Azərbaycan hökuməti ölkədəki siyasi həbslər və mediaya təzyiq fonunda keçiriləcək COP29 ərəfəsində öz imicini yaxşılaşdırmaq üçün ABŞ-ın “Teneo Strategy” şirkəti ilə dəyəri 4,7 milyon dollar olan müqavilə imzalayıb. Bu barədə ABŞ-ın Quincy Məsuliyyətli Dövlətçilik İnstitutunun online jurnalı “Responsible Statecraft” yazır.
Şirkət Azərbaycan hökuməti üçün nə iş görür:
FARA (Xarici Agentlərin Qeydiyyatı Aktı) məlumatlarına görə, “Teneo Strategy” şirkətinə COP29 Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçısı Nərmin Carçalova aşağıdakı işləri görməyi tapşırıb:
- COP29-un kommunikasiya funksiyasını yaratmaq
- narativlərin hazırlanması
- kommunikasiya və cəlb etmə kampaniyasının planlaşdırılması məsələlərin idarə edilməsi
- təşkilati inkişaf
- media ilə əlaqələrin qurulması
- media təlimlərinin təşkil olunması
- sorğu və araşdırma işlərinin həyata keçirilməsi
“Teneo Strategy” indiyədək nələr edib:
Şirkət Şuşada keçirilən 2-ci Qlobal Media Forumunda bir gün ərzində 3 jurnalist üçün 5 ulduzlu oteldə bahalı axşam yeməyi təşkil edib.
Şam yeməyinin səhəri günü Pakistanın “The Pakistan Daily” nəşrində Azərbaycanın Qarabağı tam nazarət altına almasını tərifləyən yazı dərc edilib.
Yazanın müəllifi Hamza Azhar Salam bununla da yekunlaşmayıb və o, İlham Əliyevin 9 müsbət keyfiyyəti barədə də X (keçmiş Twitter) platformasında yazıb. Həmin tvit barədə isə Azərbaycanın CBC kanalında ayrıca sujet yayımlanıb və jurnalistdən müsahibə alınıb.
Şirkət 88 müxtəlif media qurumundan ümumilikdə 144 jurnalistlə Azərbaycanın COP29 gündəliyini, eyni zamanda bu gündəliyə daxil olan sülh axtarışını reklam etmək üçün təxminən 500 dəfə əlaqə saxlayıb.
Azərbaycan öz imicini neçəyə düzəldir:
“Responsible Statecraft” yazır ki, hazırda Bakıda Teneo-nun 5 icraçısı daimi olaraq işləyir və bu vaxtadək aviauçuşlar və otellərə 350 min dollar xərclənib.
Azərbaycanın bu “səxavətindən” ABŞ rəsmiləri də faydalanıb.
May ayında ABŞ-ın Men ştatından olan millət vəkilləri Azərbaycanda 9 gün qalıblar. Onların uçuş, yemək və qalmaq xərclərini Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi qarşılayıb və səfərin bir hissəsi Qarabağda baş tutub. Səfərin tərkib hissəsinə “işğaldan azad edilmə” mövzusu ilə bağlı iki günlük məlumatlandırma da daxil edilib.
Dövlət nümayəndəsi Jill Duson dəvətə cavab olaraq yazıb: “Deyəsən pasportumu tapmalıyam. Çox həyəcanlıyam!”
Teneo başqa kimlərin imicini düzəldib:
“Teneo Strategy” Azərbaycanın ev sahibliyi edəcəyi COP29 öncəsi imic təmizləmə üçün kifayət qədər uyğun şirkətdir. Bundan öncə bu şirkətin adı Birləşmiş Ərəb Əmirlikləri ilə hallanıb. COP28 sammiti ərəfəsində BƏƏ-nin ətraf mühit və insan haqları pozuntularına görə zədələnmiş imicinin bərpa edilməsi üçün son anda bu şirkətlə müqavilə bağlanıb. Görülən işə işə görə şirkət 1,5 milyin dollar alıb.
“New York Times”da məqalə yazdırmaq:
Bakıya mətbuat səfəri zamanı Teneo-nun Arab Gulf Business Insight (AGBI) nəşrinin şef redaktoru Frank Keyn ilə görüşü olub. Bundan sonra Keyn açıqlama verib ki, COP29-un təçkilatçıları görünməmiş cahillik və önmühakiməli yanaşmaya hazırlıqlı olmalıdır: “Onlar sizə korrupsiya, insan haqları, geosiyasət üzərindən, Azərbaycanın aqressor olması mifi ilə hücum edəcəklər”.
Teneo ilə görüşdən üç gün sonra Hindistanın nüfuzlu “The Hindu” qəzeti “Noyabrda sülh və atəşkəsi vurğulayan iqlim konfransı” başlıqlı məqalə dərc edib.
Şirkət həm də “New York Times”da dərc olunan və qismən də Dağlıq Qarabağa olan səfər əsasında yazılan məqalənin hazırlanmasına da vasitəçilik edib.