Azərbaycanın Laçın dəhlizini bağlamasından sonra davam edən böhran ən ağır fazasına keçib. Son 9 ayın ən çətin dövrünü yaşayan “Dağlıq Qarabağ Respublikası”nda ərzaq və tibbi ləvazimatlar tükənir. Su çatışmazlığı isə özü ilə həm də elektrik enerjisi problemi gətirir.
İkinci Dağlıq Qarabağ Müharibəsindən sonra Azərbaycan Hadrut rayonundakı Toq kəndini nəzarətə götürdükdən sonra 69 yaşlı Larisa Xankəndiyə köçməyə məcbur qalıb.
Larisa 18 yaşlı oğlunu Birinci Qarabağ müharibəsi zamanı itirib. Qardaşı isə itkin düşüb.
Üzləşdiyi əziyyətlər barədə OC Media-ya danışan Larisa deyir ki, həyatda tamamilə tək qalıb. Qonşuların ona verdiyi televizor xarab olduğundan xəbərləri də izləyə bilmir.
Çörək növbələri
Laria “Dağlıq Qarabağ”la Ermənistanı birləşdirən yeganə yol bağlandığı üçün tədarükün böyük əksəriyyətinin bölgəyə çatmadığından şikayətlənir.
“Səhər yeddiyə qədər çörək növbəsində idim; insanlar bir-birini itələyir, mübahisə edir, dalaşırdılar. O qədər dözülməzdir ki, bütün gecəni orada durmaqdansa, ac qalmağı üstün tuturam. Mən kəndimə getmək istəyirəm. Azərbaycanlı, erməni və ya rusla yaşayacağam. Kəndi kimin idarə etməsinin mənim üçün fərqi yoxdur, sadəcə evimdə olmaq istəyirəm. Mən bu rütubətli zirzəmidə yaşamaq istəmirəm”.
Bölgənin kənd yerlərində az da olsa ərzaq və tərəvəz istehsal edilsə də, yanacağın olmaması, ictimai nəqliyyatın fəaliyyətini dayandırması yaşayış məntəqələri arasında əlaqəni kəsib və kənd təsərrüfatı məhsullarının şəhərlərə paylanması demək olar ki, qeyri-mümkündür. Bunun nəticəsində Xankəndidə əksər mağaza və supermarketlər aylardır bağlanıb.
Mağazalarda çörək olanda isə bu, yüzlərlə insandan ibarət uzun növbələr yaradır. Çörək almaq ümidi ilə həmin insanlar bəzən bütün gün növbəyə durmalı olurlar.
“Mən səhər saat dörddə çörək növbəsindən qayıtdım. Bütün gecə qucağımda körpə ilə orada dayanmışam”. Bu sözləri Xankəndidə yaşayan iki uşaq anası Anna Sarkisyan deyir.
“Siz mənim soyuducumu görə bilərsiniz; boşdur. Məndə yalnız çörək və bir neçə qaynadılmış kartof var. İki körpə uşağımın yeməyi yalnız bunlardır”.
Anna deyir ki, həm özünün, həm də uşaqlarının dərmana ehtiyacı olsa da, onlar artıq bitib.
Su çatışmazlığı
Ərzaq, yanacaq və dərman qıtlığı ilə yanaşı, bölgədə su çatışmazlığı da var.
Bölgəni elektrik enerjisi ilə təmin edən elektrik naqillərinin zədələnməsi ilə əlaqədar yanvarın əvvəlindən Ermənistandan elektrik enerjisinin verilməsi dayandırılıb. Su çatışmazlığı “Dağlıq Qarabağ”ın özünü enerji ilə təmin edə bilməsinə əngəl yaradır.
Həm su elektrik enerjisinə tələbatın artması, həm də yayın isti keçməsi nəticəsində tanınmamış respublikanın ən böyük su anbarı təhlükəli dərəcədə aşağı səviyyəyə çatıb. Bu həm də qışda elektrik enerjisi təminatının itirilməsi ilə nəticələnə bilər.
Humanitar yardım məsələsi nə yerdədir?
“Dağlıq Qarabağ”a sonuncu dəfə 15 iyunda Rusiya sülhməramlı qüvvələri humanitar yardım çatdırıb. O vaxtdan bəri həm sülhməramlılar, həm də Qırmızı Xaçın yarımlarının qarşısı Azərbaycan tərəfindən qarşısı kəsildiyi üçün bölgəyə heç bir ərzaq və dərman getməyib.
Ermənistanın isə iyul ayında Laçın sərhəd-buraxılış məntəqəsindən “Dağlıq Qarabağ”a humanitar yardım göndərməsinə Azərbaycan mane olub.
Azərbaycan həm də Fransanın Paris şəhər bələdiyyəsinin və bir neçə təşkilatın birgə göndərdiyi 10 yük maşınından ibarət humanitar yardım karvanının da Laçın sərhəd-buraxılış məntəqəsindən keçməsinə icazə verməyib.
Azərbaycan hökuməti yüklərin yalnız Azərbaycandan göndərilməli olduğunu və bunun üçün Ağdam-Xankəndi yolundan istifadə edilməli olduğunu bildirir. Bu məqsədlə Qızıl Aypara Cəmiyyətinin təşəbbüsü ilə 40 tonluq un məmulatları ilə dolu 2 yük maşını həmin əraziyə gətirilib.
Talonla çörək dövrü
27 avqustda “hakimiyyət” buğda və un ehtiyatlarının tezliklə tükənəcəyi barədə xəbərdarlıq edib.
“Hamınızı biganə qalmamağa, birlik və mərhəmət nümayiş etdirməyə, paytaxtda yaşayan soydaşlarımıza kömək etmək üçün buğda ehtiyatlarınızı satmağa çağırırıq”.
Bir həftə sonra isə “Dağlıq Qarabağ Respublikası”nın dövlət informasiya xidməti bildirib ki, rayon sakinlərinə çörək yalnız talonlar qarşılığında veriləcək. Adambaşına 200 qram çörək payı almaq üçün insanlardan şəxsiyyət vəsiqəsi və dövlət xidmətinin nömrələrini təqdim etmələri tələb olunur.
Çörək qıtlığı barədə hesabat
“Dağlıq Qarabağ”ın İnsan Haqları Müdafiəçisinin 25 avqustda yaydığı hesabatda yazılır: Çörək qıtlığı region əhalisini aclıq təhlükəsi ilə üz-üzə qoyur.
Hesabatda o da iddia olunub ki, Azərbaycan Silhalı Qüvvələrinin hərbçiləri kənd təsərrüfatı sahələrini və orada işləyən mülki şəxsləri hədəf alır, buğda biçini ilə bağlı problemlər yaradır.
Hesabatda qeyd olunub ki, bir sıra un dəyirmanları və çörək istehsal edən fabriklər yanacaq və elektrik enerjisi çatışmazlığı səbəbindən fəaliyyətini dayandırıb, çörək zavodları tələbata uyğun çörək bişirə bilmir.
Bu yazı OC Media ilə əməkdaşlığın tərkib hissəsidir. Mətnin orijinalını ingilis dilində buradan oxuya bilərsiniz.