Müəllif: Eto Buziashvili
Gürcüstan hökumətinin USAİD-i ölkədə iğtişaşları qızışdırmaq üçün təşkilatları maliyyələşdirməkdə ittiham etməsindən sonra, Rusiya və Azərbaycanda da hökumət mediaları anti-ABŞ narrativləri üçün bu iddialardan istifadə etməyə başladılar. Media orqanları bu iddiaları ABŞ-ı Qafqazda inqilabları qızışdırmaq və Azərbaycanda casus şəbəkəsi saxlamaqda ittiham etmək üçün əsas kimi istifadə etdilər. Bunun ardınca Azərbaycan hökuməti 6 jurnalisti həbs etdi ki, hökumət mediası onları, USAİD və vətəndaş cəmiyyəti təşkilatlarını “ABŞ-nın təxribat maşını”nın bir hissəsi olmaqda ittiham etməyə başladı.
DFRLab Gürcüstan hökumətinin ittihamlarından sonra Azərbaycan və Rusiyanın hökumət mediasında dərc olunan materiallar əsasında bu ölkələrin ABŞ əleyhinə olan narrativlərini analiz edib. Mikroskop Media həmin materialı Azərbaycan dilində təqdim edir.
Anti-ABŞ narrativlərinin Cənubi Qafqaz regionunda uzun tarixi var. Sovet İttifaqının dağılmasından sonra Kremli və Kremlinyönlülər Amerika Birləşmiş Ştatlarını Avrasiya regionunda inqilabları qızışdırmaqda ittiham etdilər.
2022-ci ildə ABŞ Dövlət Departamenti “inqilab planının hazırlanması” ittihamını demokratiya tərəfdarı hərəkatları hədəfə almaq və Birləşmiş Ştatların reputasiyasına xələl gətirmək niyyəti ilə Rusiyanın irəli sürdüyü ən davamlı dezinformasiya narrativlərindən biri kimi qiymətləndirib. Daha bir geniş yayılmış konspirasiya nəzəriyyəsi isə Vaşinqtonun regionda bioloji silahların hazırlanması üçün laboratoriyaları maliyyəşlədirməsi ilə bağlıdır.
2023-cü il Oktyabrın 2-də Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti bəyanat yayaraq iddia edib ki, Tətbiqi Qeyri-zorakı Fəaliyyət və Strategiyalar Mərkəzi (CANVAS) qeyri hökumət təşkilatı fəallara ölkə hökumətini devirmək üçün zorakılıq taktikası öyrətmək məqsədi ilə üç serb təlimçisini Gürcüstana gətirib. CANVAS Serbiyada mənzillənmiş qeyri hökumət təşkilatıdır və “insan haqları və demokratiyanın təbliği üçün qeyri-zorakı dirəniş”in öydərilməsinə fokuslanıb. Təşkilatın Gürcüstan və ABŞ da daxil olmaqla bir çox ölkədə ofisi var.
Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) iddiasına görə Serbiyalı təlimçilərin Gürcüstanda 2003-cü ildə baş tutmuş Qızılgül inqilabı, eləcə də Serbiya, Ukrayna və digər ölkələrdəki oxşar hadisələrlə də əlaqəsi var. DTX onu da qeyd edib ki, CANVAS-ı USAİD maliyyələşdirir.
Son 30 ildən çox vaxt ərzində USAİD dövlət qurumları da daxil olmaqla Gürcüstana yardım üçün 1.8 milyard dollardan çox vəsait ayırıb. CANVAS Gürcüstandakı bir çox Vətəndaş Hərəkatı İştirakı Proqramında iştirak edən qruplardan biri kimi USAİD-dən maddi dəstək alsa da, bu proqramın zorakı inqilabı təşviq etməsi barədə iddia ABŞ-ın Rusiyanın qonşu ölkələrində inqilab planlaşdırması ilə bağlı iddiaların son təcəssümüdür.
Bunlara cavabında ABŞ-ın Gürcüstandakı səfirliyi ittihamları rədd edib və bildirib ki, USAİD “CANVAS-la analara uşaqların xərçəng xəstəliyinin daha yaxşı müalicəsi barədə maarifləndirmə və öz icmalarındakı ahılların hüquqlarını müdafiə edən insanlara təlimlərin keçirilməsi üçün” əməkdaşlıq edib.
Rusiyanın hökumətyönlü mediaları nə deyir?
Kremlinyönlü və Kremlin maliyyələşdirdiyi mediaları Gürcüstan hökumətinin iddialarından Kremlinin uzun müddətdir davam etdirdiyi, ABŞ-ın Gürcüstan və başqa yerlərdə inqilabı qızışdırması ilə bağlı konspirasiyasını yenidən dövriyyəyə buraxmaq üçün istifadə edib. Həmin medialar bu iddiadan həm də ABŞ-ın Gürcüstanı müharibəyə sürüklədiyinə dair narrativləri yaymaq üçün istifadə edib. Müharibəyə sürükləmə iddiaları Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya hücumundan sonra ortaya çıxıb.
Gürcüstan DTX-nın ittihamlarına istinad edərək REN Tv iddia edib ki, Birləşmiş Ştatlar Rusiyanın sərhədlərində “ güclü fəaliyyətə” yenidən başlayıb və Rusiya ilə münaqişə ehtimalını artırmaq istəyir. Media həm də vurğulayır ki, USAİD-in administratoru Samanta Poverin Dağlıq Qarabağdakı son müdaxilə ərəfəsində Ermənistana səfəri də “diqqət çəkir”. Demək olar ki, eyni mətn daha sonra Sovet vaxtı məşhur olan bir televiziyanın saytı 5-tv.ru və oxşar kənar medialarda dərc olunub.
Tsaregrad.tv və Vestnik Kavkaza da ittihama əsaslanaraq, ABŞ-ın Cənubi Qafqaz regionunda USAİD vasitəsilə “təxribatçı” fəaliyyətlər həyata keçirdiyini, Gürcüstanda “rusiyapərəst hökumətə qarşı çevriliş” və Ermənistanda Moskvaya qarşı “bir sıra” addımlar atdığını iddia edib. Eyni zamanda, Lenta.ru ABŞ-ın “Rusiya ilə geosiyasi qarşıdurma” üçün Moldova və Gürcüstanda gərginliyi artırdığını iddia edib və onun daha böyük arealda sabitliyi pozmağa cəhd etdiyini yazıb.
Bu ittihamları gücləndirmək üçün “Lenta” Rusiya Xarici İşlər nazirinin müavini Aleksandr Qruşkoya və Kremlin təbliğat kanallarının tez-tez adını çəkdiyi ABŞ Dəniz Piyadaları Korpusunun keçmiş zabiti və BMT-nin silah təftişçisi Skott Ritterə istinad edib. iz.ru iddianı gücləndirərək yazıb ki, Qərb Rusiya əleyhinə Gürcüstanda ikinci cəbhə açmaq istəyir, çünki əks halda Ukraynanın müharibədə məğlub olacağına inanır. Buna görə də yazıda iddia olunub ki ABŞ-ın gürcülərə öz hökumətlərini devirmək üçün təlim keçir.
2023-cü il Oktybrın 2-də, Gürcüstan DTX-nın USAİD-ə qarşı ittihamları bəyan etdiyi gün Rusiya propaqandasının Gürcüstandakı ofisi, Sputnik “ABŞ-ın dəstəklədiyi inqilab” ittihamına həsr olunmuş ən azı 10 məqalə dərc edib. Sputnik digər yerli ofisləri də oxşar nümunədən istifadə edib və materialları onun əsasında hazırlayıb.
Azərbaycanın hökumətyönlü mediaları mövzunu necə “işıqlandırır”?
Oktyabrın 5-i, müstəqil media orqanı Mikroskop Media yazıb ki, hökumət nəzarətində olan Azərbaycan media orqanları oxşar məzmunlu məqalələrlə USAİD-i hədəf alıb. DFRLab-ın araşdırması ortaya çıxarıb ki, həm dövlət, həm də hökumət yönlü media orqanları ölkədəki qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyəti ilə bağlı ittihamları təkrar səsləndirmək üçün USAİD-ə qarşı ittihamları qabarıq şəkildə işıqlandırıb. Bu materiallarda deyilib ki, USAİD dövlət donoru yardımı adı altında fəaliyyət göstərsə də, əslində özünün gizli planını həyata keçirir və olduğu ölkənin siyasi hakimiyyətinə təzyiq göstərmək məqsədi daşıyan media orqanları və qeyri-hökumət təşkilatları şəbəkəsi yaradır.
Bunlarla yanaşı, həmin mediaların materialları onu da iddia edib ki, USAİD Azərbaycanın 44 günlük müharibədəki uğurunu dəyərsizləşdirməyə çalışan müharibə əlayhdarlarına dəstək ayırıb.
Dövlət və hökumətyönlü media orqanlarının məzmun analizi göstərib ki, onlar oxşar iddiaları yayıb. USAİD-in Gürcüstandakı fəaliyyəti ilə bağlı ittihamları gücləndirməklə yanaşı, Azərbaycan mediaları daha ümumi narrativlərdən istifadə edib ki, buna da REAL TV (“Yardım, yoxsa casus şəbəkəsi”), Space TV (“Dünyanın ‘USAID’ problemi”) və Xəzər TV-dəki (“USAİD adı həmişə qalmaqallarda olub”) reportajları misal göstərmək olar.
Azərbaycan media orqanları USAİD-in Qafqazdakı fəaliyyəti ilə bağlı əlavə ittihamlar da səsləndirib. Məsələn, Trend İnformasiya Agentliyi, APA, Qafqazinfo və dövlət media orqanı AzərTac da daxil olmaqla hamısı yazıb ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) alt bölməsi kimi fəaliyyət göstərən USAİD mənzilləndiyi ölkələrin daxili siyasətinə qarışmaqla öz fəaliyyətini ört basdır edir. Digər iddialarla yanaşı, bu materiallar USAID-in digər ölkənin daxili siyasətinə müdaxilə edərək “xaos, çevrilişlər və qeyri-sabitlik üçün münbit mühit” yaratmaq üçün istifadə edildiyinə dair ittihamları gücləndirib.
Medialarda paylaşılan məlumatlarda USAİD-ə qarşı ittihamlardan həm də hökumətin təhlükə hesab etdiyi vətəndaş cəmiyyəti və QHT-lərə qarşı alternativ ittihamları təbliğ etmək üçün istifadə olunub. Məsələn, bu mediaların bəziləri iddia edib ki, USAİD Azərbaycanı qarışdırmağa çalışıb, amma buna nail olmayıb. Digər ittiham isə feministləri, LGBTQ+ icmasını və müharibə əleyhdarı olan fəalları hədəf alıb və iddia edib ki, 2020-ci il Qarabağ müharibəsindən sonra xalqın hakimiyyətə dəstəyi artdığından ABŞ Azərbaycandakı “taktikasını dəyişib”. Mətnlərdəki digər ittihamlar USAİD-in “milli dəyərlər üçün daha böyük təhlükə olan” LGBTQ+ icmasını, “əxlaqsızlığı təbliğ edən” feministləri və “qələbəni gözdən salmağa çalışan” müharibə əleyhdarı fəalları maliyyələşdirməklə bağlı olub. DFRLab aşkarlayıb ki, iki xəbər agentliyi mövzunu tamamilə eyni mətnlə işıqlandırıb və bu mətni bir çox sayt yenidən nəşr edib.
Azərbaycanlı müstəqil jurnalistlər ABŞ əleyhinə yayılan xəbərlər fonunda həbs edilib
Həm Rusiya, həm də Azərbaycanın hökumətyönlü qurumları Gürcüstanın USAİD-ə qarşı ittihamlarından ABŞ-ı Qafqazda vətəndaş iğtişaşlarının təşkilində günahlandıran köhnə konspirasiya nəzəriyyələri təkrar etmək üçün istifadə etsə də, Azərbaycan mediası da onlardan yerli QHT-lər və Qərbdən maliyyə alan vətəndaş cəmiyyəti qruplarının fəaliyyətini şübhə altına almaq üçün bəhanə kimi istifadə edib.
Oktyabrda Gürcüstanın USAİD-lə bağlı ilkin ittihamlarından sonra noyabr ayı ərzində Azərbaycanın hökumətyönlü media orqanlarının anti-USAİD və anti-ABŞ məzmunlu, eləcə də ABŞ-ın ölkədə casus şəbəkəsi idarə etməsi ilə bağlı fərziyyələr daxil olmaqla materiallar artıb və reportajlardan biri “Ölkədə casus ovu başlayacaqmı?” başlığı ilə dərc olunub. İki həftə ərzində Azərbaycan hakimiyyəti müstəqil media orqanı Abzas Media ilə əməkdaşlıq edən 4 jurnalisti və digər müstəqil internet televiziyası – Kanal 13-ün iki jurnalistini həbs edib. Abzas Media jurnalistlərinə qarşı açılan cinayət işindən sonra hökumətyönlü media orqanları onları və başqa bir neçə vətəndaş cəmiyyəti qruplarını “ABŞ-nın təxribat maşını”nın tərkibi olmaqda ittiham edən materiallar paylaşıb.
Bununla yanaşı, prezident İlham Əliyevin xarici siyasət üzrə məsləhətçisi Hikmət Hacıyev USAİD administratoru Samanta Pover və onun Azərbaycanın Dağlıq Qarabağdakı ən sonuncu hərbi əməliyyatları ilə bağlı fikirlərini tənqid edib. “Maskanı çıxart!” – deyə o, tvitini yekunlaşdırıb. “Artıq Azərbaycanda USAİD-in əməliyyatlarına yer yoxdur!”
Materialda dekabrın 7-ə qədər baş tutan həbslərlə bağlı məlumatlar daxil edilib.