niyə qəbul edilib? Silah satışına icazə, vergi və gömrük rüsumundan azad edilmə kimi güzəştlər niyə tətbiq olunacaq? Bu o deməkdir ki, mülki vətəndaşlar da silah ala bilər, yoxsa yox? Mikroskop izah edir!
İndiyə qədər Azərbaycan ordusunun silah-sursat, hərbi texnika geyim və s.lə təmin olunması ilə Müdafiə Sənayesi Nazirliyi məşğul olub. İndi isə müvafiq qanunlara edilən dəyişikliklər imkan verir ki, bu işlə ayrı-ayrı biznesmenlər məşğul olsun. Yəni, hər hansı bir Azərbaycan vətəndaşı şirkət yaradıb müvafiq lisenziyanı almaqla xarici ölkələrdən silah-sursat, hərbi texnika alıb onu Azərbaycan ordusuna sata bilər.
Amma bu yeni biznes sahəsinin qaranlıq tərəfləri də var. Həmin qaranlıq tərəfləri “Mikroskop Media”ya Xəzər Hərbi Tədqiqatlar İnstitutunun rəhbəri Cəsur Məmmədov izah edib.
Burada söhbət böyük miqdarda məbləği olan tenderlərdən və onların qaranlıq tərəflərindən gedir. Azərbaycan Respublikasının 7 milyard manatdan artıq müdafiə xərcləri, hərbi büdcəsi var. İndiyə qədər bunun müəyyən hissəsi silahlanmaya xərclənirdi, artıq bu pullar gedəcək özəl qurumlara və şirkətlərə. Bu şirkətlər isə kimin olacaq necə olacaq bu qaranlıqdır. Böyük ehtimal bu proses məxfi saxlanılacaq və ictimaiyyət buna nəzarət edə bilməyəcək.
Cəsur Məmmədov deyir.
Hökumətin bu sahədə Biznes qurulmasında maraqlı olmağının bir səbəbi də odur ki, Qərb dövlətlərindəki özəl hərbi şirkətlər birbaşa Azərbaycan hakimiyyəti ilə sövdələşmə, biznes qurmaq istəmir. Cəsur Məmmədovun sözlərinə görə, bunun əsas iki səbəbi var. Birincisi, NATO-nun müharibə davam edən ölkələrə silah satışı ilə bağlı rəsmi və qeyri-rəsmi qadağası var. İkinci səbəb də Azərbaycandakı siyasi rejimə münasibətin birmənalı olmaması ilə bağlıdır. Ona görə də biznesi Azərbaycandakı özəl şirkətlərlə qurmaq hər iki tərəfin maraqlarına uyğun gəlir.
Azərbaycanın siyasi nüfuzu yoxdur, amma pulu var deyə istəyir ki, müasir silahlar alsın. Qərb ölkələri, NATO ölkələrində Azərbaycan siyasi hakimiyyətinə ciddi tənqid və narazılıq var. Belə bir zamanda bu prosesi özəl şirkətlərə yönəltmək və bu şirkətlər vastiəsilə qərb ölkələrindən müasir silah əldə etmək bu da bir məqsəddir və bir əsası var ki, hakimiyyət bunu daha çox özəl şirkətlərə yönəldir ki onlar burada rol oynasın. Bu da qanunvericilikdəki dəyişikliklərin kökündə duran əsas məsələlələrdən biridir.Azərbaycan müdafiə sənayəsi kompleksində Türkiyə, İsrail və Çexiya və İtaliya kimi NATO ölkələrinin iştirakı mümkündür. Özəl biznes ayrı prosesdir, dövlət strukturları ayrı prosesdir. Hakimiyyət də bunu başa düşür və istəyir ki hər hansı bir formada qərbdən silah alsın.
hərbi ekspert bildirib.
Hazırda Azərbaycanda fəaliyyət göstərən şirkətlərlə bağlı bəzi əsas məlumatlar, məsələn onların təsisçiləri və payçıları barədə informasiya kommersiya sirri hesab olunur və ictimaiyyətə açıqlanmır. Eləcə də bu yeni biznes sahəsindəki şirkətlərin də kim tərəfindən necə qurulacağı və onlara nəzarətin necə olacağı müəmmalıdır. Bu da bu prosesin qaranlıq tərəfinin digər hissəsidir, çünki korrupsiya ehtimalı var.
İndiyə qədər kağız üzərində olsa da parlamentin belə nəzarət imkanı olub, amma dəyişikliklər, prosesin özəl sektora keçməyi Milli Məclisi də bu nəzarətdən məhrum edir.
Aydındır ki, bu prosesə qanunverici və icraedici hakimiyyət nəzarət etməlidir və sözsüz ki, məhkəmə hakimiyyəti, amma Azərbaycan reallığından çıxış etsək, bu prosesi özəl sturukturlara tapşırmaq onu nəzarətdən çıxarmaq məqsədi güdür. Bu sahədə qabaqcıl təcrübəsi olan ABŞ-dır ki, onların bu sahədə özəl müdafiə sənayesi kompleksləri var. Amma onlar dövlətin nəzarətindədir. Məsələn, sanskiya siyahısında olan dövlətlərə həmin şirkətlər silah sata bilməz, misal üçün İrana.
Özəl şirkətlərin aldığı və istehsal etdiyi silah-sursatın keyfiyyətinin necə yoxlanacağı və buna kimin necə nəzarət edəcəyi də hələ ki bəlli deyil.