44 günlük müharibədən sonra işğaldan azad edilən ərazilərə 2025-ci il iyul ayının 1-nə olan məlumata görə, ümumilikdə 17 204 nəfərdən ibarət 4 325 ailə qayıdıb. Onlar ya yeni tikilən fərdi evlərə, ya da bina evlərinə köçürülüb. Bəs tikilən fərdi evlər və ya binalarla bağlı ora köçəcək olan sakinlərin fikirləri soruşulub? Məsələn evin planı, həyətyanı sahəsi və ya necə bir ev istədikləri ilə bağlı əvvəlcədən sorğu aparılıb? Bizim danışdığımız onlarla sakin deyir ki, heç kim onların fikrini soruşmayıb. Bu yazıda Azərbaycan hökumətinin belə yanaşmasının niyə problemli olduğunu izah etmişik!
Əvvəlcə ondan başlayaq ki, işğaldan azad edilən ərazilərə qayıdış prosesi mülkiyyət hüququ və seçim azadlığı ilə təmin edilməlidir. Bu o deməkdir ki, sakinlərin öz əvvəlki yaşayış sahələrində tikinti aparmaq hüququ təmin edilməli, əgər bu hansısa xüsusi hallarda mümkün deyilsə, rəsmi qurumlar bununla bağlı əsaslandırılmış rəy təqdim etməlidir.
Təhlükəsizliyə görə, adını açıqlamadığımız mülkiyyət hüquqları üzrə mütəxəssis həmin xüsusi hallara misal gətirərək deyir ki, tikinti aparılacaq ərazilər minalıdırsa və ya hansısa infrastruktur hələ qurulmayıbsa, o zaman tikintiyə icazə verilməyə bilər. Lakin mütləq bununla bağlı əsaslandırma olmalıdır.
Əgər şəxs işğaldan əvvəlki torpaq sahəsində evini bərpa etmək istəyirsə, dövlət bu arzunu nəzərə almalı və prosesin hər mərhələsində onun iştirakını təmin etməlidir. Bu, həm mülkiyyət hüququnun Konstitusiya ilə qorunması prinsipindən, həm də ədalətli idarəetmə və iştirak hüququ anlayışından irəli gəlir.
Bəs bir vətəndaş Qarabağda öz evini tikmək istəsə, bu proses necə həyata keçirilə bilər?
Mülkiyyət hüquqları üzrə mütəxəssis 2 variant təklif edir.
1. Sakinlərin öz vəsaiti və seçimi ilə tikinti aparması:
Bu halda dövlətin vəzifəsi maliyyə dəstəyini, texniki sənədləşməni və icazə mexanizmlərini sadələşdirməkdir. Dövlət vətəndaşa ya birbaşa maliyyə yardımı (subsidiya və ya kompensasiya), ya da layihələndirmə mərhələsində hüquqi və texniki yardım təqdim etməklə onun sərbəst tikinti hüququnu təmin edə bilər.
2. Dövlət tərəfindən evlərin tikilib təqdim olunması:
Bu modeldə isə əsas məsələ şəffaflıq və qarşılıqlı razılaşmadır. Evin planı, layihəsi və memarlıq həlləri sakinlərlə əvvəlcədən müzakirə edilməli, onların ailə tərkibi, həyat tərzi və sosial tələbləri nəzərə alınmalıdır.
Mikroskop Media hələ 30 oktyabrda Nazirlər Kabinetinə sorğu göndərərək aşağıdakı sualları ünvanlayıb.
- İşğaldan azad olunan yaşayış məntəqələrində yeni evlərin tikilməsi planları hazırlanarkən sakinlərin əvvəlcədən razılığı alınıbmı? Alınıbsa, bununla bağlı sənədlər mövcuddurmu?
- Sakinlər öz əvvəlki torpaqlarında və ya evlərinin yerində tikinti aparmaq istəsələr, bu icazəni kim verir? İndiyədək neçə sakin tikinti üçün müraciət edib? İcazə verilmirsə, bu nə ilə əsaslandırılır?
- Hazırlanan planlarda sakinlərin fikirləri və arzuları nəzərə alınırmı? İctimai iştirakçılıq və ya məsləhətləşmə mexanizmləri varmı?
Yazı dərc edilənədək sorğumuza cavab verilməyib.


