Gürcüstanda keçirilən son parlament seçkilərindən dərhal sonra Azərbaycan qeyri-hökumət təşkilatları və medialarına seçki nəticlərinin şərhi ilə bağlı tezislər göndərilib. Mikroskop Media-nın əldə etdiyi məlumata görə, Prezident Administrasiyasından göndərilən bu tezislərdə bir neçə istiqamətlə bağlı direktivlər qeyd olunub.
Həmin tezis mətnində vurğulanan əsas detallar aşağıdakılardır:
- Seçicilər müharibə, qarşıdurmaya yox, sülhə, inkişafa, ənənələrə və milli dəyərlərin təntənəsinə səs verdilər;
- Qarşıdakı dövrdə Gürcüstan hakimiyyəti azərbaycanlıların yaşadığı bölgələrdəki problemlərin həllinə daha çox diqqət ayırmalıdır;
- Gürcüstandakı azərbaycanlılar Azərbaycan dövlətinin və Prezidentinin regional siyasətini, Azərbaycan-Gürcüstan münasibətlərinin möhkəmlənməsini dəstəklədilər;
- Azərbaycanlı seçicilərin hakim partiyanın ümumi səslərinin formalaşmasında 7-8 faiz payı var;
- Seçkilərin nəticələri Qərbin Gürcüstanda yürütdüyü siyasətə və regionda ayrıcı xətlər yaratmaq siyasətinə böyük zərbədir;
- Müxalifətin qalib gələcəyi halda “Qərbin adamı” olan prezidentlə birlikdə regionu parçalamaq siyasəti olacaqdı;
- O ki qaldı Ermənistana, yəqin sonda bu ölkədə də regiona mənsubluqlarını dərk edəcəklər.
Oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri baş tutub və bu ölkənin Mərkəzi Seçki Komissiyasının ilkin məlumatına görə, seçkidə hakim “Gürcü Arzusu” partiyası qalib gəlib. Gürcüstanın yerli mediaları seçkidə pozuntu hallarının olduğunu göstərən bir çox material paylaşıb. Eləcə də hakim partiya tərəfdarlarının müstəqil və müxalifət müşahidəçilərinə hücum edib onları dəyənəklə döydüyünü göstərən video-materiallar da paylaşılıb.
Azərbaycanda isə yerli medialar hələ seçkiyə bir neçə gün qalmış müxalifəti tənqid edirdi. Seçkidən öncə AzTV, Real TV və ARB24 kimi televiziya kanallarında yayımlanan reportajlarda “Qərbin Gürcüstanın daxili işlərinə qarışdığı”, regionda “Ukrayna-Rusiya müharibəsinin yeni cəbhəsinin yaradılmasına cəhd edildiyi deyilib”.
Mikroskop Media qeyri-hökumət təşkilatlarının Gürcüstandakı seçki nəticələri ilə bağlı yazdıqlarını və yerli medianın bu mövzuda hazırladığı materialları monitorinq edib. Monitorinq əsasında məlum olub ki, onların hər ikisinin Facebook postları, reportajlar, şərhlər və müsahibələrində göndərilmiş tezislər çox oxşar və hətta eyni cümlələr, ifadələr var.
Hansı media tezisi necə yerinə yetirib?
“Respublika” qəzeti
Tezis mətnində qeyd edilən cümlə olduğu kimi “Respublika” qəzetindəki yazının başlığı kimi qeyd edilib.
Yazının başlığı: Hakim “Gürcü Arzusu” partiyası ölkənin aparıcı siyasi qüvvəsi olduğunu sübut etdi.
Mustafa Kamal imzalı bu yazı 27 oktyabrda seçkinin səhəri günü dərc edilib. Tezisdə qeyd edilən detallar da olduğu kimi yazılıb. Məsələn bu cümlə kimi: Azərbaycanlı seçicilərin hakim partiyaya verdiyi səs onun ümumi səslərinin 7-8 faizini təşkil edir və bu, seçkilərdə mühüm çəkiyə malik olduqlarını göstərir.
AzərTAc
Azərbaycan Dövlət İnformasiya Agentliyi olan AzərTAc-da yayımlanan yazıda Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərlidən müsahibə alınıb.
Yazının başlığı: Gürcüstanda keçirilən seçkilərdə azərbaycanlıların fəal iştirakı mühüm rol oynadı ŞƏRH
Ramil İskəndərlinin müsahibəsində aşağıdakı cümlələr tezisdə olduğu cümlələrlə eynidir.
- Seçkilərin nəticəsi Qərbin Gürcüstanda yürütdüyü siyasətə və regionda ayrıcı xətlər yaratmaq siyasətinə böyük zərbədir.
- Gürcüstanda 300 min azərbaycanlı yaşayır, onların məskunlaşdığı bütün regionlarda səs faizi yüksək olub.
- Qərbin regionu parçalamaq, bölgədə 2-ci cəbhə açmaq və Gürcüstanı Qərbin müstəmləkəsinə çevrilmək istəyi…
Şərq.az
İki hissədən ibarət olan İsmayıl Qocayev imzalı yazının girişi tezis mətnləri ilə üst-üstə düşür. İkinci hissəsində isə politoloq qismində Abutalıb Səmədovdan müsahibə alınıb.
Yazının başlığı: Xalq sözünü dedi, Gürcüstanda inqilab olmayacaq – RƏY
Yazıda qeyd edilən aşağıdakı cümlələr göndərilən tezis mətni ilə tamamilə eynidir:
- Gürcüstan vətəndaşları kimi Qərbin regionu parçalamaq və müharibə ocağına çervirmək siyasətinə qarşı çıxış etdilər.
- Əgər seçkilərin nəticəsi başqa cür olsaydı, burada Qərbin adamı olan prezidentlə birlikdə regionu parçalamaq, bölgədə 2-ci cəbhə açmaq və Qərbin müstəmləkəsinə çevrilmək siyasəti olacaqdı.
- Ümid edirik ki, Gürcüstan hakimiyyəti, hakim partiyası bundan sonra azərbaycanlıların problemləri ilə daha yaxından maraqlanacaq və onların həlli istiiamətində real addımlar atacaqlar.
Report
Demək olar ki, tezis mətninin dərc edildiyi başqa bir yazını isə Report İnformasya Agentliyi rəy formatında Azər Nuriyevin imzası ilə bu gün, 28 oktyabrda dərc edib.
Yazının başlığı: Gürcüstandakı azərbaycanlıların seçimi – sülh, sabitlik, əməkdaşlıq, birlik – ŞƏRH
Yazıda əsas yeri Gürcüstanda yaşayan azərbaycanlılar tutur. Onların seçimini sabitlik, vahid Gürcüstandan yana olduğu vurğulanıb.
“Qərbin adamı olan prezident”, “bölgədə 2-ci cəbhə açmaq”, “hakim partiyanın azərbaycanlıların problemləri ilə daha yaxından maraqlanmaq məsələsi”, “azərbaycanlıların ümumi səslərinin formalaşmasında 7-8 faiz payının olması” və tezisdə olan digər bütün tələbləri bu yazıda görmək mümkündür.
Trend
Başqa bir informasiya agentliyi Trend-də də tezislərin qeyd edildiyi yazı yayımlanıb. Yazıda digər medialardakı fikirlərin eynisini bu dəfə deputat Vüqar İskəndərov səsləndirib.
Yazının başlığı: Gürcüstan Qərbin xəyallarını puç etdi: xalq gələcək rifahını seçdi – ŞƏRH
Gürcüstandakı parlament seçkilərini şərh edən deputat Vüqar İskəndərov da bu ölkədə 300 min azərbaycanlının yaşadığını və onların seçkidəki payının 7-8 faiz olduğunu vurğulayıb.
AzərTAc
Azərbaycan Dövlət İnformasiya Agentliyində seçkilərin nəticəsi ilə bağlı başqa bir yazı da var. Bu dəfə müsahibəni Gürcüstan Azərbaycanlıları Konqresinin sədri (GAK) Hüseyin Yusifov verib.
Yazının başlığı: “Azərbaycanlılar Gürcüstanın ictimai-siyasi həyatında mühüm rol oynayırlar” – Açıqlama
Seçkinin səhəri günü yerləşdirilən bu yazıda da “Gürcü Arsusu” partiyasının qələbə qazanmasında azərbaycanlıların böyük rolundan bəhs edilir.
Tezisdə qeyd edilən eyni cümləni Hüseyin Yusifov təkrarlayır: Tarix də göstərir ki, bu birlik olanda hər iki dövlət güclü olur, öz maraqlarını müdafiə edirlər və beynəlxalq səviyyədə də eyni mövqedən çıxış edirlər.
QHT-lərin tezis əsasında sevinci və seçki şərhi
Qeyri-hökumət təşkilatları əsasən ya təşkilatın Facebook səhifəsində, ya da sədrin şəxsi profilində seçki nəticələri ilə bağlı paylaşımları olub. Bu “şərh”lərdə Gürcüstanda yaşayan azərbaycanlılara “Azərbaycan dövlətinin və Prezidentinin regional siyasətini” dəstəklədiklərinə görə təşəkkür edilib. Qeyri-hökumət təşkilatları həm də Gürcüstan hökumətinə çağırış edilib ki, orada yaşayan azərbaycanlıların problemlərinin həllinə daha çox diqqət ayırsın. Gənc Vətənpərvərlər Birliyinin sədri Muğan Əliyev və Ülvi Aztəminatlılara Dəstək İctimai Birliyi isə tezisin mətnini tamamilə olduğu kimi sosial şəbəkədə paylaşıblar.
Oxşar “şərh” paylaşan qeyri-hökumət təşkilatları:
- “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyi
- “Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyinin sədri Gülay Quliyeva
- Miqrasiya Sahəsinin İnkişafı İctimai Birliyi
- Nadir İsmayılov, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi İctimai Birliyinin sədri
- Xankəndi Məcburi Köçkünlərinə Dəstək İctimai Birliyinin sədri Xatirə Vəliyeva
- Kitab Evi İctimai Birliyi