20 iyulda mövzusu “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” olan 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib.
Mərasimdə iştirak edən 50 ölkənin jurnalistləri prezident İlham Əliyevə suallar ünvanlayıb.
Suallardan heç biri tənqidi sual olmayıb.
Mikroskop 3 saatdan artıq davam edən görüşdə səslənən sualların maksimum qısa formasını, konteksdən çıxarmadan təqdim edir.
TASS xəbər agentliyindən Mixail Qusman: Amerikada keçirilən seçkilərdə kimin adının qalib kimi səslənməsini istərdiniz?
“Berliner Zeitung”-dan Holqer Fridrix: Sizin məhz ölkənizlə və prezidentliyinizlə bağlı natamam, qeyri-dəqiq və manipulyasiya edilmiş hesabatlara münasibətiniz necədir?
Gürcüstanlı müstəqil jurnalist və siyasi analitik Gela Vasadze: Bu gün Sizin arzuladığınız Azərbaycan və Cənubi Qafqaz nədən ibarətdir?
Frans Keyn: COP29-la bağlı tədbirlərin mediada işıqlandırılmasını necə görürsünüz və Sizin yanaşmanız necə olacaqdır?
BMT-də Fransa Polineziyasının nümayəndəsi Karlayl Korbin: Kolonializmə dair gələcək təşəbbüsləriniz barədə nə deyərdiniz?
Maksim Şevçenko: Azərbaycanlılar öz Vətənlərini – Qərbi Azərbaycanı görəcəklərmi?
“Haber Global”dan Saynur Tezen: Sizcə sülh sazişi nə zaman imzalanacaq?
Vaşinqtonun Bey Atlantik Universitetindən Professor Paulo Liebl Fon Şirak: Hibrid atmosferdə yaşamaqla bağlı, yəni, həm faydalı qazıntı növlərindən istifadə edərək, həm də yeni bərpaolunan enerjiyə diqqətin təmin edilməsi ilə bağlı mesajınız nədən ibarətdir?
Ramis Yunis: Sizcə, Ağ evdə dəyişikliyin regionumuzla bağlı hansı nəticələri olacaq, hansı dəyişikliklər olacaq?
Cordan Morqan: Azərbaycanın mövqeyi nədən ibarətdir ki, Qəzza bölgəsində sülh təmin edilsin, ən azı atəşkəs təmin edilsin?
Ukraynalı jurnalist Mariana Qonçaruk: Bizim kimi ölkələrə Sizin tövsiyəniz nədən ibarət olar ki, biz həqiqətləri necə çatdırmalıyıq və bizim nümayəndələrimiz bu sahədə necə əməkdaşlıq edə bilər?
“Radio Latviya”nın nümayəndəsi Ansis Boqustovs: Keçmiş məcburi köçkünlər artıq qayıdıb? Rəqəmlər nədən ibarətdir? Daha nə qədər ailə qayıdacaq?
“Reuters”-dən Nailə Balayevaya: Avropaya 2027-ci il üçün həcmin iki dəfə artırılması mümkündürmü? Bu, Azərbaycan qazı olacaqdır və ya digər ölkələrdən də qaz həcmləri cəlb edilə bilər?
Özbəkistanın Milli İnformasiya Agentliyinin (UZA) baş redaktoru Durdona Salixova: Siz media sənayesinin gələcəyini və süni intellektin bu prosesdə rolunu necə görürsünüz?
“Real” televiziyasından Mirşahin Ağayev̵: Ümumiyyətlə, nə qədər inanmaq olar bu müəyyən dövlətlərin səmimiyyətinə ki, onlar COP29-la guya dünyanın xilasına çalışacaqlar. Sizə belə qeyri-səmimi tərəfdaşlarla iş aparmaq və COP29-dan Siz nə gözləyirsiniz? Doğrudanmı, onlar öz sözlərinin sahibi olacaqlar?
Nigeriyadan olan müstəqil jurnalist Con Ayomide: Sizə Türk Dövlətləri Təşkilatı və Afrika İttifaqı arasında əlaqələr haqqında sual vermək istərdim. Sizin fikrinizcə, hansı təşəbbüslər irəli sürülə bilər ki, belə bir əməkdaşlıq gücləndirilsin?
İsraildən gələn müstəqil jurnalist Roman Qureviç: Azərbaycan insanların bir-biri ilə necə yaşamasının, qarşılıqlı hörmət, dözümlülük, tolerantlıq nümunəsidir. Sualım belədir, Azərbaycan torpağında, Azərbaycan xalqında hansı xüsusiyyət bunu mümkün edir, buna imkan yaradır?
Yaxın Şərq Xəbər Agentliyindən (MENA) Tarek Abdel Qaffar: Sizin inkişaf etməkdə olan və inkişaf edən ölkələr arasında “uçurumu” aradan qaldırmaq baxımından, xüsusilə də zəngin ölkələrin fəaliyyəti nəticəsində ətraf mühitə vurulan zərər, müəyyən kompensasiyalar haqda nə düşünürsünüz, bu istiqamətdə hansı addımlar atılmalıdır?
“The Pakistan Daily” qəzetinin redaktoru Hamza Azhar Salam: İki qardaş ölkə arasında media sahəsində hansı şəkildə əməkdaşlıq edilə bilər?
“Al Jazeera English” kanalının nümayəndəsi: Biz yalan məlumatların ifşası haqqında danışırıq. Mən qorxuram ki, yalan məlumatlar bir ölkə üçün yalan, digəri üçün isə doğru ola bilər. Ona görə də burada çox çətin bir seçim qarşısındayıq.
Anadolu Agentliyinin İdarə Heyətinin üzvü Yusuf Özkır: Türk Dövlətləri Təşkilatının bundan sonrakı dövrdə siyasi, iqtisadi, ticari baxımdan, eyni zamanda, hərbi sahədə uzunmüddətli perspektivdə necə bir gələcəyi var? Siz bunu necə dəyərləndirirsiniz?
