Tərcümə: Misir Məmmədli
Birinci və ikinci hissəni buradan oxuya bilərsiniz.
Bu oyunlar oyununun yaratdığı mənəvi vəziyyət üzərində nə qədər baş yorduğunuzu bilmirəm. Lakin hesab edirəm ki, təsadüfdən tamamilə qopmuş düşüncə oyunu olan şahmatda öz əleyhinə oynama istəyinin məntiqi baxımdan axmaqlıq olduğunu anlamaq üçün çox da düşünməyə ehtiyac yoxdur. Şahmatın cazibədarlığı özüldə bir şeydən qaynaqlanır: strategiyasının müxtəlif beyinlərdə müxtəlif formalarda inkişafından. Bu mənəvi döyüşdə qara, ağın o an hansı manevri edəcəyini bilə bilməz və fasiləsiz olaraq təxminlər icra etməyə və çıxış yolları tapmağa çalışar. Digər yandan ağ da qaranın xain məqsədlərini anlamağa çalışar və qarşısını almaqla məşğul olar. Lakin qara və ağı eyni adam oynasa, əsassız bir vəziyyət meydana çıxar, eyni beyin bir tərəfdən bir şeyi bilmək, digər tərəfdən də bilməmək vəziyyətinə düşər. Ağ olaraq oynayarkən bir dəqiqə əvvəl qara olaraq istədiyi və məqsəd qoyduğu şeyləri başından silib ata bilməlidir. Belə bir ikili düşünmə, şüurun tamamilə bölünməsini tələb edir əslində, beyin funksiyasının mexaniki alətdə olduğu kimi istənilən an açılıb bağlanmasını; yəni şahmatda özünə qarşı oynamaq öz kölgənin üstündən atlanmaq kimi bir ziddiyyətdir.
Sözümü uzatmayım. Aylarla çarəsizlik içində bu qeyri-mümkün, bu axmaq iş üzərində baş yordum. Amma ağlımı itirməmək ya da ağıl xəstəliyinə tutulmamaq üçün bu axmaqlıqla məşğul olmaqdan savayı seçim şansım yox idi. Ətrafımdakı qorxunc heçliyin məni boğmaması üçün, özümü qara və ağa bölməyi heç olmasa sınamaq məcburiyyətində qaldım”.
Dr.B. şezlonqda arxaya söykəndi və bir dəqiqəliyinə gözlərini yumdu. Narahatedici bir xatirəni zorla yatışdırmaq istəyirdi sanki. Nəzarət edə bilmədiyi o qəribə səyrimə ağızının sol küncündə yenidən əmələ gəldi. Sonra şezlonqundan bir az doğruldu.
“Bax belə, bu yerə qədər sizə hər şeyi olduqca anlaşılan bir dillə açıqladığıma ümid edirəm. Amma gerisini də bu qədər açıqlıqla izah edə biləcəyimdən elə də əmin deyiləm çox təəssüf ki. Çünki bu yeni məşğuliyyət beynə elə çox təzyiq göstərirdi ki, hər cür özünə nəzarəti qeyri-mümkün edirdi. Şahmatı öz əleyhinə oynamaq istəməyin axmaqlıq olduğunu sizə daha əvvəl söylədim mənə elə gəlir; amma həqiqi şahmat taxtasıyla hətta bu axmaqlığın da az da olsa şansı olardı, çünki şahmat taxtasının həqiqiliyi yenə də müəyyən uzaqlıq, konkret kənar təsir yaradardı. Həqiqi fiqurları olan gerçək şahmat taxtasının başında insan düşünmək üçün fasilə verə bilər, masanın gah o yanında, gah da bu yanında dayana bilər və beləcə vəziyyəti həm qaralar, həm də ağlar baxımından ölçüb-biçə bilər. Amma bu döyüşləri xəyali sahədə öz əleyhimə ya da deyək ki, özümlə döyüşmək vəziyyətinə düşdüyüm üçün, altmış dörd kvadrat üzərindəki o ankı mövqeni yadımda çox yaxşı saxlamaq gərəkdi. Üstəlik təkcə anlıq mövqeni deyil, hər iki rəqibin irəlidə ola biləcək hücumlarını da hesablamalıydım, həm də – bütün bunların qulağa nə qədər mənasız gəldiyini bilirəm – iki-üç qatını canlandırmalıydım gözümdə. Xeyr, altı qatını, səkkiz qatını, on iki qatını; həm qara, həm də ağ üçün həmişə dörd, beş hücum irəlisini görməliydim.
Bu dəliliyin detallarına toxunduğum üçün məni bağışlayın. Obrazların mücərrəd sahəsindəki bu oyunda həm ağ, həm də qara olaraq dörd-beş hücumu əvvəlcədən hesablamaq lazım idi, yəni oyunun inkişafında meydana çıxan nəticələri sanki iki beyinlə əvvəlcədən təyin etməliydim; ağın beyni və qaranın beyniylə. Amma apardığım çılğın təcrübənin ən təhlükəli yanı bu cür ikiyə bölünmək deyil, oyunları tək-tək düşünüb taparkən bir anda yerin ayaqlarımın altından sürüşməsi və boşluğa diyirlənməyim idi. Keçən həftələrdə etdiyim kimi usta oyunları yenidən oynamaq nəticədə təkrarlanan bir iş olmuşdu. Mövcud olan bir maddənin yenidən istehsalı idi və şeir əzbərləməkdən ya da qanunları yadımda saxlamaqdan daha çətin deyildi; məhdud, intizamlı hərəkət idi, bu səbəbdən də qüsursuz bir mənəvi tapşırıq idi. Səhər çağı və günortadan sonra oynadığım iki oyun həyəcan hiss etmədən yerinə yetirdiyim müəyyən tapşırıq idi; mənim üçün normal bir məşğuliyyətin yerini tuturdu. Üstəlik oyun əsnasında yanılsam ya da necə davam edəcəyimi bilməsəm, hər dəfə kitaba müraciət edə bilərdim. Bunun xəstə sinirlərimə yaxşı təsir etməsinin və məni sakitləşdirməsinin səbəbi yad oyunları yenidən oynamağın məni oyunun içinə soxmaması idi; qara, ya da ağın udmasının mənim üçün fərqi yox idi. Çempionluq kuboku üçün mübarizə aparanlar Alexin yaxud Boqolyubov idi və mənim öz mənliyim, ağılım, ruhum tamaşaçı, mütəxəssis kimi hər oyunun xüsusiyyətləri və gözəlliklərindən zövq alırdı. Amma öz əleyhimə oynamağa cəhd etdiyim andan etibarən özümə şüursuzcasına meydan oxumağa başlayırdım. Qara və ağdan ibarət olan hər iki mən yarışa girişmədən dayana bilmirdi və hər ikisi də məğlub etmək, oyunu udmaq üçün özünə görə ehtirasa, səbirsizliyə qapılırdı; qara olan mən ağ olan mənin edəcəyi hər hücumu həyəcanla gözləyirdi. Biri səhv edincə o biri mən sevincdən göylərdə uçur və dərhal da öz bacarıqsızlığına hirslənirdi.
Bütün bunlar məntiqsiz görünür və gerçəkdə normal insanda normal şərtlər altında belə süni bir şizofreniya, təhlükəli ölçüdə bir xəbərdar edilmədən qaynaqlanan bu cür şüur bölünməsinin olması düşünülə bilməz. Amma hər cür normal vəziyyətdən zorla təcrid edilmiş olduğumu unutmayın; mən, günahsız olmasına baxmayaraq, həbs edilmiş, aylarla tək başına saxlanılaraq hiyləgərcəsinə işgəncə görmüş məhbusdum. Yığılmış hirsini uzun müddət hər hansı bir şeyə boşaltmaq istəyən insandım. Və özümə qarşı oynadığım bu məntiqsiz oyundan başqa nəyimsə olmadığı üçün, hirsim, intiqam həvəsim fanatik bir şəkildə bu oyuna yönəldi. Daxilimdə bir şey var ki, o haqlı çıxmaq istəyirdi və döyüşə bildiyim tək şey içimdəki bu digər məndi; beləcə oyun əsnasında az qala dəlicəsinə bir həyəcana qapılmağa başladım. Başlanğıcda sakit və götür-qoy edərək oynamışdım. Özümü çox da məcbur etməmək üçün bir oyundan digərinə keçərkən fasilə vermişdim; amma gərilmiş sinirlərim yavaş-yavaş səbrimi tükətdi. Ağ mən hücum edər-etməz, qara mən ehtirasla hücum edirdi; bir oyun qurtarar-qurtarmaz, dərhal o birinə başlayırdım, çünki hər səfərində iki məndən biri o birinə məğlub olur və qisas istəyirdi. O aylar boyunca hücrəmdə bu çılğın enerjiylə öz əleyhimə neçə oyun oynadığımı təxmini belə edə bilmərəm; bəlkə min oyun, bəlkə də daha çox. Bu, özümü xilas edə bilmədiyim düşkünlük idi; gecə-gündüz fil, piyada, qala və şahdan, a, b və c-dən, mat və ikili hücumdan başqa bir şey düşünmürdüm. Bütün mənliyim və duyğularımla o kvadrat sahəyə sancılıb qalmışdım. Oyun sevinci oyun həvəsinə çevrilmişdi. Oyun həvəsi oyun impulsuna, dəliliyə, yalnız oyanıq olduğum saatları ələ keçirməklə qalmayıb yavaş-yavaş yuxuma da sızan ehtiraslı bir hirsə. Tək düşünə bildiyim şahmat, şahmat hərəkətləri, şahmat problemləri idi; bəzən alınımda tər damlaları ilə oyanıb hətta yuxuda da şüursuzca oynamağı davam etdirdiyimi xatırlayıram və xülyamda adamlar görsəm, onları yalnız filin, qalanın hərəkətlərini, atın irəli-geri atılmasını reallaşdırarkən görürdüm. Hətta sorğuya çağrıldığımda da, ifadəm üzərində fikrimi cəmləşdirə bilmirdim; görünür, son sorğularda özümü olduqca mürəkkəb ifadə etmişəm, çünki sorğuçular mənə bəzən mənasız bir üz ifadəsiylə baxırdılar. Amma, onlar sual verərəkən və öz aralarında danışarkən, mən əslində uğursuz bir acgözlüklə hücrəmə geri qaytarılmağı, beləcə oyunumu, çılğın oyunumu davam etdirməyi gözləyirdim yalnız; yeni bir oyun və daha biri, sonra daha biri. Oyunumu yarıda kəsən hər şey məni incidirdi; gözətçinin həbsxana hücrəsini təmizlədiyi on beş dəqiqə, mənə yemək gətirdiyi iki dəqiqə qızdırmalı səbirsizliyimi qızışdırırdı; bəzən axşamlar kasaya əlimi belə vurmurdum, oyun oynayarkən yemək yeməyi unudurdum. Fiziki olaraq hiss etdiyim yeganə bir şey vardısa, o da qorxunc susuzluq idi; bunun səbəbi gərək ki, fasiləsiz düşünmə və oynamağın əmələ gətirdiyi yanma idi. Şüşəni başıma iki dəfəyə çəkir və bir az artıq su gətirməsi üçün gözətçiyə yalvarırdım. Buna baxmayaraq, bir az sonra dilim-dodağım yenidən quruyurdu. Ən axırda, oyun oynayarkən, onsuz da səhərdən axşamacan başqa heç nə etmirdim, hiss etdiyim həyəcan artıq o qədər artdı ki, bir an belə yerimdə dayana bilmədim; oyunlar üzərində baş yorarkən dayanmadan gah o başa, gah bu başa gedib gəlirdim. Oyunun sonu yaxınlaşdıqca hər dəfə daha sürətli, daha sürətli, hər dəfə daha qızdırmalı şəkildə gedib gəlirdim; udmaq, məğlub etmək, öz-özümü məğlub etmək ehtirası yavaş-yavaş bir növ hirsə çevrildi. Səbirsizlikdən titrəyirdim, çünki hər dəfə daxilimdəki şahmat oyunçularından biri o birinə nisbətən yavaş oynayırdı. Biri o birini hərəkətə gətirirdi; sizə çox gülünc gələ bilər, amma daxilimdəki mənlərdən biri o birinə kifayət qədər sürətli cavab verməzsə, öz özümü danlamağa başlayırdım; “daha sürətli, daha sürətli!” ya da “irəli, irəli!” Düşdüyüm bu vəziyyətin, mənəvi baxımdan aşırı xəbərdar edilmənin tamamilə patoloji bir forması olduğunu bu gün çox yaxşı bilirəm əlbəttə və bunu adlandırmaq üçün tibbə məlum olmayan bu addan başqası gəlmir ağılıma: şahmat zəhərlənməsi. Ən sonda, bu tək istiqamətli aludəçilik yalnız beynimi deyil, bədənimi də ələ keçirməyə başladı. Zəiflədim, rahat yata bilmirdim, oyanarkən ağır göz qapaqlarımı açmaq üçün hər səfərində xüsusi bir səy göstərmək lazım idi; bəzən özümü o qədər gücsüz hiss edirdim ki, əlimə aldığım su stəkanını güc-bəla ilə dodaqlarıma aparırdım. Əllərim elə titrəyirdi ki. Amma oyun başlar-başlamaz, çılğın bir güc qucaqlayırdı məni: yumruğumu sıxıb gah o başa, gah da bu başa qaçırdım. Boğuq və iyrənc bir səslə öz özümə “Şah!” ya da “Mat!” deyə qışqırmağımı sanki sis pərdəsinin arxasından eşidirdim bəzən.
Bu qorxunc, izah olunmaz vəziyyətin necə əmələ gəldiyini özüm belə xatırlamıram. Təkcə xatırladığım odur ki, bir səhər oyandım və bu, əvvəlkilərdən fərqli bir oyanmaq idi. Bədənim sanki məndən ayrılmışdı, sərbəst və rahat yatırdım. Aylardır dadmadığım bərk, şirin yorğunluq çökmüşdü göz qapaqlarıma; elə isti və xoş bir duyğu idi ki bu, gözlərimi açıb-açmamağa əvvəlcə qərar verə bilmədim. Bir neçə dəqiqə oyanıq yatdım və üzərimdəki bu ağırlıqdan, zövqdən uyuşmuş duyğularla tənbəl-tənbəl yatmaqdan zövq aldım. Bir an arxamda səs eşitdiyimi sandım, nəsə danışan insan səsi. Nə qədər sevindiyimi bilməzsiniz, çünki aylardır, təxminən bir ildir sorğu hakimlərinin sərt, kəskin və iyrənc sözlərindən başqa nəsə eşitməmişdim. “Yuxu görürsən”, – dedim öz-özümə: “Yuxu görürsən! Qətiyyən gözlərini açma! Qoy bu yuxu davam etsin, yoxsa ətrafında yenə o lənətə gəlmiş hücrəni, kürsünü, ləyəni, masanı və həmin eyni naxışlı divar kağızını görərsən. Yuxu görürsən, görməyə davam et!”
Amma maraq üstün gəldi. Yavaşca və diqqətlə gözlərimi açdım. Və möcüzə: başqa bir otaqdaydım. Otel hücrəmdən daha geniş, daha təravətli bir otaqda. Barmaqlığı olmayan pəncərədən içəriyə manesiz işıq düşürdü və donuq yanğın divarımın yerində ağaclar, küləkdə yellənən yaşıl ağaclar görünürdü; ağ və hamar divarlar parlayırdı, başımın üstündə ağ və yüksək tavan vardı. Həqiqi idi bunlar, yeni, başqa bir yataqda yatırdım, xəyal deyildi bu, adamlar arxamda alçaq səslə pıçıldaşırdı. Çaşqınlıqla özümdən asılı olmadan ani bir hərəkət etmişəm güman ki, çünki arxadan yaxınlaşan addım səsləri eşitdim. Bir qadın yavaşca yanıma yanaşdı, başında ağ başlıq olan qadın, tibb bacısı. Çox həyəcanlandım: bir il idi ki, qadın üzü görməmişdim. Bu xoş simaya baxdım; bu, vahiməli, özünü itirmiş baxış olmalı idi, çünki qadın “Sakit olun! Sakit olun!” – deyərək sakitləşdirməyə çalışdı məni. Amma mən yalnız səsinə qulaq şəklədim; bu danışan insan deyildimi? Yer üzündə məni sorğulamayan, mənə işgəncə verməyən insan var idimi həqiqətən? Üstəlik ağlasığmaz bir möcüzə! Mülayim, həlim, demək olar ki, mehriban qadın səsi. Ac gözlüklə ağızına baxırdım, çünki sanki cəhənnəmdə keçən bu bir il ərzində, bir insanın başqa birisiylə xeyirxahcasına danışa biləcəyinə inamım itmişdi. Mənə gülümsədi, bəli, gülümsədi, demək xeyirxahcasına gülümsəyə bilən insanlar hələ də mövcuddu. Sonra xəbərdarlıq edərcəsinə barmağını dodaqlarına apardı və yavaşca uzaqlaşdı. Amma buyruğuna əməl etmədim. Bu möcüzədən doymamışdım. Onun arxasınca baxmaq, bu xeyirxah, möcüzəvi insanın arxasınca baxmaq üçün yataqdan güclə doğrulmağa çalışdım. Amma yatağın kənarına söykənməyi bacarmadım. Normal halda sağ əlimin, barmaqlarımın və biləyimin olduğu yerdə yad bir şey hiss etdim; qalın, böyük, ağ bir qabartı, aydındır ki, geniş bir sarğı. Əlimdəki bu ağ, qalın, yad şeyin nə olduğunu başa düşməyərək çaşıb qaldım əvvəlcə, sonra harada olduğumu yavaş-yavaş qavramağa və başıma nə gəlmiş ola biləcəyini fikirləşməyə başladım. Güman ki, birisi məni yaralamışdı ya da özüm öz əlimi yaralamışdım. Hansısa xəstəxanadaydım.
Günorta həkim gəldi. Mülayim, yaşlı bir bəydi. Ailəmin adını bilirdi və imperatorun xüsusi həkimi olan əmimi elə hörmətlə andı ki, haqqımda yaxşı şeylər düşündüyü duyğusuna qapıldım dərhal. Ardınca məndən ağıla gələ biləcək hər sualı soruşdu, xüsusilə bir sual məni çox çaşdırdı: Riyaziyyatçıyam yoxsa kimyaçı? Heç birindən olmadığımı dedim.
“Qəribədi,” – deyə mızıldadı: “Qızdırmalı olanda “c3”, “c4″ kimi qəribə düsturlar sayıqlayırdınız. Heç birimiz nə olduğunu başa düşə bilmədik”.
Mənə nə olduğunu soruşdum. Üzündə qəribə təbəssüm əmələ gəldi: “Ciddi heç nə yoxdur. Sinir pozuqluğu,” – dedi və diqqətlə ətrafına nəzər saldıqdan sonra, alçaq səslə əlavə etdi: “Haqsız da deyilsiniz. 13 martdan bəri, eləmi?”
Başımı tərpətdim.
“Bu idarəçilik altında təəccüb ediləcək bir şey deyil,” – deyə mızıldandı “Siz ilk deyilsiniz. Amma narahat olmayın”.
Sakitləşdirici səslə mənə bunu pıçıldaması və mülayim baxışlarından onun yanında təhlükəsizlikdə olduğumu başa düşdüm.
İki gün sonra bu ürəyi yumşaq həkim olduqca səmimi bir tərzdə baş verənləri mənə izah etdi. Gözətçi hücrəmdə ucadan qışqırdığımı eşidib və əvvəlcə ona elə gəlib ki, kimsə içəri girib, mən də onunla savaşıram. Amma qapıya çatdığı anda üstünə hücum etmişəm və “Oyna artıq, alçaq, qorxaq!” – deyərək qışqırmışam ona. Gözətçinin qırtlağından yapışaraq elə bərk sıxmışam ki, kömək çağırmaq məcburiyyətində qalıb. Belə qudurmuş halda məni sürüyərək həkimə apardıqları yerdə, birdən əllərindən çıxmışam, koridordakı pəncərəyə hücum edib şüşəsini qırmışam və əlimi kəsmişəm. Buradakı dərin yara izini görürsünüz. Xəstəxanadakı ilk gecələrimi bir növ beyin qızdırmasının təsiri altında keçirmişəm, amma indi həkim şüurumun tamamilə açıldığını düşünürmüş. “Əlbəttə,” – deyə alçaq səslə əlavə etdi: “bunu cənablara bildirməyəcəm, yoxsa sizi əvvəl-axır yenidən ora apararlar. Mənə etibar edin, əlimdən gələni edəcəyəm”.
Bu yardımsevər həkimin mənə işgəncə verənlərə mənim barəmdə nə dediyini bilmirəm. Hər nə deyir desin, çatmaq istədiyi məqsədə çatdı: sərbəst buraxıldım. Ola bilər ki, başımın yaxşı işləmədiyini demişdi. Yaxud ola bilər ki, bu arada Gestapo üçün əhəmiyyətsiz olmuşdum, çünki Hitler həmin vaxt Bohemyanı ələ keçirmişdi və beləcə Avstriyanın işğalı tamamlanmışdı. Lazım olan yalnız yurdumuzu on dörd gün ərzində tərk edəcəyimə dair sənədi imzalamaq idi və bu on dörd gün rəsmiyyət işləriylə dolu keçdi. İndiki vaxtda köhnə bir dünya vətəndaşının xaricə çıxarkən məşğul olması gərəkən rəsmiyyət işləri sayaq əsgərlik sənədləri, polis, vergi, pasport, viza, sağlamlıq talonu. Baş verənləri xatırlamağa çox da vaxtım olmadı. Aydındır ki, ruhumuz üçün yorucu və təhlükəli ola biləcək şeyləri özbaşına yox edən sirli güclər var beynimizdə, çünki nə vaxt geriyə dönüb hücrə günlərim barədə düşünmək istəsəm, sanki beynimdə işıq sönürdü; mənə nə olduğunu düşünmək cəsarətini ancaq həftələr sonra, bax elə burada, gəmidə tapdım.
Dostlarınıza qarşı niyə o cür namünasib və böyük ehtimalla qeyri-adi davrandığımı indi anlayacaqsınız. Dostlarınızı şahmat taxtasının qarşısında gördüyüm vaxt, tamamilə təsadüfən siqaret salonunda gəzişirdim; birdən özümdən asılı olmadan çaşqınlıq və qorxu ilə dayanıb qaldım. Çünki insanın həqiqi bir şahmat taxtasında, həqiqi fiqurlarla şahmat oynaya biləcəyini tamamilə unutmuşdum. Bu oyunda iki tamamilə fərqli insanın capcanlı bir-birlərinin qarşısında oturduğunu unutmuşdum. Bu oyunçuların orada oynadıqlarının çarəsizlik içində aylarla özümə qarşı oynamağa çalışdığım həmin oyun olduğunu qavramağım üçün həqiqətən də bir neçə dəqiqə keçməsi gərəkdi. O qorxunc tapşırıqlar əsnasında müraciət etdiyim şifrələr, bu taxtadan düzəldilmiş fiqurların yerini tutan işarələr idi yalnız; fiqurları taxtanın üzərində oynatmağın təxəyyülümdə etdiyim həmin iş olduğunu başa düşərkən hiss etdiyim çaşqınlıq bəlkə də mürəkkəb üsullarla kağız üzərində yeni bir planetin yerini hesablayan və sonra onu həqiqətən səmada ağ, parlaq, maddi ulduz kimi görən bir astronomun yaşadığı çaşqınlığa bənzəyirdi. Maqnitlə cəzb olunurmuş kimi taxtaya baxır və orada diaqramlarımı görürdüm: at, qala, şah, vəzir və piyadalar taxtadan yonulmuş, həqiqi fiqurlar idi. Oyunun mövqeyini anlamaq üçün onları əvvəlcə məndən asılı olmadan mücərrəd şifrələr dünyasından hərəkətli fiqurlar dünyasına uyğunlaşdırmaq lazım idi. İki rəqib arasındakı belə real bir oyunu izləmək istəyi məni yavaş-yavaş ağuşuna aldı. Və o utancverici hadisə baş verdi; bütün nəzakətliliyimi bir tərəfə ataraq oyununuza qarışdım. Amma dostunuzun o səhv hücumu ürəyimə ox kimi batdı. Onu mane olmağım instiktiv davranış idi. Barmaqlıqdan sallanan uşağı heç fikirləşmədən tutmaq kimi. İşinizə burnumu soxaraq nə qədər namünasib davrandığımı ancaq sonra başa düşdüm”.
Belə bir təsadüf nəticəsində tanış olmağımızdan nə qədər sevindiyimizə onu inandırmağa çalışdım və mənə etibar edib danışdığı bu qədər sözdən sonra sabahkı hazırlıqsız turnirdə onu izləməyin mənim üçün iki qat maraqlı olacağını dedim. Dr. B. narahatca tərpəndi.
“Xeyr, həqiqətən artıq nəsə gözləməyin. Mənim üçün yalnız bir sınaq olmalıdı bu… Normal bir şahmat oyunu; həqiqi şahmat taxtası üzərində, əllə tutulan fiqurlar və canlı bir rəqiblə şahmat oyunu oynamağı bacarıb-bacarmayacağımı yoxlayacam. Çünki oynadığım o yüzlərlə, bəlkə də minlərlə oyun həqiqətən şahmat oyunları idimi, yoxsa yalnız bir növ xəyal şahmatımı idi, heç cür əmin ola bilmirəm. Şahmat ustasını, həm də dünyanın bir nömrəsi olan ustanı məğlub edəcəyimə iddia etdiyimi ciddi-ciddi gözləmirsiniz, ümid edirəm. Məni maraqlandıran və beynimi qurdalayan təkcə budur ki, o zaman hücrədə yaşadığım şahmat oyunu idi yoxsa dəlilik? O təhlükəli qayalığın lap qarşısındaydım ya çoxdan o tərəfinə keçmişdim? Gecikmiş marağım yalnız bunları bilmək üçündür”.
Elə bu vaxt gəminin ayaq tərəfindən axşam yeməyini xəbər verən qonq eşidildi. Təxminən iki saat söhbət etmişdik; Dr.B. hər şeyi burada bəhs etdiyimdən daha ətraflı danışmışdı mənə. Ona ürəkdən təşəkkür edərək yanından aralandım. Amma hələ göyərtənin o biri tərəfinə çatmamışdım ki, arxamca gəldi və hiss edilən hirslə, hətta bir az da kəkələyərək əlavə etdi:
“Demədiyim bir şey qaldı! Bəylərə əvvəlcədən məlumat verin ki, sonra tərbiyəsizlik kimi görünməsin; sadəcə bir oyun oynaya bilərəm… köhnə bir məsələyə vurulan yekundan başqa bir şey olmayacaq bu. Qəti bir yekun; yeni başlanğıc deyil… Keçmişə dönüb baxdığım zaman yalnız dəhşətlə xatırladığım bu ehtiraslı, qızdırmalı oyuna ikinci dəfə qapılmaq istəmirəm… üstəlik… üstəlik həmin vaxt həkim də xəbərdar etdi məni… qəti şəkildə xəbərdar etdi. Ruhi xəstəlik keçirən hər kəs həmişə təhlükə altındadır. Hələ şahmat zəhərlənməsi keçiribsə, tamamilə yaxşılaşmış da olsa, şahmat taxtasına yaxınlaşmaması yaxşı olar… Sözün qısası, yalnız özüm üçün sınaq oyunu oynayacam, bundan artıq yox”.
Ertəsi səhər tam qərarlaşdırılan vaxtda, saat üçdə siqaret salonunda toplaşmışdıq. Aramıza saray oyununun iki yeni pərəstişkarı da qatılmışdı; turniri izləyə bilmək üçün göyərtədəki vəzifəlilərindən icazə alan iki gəmi zabiti. Kzentoviç də öncəki gün olduğu kimi bizi gözlətmədi, zəruri rəng seçimindən sonra bu çətin anlaşılan insanın məşhur dünya çempionu qarşısındakı unudulmaz oyunu başladı. Yalnız bizim kimi tamamilə uyğunsuz tamaşaçılar qarşısında oynandığına və musiqi dünyasının Bethovenin piano improvizasiyalarından məhrum qalması kimi, şahmat illiklərinin də bu oyundan məhrum qalmasına kədərlənirəm. Hərçənd günortadan sonra, oyun qurtardıqdan sonra, birlikdə oyunu yadda salıb yenidən canlandırmağa çalışdıq, amma çifayda; böyük ehtimalla hamımız oyun əsnasında oyunu izləmək yerinə gözümüzü oyunçulardan çəkə bilməmişdik. Çünki hər iki rəqibin yaradılışlarındakı mənəvi əkslik oyun irəlilədikcə gedərək daha aydın ortaya çıxdı. Öz işinin ustası olan Kzentoviç bütün oyun boyunca bir qaya kimi tərpənmədən dayandı, donuq gözlərini şahmat taxtasından çəkmədi; sanki düşünmək onun üçün, bütün orqanlarının ən yüksək səviyyədə işləməsini tələb edən fiziki çətinlik idi. Bunun əksinə, Dr.B.in hərəkətləri son dərəcə rahat və laqeyd idi. Sözün tam mənasında bir həvəskar kimi sadəcə oyundan zövq alaraq özünü heç sıxmırdı. İlk fasilələrdə bizə izahatlar verirdi; sakitcəsinə siqaret yandırır və növbəsi çatanda bir dəqiqə dümdüz taxtaya baxırdı. Hər səfərində sanki rəqibinin hücumunu əvvəlcədən gözləyirdi.
Zəruri açılış hücumları olduqca sürətli keçdi. Ancaq yeddinci ya da səkkizinci hücumda sanki müəyyən bir plan inkişaf etməyə başladı. Kzentoviç düşünmə fasilələrini uzatdı; bunu görüncə oyunu udmaq üçün əsl döyüşün hələ yeni başladığını hiss etdik. Amma düzünü desəm, hər gerçək turnir oyununda olduğu kimi vəziyyətin ləng-ləng dəyişməsi biz naşıları çox məyus etdi. Çünki fiqurlar iç-içə girib qəribə bir naxış əmələ gətirdikcə, oyunun vəziyyəti bizim üçün gedərək qavranılmaz olurdu. Nə bu rəqibin, nə də o birinin məqsədini və hansının üstün olduğunu anlaya bilmirdik. Başa düşdüyümüz yalnız düşmən hücumunu sovuşdurmaq üçün fiqurların burdan ora, ordan bura gedib-gəldiyi idi, amma bu usta oyunçular hər hücumu bir neçə hücum irəlisini hesablayaraq etdikləri üçün gediş-gəlişlərdəki strateji məqsədi qavraya bilmirdik. Buna yavaş-yavaş Kzentoviçin qurtarmaq bilməyən düşünmə fasilələrinin gətirib çıxardığı ağır bir yorğunluq da əlavə olundu; dostumuzu da açıq-aşkar əsəbiləşdirməyə başladı Kzentoviçin bu hərəkəti. Oyun uzandıqca Dr.B.-nin gedərək öz kreslosunda daha narahatcasına tərpəndiyini təlaşla izlədim. Bəzən hirsindən ard-arda siqaret yandırır, bəzən də bəzi qeydlər aparmaq üçün karandaşı götürürdü. Sonra yenə soda sifariş etdi və stəkanları bir-birinin ardınca içdi; fərqli konbinasiyalar düşünmək məsələsində Kzentoviçdən yüz qat daha sürətli olduğu aşkar idi. Hər səfərində Kzentoviç qurtarmaq bilməyən düşünmə fasiləsindən sonra qərar verib ağır əliylə fiqurlardan birini irəli sürəndə, dostumuz uzun müddət gözlədiyi şeyin baş verdiyini görən biri kimi gülümsəyib dərhal cavab verirdi. Sürətli işləyən zəkasıyla rəqibinin bütün ehtimallarını beynində əvvəlcədən hesablamışdı yəqin ki; buna görə də Kzentoviçin qərar vermə müddəti uzandıqca, Dr.B.in səbirsizliyi artırdı və gözləyərkən dodaqlarının ətrafında əsəbi və demək olar ki, narahat bir xətt görünürdü. Amma Kzentoviç qətiyyən tələsmirdi. İnadla və səssizcə fikirləşir və taxta fiqurlardan təmizləndikcə daha uzun düşünmə fasiləsi verirdi. Qırx ikinci hücumda, düz yarım saat sonra, hamımız turnir masasının ətrafında bezgin və demək olar ki, maraqsız halda oturmuşduq. Gəmi zabitlərindən biri çoxdan getmişdi, digəri isə əlinə bir kitab götürmüş, yalnız hər hansı bir fiqur yer dəyişdirərkən bir anlıq başını qaldırıb baxırdı. Elə bu məqamda, Kzentoviçin hücumu əsnasında gözlənilməz bir şey oldu. Dr. B., Kzentoviçin ata əl uzatdığını görüncə, sıçramaq üzrə olan pişik kimi büzüşdü. Bütün bədəni titrəməyə başladı və Kzentoviç atı oynar-oynamaz vəziri sərtcə irəli sürdü, zəfər qazanmış kimi, “Budur! Qurtardı!” – deyə qışqırdı, geriyə söykəndi, qollarını sinəsinin üzərində qovuşdurdu və meydan oxuyan baxışlarını Kzentoviçə dikdi. Qəflətən göz bəbəyində işıq parladı. Zəfər qazanmış kimi etdiyi bu hücumu anlamaq üçün özümüzdən asılı olmadan taxtanın üzərinə əyildik. İlk baxışda doğrudan da bir gözdağı görünmürdü. Demək ki, dostumuz bu hücumun sonrasından danışırdı. Biz, yaxşı düşünə bilməyən naşılar da bunun nə olduğunu təxmin edə bilmədik. Aramızda bu meydan oxuma qarşısında heç bir reaksiya göstərməyən bir adam vardısa, o da Kzentoviç idi; elə laqeydcəsinə oturmuşdu ki, sanki o əsəbləşdirici “Qurtardı!” sözünü eşitməmişdi. Heç nə olmadı. Hücum fasiləsini bilmək üçün masaya saat qoyulmuşdu. Özümüzdən asılı olmadan nəfəsimizi tutduğumuz üçün, bir an saatın ərqəbinin səsini eşitdik. Üç dəqiqə keçdi, yeddi dəqiqə, səkkiz dəqiqə; Kzentoviç tərpənmirdi, amma daxili bir gərginlik ucbatından qabarıq burun dəliklərinin daha da genişləşdiyini hiss etdim sanki. Görünür, bu susqun gözləmə bizə olduğu qədər dostumuza da dözülməz gəlmişdi. Qəfil diksinib ayağa qalxdı və siqaret salonunda o tərəfə-bu tərəfə gedib-gəlməyə başladı; əvvəlcə yavaş-yavaş, sonra daha sürətli, getdikcə bundan da sürətli. Hamımız onu təəccüblə izləyirdik, amma mən hər kəsdən daha narahatdım, çünki bu gediş-gəlişin bütün şiddətinə baxmayaraq addımlarının hər dəfə eyni müstəvini qət etdiyini hiss etdim; sanki hər səfərində otağının ortasındakı görünməz bir şkafa çarpırdı, bu da onu geri qayıtmağa məcbur edirdi. Və bu şüursuz gediş-gəlişin bir vaxtlar hücrəsində etdiyinin eynisi olduğunu başa düşdüm ürpərərək: məhbəsdə qaldığı aylar boyunca qəfəsə salınmış heyvan kimi beləcə gah o tərəfə, gah bu tərəfə gedib gəlmiş olmalı idi. Beləcə, əlləri birləşmiş və çiyinləri qısılmış şəkildə orada min dəfələrlə bax bu cür, gah o tərəfə, gah da bu tərəfə gedib gəlmiş olmalı idi; donuq amma qızdırmalı baxışlarında dəliliyin qırmızı işıqları yanaraq. Amma düşünmə qabiliyyətini hələ sanki itirməmişdi, çünki Kzentoviçin qərar verib-vermədiyinə baxmaq üçün tez-tez səbirsizcə masaya dönürdü. Doqquz dəqiqə keçdi, on dəqiqə tamam oldu. Bu anda, nəhayət heç birimizin gözləmədiyi hadisə baş verdi. Kzentoviç o ana qədər tərpənmədən masaya qoyduğu ağır əlini yavaşca qaldırdı. Qərarını görmək üçün hamımız həyəcanla baxdıq. Amma Kzentoviç hücum etmədi, əlinin gerisiylə qərarlı bir şəkildə bütün fiqurları yavaşca taxtadan itələdi. Niyəsini sonra başa düşdük: Kzentoviç oyundan çəkilmişdi. Gözümüzün qarşısında mat olmamaq üçün təslim olmuşdu. Qeyri-mümkün olan reallaşmışdı, dünya çempionu, saysız turnirin birincisi, iyirmi-iyirmi beş ildir şahmat taxtasına əlini vurmamış, tanınmamış bir adamın qarşısında geri çəkilmişdi. Şan-şöhrəti olmayan, kim olduğu bilinməyən dostumuz yer üzünün ən güclü şahmat oyunçusunu hər kəsin önündə məğlub etmişdi!
Həmin həyəcanla özümüz də hiss etmədən ard-arda ayağa qalxmışdıq. Sevincimizdəki ürkək havanı dağıtmaq üçün nəsə demək ya da etmək lazım olduğunu başa düşürdük hamımız. Tərpənmədən sakitcə oturan tək adam Kzentoviç idi. Ancaq uzun bir susqunluqdan sonra başını qaldırdı və dostumuzu daş kimi sərt baxışlarla süzdü: “Daha bir oyun?” – deyə soruşdu.
“Əlbəttə,” – deyə cavab verdi Dr.B. xoşuma gəlməyən həyəcanla. Bir oyunla kifayətlənməsi məsələsində onu xəbərdar etməyimə fürsət vermədən dərhal yerində oturdu və qızdırmalı tələskənliklə fiqurları yenidən düzməyə başladı. Onları elə həyəcanla yerləşdirirdi ki, iki dəfə piyadalardan biri titrəyən barmaqlarının arasından sürüşüb yerə düşdü; təbii olmayan həyəcanı qarşısında düşdüyüm çətinlik bir növ qorxuya çevrildi. Çünki əvvəlcə bu qədər səssiz və sakit olan adama açıq-aşkar aşırı bir həyəcan gəlmişdi; ağızının kənarı gedərək daha çox səyriyirdi və bədəni epilepsiya tutması keçirirmiş kimi titrəyirdi.
“Əsla!” – deyə yavaşca pıçıldadım ona: “Əsla ha! Bu günlük bu qədər yetər! Özünüzü çox məcbur etməyin”.
“Məcburiyyət! Ha!” – deyə qəhqəhə ilə və xoşagəlməz şəkildə güldü: “Belə tənbəllik edəcəyimə, on yeddi oyun oynaya bilərdim bu vaxt ərzində! Bu tempdə ancaq yuxulamamaq üçün güclə dayanıram. Bəli! Başlayın artıq!”
Son sözləri hirsli, demək olar kobud səs tonuyla demişdi Kzentoviçə. O isə, Dr.B.ya duruşunu heç pozmadan baxdı, amma daş kimi sərt baxışları sanki sıxılmış yumruq idi. Bir anda iki oyunçu arasında yeni bir şey başladı; təhlükəli gərginlik, ehtiraslı nifrət. Qabiliyyətlərini oyunlarıyla bir-birləri üzərində sınamaq istəyən iki rəqib deyillərdi artıq; bir-birlərini yox etməyə and içən iki düşmən idilər. Kzentoviç ilk hücumu etməmişdən əvvəl uzun müddət gözlədi ki, mən də bilərəkdən bu qədər uzun müddət gözlədiyi hissinə qapıldım. Aydındır ki, bu təhsilli taktiki oyunçu yavaş-yavaş oynayaraq rəqibini yoracağını və əsəbiləşdirəcəyini çoxdan öyrənmişdi. Beləcə bütün açılışların ən normalını, ən sadəsini etməyə əvvəl ən az dörd dəqiqə vaxt sərf etdi. Gördüyü iş də piyadanı alışıldığı kimi iki kvadrat irəliyə sürmək idi. Dostumuz dərhal piyadasını onun qarşısına qoydu, amma Kzentoviç yenə qurtarmaq bilməyən, dözülməz fasilə verdi; bu, şiddətli bir şimşəyin çaxması və insanın ürəyinin həyəcanla vuraraq ildırımı gözləməsi kimi idi, amma ildırım heç cür çaxmaq bilmirdi. Kzentoviç tərpənmirdi. Səssizcə, yavaş-yavaş düşünürdü. Bunu hiyləgərcəsinə etdiyindən gedərək daha çox əmin olurdum; amma belə edərkən də, Dr.B.ni müşahidə edə bilmək üçün mənə bol zaman qazandırmış olurdu. Dr.B. üçüncü stəkan suyu içmişdi artıq; mənə hücrədəki qızdırmalı susuzluğundan bəhs etdiyini xatırladım istər-istəməz. Qeyri-adi həyəcanın bütün əlamətləri nəzərə çarpan şəkildə ortaya çıxırdı; alınının tərlədiyini və əlindəki yara izinin qızarıb dərinləşdiyini gördüm. Amma hələ özünü itirməmişdi. Ancaq dördüncü hücumda, Kzentoviç yenə qurtarmaq bilməyən bir düşünmə fasiləsi verincə, səbri daşdı və birdən onu danladı: “Eee, oynayın artıq!”
Kzentoviç soyuq-soyuq baxdı: “Səhv etmirəmsə, hücum müddətinin on dəqiqə olmasını qərarlaşdırdıq. Pirinsipcə, bundan tez oynamaram”.
Dr.B. dodağını dişlədi; masanın altında ayağının gedərək daha çətinliklə yerə vurduğunu hiss etdim və axmaq bir şey edəcəyi duyğusuna qapılaraq daha da narahat oldum. Həqiqətən də səkkizinci hücumda yeni bir hadisə baş verdi. Gözləyərkən özünü yavaş-yavaş itirən Dr.B. keçirdiyi gərginliyi daha artıq gizlədə bilmədi; irəli-geri yellənməyə və barmaqlarını şüursuzcasına masaya vurmağa başladı. Kzentoviç ağır, kəndli başını yenidən qaldırdı: “Masaya vurmamanızı xahiş edə bilərəmmi? Narahat oluram. Belə oynaya bilmirəm”.
“Ha! Bəlli olur” – deyərək qısaca güldü Dr.B.
Kzentoviçin alnı qızardı. “Nə demək istəyirsiniz?” – deyə sərt şəkildə soruşdu.
Dr.B.dan daha bir qısa və hiyləgər bir gülüş eşidildi: “Heç nə. Aydındır ki, çox əsəbisiniz, demək istəyirəm.”
Kzentoviç susdu və başını aşağı əydi.
Növbəti hücumunu ancaq yeddi dəqiqə sonra etdi və oyun bu ölü tempdə davam etdi. Kzentoviç sanki gedərək daha da daşlaşırdı; ən axırda hücuma qərar verməmişdən əvvəl, hər dəfə düşünmə fasiləsinin sonuna qədər gözləməyə başladı və bir fasilədən digərinə keçdikcə dostumuzun davranışları daha da qəribələşdi. Oyunda heç iştirak etmir, tamamilə başqa bir şeylə maraqlanırmış kimi görünürdü. Həyəcanla gah o tərəfə, gah bu tərəfə qaçmaqdan imtina etdi və tərpənmədən yerində oturmağa başladı. Sabit və demək olar ki, çılğın baxışlarını önündəki boşluğa yönəldib öz-özünə dayanmadan aydın olmayan sözlər mızıldanırdı; ya sonu görünməyən konbinasiyalar qurarkən özünü itirirdi, ya da, ən çox bundan şübhələnirdim, tam başqa oyunlar keçirirdi ağılından, çünki hər səfərində, Kzentoviç nəhayət ki hücumunu etdikdə, fikri başqa yerdə olan Dr. B.ni xəbərdar etmək lazım olurdu. O halda da, vəziyyətə uyğunlaşma təmin etmək üçün bir dəqiqə bəs edirdi ona; əslində dəliliyin bu soyuq formasına bürünərkən Kzentoviçi və hamımızı unutduğu şübhəsinə gedərək daha çox qapılırdım; və bu dəlilik, qəfilətən şiddətli şəkildə boşala bilərdi. Həqiqətən də, on doqquzuncu hücumda böhran keçirdi. Kzentoviç fiqurunu oynayar-oynamaz, Dr. B. taxtaya düz-əməlli baxmadan, birdən filini üç kvadrat qarşıya qoydu və elə yüksək səslə qışqırdı ki, hamımız yerimizdən sıçradıq: “Şah! Şah mat!”
Xüsusi bir hücum gözləntisi ilə dərhal taxtaya baxdıq. Amma bir dəqiqə sonra, heç birimizin gözləmədiyi hadisə baş verdi. Kzentoviç başını olduqca yavaş şəkildə qaldırdı və baxışlarını üzərimizdə gəzdirdi. Daha əvvəl bunu heç etməmişdi. Sanki doya-doya nəyinsə dadını çıxardırdı, çünki dodaqlarında yavaş-yavaş məmnun və qürurlu təəbəssüm əmələ gəldi. Bizim hələ başa düşə bilmədiyimiz bu zəfərinin dadını axıra qədər çıxardıqdan sonra süni bir nəzakətlə bizə çevrildi: “Əfsus, amma mən şah mat görmürəm. Görəsən bəylərdən hansısa, şah mat görürmü?”
Taxtaya və sonra da çətinliklə Dr.B.ya baxdıq. Həqiqətən də Kzentoviçin şahının önü – uşaq belə bunu görə bilərdi – filin qarşısındakı piyadayla tamamilə kəsilmişdi. Yəni matdan söz belə gedə bilməzdi. Narahat olduq. Dostumuz həmin həyəcanla fiquru bir kvadrat artıq irəli ya da gerimi sürüşdürmüşdü? Susqunluğumuz Dr.B.nin diqqətini çəkdi, o da taxtaya baxdı və təlaşla kəkələməyə başladı: “Amma şah “f7”-də olmalıdır… qoyulduğu yer səhvdir, çox səhvdir. Səhv oynadınız! Bu taxtada hər şey çox səhv qoyulub… piyada da “g5”-də olmalıdır, “g4″-də deyil… bu tamamilə başqa oyundur… Bu…”
Birdən dayandı. Qolunu möhkəm tutmuşdum, daha doğrusu qolunu elə bərk çimdikləmişdim ki, həmin qızdırmalı dəliliyi ilə belə bunu hiss etdi. Çevrildi və mənə lunatik kimi baxdı: “Nə… istəyirsiniz?”
Sadəcə, “Xatırla!” – dedim və dərhal barmağını tutub əlindəki yara izinə toxundurdum. Etiraz etmədən mənə tabe oldu, şüşə kimi şəfaf gözləri qan rəngindəki izə ilişib qaldı. Sonra birdən titrəməyə başladı və bütün bədəni sarsıldı.
“Aman Tanrım,” – deyə pıçıldadı solğun dodaqlarıyla. “Axmaq bir söz dedim ya nəsə etdim… axırda yenə şey oldum?..”
“Xeyr,” – deyərək pıçıldadım yavaşca: “Amma oyunu dərhal tərk etməlisiniz, tam vaxtıdır. Həkimin sizə nə dediyini xatırlayın!”
Dr.B. diksinib ayağa qalxdı. “Düşdüyüm axmaq yanılqı üçün üzr istəyirəm,” – dedi əvvəlki nəzakətli səsiylə və Kzentoviçin qarşısında əyildi: “Dediyim şey tamamilə axmaqlıq idi, əlbəttə. Oyun təbii ki sizindir”. Sonra bizə sarı çevrildi: “Bəylərdən də üzr istəyim gərək. Amma məndən artıq nəsə gözləməməyiniz məsələsində sizi ən başdan xəbərdar etmişdim. Bu rüsvayçılıq üçün üzr istəyirəm, bu, son şahmat oyunum olacaq”.
Əyildi və onu ilk dəfə gördüyümüz zamanki kimi təvazökar və sirrli halıyla uzaqlaşdı. Bu adamın şahmat taxtasına niyə bir daha əsla əl vurmayacağını yalnız mən bilirdim. Bu vaxt o birilər narahatedici və təhlükəli bir şeylə burun-buruna gəlməyin verdiyi qeyri-müəyyənlik hissiylə çaşqın halda baxa-baxa qaldılar. “Lənətə gəlmiş hərif!” – deyə donquldandı Makkonnor məyusluqla. Kreslosundan ən son Kzentoviç qalxdı və yarıya çatmış oyuna yenidən baxdı.
“Təəssüf,” – dedi çoxbilmişcəsinə: “Hücum o qədər də pis düşünülməmişdi. Əslində həvəskar olduğu nəzərə alınarsa, bu bəy fövqəladə dərəcədə qabiliyyətlidir”.