“İşçi Masası” İdarə Heyətinin üzvü, hazırda həbsdə olan Ayxan İsrafilovun Umbakı Penitensiar Müəssisədən başqa müəssisəyə aparıldıqdan 15 gün sonra harada saxlanıldığı məlum olub.
Ailəsi onun 10 saylı Cəzaçəkmə Müəssisəsində olduğunu müəyyənləşdirib.
Cəzaçəkmə müəssisəsində onunla görüş zamanı məlum olub ki, elə 29 iyun tarixində Umbakı Penitensiar Müəssisəsindən birbaşa 10 saylı Cəzaçəkmə Müəssisəsinə gətirilib. Burada Ayxan İsrafilov zorakılığa və pis rəftara məruz qalıb.
Nə baş verib: Ayxan İsrafilov müəssisədə yoxlanışdan keçən zaman onun üzərində olan dərmanların nəyə lazım olduğu soruşulub. Ayxan ayağının xəstə olduğunu və mütəmadi olaraq dərmandan istifadə etdiyini bildirib. Müəssisə əməkdaşları dərmanları götürmək istədikdə, Ayxan buna etiraz edib. Etirazın nəticəsində, müəssisə əməkdaşları onu sillə və yumruq zərbələri ilə döyüb.
- Daha sonra onu cərimə kamerasına salıblar. Ayxana ailəsi ilə əlaqə saxlamağa icazə verilməyib.
- O, 14 gün cərimə kamerasında qeyri-insani şəraitdə saxlanılıb və bu müddət ərzində ona yemək verilməyib. Ayxan İsrafilov bu günlər ərzində cəmi 4 yumurta ilə qidalanıb.
Sağlamlıq vəziyyəti nə yerdədir: Ailəsi onunla görüşəndə çəki itirdiyini, çətinliklə yeridiyini və danışmaqda çətinlik çəkdiyini görüb.
- Ayxan İsrafilov hələ də cərimə kamerasında saxlanılır və məhkumların saxlanıldığı yerə buraxılmır.
Ayxanın saxlanıldığı yer necə tapılıb: Ayxan İsrafilovun Umbakı Penitensiar Müəssisədən köçürülməsi barədə xəbərdən sonra ailə üzvləri və vəkili hara köçürüldüyünü öyrənməyə çalışıb.
- Penitensiar Xidmətlə əlaqə saxlanılsa da onlara deyilib ki, yalnız yazılı müraciət əsasında cavab veriləcək.
- Daha sonra Ombudsman Aparatı ilə əlaqə saxlanılıb. Bildirilib ki, Ayxan 17 saylı Cəzaçəkmə Müəssisəsinə aparılıb.
- Ailəsi 17 saylı Cəzaçəkmə Müəssisəsinə getsə də oğullarının orada olmadığı bildirilib.
- Oradan 2 saylı müəssisəyə üz tutulub. Orada olmadığı deylib.
- Nəhayət, 14 iyulda 10 saylı Cəzaçəkmə Müəssisəsinə getdikdə, Ayxanın burada olduğu məlum olub.
Ayxan İsrafilov niyə həbsdədir: “İşçi Masası”nın İdarə Heyəti üzvü Ayxan İsrafilov keçən ilin avqust ayında saxlanılıb. Barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilən fəal Cinayət Məcəlləsinin 234.1-1-ci satış məqsədi olmadan narkotik vasitələrin saxlanması, hazırlanması maddəsi ilə ittiham olunub.
- Bu ilin aprel ayında məhkəmənin qərarı ilə Ayxan İsrafilov 3 il müddətinə azadlıqdan məhrum edilib.
- Ayxan İsrafilov işçilərin hüquqlarının müdafiəsi sahəsində çalışıb. Həbs səbəbinin siyasi olduğunu və fəaliyyətinə görə saxlanıldığını bildirib.
- Hazırda “İşçi Masası”nda ümumilikdə 4 nəfər, Afiəddin Məmmədov, Elvin Mustafayev, Möhyəddin Orucov və Ayxan İsrafilov həbsdədir.
- Elvin Mustafayev və Ayxan İsrafilov barədə artıq hökm oxunub və onlar 3 il müddətinə azadlıqdan məhrum edilib. Afiəddin Məmmədov və Möhyəddin Orucovun isə məhkəməsi davam edir.
