Müəllif: Katerina Rubinskaya
Mənbə: BookMate Journal
Tərcümə: Lamiyə Göycəyeva
Plagiat yazıçılar arasında ağır günahdır. Çox vaxt nə şöhrət, nə də xalqın sevgisi müəllifi şübhələrdən, ədəbi oğurluqdan xilas edə bilmir. Ədəbi nüfuzunu ləkələmək istəməyənlər üçün tövsiyə siyahısı hazırladıq.
Yazıçılarla dostluq etməyin
Klassik rus ədəbiyyatında ən səs-küylü qalmaqallardan biri kimi İvan Turgenevlə İvan Qonçarov arasındakı münaqişəni qeyd etmək olar. Qonçarov Turgenevin onun “Uçurum” əsərinin ideyalarını oğurladığından o qədər əmin idi ki, mübahisəni ədalətli bir şəkildə qiymətləndirmək istədiyi üçün ədəbiyyatşünas dostlarının iştirakı ilə arbitraj məhkəməsi təşkil etmişdi. Bəs Turgenev Qonçarovun nədən yazacağını haradan bilmişdi? Elə onun özündən.
Yazıçılar dostluq edirdilər və uzun illər bir-biri ilə yazışırdılar. Bir dəfə Qonçarov ehtiyatsız davranıb, romanından bəzi cızmaqaraları Turgenevə oxumuşdu. Bir müddət sonra ədəbiyyat salonunda Turgenevin “Zadəgan yuvası”ndan fraqmentlər oxuduğunu eşidən Qonçarov bu romanla öz kitabı arasında paralellər olduğunu sezib təəccüblənir. Turgenevin növbəti romanı “Bir gün əvvəl”də də oxşarlıq tapılır. Qonçarov bunun bir təsadüf olmadığı qərarına gəlir.
Bununla belə, arbitraj məhkəməsi Turgenevin tərəfini tutur. Müəlliflər belə bir qənaətə gəlir ki, müqayisə edilən kitablar yalnız bir cəhətdən oxşayır: hər ikisi müasir həyatdan bəhs edir. Arqumentlər Qonçarovu qane etmir. Nəticədə o, ağır yaradıcılıq böhranı ilə üzləşir. Bu da onun “Uçurum” romanı üzərində onsuz da ləng gedən işini daha da çətinləşdirir. Nəticə etibarilə, kitab 20 ilə yazılır. Qonçarovun özü isə kitabın “qədərindən artıq uzandığını” hesab edirdi.
Keçmiş sevgililərinizi güdməyin
Bu tövsiyə gündəlik həyata da aiddir. Təəssüf, yazıçı Emma Klayn (Emma Cline) bu məsləhətin doğruluğunu özü təcrübədən keçirməli olub. Klaynın 2016-cı ildə işıq üzü görən “Qızlar” (“The Girls”) romanı böyük hitə çevrilir. Kitab Çarlz Mensonun (Charles Manson) sektasına düşən Eyvi Boyd adlı yeniyetmə qızdan bəhs edir. Romanın psixoloji dəqiqliyi və ab-havası tənqidçiləri valeh edir, amma kitab yayımlandıqdan bir il sonra yazıçının keçmiş sevgilisi Çez Rits-Layolo (Chaz Reetz-Laiolo) plagiata görə ona qarşı iddia qaldırır. İddiaçı Klaynın onun xəbəri olmadan elektron cihazlarına izləmə proqramları yüklədiyini, beləliklə onun yazışmalarını və qaralamalarını ələ keçirdiyini bildirir.
Öz növbəsində Klayn həqiqətən izləmə proqramından istifadə etdiyini etiraf edir. Ancaq onun yeganə məqsədi sevgilisinin ona xəyanət edib-etmədiyini öyrənmək olub. Yazıçının sözlərinə görə, onların toksik və abyuziv münasibəti olub, Rits-Layolo əsassız ittihamları ilə ayrılıqdan sonra onu sadəcə incitmək istəyib. Nəşriyyat Klaynı dəstəkləyir, məhkəmə də onlarla razılaşır. “Qızlar” əsəri və Rits-Layolonun “oğurlanan” mətnləri arasında heç bir oxşarlığın olmadığı, bundan başqa hər ikisinin geniş mənada tərbiyə romanı olduğu sübut olunur.
“Vikipediya”nı yaddan çıxarın
Dərslərindən həmişə iki alan tələbəyə də yaxşı məlumdur ki, “Vikipediya”dan oğurlamaq ən axırıncı işdir. Təəssüf, məşhur müəlliflər belə bu məsləhətə məhəl qoymur: məsələn, tanınmış antropoloq alim Ceyn Qudoll (Jane Goodall). Qudoll uzun illər Afrikada şimpanzelərin həyatını öyrənib. Onun insanabənzər meymunlara həsr edilən “İnsanın kölgəsində” (“In the Shadow of Man”) əsəri dəfələrlə təkrar nəşr edilib. Lakin onun Geyl Hadsonla (Gail Hudson) birlikdə qələmə aldığı sonuncu kitabı – “Ümid toxumları” (“Seeds of Hope”) əsərində “The Washington Post” nəşrinin icmalçıları “Vikipediya”dan, habelə mənbə siyahısında qeyd olunmayan başqa saytlardan sözbəsöz götürülmüş çoxlu sitat tapıblar. Bundan başqa, kitabda ədəbiyyat siyahısına yer verilməyib. Bu da keyfiyyətli qeyri-bədii ədəbiyyat nümunəsi üçün yolverilməz təcrübədir.
Əlbəttə, bütün bunlara baxmayaraq, bu cür təsadüfləri izah etmək kifayət qədər asandır: mənbələrdən lazım olan sitatları bir araya toplayan müəlliflər onları lazımi qaydada rəsmiləşdirməyi, redaktorlar isə yoxlamağı unudurlar. Qudoll özü də bunu əsas gətirib, günahın “xaotik material toplama metodunda” olduğunu bildirib. Ancaq kitabda izah edilməsi həqiqətən çətin olan bəzi məqamlara da rast gəlinir: məsələn, Qudoll alim Mett Douson (Matt Daws) ilə Londonun Kral Botanika Bağında saxlanılan 200 illik bitki toxumları haqqında söhbət etdiyini xatırlayır. Problem ondadır ki, Dous heç də Qudoll ilə deyil, botanika bağının rəsmi saytının mətbuat nümayəndəsi ilə danışıb. Sitat gətirilən sözlər də məhz həmin şəxsə ünvanlanan sözlər olub. “Düzünə qalsa, ümumiyyətlə onunla (Qudoll – red.) nə vaxtsa söhbət etdiyimi xatırlamıram”, – Dous “The Washington Post” nəşrinə açıqlamasında qeyd edib. Bununla belə, “Ümid toxumları” əsəri ciddi redaktədən və düzəlişlərdən sonra nəşr olunub.
Tarixçiləri qəzəbləndirməyin
Den Braunun (Dan Brown) qələmə aldığı kitabların populyarlığı eyni janrda çalışan bir çox müəllifin yuxusunu qaçırıb. Təkcə “Da Vinçi şifrəsi”nə (“The Da Vinci Code”) görə bir neçə yazıçı Braunu plagiat iddiası ilə məhkəməyə verib. Burada ilk növbədə 1980-ci illərin bestselleri hesab edilən “Müqəddəs qan və müqəddəs qədəh” (“The Holy Blood and the Holy Grail”) əsərinin müəllifləri Riçard Li (Richard Leigh), Henri Linkoln (Henry Lincoln) və Maykl Beycentin (Michael Baigent) adını çəkmək lazımdır: onların kitabında da belə bir ideya mövcud idi ki, İsa və Mariya Maqdalina evli olublar və uşaqları olub, həmçinin onlar Merovinqlər sülaləsinin əcdadı hesab ediliblər. Kitab işıq üzü gördükdən sonra “Da Vinçi şifrəsi”nə oxşar qalmaqala səbəb olub. Tarixçilər qəzəbləniblər, onların fikrincə, müəlliflər ən adi sui-qəsd nəzəriyyəsini ciddi əsər kimi irəli sürüblər. Ədəbiyyatşünaslar isə bədii ədəbiyyat cəhətdən ideyanın əla olduğu qənaətinə gəliblər.
Plagiat iddiasının sadəcə marketinq gedişi olduğunu irəli sürənlər də olub. Üstəlik, müəlliflərin hamısını eyni nəşriyyat – “Random House” təmsil edib (kitab satışları həqiqətən artsa da, məhkəmə xərcləri son dərəcə çox olub). Braun yazıçılardan birinin soyadını qəhrəmanlardan birinin adında şifrələdiyini etiraf edib (Li Tibinqin soyadı – Teabing – Baigent soyadının anaqrammasıdır). Lakin problem onda olub ki, Li, Beycent və Linkolnun kitabı Braunun mətnində açıq şəkildə qeyd edilib. Məhkəmə qərara gəlib ki, nəzəriyyələr, hipotezlər və tarixi faktlara müəlliflik hüququ şamil edilmir, ona görə Den Braunun eyni sui-qəsd nəzəriyyəsindən istifadə etməyə haqqı çatırmış. “Müqəddəs qan və müqəddəs qədəh” əsərinin müəlliflərinin bu hökmdən razı qalmadıqlarını söyləməyə ehtiyac varmı?
Kabus yazıçılara etibar etməyin
2019-cu ildə məhəbbət və detektiv romanları janrında ən uğurlu yazıçılardan biri Nora Roberts (Nora Roberts) braziliyalı həmkarı Kristiane Serruyanı (Christiane Serruya) məhkəməyə verib. Uzun illər vəkil kimi fəaliyyət göstərən Serruya birdən ədəbiyyat sahəsinə yönəlib. Əslində bu cür karyera dəyişikliyi nadir rast gəlinən hal deyil, amma Serruyanın kitabları məşhur və populyar yazıçılarla yanaşı bestseller siyahısına düşdükdən sonra həmin müəlliflər şübhələnməyə başlayıb. “The Guardian” nəşri yazır ki, Nora Roberts məhkəmə iddiasında Serruyanın kitablarını “ədəbi yamaq”, başqalarının əsərlərinin həyasız tərtibatı adlandırıb. İttihamçı tərəfin məlumatlarına əsasən, onun mətnlərində 41 müəllifin 93 kitabından iqtibaslar olub.
Serruya isə öz növbəsində kabus yazıçılarını günahlandırıb. Onun sözlərinə görə, ədəbi şedevrləri anonim müəlliflər tərəfindən saat hesabı beş dollara yazılıb və sonda müəllif sadəcə yekun məhsulu antiplagiatorda yoxlayıb.
Mənim kitablarımın həcmi çox böyükdür. Nora Robertsdən passajların olub olmadığını hardan bilim?
yazıçı deyib.
Bununla belə, bu cür hallarla dəfələrlə qarşılaşan Roberts məhkəmədə qalib gəlib. Belə ki, 1990-cı illərin ortalarında Roberts başqa bir yazıçını, qadın romanlarının superpopulyar müəllifi Canet Deylini plagiata görə məhkəməyə verib. Daha sonra tarixi melodramalar yazan Kessi Edvardsı (Cassie Edwards) ədəbi karyeradan uzaqlaşmağa məcbur edib.
Hər şeydə postmodernizmi günahlandırın
“Vikipediya”dan “oğurluq” üstündə təkcə alimlər tutulmur. 2010-cu ildə Mişel Uelbek (Michel Houellebecq) də “Xəritə və ərazi” (“La carte et le territoire”) romanında eyni iş üstündə tutulub. Uelbek əsəri plagiat adlandırmaq istəyənlərə ədəbiyyatdan başlarının çıxmadığını və ensiklopediyadan milçəklərin necə cinsi əlaqəyə girməsinin üzünü köçürməkdə heç bir qəbahət iş olmadığını söyləyib. Bədii mətnlə sənəd və elmi materialları birləşdirən bu cür yanaşma guya başqa görkəmli müəlliflər – məsələn, Borxes (Jorge Luis Borges) və Jorj Perek (Georges Perec) tərəfindən də istifadə edilib.
“Slate” nəşrinin fransız versiyasının icmalçısı Vinsent Qlada (Vincent Glad) görə, “Vikipediya”dan plagiat da plagiat sayılır (mətndəki iqtibasın sitat olduğunu qeyd etmək və mənbəni göstərmək lazımdır) – lakin belə olduğu halda, kimin Uelbeki məhkəməyə verəcəyini təsəvvür etmək çətindir. Bu səbəbdən yazıçının yaradıcılıq metoduna qarşı qoyulacaq tutarlı bir şey yoxdur.