Fransa Azərbaycanı Yeni Kaledoniyada baş verənlərə təsir etməkdə ittiham edib, Azərbaycan da öz növbəsində Fransanı Ermənistana silah verərək revanşist istəkləri dəstəkləməkdə günahlandırır. Bir neçə ildir ki, iki ölkə arasında gərginlik davam edir və hətta bu gərginlik Fransanın Azərbaycanı “daxili işlərinə qarışmaqda” ittiham etməyinə qədər gedib çıxıb.
Yeni Kaledoniyada nə baş vermişdi və Fransa niyə hesab edirdi ki, bu iğtişaşlara Azərbaycanın da təsiri var? İnternet və sosial media hesabları bu məqsədlə necə istifadə olunub? DFRLab son araşdırmasında bu suallara cavab tapmağa çalışıb. Mikroskop Media həmin materialı Azərbaycan dilində təqdim edir.
Yeni Kaledoniyada nə baş vermişdi?
Sakit Okeanda, Parisdən 17 min kilometr uzaqlıqda yerləşən Yeni Kaledoniya Fransaya məxsus ərazidir. 2024-cü ilin mayında seçki islahatlarının qəbulu burada yaşayanların ciddi narahatlığına səbəb oldu və bu narahatlıqlar həm də iğtişaşlarla müşayiət olundu. Konstitusiyaya edilən dəyişikliklərə əsasən Yeni Kaledoniyada ən azı 10 il yaşamış sakinlər də səsvermə hüququna malik oldu. 2019-cu ilin siyahıyaalınmasına görə ada əhalisinin 41,2%-ni təşkil edilən yerlilər – Kanakların seçkidəki təsiri bu dəyişiklik nəticəsində azalır. Kanak xalqı hesab edir ki, bu islahatlar avropalıların adaya axını fonunda səsvermə zamanı yerliləri azlıq vəziyyətinə salacaq təhlükədir.
Seçki islahatlarına qarşı etirazlar zamanı baş verən toqquşmalara görə Fransa adada fövqəladə vəziyyət elan edib bölgəyə qoşun yeritdi. Burada komendant saatı tətbiq olundu və 2024-cü il mayın 29-a qədər TikTok sosial şəbəkəsinə çıxış ərazidə qadağan edildi.
İğtişaşlar nəticəsində 2-i hüquq-mühafizə orqanı əməkdaşı olmaqla 13 nəfər həlak oldu, yüzlərlə aksiya iştirakçısı isə xəsarət aldı. Bildirilir ki, indiyə qədər təxminən 2500 nəfər həbs edilib.
2024-cü ilin 22 mayında Fransa prezidenti Emannuel Makron adaya baş çəkdi, iyunun 12-də isə mübahisəli seçki islahatları dayandırıldı. 2024-cü ilin oktyabrında Fransanın yeni Baş naziri Mişel Barnier bələdiyyə seçkilərinin 2025-cilin sonuna qədər təxirə salındığını açıqladı. Seçkilərin 2024-cü il 15 dekabrda keçirilməsi planlaşdırılırdı.
Azərbaycanın bu məsələyə aidiyyatı nədir?
Azərbaycan rəsmiləri, o cümlədən İlham Əliyev Yeni Kaledoniyada baş verənləri bir neçə dəfə şərh edib. 2024-cü ilin noyabrında Bakıda keçirilən COP29 İqlim Konfransı zamanı prezident İlham Əliyev növbəti dəfə adadakı etirazlara münasibət bildirdi. O, “Fransa rejimini insan haqlarını pozmaqda” və “yerli icmaların səslərini amansızcasına boğmaqda” ittiham etdi.
Bundan öncə isə, 2024-cü il 16 mayında Fransa Daxili İşlər Naziri Jerald Darmanin Azərbaycanın Yeni Kaledoniyanın işlərinə müdaxilə etdiyini iddia etmişdi. Azərbaycan Xarici İşlər Nazirliyi isə elə həmin gün bu ittihamı rədd edən bəyanat yaymışdı.
Fransanı neokolonializmdə ittiham edən Azərbaycan 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik etdiyi müddətdə buna qarşı çıxmağı öz mandatının bir hissəsinə çevirmişdi. Həmin vaxt ərzində Azərbaycan həm də “Bakı Təşəbbüs Qrupu”nu yaratdı. 2023-cü ilin noyabrında İlham Əliyev “Bakı Təşəbbüs Qrupuna” bəyanat göndərdi və bu bəyanatda prezident Fransanı “Ermənistanı silahlandıraraq revanşist qüvvələri təşviq etməkdə” və “Cənubi Qafqazda yeni münaqişəsinin əsasını qoymaqda” ittiham etdi.
Bakı Təşəbbüs Qrupu sonra da fəaliyyətini davam etdirib və 2024-cü ilin iyulunda Fransanın müstəmləkə ərazilərindən olan müstəqillik hərəkatlarının ilk konqresini təşkil etdi. Fransız-kolonizasiya olunmuş ərazilərdən Müstəqillik Hərəkatları Konqresi adlı yığıncaqda Fransanın koloniyalarından ümumilikdə 15 siyasi partiya və müstəqillik hərəkatının iştirak etdiyi bildirilir. Konqresdə həm də “FILDECOF” adlı onlayn platforma istifadəyə verildi. FILDECOF-un mənası Fransanın son koloniyalarının azadlığı uğrunda beynəlxalq cəbhə deməkdir.
Seçki islahatları ərəfəsində nə baş verib?
Fransa parlamentinin Yeni Kaledoniyadakı seçki islahaltarını qəbul etdiyi ərəfədə X (keçmiş Twitter) platformasında bəzi hesablar Bakı Təşəbbüs Qrupunu tanıtmaq və Fransanın neokolonializm siyasətinə qarşı ittihamları gücləndirmək məqsədilə koordinasiyalı paylaşımlar edirdi.
Bakı Təşəbbüs Qrupunun Facebook səhifəsində Fransa müstəmləkəçiliyi ilə bağlı video görüntülər və etiraz çağırışları əks etdirən reklamlar yayımladı. Qrupun Facebook səhifəsində həm də aprelin sonu mayın əvvəllində seçki islahatına qarşı petisiyanı yenidən paylaşdı: “Seçki orqanının böyüdülməsinə yox! Yeni Kaledoniya vətəndaşlarının öz ölkələri üçün ən yaxşı qərarları verməsi üçün!”

Bakı Təşəbbüs Qrupunun Facebook səhifəsində bəlli heşteqlər yazılaraq sponsorlu postlar sonrakı günlərdə də paylaşılıb. “#FransızMüstəmləkəçiliyinin Yerli İcmalara Mənfi Təsiri” adlı video yayımlanıb və paylaşımda Yeni Kaledoniyanın yerli adı olan “#Kanaky” həştəqindən istifadə edilib.
Hakim partiya YAP-la əlaqəsi olduğu deyilən X hesabları
Fransanın dezinformasiyaya nəzarət orqanı VIGINUM 2024-cü ilin mayında elan etdi ki, Yeni Kaledoniya ilə bağlı onlayn paylaşımlar Azərbaycanın hakim Yeni Azərbaycan Partiyasının tərəfdarlarına məxsusdur. APA xəbər agentliyi YAP-ın bu ittihamı rədd edən bəyanatını yaydı. Bəyanatda deyilir ki, partiyanın rəsmi hesablarında Yeni Kaledoniyadakı etirazlarla bağlı hər hansı paylaşım edilməyib. Bəyanatın Azərbaycan dilində olan versiyasında isə YAP Mərkəzi Aparatının İnformasiya Texnologiyaları və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Nurlan Qələndərli həm də deyib ki, partiyanın 700 mindən çox üzvünün bu məsələylə bağlı fikir bildirmək haqqı var:
“Bu, Fransa rəsmilərinin də siyasi leksikonunu “bəzəyən” demokratik dəyərlərə, o cümlədən söz və fikir azadlığına tamamilə uyğundur və hər hansı bir sistemli qara piar kampaniyasının tərkib hissəsi kimi qiymətləndirilə bilməz”.
DFRLab sosial şəbəkələrdə nəyi araşdırıb?
Azərbaycan hesablarının Yeni Kaledoniya etirazları ilə bağlı informasiya məkanına təsirini daha yaxşı anlamaq üçün DFRLab, 2024-cü ilin may ayında Meltwater Explore monitorinq alətindən istifadə edərək sosial mediada yayılan bu beş həştəqi analiz edib:
#BoycottParis2024
#NoParis2024
#RecognizeNewCaledonia
#EndFrenchColonialism
#FrenchColonialism
Bu həştəqlərdən ən çox mayın 15-də istifadə olunub və onların aktiv istifadəçiləri arasında VIGINUM-un hesabatında adı çəkilən bəzi X hesabları da var.
#BoycottParis2024 isə ən məşhur həştəq olub və cavablar (replies) da daxil olmaqla 7000-dən çox paylaşımda qeyd olunub. DFRLab müəyyən edib ki, 1936 hesab bir və bir neçə həştəqi ümumilikdə 6562 dəfə istifadə edib. Meltwater Explore sorğusuna əsasən müəyyən olunub ki, bu hesabların əksəriyyəti Azərbaycandandır.
Həştəqlərin analizi zamanı müəyyən olunub ki, bəzi X hesabları tamamilə eyni məzmun və vizualları paylaşaraq Yeni Kaledoniyadakı Fransa polisini “zorakılıqda ittiham edir”.
DFRLab müəyyən edib ki, belə paylaşımlar edən hesablardan 67-də bio hissəsinə YAP yazılıb. Onlardan 24-də isə partiya daxilində rəsmi vəzifə və şöbə adı qeyd olunub. DFRLab həmin hesabların istifadə etdiyi ad soyadları açıq mənbələrlə araşdırıb və 24 hesabın istifadə etdiyi eyni adda şəxslərin qeyd edilən eyni YAP şöbəsində mövcud olduğunu tapıb. DFRLab qeyd edir ki, baxmayaraq ki, həmin hesablar real YAP rəsmilərinin adından istifadə edib açıq mənbələrdən istifadə edərək həmin X hesablarının həqiqətən də həmin rəsmilərə aid olduğunu doğrulamaq mümkün olmayıb.
Araşdırma zamanı DFRLab komandası özünü YAP rəsmisi kimi təqdim edən 2 X hesabını dəqiqləşdirə bilib. O hesablarda istifadə olunan profil şəkilləri yerli xəbər saytlarında barəsində xəbər yazılan şəxslərin fotoları ilə üst üstə düşür.


YAP ilə əlaqəsi olduğunu iddia edən hesabların fəaliyyəti
DFRLab komandası aşkarlayıb ki, 13-17 may tarixləri arasında qeyd olunan 5 həştəq ümumilikdə 102 dəfə paylaşılıb. Ən yüksək aktivlik mayın 15-də müşahidə olunub ki, həmin gün adıçəkilən beş həştəqin ehtiva olunduğu 4495 paylaşım edilib. Həmin tarixdə 30 X hesabı 210 dəfə eyni məzmunu paylaşıb. Həmin paylaşım “Fransız polisi qatildir – Əlcəzair qətlləri davam edir” olub.
Məzmun ilə yanaşı paylaşımların vaxtı da ya tamamilə eyni olub, ya da aralarında sadəcə 1 dəqiqə fərq müşahidə olunub.
Bundan əlavə, DFRLab X platformasında mümkün trafik manipulyasını da müəyyənləşdirmək üçün Trafik Manipulyasiyası Əmsalını (CTM) da hesablayıb. Araşdırma zamanı diqqət 15 və 16 may tarixlərinə yönəldilib ki, həmin günlərdə müvafiq olaraq 4684 və 1486 post paylaşılıb. Bu günlərdə CTM göstəriciləri müvafiq olaraq 9.78 və 20.1 kimi hesablanıb. Standartlara görə 12-dən yuxarı göstərici “şübhəli hal” hesab olunur.
“Hərbi vəziyyət” narrativi və Rusiya ilə əlaqələr
Yeni Kaledoniya ilə bağlı paylaşımların çox atkiv olduğu günlərdə həm də Fransanın adada “hərbi vəziyyət” elan etdiyi barədə də iddialar yayılıb. Ümumilikdə, 77 postda “Fransa Yeni Kaledoniyada hərbi vəziyyət elan etdi” ifadəsi yer alıb və bunlar adadakı iğtişaşların görüntüləri ilə birlikdə paylaşılıb.
Hərbi vəziyyət barədə iddiaları paylaşan hesablardan biri Voice of Europe (Avropanın Səsi) sonradan digər 3 media qurumu ilə birlikdə qadağan edilib. Buna səbəb həmin mediaların “birbaşa və ya dolayı yolla Rusiya tərəfindən idarə edilməsi” olub.
Bəzi X hesabları isə fransızca tvit ataraq hərbi vəziyyət elan olunması barədə iddianı yaymağa çalışıb və bu tvitlətin çatımlılığını artırmaq üçün mövzuya aidiyyatı olmayan fərqli həştəqlərdən istifadə edib.
Anti-Fransa narrativləri təkcə Yeni Kaledoniyadakı iğtişaşlar barədə paylaşımlarla məhdudlaşmayıb. VIGINUM-un hesabatına görə, Yeni Kaledoniyanı hədəf alan bəzi hesablar həm də Paris 2024 Olimpiya oyunları ilə bağlı da kampaniya aparıb. Bu araşdırma zamanı məlum olub ki, ən azı 4 X hesabı Olimpiya oyunlarını ləkələyən videolar paylaşıb. Həmin paylaşımlar sadəcə həştəqlərdən və həm Avropa, həm də beynəlxalq təşkilat və siyasi qurumların bu postlara etiketlənməsindən ibarət olub. Belə paylaşımlar edən 2 ədəd X hesabının təhlili həm də onu göstərib ki, onlar 2023-cü il boyunca kopyala-yapışdır fəaliyyəti ilə məşğul olublar.