Bakı şəhərində taksi xidmətinin müasir standartlar səviyyəsində təşkilinin təmin olunması üçün Nəqliyyat Nazirliyi müvafiq tədbirlər həyata keçirir.
Dövlət İnformasiya Agentliyi AzərTAc 2011-ci ildə bunu Bakıya gətirilməsi planlaşdırılan “London taksiləri” barədə yazırdı. Xəbərdə qeyd olunurdu ki, ölkəyə 1000 ədəd “TX4” markalı avtomobil gətiriləcək. Həmin vaxt həm də “badımcan taksi” kimi tanınan bu taksilərə milyonlarla dollar vəsait xərclənmişdi, amma indi bu takislərin Bakının Lökbatan qəsəbəsində çürüdüyündən şikayət edilir.
Taksilər Bakıya nə vaxt gəldi?
2010-cu ilin sentyabrında o zamankı Nəqliyyat Naziri Ziya Məmmədov prezident İlham Əliyevə ölkəyə yeni gətirilən avtomobilləri təqdim edirdi. Görüşdə keçmiş nazir prezidentə demişdi ki, Bakının taksi xidmətinin yaxşılaşdırılması ilə bağlı gətirilən taksilərin arasında 12 ədəd “TX4” model “London taksiləri” də var.
Sonradan məhz bu modelin sayı artdı. 2011-ci ildə növbəti dəfə Ziya Məmmədov prezidentə yeni avtomobilləri təqdim etdi və bildirdi ki, artıq 100 ədəd “London taksisi” Bakıdadır. 2011-ci ilin sonuna qədər isə daha 900 taksinin gətirilməsi planlaşdırılır.
Bu taksilərə kim nə qədər vəsait xərclədi?
2011-ci ildə ilk gətirilən taksilər “Magnase Bronze Holdings” şirkətindən satın alınıb. Trend İnformasiya Agentliyinin həmin vaxt dərc etdiyi məlumata görə, bu şirkətlə ümumilikdə 1000 ədəd taksi üçün müqavilə imzalanıb və bu müqavilənin dəyəri o zamankı valyuta ilə 27 milyon dollar olub. Hətta o da vurğulanıb ki, şirkətin maddi vəziyyətinin pis olması sifarişlərin yerinə yetirilməsinə mane olmayacaq.
Oxşar məlumat Reuters informasiya agentliyi tərəfindən də dərc olunub.
“London taksiləri” Azərbaycana bir neçə dəfə gətirilib. 2013-cü ilin iyulunda AzərTAc yazırdı ki, Birinci Bakı Avropa Oyunlarına qədər daha 2 min taksi ölkəyə gətiriləcək. Dövlət Agentliyi taksilərin sifarişçisinin “Baku Taxi” şirkəti olduğunu qeyd edib, amma bunun üçün ayrılan vəsaitlə bağlı məkumat qeyd olunmayıb.
İlham Əliyevin şəxsi rəng seçimi – qırmızı
Növbəti dəfə 2020-ci ildə Azərbaycana fərqli model və rəngdə “London taksiləri” gətirilib. Bu dəfə elektrik olan 100 ədəd taksi qırmızı rəngdə idi və Böyük Britaniyanın “London EV”(LEVC) şirkətindən satın alınmışdı.
Bu model taksilərlə də şəxsən prezident tanış olub və onlardan birini özü idarə edib.

Qırmızı taksiləri Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tərkibində fəaliyyət göstərən “Bakı Taksi Xidməti” MMC şirkəti alıb. Taksiləri Azərbaycana ixrac edən şirkətin rəsmi saytında həmin vaxt yazılıb ki, şəxsən İlham Əliyev əslində bənövşəyi olan taksilər üçün qırmızı rəngi seçib. Həmçinin şirkətin press relizində yazılır ki, bu taksilər ölkədə keçirilən sərgi və tədbirlərdə iştirak edənlərə VIP xidmət üçün nəzərdə tutulub.
Qırmızı taksilər Azərbaycana gətirilməzdən əvvəl Nəqliyyat Nazirliyinin rəsmiləri Şahin İsmayılov və Emin Məmmədov şirkətin zavoduna səfər edib və hazırlıqla tanış olublar. Bu takislər üçün də dövlət büdcəsindən nə qədər vəsait ayrıldığı açıqlanmayıb.
Taksilərin niyə çürüdüyü nəylə əsaslandırılır?
“Qafqazinfo” yazır ki, bu taksilər 2016-2017-ci illərdən etibarən qarajlara yığılmağa başlayıb və bu taksilərin ehtiyat hissələri baha, onların ölkəyə gətirilməsi isə çətin olduğundan bu vəziyyət yaranıb.
ARB24 televiziya kanalının isə 3 il əvvəl yayımladığı reportajda “Bakı Taksi” MMC-nin baş direktoru Fuad Əliyev deyib ki, pandemiya dövründə taksiyə tələbat azaldığından sürücülər işləməməyə başlayıb. O vurğulayıb ki, taksilər istifadəyə yararlıdır.
