Tərcümə: Misir Məmmədli
Gecəyarısı Nyu-Yorkdan Buenos-Ayresə yola düşən böyük səyahət gəmisində son saatın ənənəvi təlaşı və tələskənliyi hiss edilirdi. Qurudakılar yoldaşlarını gəmiyə keçirmək üçün bir-biri ilə itələşir, başlarına əyridimdik şapqa qoymuş teleqrafçı uşaqlar müxtəlif adlar qışqıraraq sərnişin salonları boyu ora-bura şütüyür, çamadan və çiçəklər süründürülərək gəmiyə yüklənir, uşaqlar orkestrin göyərtədəki fasiləsiz çalğı sədaları altında pilləkənlər boyu maraqla aşağı-yuxarı qaçışırdılar. Bu qarışıqlıqdan bir az aralıda, gəzinti göyərtəsində tanışlarımdan biri ilə söhbətləşirdim ki, yaxınlıqda iki ya da üç dəfə güclü parıltı əmələ gəldi; güman ki, gəmi yola düşməmişdən əvvəl jurnalistlər məşhur birini sual atəşinə tutur və şəkilini çəkirdilər. Tanışım o tərəfə baxıb gülümsəyərək: “Nadir hallarda rast gəlinən bir quş düşüb torlarına – Kzentoviç” – dedi. Yəqin ki, bu açıqlamadan sonra ona elə anlamsız üz ifadəsi ilə baxmışam ki, əlavə etdi: “Mirko Kzentoviç – dünya şahmat çempionu. Turnir oyunlarıyla şərqdən qərbə doğru bütün Amerikanı qarış-qarış gəzib. İndi də yeni zəfərlər qazanmaq üçün Argentinaya gedir”.
O an bu gənc dünya çempionunu və hətta onun işıq sürətiylə yüksəlişi barəsindəki bəzi təfərrüatları xatırladım; məndən daha diqqətli qəzet oxucusu olan tanışım, bu şəxslə bağlı həmin təfərrüatları tamamlayan çoxlu gülünc hekayə bilirdi. Təxminən bir il əvvəl, gözlənilməz şəkildə zühur edən Kzentoviçin adı Alexin, Kapablanka, Tartakover, Lasker, Boqolyubov kimi ən hörmətli şahmat ustalarıyla birlikdə çəkilməyə başlamışdı. 1922-ci il Nyu-York şahmat turnirində ortaya çıxan yeddi yaşlı möcüzəvi uşaq Reşevskidən üzü bu yana, şan-şöhrətsiz birinin məşhur şahmat gildiyasına girişi heç vaxt bu qədər geniş əks-səda doğurmamışdı. Çünki Kzentoviçin zehni xüsusiyyətləri belə bir göz qamaşdırıcı yüksəlişin ipuclarını qətiyyən vermirdi. Az sonra söz-söhbət yayıldı ki, bu şahmat çempionu şəxsi həyatında hər hansı söhbət əsnasında bir cümləni belə qrammatik səhv buraxmadan qura bilmir və qızğın həmkarlarından birinin hirs qarışıq istehzayla dediyinə görə “hər sahədə universal mədəniyyət yoxsulu idi”.
Bir gecə Mirkonun kasıb slavyan kəndli atasının kiçik qayığını taxıl gəmisi Dunayda əzir. O bölgənin keşişinin də həmin vaxt hələ on iki yaşında olan Mirkoya yazığı gəlir və atasının ölümündən sonra uşağın qayğısına qalmağı boynuna götürür. Ürəyi yumşaq keşiş canı yananlıqla məşğul olaraq danışmayan, qavrama çətinliyi çəkən bu uşağa kənd məktəbində öyrənə bilmədikləri barədə evdə xüsusi dərslər keçir. Keşiş bu yolla onun qüsurunu aradan qaldırmağa çalışır.
Amma səyləri nəticəsiz qalır. Mirko ona yüz dəfələrlə izah edilən hərflərə hələ də vecsiz-vecsiz baxırdı; ləng işləyən beynində hətta ən sadə dərs mövzularıyla belə, məşğul olmaq üçün güc yox idi. On dörd yaşında hesab üçün hələ də barmaqlarından istifadə edirdi və hər hansı bir kitab və ya qəzet oxumaq yetkinlik çağındakı bu uşaq üçün olduqca böyük səy tələb edirdi. Bu məsələdə Mirkonun istəksiz yaxud tərs olduğu qətiyyən deyilə bilməzdi. Ondan xahiş edilənləri səssiz-səmirsiz yerinə yetirir: su gətirir, odun doğrayır, tarlada işləyir, mətbəxi təmizləyir və adamı hövsələdən çıxaran ləngliklə də olsa, verilən hər tapşırığı icra edirdi. Etibarlı uşaq idi. Amma bu qəribə oğlanda ürəyi yumşaq keşişi ən çox məyus edən şey onun etinasızlığı idi. Xüsusi tapşırıq verilmədən heç nə etməzdi. Heç vaxt sual soruşmazdı. Başqa oğlanlarla oynamaz və nəsə ona açıq-aşkar buyrulmadığı təqdirdə özbaşına hər hansı bir məşğuliyyət axtarmazdı; Mirko ev işlərini qurtarar-qurtarmaz, çayırlıqdakı qoyunlar kimi küt-küt baxaraq tərpənmədən otaqda oturar, ətrafında olanlara kiçicik maraq belə göstərməzdi. Keşiş hər axşam uzun əkinçi tənbəkisini tüstülədərək hər zamanki kimi jandarma çavuşuyla üç əl şahmat oynayarkən saman sarısı saçları olan bu oğlan da səssiz-səmirsiz yanlarında çömbələr, ağırlaşmış göz qapaqlarının altındakı yuxu axan və etinasız gözləriylə kvadrat taxtaya baxardı.
Qış axşamlarının birində, bu iki yaxın adam gündəlik oyunlarına daldıqları vaxt, kəndin yuxarı yolundan üzü aşağı sürətlə yaxınlaşan xizəyin kiçik zəngləri eşidildi. Şapqasının üstünü qar örtmüş əkinçi təlaşla içəri soxuldu. Dediyinə görə yaşlı anası ölüm döşəyindəymiş. Keşiş də son ayinini icra etmək üçün dərhal onunla getməli imiş. Keşiş gecikmədən onun ardınca getdi. Pivəsini hələ içib qurtarmamış jandarma çavuşu isə, onları yola salarkən yeni tənbəki yandırdı və ağır uzunboğaz çəkmələrini geyməyə hazırlaşarkən Mirkonun baxışlarının üzərindəki oyun yarımçıq qalmış şahmat taxtasına necə dikildiyini sezdi.
“Nədi, yoxsa oyunu tamamlamaq istəyirsən?” – soruşdu istehzalı səslə. Çavuş yuxulu uşağın taxtadakı bir fiquru belə, doğru oynaya bilməyəcəyindən son dərəcə əmin idi. Oğlan çəkinərək ona baxdı, sonra başını tərpətdi və keşişin yerinə keçdi. On dörd gedişdən sonra jandarma çavuşu mat olmuşdu və o, məğlubiyyətinin səhvən etdiyi diqqətsiz bir gedişdən qaynaqlanmadığını etiraf etmək məcburiyyətində qaldı. İkinci oyunun nəticəsi də birincisindən fərqli olmadı.
Keşiş geri dönər-dönməz “İşə bir bax!” – deyərək təəccüblə qışqırdı. Sonra İncildən çox da xəbəri olmayan jandarma çavuşuna iki min il əvvəl buna oxşar möcüzənin reallaşdığından, bir dilsizin birdən-birə müdriklik dilini tapdığından danışdı. Artıq gec olmasına baxmayaraq, keşiş oxu-yazı bilməyən şagirdinə iki əl oyun üçün meydan oxumaqdan özünü saxlaya bilmədi. Mirko onu da asanlıqla məğlub etdi; yavaş-yavaş, götür-qoy edərək, qərarlı şəkildə oynayırdı. Geniş alınını taxtadan bir dəfə də olsa qaldırmadı. Amma oyununda qarşısı alınmaz qətiyyət vardı; sonrakı günlərdə nə jandarma çavuşu, nə də keşiş onu bir oyun da olsa uda bilmədilər. Şagirdinin adətən əziyyət çəkdiyi zəka çatışmamazlığına hər kəsdən daha yaxşı bələd olan keşiş bu tək tərəfli qəribə qabiliyyətin daha çətin bir sınağa nə qədər dözə biləcəyi ilə ciddi şəkildə maraqlanmağa başladı. Mirkoya az da olsa səliqə-sahman vermək üçün saman sarısı cod saçlarını kənd bərbərində kəsdirdikdən sonra onu xizəyinə mindirib qonşuluqdakı kiçik şəhərə apardı. Əsas meydandakı kafenin bir küncündə ehtiraslı şahmat oyunçularının toplaşdığını bilirdi. Özü onlar qədər təcrübəli deyildi. Keşiş əyninə qoyun kürkü, ayağına uzunboğaz çəkmə geymiş saman sarısı saçı olan on beş yaşındakı al yanaqlı bu oğlanı kafedən içəri itələyərək saldıqda oturanlar arasında kiçicik çaşqınlıq da olsa yaranmadı; uşaq şahmat masalarından birinə çağırılana qədər ürkək-ürkək yerə baxaraq bir küncdə dayandı. Mirko ürəyi yumşaq keşişdən Siciliya açılışı adlanan üsulu öyrənmədiyi üçün ilk oyunda məğlub oldu. İkinci oyunda isə ən yaxşı oyunçuyla heç-heçə qaldı. Üçüncü və dördüncü oyundan başlayaraq hamını bir-bir məğlub etdi.
Kiçik bir slavyan əyalət şəhərində həyəcan oyadan şeylər çox nadir hallarda olur; nəticədə, bu kəndli çempionun meydana çıxması oraya yığışmış ağsaqqalların gözündə dərhal sensassiyaya çevrildi. Möcüzəvi uşağın mütləq ertəsi günə qədər şəhərdə qalmasının lazımlılığına yekdilliklə qərar verildi. Beləcə, şahmat klubunun digər üzvləri də bir yerə yığışa biləcəkdi. Və xüsusilə, bu halda, xəstəlik həddində şahmat vurğunu olan yaşlı Qraf Zimşicin sarayına xəbər çatdırılması mümkün olacaqdı. Təptəzə bir iftixarla şagirdinə baxan lakin onun bu qabiliyyətini kəşf etməkdən duyduğu sevincə baxmayaraq vəzifəsi gərəyi idarə etməsi gözlənilən bazar ayinini ötürmək istəməyən keşiş, Mirkonu yeni sınaq üçün orada qoya biləcəyini dedi. Gənc Kzentoviç şahmat birliyinin hesabına otelə yerləşdirildi və həmin axşam həyatında ilk dəfə unitaz gördü. Ertəsi bazar günü günortadan sonra şahmat salonu dopdolu idi. Dörd saat tərpənmədən şahmat taxtasının qarşısında oturan Mirko tək kəlmə kəsmədən və başını belə qaldırmadan oyunçuları bir-birinin ardınca məğlub etdi; ən axırda eynivaxtlı oyun oynanması təklif edildi. Eynivaxtlı oyunda təkbaşına müxtəlif oyunçularla qarşılaşması lazım olduğunu bu cahilin beyninə yeridə bilmək bir az vaxt apardı. Amma Mirko bu ənənəni qavrayar-qavramaz tez işə başladı, ağır, cırıldayan ayaqqabılarıyla yavaş-yavaş masa-masa gəzdi və ən axırda səkkiz oyundan yeddisini uddu.
Beləliklə, geniş müzakirələr başladı. Bu yeni çempion həqiqətən şəhərli olmamasına baxmayaraq şəhərin yerli iftixarı qəfil alovlandı.
Xəritə üzərindəki varlığını indiyə qədər çox adamın bilmədiyi bu kiçik şəhər bəlkə də ilk dəfə məşhur bir adamı dünyaya qazandırmaq qüruruna yetə biləcəkdi. Normal halda yalnız qarnizon kazinosu üçün balerina və qadın müğənnilər təşkil edən Koller adlı menecer bir illik pul yardımı müqabilində Vyanada böyük şahmat ustası sayılan tanışının Mirkoya şahmat sənəti öyrətməsini təşkil edə biləcəyini dedi. Hər gün şahmat oynamasına baxmayaraq altmış il ərzində bu qədər diqqətəlayiq bir rəqiblə heç vaxt üz-üzə gəlməyən Qraf Zimşic gərəkən pulu dərhal verdi. Həmin gündən etibarən gəmiçi oğulunun qəribə yüksəlişi başladı.
Altı ay ərzində Mirko şahmat texnikasının bütün sirlərini qavradı. Həmçinin sonralar mütəxəssislər tərəfindən çox müşahidə edilən və lağ hədəfi olan qəribə bir çatışmamazlığı vardı. Belə ki, Kzentoviç bircə oyunu belə əzbərdən və ya mütəxəssislərin dediyi kimi “kor” oynamağı qətiyyən bacarmırdı. Döyüş meydanını təsəvvürünün sərhədsiz məkanına yerləşdirmə qabiliyyətindən tamamilə məhrum idi. Söhbət altmış dörd kvadratlı, otuz iki fiqurlu Şahmat dilindən yəni şahmat taxtasına baxmadan oynamaqdan gedir.
Ağ-qara taxta hər vaxt əllə toxunulması labüd şəkildə qarşısında olmalı idi; hətta şöhrəti dünyaya yayıldıqdan sonra da qatlana bilən bir cib şahmat taxtasını həmişə yayında gəzdirirdi. Bu yolla usta oyunlardan birini təkrarlamaq və ya özlüyündə çətin bir vəziyyəti həll etmək istədiyi zaman mövqeləri gözlərinin qarşısına gətirə bilirdi. Bu əhəmiyyətsiz kimi görünən çatışmamazlıq onun təxəyyül gücünün kasad olduğunu göstərirdi və yaxın çevrələrdə alovlu müzakirələrə gətirib çıxardı; eynilə musiqiçilər arasındakı fövqəladə bir virtuoz yaxud dirijorun notalara baxmadan çala yaxud orkestri idarə edə bilməməsi kimi. Lakin bu qəribə xüsusiyyət Mirkonun təəccüblü yüksəlişini qətiyyən ləngitmədi. Artıq on yeddi yaşında bir düjün şahmat mükafatı qazanmışdı. On səkkiz yaşında Macarıstan çempionu oldu. Və nəhayət iyirmi yaşında dünya çempionluğunu ələ keçirdi. Zəka səviyyəsi, təxəyyül gücü və hücum taktikası baxımından hər biri ondan qat-qat güclü olan ən soyuqqanlı çempionlar belə, onun qaya kimi sərt ağlı qarşısında geri çəkilirdilər. Eynilə kobud Kutuzov qarşısındakı Napoleon və Fabi Kunktator qarşısındakı Hannibal kimi; Livinin yazdığına görə Fabi də uşaqlığında buna bənzər diqqətə çarpan kobudluq və zəka çatışmamazlığı əlamətləri göstərmişdi. Beləcə, bir-birindən ağıl cəhətdən fərqlənən güclü insanları – filosofları, riyaziyyatçıları, hesablayan, təxəyyülünü istifadə edən və əksəriyyəti yaradıcı olan şəxsləri bir yerə yığan şahmat ustaları qalereyasına ilk dəfə bu mənəvi dünyaya tamamilə yad biri girdi. Hətta ən sırtıq jurnalistin də ağızından ictimaiyyət üçün maraqlı gələ biləcək bir söz belə qopara bilmədiyi ağır təbiətli, heç danışmayan kəndli uşağı… Kzentoviçin qəzetlərdən əsirgədiyi bər-bəzəkli cümlələr onun haqqında anekdotların yaranmasına rəvac verərək bu vəziyyəti yaxşıca kompensasiya etdi. Çünki qeyd-şərtsiz usta olduğu şahmat taxtasının qarşısından qalxdığı andan etibarən müdafiəsiz Kzentoviç qəribə və demək olar ki, gülünc bir görünüşə bürünürdü; qüsursuz qara kostyumuna, çox iri mivari sancaq keçirilmiş dəbli qalustukuna və diqqətlə qulluq edilmiş dırnaqlarına baxmayaraq, hərəkətləri və rəftarıyla keşişin otağını süpürən həmin qüsurlu kəndli uşağı idi. Usta həmkarlarının istehza dolu və hirsli baxışları altında qabiliyyətini və şöhrətini ağılsızca və heç utanmadan kobudluqla istifadə edərək, cahil və hətta azğın acgözlüklə bacardığı qədər pul qazanmağa çalışırdı. Həmişə ən ucuz otellərdə qalaraq şəhər-şəhər gəzirdi. Ödənişi təmin edildiyi təqdirdə ən səfil klublarda belə oynayırdı. Şəklini sabun reklamlarında istifadə etdirirdi və hətta üç cümləni belə düzgün yazmağı bacara bilmədiyindən çox yaxşı xəbərdar olan rəqiblərinin istehzalarına fikir vermədən adını “Şahmat fəlsəfəsi” adlı bir kitab üçün satmışdı. Əslində isə bu kitabı qalisiyalı yoxsul bir tələbə acgöz nəşriyyatçılar üçün yazmışdı. Bütün yontulmamış varlıqlarda olduğu kimi onda da gülünc bir özünə vurğunluq vardı; dünya turnirindəki zəfərindən bəri özünü dünyanın ən əhəmiyyətli adamı hesab edirdi və bu zəki, ağıllı, göz qamaşdırıcı natiqləri və yazarların hamısını öz sahələrində məğlub etmiş olduğunu, üstəlik onlardan daha çox qazandığını bilmək, onun köhnə etibarsızlığını soyuq və əksər hallarda kobudluqla göz önünə sərilən qürura çevirdi.
Tanışım Kzentoviçin uşaqcasına özünə vurğunluğundan mənə bir neçə klassik nümunə verdikdən sonra “Amma bu cür sürətlə gələn şöhrət belə bir boş başı necə gicələndirməsin ki?” – deyərək söhbətə bu sözlərlə yekun vurdu: “İyirmi bir yaşında banatlı bir kənd uşağı birdən-birə taxta üzərində bir neçə fiquru oynatmaqla bütün kənd camaatının odun kəsərək və ən ağır işlərdə işləyərək bir ildə qazandığından daha çox pulu bir həftədə qazanarsa, özünə vurğunluq xəstəliyinə necə tutulmasın? Bax, o zaman Rembrandt, Bethoven, Dante, Napoleon haqqında kiçicik fikri belə olmayan birinin özünü böyük insan sanması əslində çox asandır. Bu uşaq divarlarla əhatələnmiş beyninin içində yalnız bir şeyi bilir: aylardı heç bir şahmat oyununu uduzmadığını. Və dünyamızda şahmat və pul xaricində başqa dəyərlərdən də xəbərdar olmadığına görə özündən təsirlənməsi üçün hər cür səbəbi var”.
Tanışımın dedikləri xüsusi marağıma səbəb oldu. Sabit fikirli, beynini təkcə bir düşüncəyə kilidləmiş hər cür insan məni həyatım boyu özünə çəkmişdi. Çünki insan özünü nə qədər məhdudlaşdırarsa, sonsuz olana o qədər yaxın olar; bax, belə görünüşcə dünyadan qopuq yaşayanlar öz xüsusi quruluşları içərisində qarışqa kimi dünyanın qəribə və tayı-bərabəri olmayan maketini qurarlar. Beləcə, ağılı yalnız bir hədəfə yönələn bu xüsusi nümunəni Rioya çatana qədər – on iki günlük səfər boyunca – daha yaxından tədqiq etmək məqsədimi tanışımdan gizləmədim.
Tanışım “Şansınız çox azdır” – deyərək mənə xəbərdarlıq etdi. “Mən bilən, Kzentoviçdən hətta ən kiçik psixoloji məlumat belə qoparmağı kimsə bacarmayıb. Bu hiyləgər kəndlinin dərində yatan çatışmamazlığının arxasında səhv buraxmamaq ağıllılığı gizlənir. Tətbiq etdiyi üsul da kiçik meyxanələrdə axtarıb tapdığı öz ətrafındakı kəndlilərdən savayı hər kəslə danışmaqdan qaçmaqdır. Yanında mədəni insan olduğunu hiss edən kimi qınına çəkilir; beləcə, heç kim ondan axmaq bir söz eşitmək yaxud mədəniyyətsizliyinin sərhədsiz dərinliyini kəşf etməklə öyünə bilmir”.
Tanışım doğurdan da düz deyirmiş. Səfərin ilk günlərində məlum oldu ki, hədsiz kobudluq etmədən Kzentoviçə yaxınlaşmaq tamamilə qeyri-mümkündür. Kobudluq da mənim tərzim deyildi. Hərçənd bəzən gəzinti göyərtəsində görünər və hər dəfə də əllərini qürurla arxasında birləşdirərdi; həmin məşhur şəkilindəki Napoleon kimi. Həmçinin göyərtə gəzintisini hər səfərində elə tələskənlik və dikbaşlıqla başa vurardı ki, onunla danışa bilmək üçün arxasınca qaçmaq lazım idi. Digər tərəfdən də sərnişin salonlarında, barda, siqaret salonunda heç görünməzdi; ofisiantdan əldə etdiyim etibarlı məlumata görə günün çox hissəsini kamerasında keçirərək böyük bir şahmat taxtasında məşq edir yaxud müxtəlif gedişlərin üzərində işləyirmiş.
Üç gündən sonra həqiqətən əsəbləşməyə başladım. Onun müdafiə olunma üsulu mənim ona yaxınlaşma istəyimdən daha güclü idi. Hər hansı bir şahmat ustasıyla tanış olmaq fürsətim heç vaxt olmamışdı və indi belə bir insanı gözümdə canlandırmağa nə qədər çox çalışsam da, bütün ömrü boyu yalnız altmış dörd ağ-qara kvadratın ətrafında dövr edən beyin hərəkəti mənə o qədər ağlasığmaz gəlirdi. Hərçənd öz təcrübələrimdən saray oyununun sirli cazibədarlığına bələddim; insanoğlunun fikirləşib tapdığı oyunlar arasında təsadüfün hər cür despotluğuna qarşı etiraz edən və zəfər kuboklarını yalnız ağıla yaxud daha çox mənəvi qabiliyyətin müəyyən bir formasına verən tək oyun idi. Amma şahmata oyun deməklə haqsız bir məhdudlaşdırma etmirikmi? Şahmat həm də elm, sənət deyilmi? Yerlə göy arasında süzülən Məhəmmədin tabutu sayaq bu iki kateqoriya arasında gedib-gəlmirmi? Əks cütlərin hər birinin bir dəfəlik kombinasiyası deyilmi? Həm çox köhnə, həm də yenidir. Qurğusu həm mexaniki, həm də təxəyyül gücünə bağlıdır. Həm sabit həndəsi sahəylə məhduddur, həm də kombinasiyaları sərhədsizdir. Həm fasiləsiz inkişaf edən, həm də sonsuz, heç nəyə aparmayan düşünmədir. Heç bir şeyi hesablamayan riyaziyyat, əsərləri olmayan sənət, maddəsi olmayan arxitekturadır. Bununla yanaşı, varlığıyla bütün kitab və əsərlərdən daha dayanıqlı olduğu sözsüzdür; bütün xalqlara və bütün zamanlara aid olan tək oyun. Ürək sıxıntısını aradan qaldırmaq, zehini açmaq, ruhu canlandırmaq üçün onu hansı tanrının yer üzünə göndərdiyini kimsə bilmir. Başlanğıcı və sonu haradadır? Hər uşaq onun əsas qaydalarını öyrənə bilər, hər naşı onda şansını sınayar, amma yenə də şahmat bu dəyişməz dar kvadratın içində özünəməxsus ustalar yaradar. Digər insanların heç biriylə müqayisə olunmaz insanlar – yalnız şahmata istiqamətli qabiliyyəti olan insanlar; fikir, səbir və texnikanın eynilə riyaziyyatçılar, şairlər və musiqiçilərdəki kimi müəyyən bir nisbətdə, amma fərqli lay və məzmunlarda təsirli olduğu spesifik dahilər. Bəlkə də fizionomiyaya duyulan maraq yeni-yeni yarandığı vaxtlarda Qall kimi birisi belə şahmat ustalarının beyinlərini yararaq bu şahmat dühalarının beynində, insanın bu yeni boz kütləsi içində xüsusi qıvrım, başqa beyinlərdəkinə nisbətən daha inkişaf etmiş şahmat əzələsi yaxud şahmat yumrusu olub-olmadığını araşdırmışdır. Bu spesifik dahiliyin, əlli kiloluq içi boş qayanın daxilindəki tək qızıl filizi kimi qəti bir ağıl çatışmamazlığının içinə sızmışa bənzədiyi Kzentoviç nümunəsi belə bir fizionomiyaçıya necə də cazibədar gələrdi! Belə fövqəladə, dahiyanə bir oyunun istər-istəməz nisbi ustalar yaradacağı reallığını xeyli əvvəl anlamışdım; amma dünyanı yalnız qara ilə ağ arasındakı dar yola sadələşdirən, otuz iki fiquru gah ora, gah bura, gah irəli, gah geri oynadaraq həyatının zəfərini qazanmağa çalışan çevik zəkalı bir insanın həyatını canlandırmaq əvvəlcə nə qədər çətin, nə qədər qeyri-mümkün idi; bu adamın yeni oyuna başlayarkən piyada yerinə atı oynaması sensassiya yaradar və şahmat kitabının kiçik bir küncündə adının yazılması ilə ölümsüzlüyə qovuşmasını təmin edər. Bu insan, bu ağıl insanı, ağılını itirmədən on, iyirmi, otuz, qırx il ərzində bütün düşüncə gücünü təkrar-təkrar eyni gülünc məqsədə yönəldər: taxta üzərindəki taxta bir şahı küncə sıxışdırmaq!
Bax, indi belə bir sensassiyon adam, belə qəribə bir dahi ya da belə təəccüblü bir dəli ilk dəfə mənə bu qədər yaxındı. Eyni gəmidə altı kamera aralıda idi və ağılla bağlı şeylərə olan marağı həmişə bir növ ehtirasa çevrilən biçarə mən, ona yaxınlaşmağı heç cür bacara bilmirdim. Ən ağılasığmaz variantları fikirləşməyə başladım: məşhur bir qəzet üçün ondan müsahibə almaq yalanını uyduraraq qürurunu oxşamaq yaxud ona Şotlandiyada qazanclı bir turnir təklif edərək acgözlüyündən faydalanmaq. Amma ağlıma çöl xoruzunu tələsinə salmaq üçün ovçunun müraciət etdiyi ən etibarlı üsulun onun cütləşmə ötüşünü təqlid etmək olduğu gəldi ən axırda; bir şahmat çempionunun diqqətini çəkmək üçün adamın özünün şahmat oynamasından daha təsirli nə ola bilərdi?
Lakin mən ömrüm boyu heç vaxt ciddi şahmat peşəkarı olmamışdım. Bunun da sadə bir səbəbi var: şahmatla həmişə elə belə və yalnız əyləncə məqsədiylə maraqlanmışdım. Bir saat taxtanın qarşısında otursam, bunu qətiyyən məcburiyyətdən deyil, əksinə, üzərimdəki gərginlikdən xilas olmaq üçün edərəm. Başqaları, həqiqi şahmat oyunçuları şahmatı ciddi qəbul edərkən, mən sözün əsil mənasında şahmat “oynamışam”. Eynilə eşq kimi şahmat üçün də bir yoldaş gərəkdir və heç onu da bilmirdim ki, göyərtədə bizdən savayı şahmat həvəskarları var ya yox. Onları yuvalarından çıxarmaq üçün siqaret salonunda sadə bir tələ qurdum: məndən daha pis oynamasına baxmayaraq, arvadımla tamaşa sayağı şahmat taxtasının qarşısında oturduq. Həqiqətən də, heç altı gediş etməmişdik ki, yaxınlıqdan ötən biri dayandı. Başqa birisi oyunu izləmək üçün icazə istədi; mənimlə bir oyun oynamaq istəməsi gözlənilən yoldaş da nəhayət ki üzə çıxdı. Adı Makkonnor olan bu yoldaş şotland yol mühəndisi idi. Dediyinə görə Kaliforniyadakı neft quyularından çoxlu sərvət qazanmışdı; sərt, demək olar ki, kvadrat formalı çənə sümüyü, iri dişi olan güclü-qüvvətli bir adam idi. Hərhalda üzünün tünd qırmızılığının ən azından bir hissəsini bol miqdarda viskiyə borclu idi. Gözə dəyən geniş, demək olar ki, atletik qurluşlu çiyinləri çox təəssüf ki, oyun əsnasında da gözə batırdı. Çünki bu Cənab Makkonnor ən əhəmiyyətsiz oyunda belə məğlub olmağı şəxsiyyətinə təhqir hesab edən həmin özündən əmin, müvəffəqiyyətli insanlardan idi. Həyatda önünə çıxanı aşırdaraq yola davam etməyə alışmış və konkret olaraq müvəffəqiyyətdən şişmiş, özü-özünün memarı olan bu yekəpər adam hamıdan üstün olduğu düşüncəsinə elə aludə olmuşdu ki, hətta ona etiraz edilməsini də özünə qarşı haqsız bir qiyam və az qala təhqir hesab edirdi. Birinci oyunu məğlub olunca hirsləndi, uzun uzandı və sərt rəftarla bunun yalnız bir anlıq diqqətsizlik ucbatından baş verdiyini açıqlamağa başladı. Üçüncü oyunu uduzmasını yan salondakı səs-küylə əlaqələndirdi. Bir oyun məğlub olar-olmaz dərhal qisas istəyirdi. Başlanğıcda bu ehtiras dolu hirs məni əyləndirdi; onsuz da, bu, olsa-olsa həqiqi məqsədimə çatmaq – dünya çempionunu masamıza çəkmək üçün gərəkli kiçik bir işdi.
Üçüncü gün məqsədimə çatdım. Daha doğrusu yarı-yarıya çatdım. Gəzinti göyərtəsində gəzən Kzentoviç pəncərədən bizi müşahidə etdimi yoxsa yalnız təsadüfən siqaret salonunu varlığıyla şərəfləndirdi, bilmirəm, hərhalda, biz naşıların onun sənətini icra etdiyimizi görər-görməz bir addım da yaxınlaşdı və bu uzaq məsafədən taxtamızı gözucu nəzərdən keçirdi. Makkonnor hücum etmək üzrəydi. Və sanki bu tək hücum belə, naşı səylərimizi bundan artıq izləməyin onun kimi usta bir oyunçu üçün zaman itkisi olduğunu anlamasına yetmişdi. Kitab dükanında pis dedektiv romanını üzünü belə açmadan yerinə qoyarkən etdiyimiz təbii hərəkətlə masamızdan uzaqlaşdı və siqaret salonundan çıxdı. “Bizi ölçüb-biçdi və çox yüngül gəldik”, – deyə düşündüm. Bu soyuq, həqarətli baxış məni bir az hirsləndirmişdi və hirsimi Makkonnordan çıxmaq üçün ona baxıb “Sanki hücumunuz ustaya elə də təsir etmədi” – dedim.
“Hansı ustaya?” – deyə soruşdu.
Ona bir az əvvəl yanımızdan keçən və oyunumuza ağız büzərək baxan o cənabın şahmat ustası Kzentoviç olduğunu dedim. İndi də buna alışmaq və ürəyimizin onun bizi həqir görməinə sızlamadan dözməsi gərəkdiyini əlavə etdim; biz yazıqlar taleyimizlə barışmalıydıq. Amma söz gəlişi dediklərimin Makkonnora bu qədər gözlənilməz təsir göstərməsi məni çaşdırdı. Birdən həyəcanlandı, oyunumuzu unutdu. Həyəcandan yerində dayana bilmirdi. Kzentoviçin gəmidə olduğundan Makkonnorun xəbəri yox imiş. Kzentoviç onunla mütləq oynamalıymış. Bir dəfə qırx adamla birlikdə oynadığı eynivaxtlı oyun xaric həyatında hər hansı bir dünya çempionuna qarşı heç vaxt oynamayıb; həmin oyun belə qorxunc dərəcədə həyəcanlı olmuş və Makkonnor az qala oyunu udurmuş. Dediklərindən belə çıxdı.
Makkonnor şahmat ustasıyla tanış olub-olmadığımı soruşdu. “Xeyr” – dedim.
Növbəti sualı onunla danışmaq və yanımıza çağırmaq istəyib-istəmədiyim barəsində oldu. Kzentoviçin yeni insanlarla tanış olmaq həvəsinin kasadlığından bu təklifin əleyhinə çıxdım. Üstəlik, bizim kimi üçüncü sinif oyunçularla məşğul olmaq dünya çempionuna nə zövq verə bilərdi ki?
Bu üçüncü sinif oyunçular sözünü Makkonnor kimi ehtiraslı bir adama gərək deməzdim. Hirsli-hirsli arxaya yaslandı və Kzentoviçin bir cənabın nəzakətli dəvətini rədd edəcəyinə şəxsən inanmadığını, bu işin arxasınca düşəcəyini dedi. Öz istəyi ilə ona dünya çempionunun şəxsiyyətini qısaca təsvir etdim və bu təsvirdən sonra dərhal oyunumuzu yarımçıq qoyaraq səbirsizliklə Kzentoviçin ardınca gəzinti göyərtəsinə qaçdı. Bu geniş çiyinlərin sahibinin beyninə bircə kərə nəsə girdisə, bu halda onu saxlamağın qeyri-mümkünlüyünü yenidən hiss etdim.
Olduqca gərgin bir gözləmə müddəti başladı mənim üçün. On dəqiqə sonra Makkonnor geri qayıtdı. Mənə elə gəldi ki, əhvalı elə də yaxşı deyil.
“Necə oldu?” – deyə soruşdum.
Bir az hirsli şəkildə “Düz deyirmişsiniz,” – deyərək davam etdi: “Çox da mehriban cənab deyil. Ona özümü tanıtdım, kim olduğumu izah etdim. Mənə əl belə uzatmadı. Bizə qarşı eynivaxtlı oyun oynamaq istəsə, bizi nə qədər şərəfləndirəcəyini ona izah etməyə çalışdım. Amma heç üz vermədi; üzr istədi. Meneceri ilə imzaladığı razılaşmaya əsasən turnir boyunca ödənişsiz oynamayacağına söz verib. Oyun başına ən aşağı ödənişi iki yüz əlli dollardı”.
Güldüm. “Fiqurları qara kvadratdan ağ kvadrata qoymağın bu cür qazanclı bir iş ola biləcəyi heç vaxt … ağılıma gəlməzdi. Eh, ümid edirəm, siz də ona qarşı nəzakətli davranmısınız” – dedim.
Amma Makkonnor duruşunu heç pozmadan “Oyun sabah günortadan sonra saat üçdədir. Burada, siqaret salonunda. Ümid edirəm tez geri çəkilməz” – dedi.
“Necə? Ona iki yüz əlli dolları verdiniz?” – deyərək təəccüblə qışqırdım.
“Niyə də yox? C’est son metier. Dişim ağrısaydı və gəmidə təsadüfən bir diş həkimi olsaydı dişimi havayı çəkməyi ondan istəyə bilməzdim. Yüksək ödəniş tələb etməkdə çox haqlıdı; hər peşənin həqiqi professionalları həm də ən yaxşı iş adamlarıdır. Mənə gəlincə: iş nə qədər açıq olsa, o qədər yaxşıdır. Cənab Kzentoviçin mənə yaxşılıq etməsinə icazə verməkdən və axırda bir də ona təşəkkür etmək məcburiyyətində qalmaqdansa, ən yaxşısı pulu ödəyərəm. Onsuz da, klubumuzda bir gecədə iki yüz əlli dollardan çox uduzduğum vaxtlar olub və üstəlik bir dünya çempionuyla da oynamamışdım. Kzentoviç tərəfindən məğlub edilmək üçüncü sinif oyunçular üçün utanılacaq bir şey deyil”.
“Üçüncü sinif oyunçu” kimi sözgəlişi deyilmiş bir ifadə ilə Makkonnorun qürurunu nə qədər incitmiş olduğumu başa düşmək məni əyləndirdi. Amma bu bahalı əyləncəni ödəməyə qərar verdiyi üçün onun, nəhayət marağımı aradan qaldıracaq, yersiz ehtirasının əleyhinə çıxmaq mənasız idi. O ana qədər özlərini şahmat oyunçusu kimi tanıtmış dörd-beş cənabı tez bu hadisədən xəbərdar etdik və oradan keçəcək sərnişinlər tərəfindən mümkün qədər narahat edilməmək üçün tək bizim masamızı deyil, qonşu masaları da qarşıdakı oyun üçün əvvəlcədən ayırtdırdıq.
Sabahısı gün kiçik qrupumuz qərarlaşdırılan saatda əskiksiz toplandı. Çempionun qarşısındakı, ortadakı yer, əlbəttə ki, Makkonnora ayrıldı; Makkonnor siqaretləri bir-birinin ardınca yandıraraq və dayanmadan narahat halda saatına baxaraq sinirini sakitləşdirməyə çalışırdı. Amma dünya çempionu, tanışımın mənə danışdıqlarından təxmin etdiyim kimi, bizi ən az on dəqiqə gözlətdi. Bu da gəlişinin çox təsirli olmasını təmin etdi. Sakit və soyuqqanlı halda masaya yaxınlaşdı. Özünü təqdim etmədən – “Kim olduğumu bilirsiniz, sizin kim olduğunuz isə mənə maraqlı deyil”, – deməkdi hərhalda bu hörmətsizlik – professionallara xas bir quruluqla lazımı nizamlamanı etməyə başladı. Gəmidə kifayət qədər şahmat taxtası olmadığından eynivaxtlı oyun oynanması qeyri-mümkün olduğu üçün hamımızın birlikdə ona qarşı oynamağımızı təklif etdi. Hər hücumdan sonra öz aramızda edəcəyimiz məsləhtləşmələri eşitməmək üçün salonun dib tərəfindəki masaya gedəcəkdi. Əks həmləmizi etdikdə – çox təəssüf ki əlimizdə masa zəngi olmadığına görə – qaşıqı stəkana döyəcləməli idik. İstədiyimiz başqa bir fasilə müddəti yoxdursa, ən uzun həmlə vaxtının on dəqiqə olmasını təklif etdi. Hər təklifiylə utancaq şagirdlər sayaq razılaşdıq əlbəttə. Kzentoviç qaralarla oynamağı seçdi; hələ ayaq üstə ikən ilk əks-hücumunu etdi və sonra dərhal öz təklif etdiyi gözləmə yerinə gedərək laqeyd tərzdə arxaya söykənib şəkilli bir jurnalı vərəqləməyə başladı.
Oyundan danışmağın çox da mənası yoxdur. Necə lazımdırsa, o cür də qurtardı əlbəttə: biz gözəlcə məğlub olduq, üstəlik elə iyirmi dördüncü gedişdə. Bir dünya çempionunun yarım düjün orta yaxud ortadan aşağı səviyyəli oyunçunu heç çətinlik çəkmədə məğlub etməsi çox da təəccüblü deyildi; hamımızın ürəyini sıxan bir şey vardısa, o da Kzentoviçin bizi çətinlik çəkmədən məğlub etdiyini başımıza qaxan qürurlu tərzi idi sadəcə.
Taxtaya hər dəfə yalnız gözucu nəzər salırdı. Bizə sanki taxtadan yonulmuş laqeyd, ölü gözlərlə baxırdı və bu həyasız rəftar istər-istəməz xəstə itə gözucu baxışla bir loxma yemək atmağa oxşayırdı. Məncə, daxilində bir az hissiyyatlılıq olsaydı diqqətimizi səhvlərimizə çəkə bilər yaxud dostyana bir söz deməklə səyimizi artıra bilərdi. Amma bu insan olmayan şahmat maşını oyun qurtardıqdan sonra da nəsə demədi. “Mat” dedikdən sonra onunla daha bir oyun oynamaq istəyib-istəmədiyimizi öyrənmək üçün tərpənmədən masanın qarşısında dayandı. Laqeyd kobudluğa qarşı insanın həmişə düşdüyü çarəsizliklə ayağa qalxıb bu sona çatan dollar işiylə heç olmasa mənə görə əlaqəmizin də kəsildiyinə eyham vuracaqdım ki, yanımda duran Makkonnor olduqca boğuq bir səslə “Revanş!” bağırıb məni hirsləndirdi.
Meydan oxuyan səs tonu məni az qala hürkütdü; həqiqətən də Makkonnor o an nəzakətli cənabdan çox, yumruq endirməkdə olan boksçu təəssüratı yaradırdı. Bu, Kzentoviçin bizə kobud davranmasındanmı yoxsa özünün xəstəlik dərəcəsinə çatan ehtirasındanmı qaynaqlanırdı, bilmirəm, hərhalda Makkonnorun ruhi vəziyyəti tamamilə dəyişmişdi. Üzü alınına düşən kəkilinə qədər qızarmış, burun dəlikləri hirsdən şişmişdi. Açıq-aşkar tərləyirdi və qısılmış dodaqlarından çıxan iti qırış dalaşqan vəziyyətdə önə çıxmış çənəsinə doğru uzanırdı. Gözündəki o cilovlanmaz ehtirasın alovuna narahatlıqla baxdım. Bu, insanları yalnız rulet masasında ovucunun içinə alan ehtiras idi. O ehtiras ki, həmişə iki qatını yatırtdıqdan sonra altıncı ya da yeddinci dəfə hələ doğru rəng gəlmədiyi vaxt dövrəyə girir. O an anladım ki, bu gecə hətta sərvəti bahasına başa gəlsə belə, bu fanatik, ehtiraslı adam heç olmasa bir oyun udana qədər Kzentoviçlə oynayacaqdı. Makkonnor Kzentoviç üçün qızıl mədəni idi və axıra qədər dözsə, Buenos-Ayresə çatanacan bu mədəndən bir neçə min dollar çıxara bilərdi.
Kzentoviç yerindən tərpənmədən nəzakətlə “Buyurun”, – deyə cavab verdi: “Cənablar indi də qaralarla oynayır”.
İkinci oyun da əvvəlkindən fərqlənmədi, tək şey xaricində: bir neçə həvəskar sayəsində birliyimiz yalnız böyüməklə qalmadı, həm də hərəkətləndi. Makkonnor taxtaya elə diqqətlə baxırdı ki, sanki fiqurları iradəsiylə qazanmaq, cəzb etmək istəyirdi; soyuq baxışlı rəqibinin üzünə böyük bir zövqlə “Mat!” deyə qışqırmaq üçün min dolları da sevə-sevə fəda edərdi. Buna adım kimi əmin idim. Onun inadkar həyəcanı hiss edilmədən qəribə şəkildə bizə də bir az bulaşdı. Hər həmlədən sonra əvvəlkinə nisbətən daha ehtirasla mübahisə edirdik. Kzentoviçi masamıza geri çağıran işarəni verməyi qərarlaşdırmamışdan əvvəl, bəzən son anda bir hücumdan imtina edib digərini oynayırdıq. Yavaş-yavaş on yeddinci hücuma yaxınlaşmışdıq ki, təəccüb içində bizim üçün inanılmayacaq həddə yaxşı bir mövqenin yarandığını gördük. Çünki qabaqdakı piyadanı sondan əvvəlki “c” xanasına gətirməyi bacarmışdıq; vəziri götürmək üçün piyadanı itələmək bəs idi. Əlbəttə, bu çox aşkar şansa görə ürəyimiz elə də rahat deyildi. Hamımız üzdə əldə etdiyimiz bu üstünlüyün bizdən daha irəlini görə bilən Kzentoviç tərəfindən şüurlu olaraq bizə atılan bir sümük olduğundan şübhələnirdik. Amma yaxşıca axtarış və müzakirəmizə baxmayaraq, hiylənin harada olduğunu başa düşə bilmədik. Nəhayət icazə verilən düşünmə müddəti tam qurtarmaq üzrəykən hücumu etmək qərarına gəldik. Makkonnor piyadanı son damaya aparmaq üçün əlini uzatmışdı ki, kimsə qolundan tutaraq alçaq səslə və həyəcanla pıçıldadı: “Tanrı xatirinə! Əsla!”
Hamımız özümüzdən asılı olmadan çevrilib baxdıq. Danışan təxminən qırx beş yaşında bir cənab idi. Az qala təbaşir qədər ağ, incə, uzun və sərt üzü daha əvvəl göyərtədə gözümə çarpmışdı. Güman ki, yanımıza bütün diqqətimizi hücuma yönəltdiyimiz son dəqiqələrdə gəlmişdi. Ona baxdığımızı başa düşərək tələsik əlavə etdi:
“İndi vəziri götürsəniz, fili irəl verib piyadanızı götürər, siz də atınızı geri çəkərsiniz. Amma bu vaxt boşluqdakı piyadasını “d7″-yə gətirib qalanızı təhdid edər və atınızla şah desəniz belə oyunu uduzarsınız və doqquz-on hücumdan sonra məğlub olarsınız. 1922-ci il Pesten Turnirində Alexinin Boqolyubova qarşı yaratdığı mövqenin demək olar ki eynisidir”. Makkonnor çaşqınlıqla əlini fiqurdan çəkdi və cənnətdən enən gözlənilməz mələk kimi köməyimizə çatan bu adama ən azı bizim qədər heyrətlə baxdı. Doqquz hücum əvvəldən matı müəyyən edə bilən şəxs birinci sinif professional olmalı idi. Hətta bəlkə də həmin turnirin iştirakçısı idi və bu qədər mühüm bir məqamda qəfil gəlib oyuna qarışmasında hardasa fövqəltəbii bir şey vardı. Özünü ilk ələ alan Makkonnor oldu.
“Nə təklif edərdiniz?” – deyə pıçıldadı həyəcanla. “Dərhal irəliləməyin, geri çəkilin! Əvvəlcə şahı “g8”-dən “h7”-yə apararaq təhlükəli xəttdən uzaqlaşdırın. Kzentoviç böyük ehtimalla o biri tərəfdən hücum edəcək. Amma qalanı “c8”-dən “c4″-ə gətirib bunu sovuşdurarsınız; bu, onun iki qalası, bir piyadası hesabına başa gələr və beləcə üstünlüyünü itirər. Boşluqdakı piyadalar üz-üzə qalar və düzgün müdafiə təşkil etsəniz oyun heç-heçə qurtarar. Bundan artığını əldə edə bilməzsiniz”.
Yenidən çaşıb qaldıq. Hesabının həm sürətli, həm də qəti olması bizi heyrətləndirdi; sanki hücumları kitabdan oxuyub deyirdi. Onun oyuna qarışması sayəsində dünya çempionu ilə heç-heçə qalmaq gözlənilməz şans idi və sehrli dəyənək təsiri yaratdı. Taxtanı daha yaxşı görsün deyə hamımız birdən kənara çəkildik. Makkonnor yenidən soruşdu: “Şah “g8”-dən “h7″-yə, eləmi?”
– “Dübbədüz! Əvvəlcə geri çəkilin”.
Makkonnor onun dediyi kimi etdi və stəkanı döyəclədik. Kzentoviç həmin alışılmış sakit addımlarıyla masamıza yaxınlaşdı və ilk baxışda əks hücumu ölçüb-biçdi. Sonra – eynilə naməlum köməkçimizin əvvəlcədən dediyi kimi – şah qanadındakı piyadanı “h2”-dən “h4”-ə gətirdi. Və köməkçimiz həyəcanla pıçıldadı: “Qala irəli, qala irəli, “c8”-dən “c4”-ə. Onda əvvəlcə gərək piyadanın önünü bağlasın. Amma bu onun işinə yaramayacaq! Boşluqdakı piyadaya fikir vermədən atınızı “c3”-dən “d5″-ə gətirərək hücum etsəniz bərabərlik yenidən təmin edilər. Müdafiə olunmaq yerinə bütün gücünüzlə hücuma keçin!”
Nə demək istədiyini başa düşmədik. Dedikləri sanki çincə idi. Amma artıq aludə olan Makkonnor heç fikirləşmədən deyiləni etdi. Kzentoviçi geri çağırmaq üçün qaşığı yenidən stəkana döyəclədik. İlk dəfə idi ki, tez qərar vermədi, taxtaya tələsik nəzər saldı. Sonra eyniylə yad adamın bizə əvvəlcədən bildirdiyi hücumu etdi və getmək üçün çevrildi. Amma uzaqlaşmazdan qabaq yeni və gözlənilməz bir hərəkət etdi. Başını qaldırdı və baxışlarını üzərimizdə gəzdirdi; güman ki, ona qarşı birdən-birə belə canlı bir müqavimət göstərənin kim olduğunu bilmək istəyirdi.
O andan etibarən həyəcandan yerimizdə dayana bilmədik. Bu vaxta qədər ciddi bir ümid bəsləmədən oynamışdıq, amma Kzentoviçin soyuq qürurunu yenmə fikri ürək döyüntülərimizi sürətləndirdi. Yeni dostumuz hətta növbəti hücumu da təyin etmişdi. Kzentoviçi geri çağıra bilərdik; qaşığı stəkana vurarkən barmaqlarım titrəyirdi. Elə bu məqamda ilk zəfərimizi qazandıq. O ana qədər həmişə ayaq üstə oynayan Kzentoviç dayandı, dayandı və ən axırd yavaş-yavaş oturdu; beləcə o ana qədər bizə üstən-aşağı baxan Kzentoviç bizim səviyyəmizə enmiş oldu. Heç olmasa, onu konkret olaraq bizimlə eyni müstəvidə dayanmağa məcbur etmişdik. Uzun-uzadı düşündü, gözlərini heç qaldırmadan taxtaya dikdi. Belə ki, qara kirpiklərinin altından göz bəbəklərini görmək az qala qeyri-mümkün idi və belə dərin-dərin düşünərkən ağzı yavaş-yavaş açıldı. Bu, yumru üzünə bir az axmaqlıq qatdı. Kzentoviç bir neçə dəqiqə götür-qoy etdikdən sonra həmlə etdi və ayağa qalxdı. Dostumuz pıçıldadı:
“Vaxt qazanmağa çalışır! Yaxşı fikirləşib! Amma geri çəkilməyin! Onu qarşılıqlı olaraq fiqur götürməyə məcbur edin. Bu halda yaxasını qurtara bilməz və heç-heçə qalarıq”.
Makkonnor onun dediyini etdi. Növbəti hücumlarda – bu iki adamın arasında çoxdan fiqurlara çevrilmişdik – bizim anlamadığımız bir hərəkətlənmə başladı. Hardasa, yeddinci hücumun sonunda Kzentoviç uzun-uzadı düşündükdən sonra başını qaldırdı və “Bərabərə” dedi.