Bakı Ağır Cinayətlər Məhkəməsinin 8 il azadlıqdan məhrum etdiyi “Müdafiə Xətti” insan haqları təşkilatının icraçı direktoru Rüfət Səfərovun son sözündən əsas məqamları təqdim edirik.
Proses haqqında:
Hazırkı prosesin hüquqdan, qanundan, normadan yox, sırf ictimai-siyasi münasibətlər sistemindən qaynaqlandığı heç kəsə sirr deyil. Faktdır ki, istintaqın bütün mərhələlərində cinayətin mühakimə icraatının vəzifələri, əsas prinsipləri və şərtləri bir kənara atıldı. Obyektivlik, qərəzsizlik və ədalətlilik gözlənilmədi. Xüsusilə də, qanunçuluq və hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi prinsipləri plintusun dibinə endirildi.
Ədalətsizliyin, hüquqi nihilizmin təntənəsidir. Qanun adı altında siyasi zorakılıq aktıdır.
“Müdafiə Xətti” haqqında:
“Müdafiə Xətti” insan haqları təşkilatı yaradıb, hüquqi landşaft, siyasi iqlim barədə həftəlik bülletenlər və rüblük hesabatlarla fərqləndik. İnsan haqları sahəsində ixtisaslaşan beynəlxalq və regional təşkilatlarla, Bakıda xidmətdə olan diplomatik korpuslarla əməkdaşlığa başladıq.
Diqqətinizə çatdırıram ki, hüquq müdafiə fəaliyyətini rəsmiləşdirdikdən dərhal sonra Baş Prokurorluğa dəvət olundum. Təhdid dolu xəbərdarlıq edildim… Bir aylıq inzibati həbs həyatı yaşadım. Lakin bütün bu təqib və təyziqləri, məhrumiyyət və maneələri ruhən, əqlən yolun davamı bildim.
Azərbaycan ictimaiyyətini inandırmaq istəyirəm ki, əgər 2024-cü ilin avqustunda Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri “Müdafiə Xətti”nin insan haqları sahəsindəki fəaliyyətini qiymətləndirib, beynəlxalq mükafata namizəd kimi təqdim etməsəydi, ABŞ-ın dünya ölkələrindəki bütün səfirləri təqdimata müsbət rəy verməsəydilər və Dövlət Katibi təmin etməsəydi, 10 dekabr Vaşinqtonda baş tutacaq mükafatlandırma mərasiminə dəvət olunmasaydım, səfər çərçivəsində ABŞ-ın senator və konqresmenləri, Ağ Evin, Dövlət Departamentinin yüksəkçinli vəzifəli şəxsləri ilə təmaslarım gözlənilməsəydi, Azərbaycan höküməti, daha konkret desək, dövlət başçısı İlham Əliyev həbsimə rəvac verməyəcəkdi. Çünki həbsimdən əvvəl bir ay ərzində iki dəfə ölkəni sərbəst surətdə tərk edib, geri dönmüşdüm.
Məhkəmə haqqında:
Mən sizdən heç nə xahiş etmirəm, bir istəyim yoxdur. Çünki yəqin bilirəm ki, xüsusilə, siyasi ağırlığa malik proseslərdə Azərbaycan hakimləri hüquqi iradələrini repressiv icra hakimiyyəti orqanlarına kirayəyə verirlər.
Bu gün Prezident Administrasiyasının hansısa vəzifəli şəxsinin, ya da hüquq mühafizə orqanlarının hansısa generallarının əmri ilə əsassız ittiham irəli sürə, saxta məhkəmə istintaqı apara, az sonrasa barəmdə 8-9 il müddətinə azadlıqdan məhrumetmə cəzası çıxara bilərsiniz. Lakin hüquqi təbiətiniz elədir ki, mənə və məsləkdaşlarıma münasibətdə vicdansız əmrləri verən vəzifəli şəxsin özünü günün birində “uf” demədən dörd divar arasına göndərə bilərsiniz. Azərbaycan məhkəmə-hüquq təcrübəsi belə nümunələrlə zəngindir. Hazırkı fikirlərimi ölkəmizin hüquqla bir araya sığmayan kəskin və sərt siyasi ab-havası diqtə edir və bu boz mühit 30-cu illərin stalinizminin “troykası”nın iş üslubunu xatırladır.
Yekun sözü:
Yekunda Mart Tulli Siseronun “Teskulan söhbətləri” adlı əsərindən bir sitat gətirmək istəyirəm.
Oğlunu döyüşə göndərəndən sonra onun ölüm xəbərini alan lakoniyalı qadın demişdi: “Onu elə ona görə doğmuşdum ki, qorxmadan vətəni uğrunda ölümə gedə bilsin.”
Mən çox istəyirəm ki, əziz anam Tahirə Səfərova hökmdən sonra sual verən insanlara həm də bunları desin: “Mən Rüfəti ona görə doğmuşam ki, haqqı pozulanların müdafiəsində, haqsızların qarşısında dursun. Qorxmasın!”
Yaşasın azad, demokratik və hüquqi Azərbaycan!


