BMT-nin Bakıda bu ay keçiriləcək nəhəng COP29 tədbirinə minlərlə iştirakçı qatılacaq və həmin iştirakçılar İlham Əliyevin ailəsinə və bu ailəyə yaxın şəxslərə məxsus otellərdə gecələyib, restoranlarda yemək yeyib və bank xidmətlərindən faydalanacaq. “Silk Way West Airlines”, “PAŞA Holdinq”, “GILTEX”, “Sea Breeze” – fərqi yoxdur, hər yerdə birinci ailə ilə əlaqəsi olan şirkətlər gözə dəyəcək.
Prezident İlham Əliyev və onun ailə üzvləri, yaxın çevrəsi və qohumlarının sahib olduğu nəhəng sərvətlə bağlı əvvəlki illərdə OCCRP də daxil olmaqla bir çox mediada jurnalist araşdırması yayımlanıb. Bu materiallar ailənin London və Dubay da daxil olmaqla bir çox şəhərdə lüks mülk və sərvətini ortaya çıxarıb.
Bütün bunlardan əlavə ötən ilin noyabrından etibarən isə ölkədə müstəqil media və siyasi fəallara qarşı həbs dalğası başlayıb, onlarla jurnalist, professor, siyasi fəal saxlanılıb, bu şəxslərə qarşı cinayət işi açılıb. Amma bütün bu baş verənlər BMT-ə İqlim Dəyişikliyi konfransına ev sahibliyi imkanını Azərbaycana verməkdən çəkindirməyib.
“Ümumilikdə BMT iqlim konfranslarının təşkilatçısı olmağa maraq göstərən ölkələrin yaxşı idarəçiliyə malik olması ilə bağlı xüsusi tələb yoxdur, buna görə də avtoritar və korrupsioner hökumətlər də asanlıqla təşkilatçı ola bilirlər” – “Beynəlxalq Şəffaflıq” və “Anti Koorpusiya Məlumatlarının Toplanması” layihələrinin birgə hesabatında deyilir.
Azərbaycan prezidenti isə Birləşmiş Millətlər Təşkilatının konfrans öncəsi tədbirindəki yazılı çıxışında deyir: “Azərbaycanın yekdilliklə dəstəklənməsi beynəlxalq ictimaiyyətin ölkəmizə etibarının göstəricisidir”.
COP29 tərəfdaşlığı şirkətlərə nə qazandırır?
COP29 tərəfdaş şirkətləri bu tədbir vasitəsilə beynəlxalq auditoriyaya çıxış, xüsusi sərgi zonasına giriş və sponsorluq imkanından faydalana biləcəklər. COP29-un ilk tərəfdaşları sentyabrın 13-də elan olunub və onların sırasında aparıcı qida istehsalçısı Azərsun və tərkibinə bank, sığorta və tikinti sektorunda şirkətlər daxil olan Paşa Holdinq var idi.
Konfransın rəsmi saytında deyilir ki, bu şirkətlər “Yaşıl Zona” tərəfdaşlarıdır və “Yaşıl Zona”nın təşkilindəki “konseptual məqsəd iqlim dəyişmələri ilə mübarizə sahəsində dövlət qurumları ilə bütün maraqlı tərəflər arasında mühüm əməkdaşlıq əlaqələrinin qurulmasıdır”.
Şərqi Anqliya Universitetinin (UEA) ətraf mühit idarəçiliyi üzrə professoru, bir neçə COP konfransında iştirak etmiş Heyke Şroder (Heike Schroeder) deyir ki, COP korporativ tərəfdaşlığı son bir neçə ildə başlamış yenilikdir.
“Təbii ki, bu, nəhəng biznes imkanıdır, amma bunun ətraf mühitlə heç bir əlaqəsi yoxdur” – o deyib.
COP29 korporativ tərəfdaşları kimlərdir və onların Əliyevlə nə əlaqəsi var?
Emin Ağalarov
Tədbirdə iştirak edəcək minlərlə qonağın bir qismi Xəzər dənizi sahilində yerləşən Sea Breeze Resort-da ultra-lüks otaqlarda qalacaq. Onlar yeddi kilometr uzunluğunda çimərlik, 50-dən çox bar və restoran, eləcə də 60 üzmə hovuzundan istifadə edə biləcəklər. Lakin bu qonaqlar bəlkə də bilmir ki, 500 hektarlıq ərazisi olan Sea Breeze kompleksi Azərbaycanın avtoritar prezidenti İlham Əliyevin keçmiş kürəkəni Emin Ağalarova məxsusdur. Dövlət Satınalmaları Agentliyinin məlumatları göstərir ki, Ağalarov COP29 qonaqlarını qəbul etmək üçün rəqabətsiz tenderlə 9 milyon manatlıq dövlət müqaviləsi alıb. (Bu barədə ilk dəfə Abzas Media yazıb).
Prezidentin keçmiş kürəkəni Emin Ağalarov hazırda yaşayış kompleksinə çevirdiyi Sea Breeze üçün torpaq sahəsini 2007-ci ildə, prezidentin qızı Leyla Əliyeva ilə ailə həyatı qurandan 1 il sonra almağa başlayıb. Onlar 2015-ci ildə boşansa da Ağalarovun Azərbaycandakı biznes fəaliyyəti davam edib.
Ağalarov rusiyalı jurnalist K.Sobçaka verdiyi müsahibəsində Sea Breeze-in COP29 qonaqlarını qarşılaması ilə bağlı fərqli hekayə danışır. O, müsahibəsində dövlətdən 9 milyon manat pul aldığını qeyd etməyib, əksinə hökumətin ona kredit verdiyini və COP qonaqlarının qalması üçün daha çox yer tikməyini istədiklərini deyib.
“Administrasiyadan mənlə əlaqə saxladılar və soruşdular ki, nə qədər insanı Sea Breeze-də yerləşdirə bilərəm. Mən dərhal başa düşdüm ki, nə edə bilərəm. Hökumətə COP ilə bağlı təklif etdim ki, mən 3 min mənzil təşkil edib onları təmir edə bilərəm. Bunun üçün təmiri tamamlamaq və 5 min insan üçün pulsuz qalmaq yeri təşkil etmək öhdəliyi qarşılığında kredit aldım. Yəni, onlar mənə icazə verdi ki, gələn yaya qədər əlavə 2 min ev təmir edim. Beləliklə, onlar bu il həmin evləri COP üçün istifadə edəcək və növbəti ildən 2 min ev mənə qalacaq” – Ağalarov deyir.
Emin Ağalarov jurnalistlərin ona əlavə şərh ilə bağlı göndərdiyi suallara cavab verməyib.
Tərəfdaş şirkətlərdən biri prezidentin qızlarına məxsus holdinqdir
Arzu və Leyla Əliyevalar
Həm COP29 tərəfdaşı, həm də birinci ailə bağlılığı olan tək biznes Sea Breeze deyil. Konfransın rəsmi tərəfdaşları arasında Paşa Holdinq də var və bundan öncəki jurnalist araşdırmaları aşkarlayıb ki, bu şirkət İlham Əliyevin qızları Arzu və Leyla Əliyevalara məxsusdur. Holdinqin İdarə Heyətinin sədri Mir Camal Paşayev isə ölkənin birinci xanımı və vitse-prezident Mehriban Əliyevanın qohumudur.
“COP29 tədbiri Paşa Holdinqin dayanıqlılığa dair səylərini inkişaf etdirməkdə mühüm rol oynayacaq” – Mir Camal Paşayev konfransın rəsmi saytında yayımlanan açıqlamasında bildirib.
Aparıcı qida istehsalçısı və COP29 tərədaşı – Azərsun
Arzu və Leyla Əliyevalar
Yeni seçilmiş tərəfdaşların bir neçəsi mətbuata açıqlamasında deyib ki, tədbir zamanı “qlobal liderlərlə” yaranacaq dialoq imkanı dayanıqlılığını inkişaf etdirməyə kömək edəcək. Məsələn, COP29-un “Dayanıqlı İnkişaf Tərəfdaşı” olan Azərsun Holdinqin rəhbəri Abdolbari Gozal da mətbuata açıqlamasında eyni sözləri deyib:
“COP29-a tərəfdaş kimi qoşulmaq, “Azərsun”un dayanıqlı inkişafa sadiqliyinin əyani sübutudur. Biz inanırıq ki, qlobal liderlərlə birgə işləməklə biz əhəmiyyətli dəyişikliklərə təkan verə və hamı üçün daha dayanıqlı gələcəyə töhfə verə bilərik. Biz böyük həvəslə COP29 çərçivəsində baş tutacaq görüşlərimizi gözləyirik” – o əlavə edib.
Şirkət rəhbərinin onunla birlikdə müxtəlif biznes sahələrində çalışmış qardaşı oğlu Hassan Gozal həm də Britaniya Vircin Adalarında 2008-ci ildə Əliyeva bacılarının adına yaradılmış 3 şirkətin direktoru idi. Bu barədə araşdırmanı Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumu yaymışdı.
Prezident ailəsinin daha bir şirkəti COP29 tərəfdaşıdır
Arzu Əliyeva
Sentyabrın 17 və 20-i tarixlərində COP29 tərəfdaşı olan daha bir neçə şirkətin adı açıqlanıb ki, onlar arasında “Silk Way West Airlines” və “Giltex” adlı tekstil firması da olub. COP29-un “Qlobal yük daşımaları” üzrə tərəfdaşı olan Silk Way konfransa “vacib material və ləvazimatların daşınması”nı təmin edəcək.
“Bu rol aviaşirkətin qlobal ekoloji məqsədlərə nail olunmasına verdiyi töhfəni vurğulayır” – şirkətin press relizində deyilir.
Hava yolu şirkətinin sahibi keçmiş dövlət rəsmisi Zaur Axundovdur, amma əvvəlki jurnalist araşdırmaları onun tərəfdaş şirkətlər vasitəsilə prezident ailəsinə bağlılığını ortaya çıxarıb. 2010-cu ildə “Azadlıq Radiosu”nun dərc etdiyi araşdırma aşkarlayıb ki, prezidentin kiçik qızı Arzu Əliyeva “Silk Way Group”un keçmiş maliyyə qolu olan “Silk Way Bank”ın 3 sahibindən biri olub. Bu bank kimi “Silk Way West Airlines” şirkəti də “Silk Way Group”un tərkib hissəsi olub.
Gilan Holdinqin keçmiş firması, indiki COP tərəfdaşı – GİLTEX
Arzu və Leyla Əliyevalar
COP29-un tekstil tərəfdaşı “GİLTEX” yerli bazarın 70%-ni idarə edir və ötən ilə qədər bu şirkət “Gilan Holdinq”in tərkibinə daxil idi. OCCRP-nin 2018-ci ildə yayımlanan araşdırması ortaya çıxarmışdı ki, prezident Əliyevin qızları Birləşmiş Ərəb Əmirliklərində qeydiyyatdan keçmiş şirkət vasitəsilə bu holdinq əsas payçılarından idi. Əliyevalarla yanaşı Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun oğulları da holdinqin payçıları olub. Yeri gəlmişkən, Kəmaləddin Heydərov COP29 təşkilat komitəsinin üzvüdür.
“Gilan Holdinq” 2023-cü ildə ləğv edilib. Azərbaycan hökuməti şirkətlərin sahibi və payçıları ilə bağlı məlumatları açıqlamadığına görə, reportyorlar hazırda “GILTEX” şirkətinin kimə məxsus olduğunu müəyyənləşdirə bilməyib. Lakin, 2022-ci ildə OCCRP-nin partnyoru Meydan TV-nin yayımladığı araşdırmada qeyd olunub ki, “Gilan Holdinq”ə daxil olan şirkətlər birinci ailəyə məxsus “Paşa Holdinq”ə transfer edilməyə başlanıb.
Dövlət şirkətləri – SOCAR və ABB
Özəl şirkətlərlə yanaşı COP29 həm də iki dövlət şirkətini tərəfdaş elan edib. Bunlar, SOCAR Green və əvvəllər Azərbaycan Beynəlxalq Bankı kimi tanınan ABB bankdır. Tədbirin “Enerji Keçidi Tərəfdaşı” olan SOCAR Green, Azərbaycanın dövlət neft şirkəti SOCAR-a daxil olan və təmiz enerji üzrə ixtisaslaşmış şirkətidir. SOCAR həm də COP tədbirində böyük rol oynayır və tədbirin təşkilat komitəsinin bir neçə üzvünün bu dövlət şirkəti ilə əlaqəsi var.
“Beynəlxalq Şəffaflıq” və “Anti Koorpusiya Məlumatlarının Toplanması” layihələrinin “COP Co-Opted” adlı birgə hesabatında deyilir ki, neft şirkəti COP29-u öz gələcək biznes maraqları üçün istifadə edə bilər.
“SOCAR-ın Azərbaycan dövlət quruluşunda böyük rola malik olması, eləcə də hökumətin avtoritar təbiəti bu dövlət şirkətinin maraqlarını Azərbaycan hökumətinin maraqlarından ayırmağı çətinləşdirir” – hesabatda deyilir.
Tədbirin “Əsas Bank Tərəfdaşı” kimi ABB seçilib və şirkətin açıqlamasında deyilir ki, bank COP29-da əldə edilən “görüş və tərəfdaşlıqlardan” istifadə edərək “ətraf mühit, sosial və iqtisadi sabitliyi təşviq edən maliyyə həllərini irəli aparmağı” planlaşdırır.
2021-ci ildə rebrendinq edən bankın əvvəlki adı – Azərbaycan Beynəlxalq Bankı olub. Rebrendinqdən əvvəl isə bu bankın adı “Azerbaijani Laundormat” kimi tanınan, 2,9 milyard dollar pulyuma skandalında hallanıb. Həmin vaxt Azərbaycan Beynəlxalq Bankındakı bir hesab bu pulların böyük bir hissəsini köçürmək üçün əsas vasitə kimi istifadə olunmuşdu. Bankın keçmiş rəhbəri Cahangir Hacıyev 2016-cı ildə bankdan 3 milyard dollar pul oğurlamaqda ittiham olunaraq həbs edilib. Onun Böyük Britaniyada yaşayan həyat yoldaşına bu ölkənin tarixində ilk dəfə olaraq “İzahedilməz Sərvət Sərəncamı” (UWO) ona tətbiq olunub. Ondan tələb edilib ki, sərvətinin mənbəyini izah etsin. Sonradan Hacıyeva, 17.8 milyon dollar dəyərində bir malikanəni və bir golf klubunu Britaniya dövlətinə verməyə razılaşıb.
Materialda adı çəkilən şirkətlərin heç biri jurnalistlərin sorğusuna cavab verməyib.