Venesuelada ötən həftə keçirilən prezident seçkilərinin nəticələri elan olunandan sonra etiraz aksiyaları başlayıb. Hazırkı prezidenti Nikolas Maduronun seçilməsinə etiraz olaraq paytaxt Karakas və onlarla şəhərdə aksiyalar keçirilir.
Minlərlə müxalifət tərəfdarı küçələrə axışıb və ümumilikdə ölkənin 20 ştatında 187 etiraz aksiyası qeydə alınıb.
Müxalifət tərəfdarları aksiyalara boş qablara vurmaqla başlayıb və daha sonra bu, polislə toqquşmalara gətirib çıxarıb.
Nə baş verib: 28 iyulda Venesuelada prezident seçkisi keçirilib. Mərkəzi Seçki Şurası seçki bülletenlərinin 80%-ni saydıqdan sonra Nikolas Maduronun 51,2% səs toplayaraq prezident seçildiyini elan edib.
- Seçki Şurası keçmiş diplomat və müxalifət lideri Edmundo Qonsalesin isə 44,2% səs topladığını açıqlayıb.
- Müstəqil exit poll nəticələrinə görə isə Qonsales 65%, Maduro 31% səs toplayıb.

Nəticələrlə bağlı kim nə deyir:
- ABŞ dövlət katibi Entoni Blinken deyib ki, “narahatlıq var ki, elan edilən nəticələr xalqın seçimini göstərmir”.
- Avropa İttifaqı və Braziliya seçki nəticələrinin daha şəffaf hesablanmasını tələb edib.
- Argentina, Kosta-Rika, Panama, Paraqvay, Peru, Uruqvay və Ekvador Amerika Dövlətləri Təşkilatının növbədənkənar iclasının keçirilməsi barədə qərar verib. Həmin iclasda Venesueladakı seçkilərin nəticələri nəzərdən keçiriləcək.
- Bu addıma cavab olaraq Venesuela Xarici İşlər Nazirliyi bu ölkələrdəki səfirlərini dərhal geri çağırıb.
Nikolas Maduro kimdir:
Əvvəlki prezident Uqo Çavesin ölümündən sonra prezident seçilən Maduro 2013-cü ildən etibarən Venesuelanı idarə edir. Onun hakimiyyətdə olduğu dövrdə Venesuelada dünyanın ən ağır iqtisadi böhranlarından biri yaşanıb və nəticədə milyonlarla venesuelalı ölkəni tərk etməli olub.
Bu dəfə də seçilərsə, Maduro növbəti 6 ildə də ölkəni idarə edəcək.
Seçkilərdə məhdud sayda müşahidəçinin iştirakına icazə verilib və Venesuela Avropa Birliyindən olan müşahidəçilərə göndərilən dəvəti geri götürüb.
Kimlər Maduronu təbrik edib: İlham Əliyev və Vladimir Putin.
