Müəlliflər: Ani Mejlumyan, Valentin Châtelet
Tərcümə: Mikroskop Media
Ötən ilin iyununda Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması ilə bağlı danışıqların getdiyi vaxtda həm də Fransanın Ermənistana ölümcül silah satması ilə bağlı təsdiqlənməmiş məlumatlar yayılıb. Azərbaycanın dövlət nəzarətində olan mediaları da daxil olmaqla, bir neçə ölkənin nəşrində paylaşılan və müzakirə olunan bu iddiaların sülh prosesinə necə təsir göstərdiyi qeyri-müəyyən olsa da sülh danışıqlarına təsir etmək və yaxud sarsıtmaq potensialına sahib idi.
Həmin vaxt Azərbaycan prezidenti İlham Əliyev Fransanın Ermənistanla inkişaf edən dostluq münasibətləri ilə bağlı təəssüfləndiyini bildirib. Daha sonra prezident Əliyev, 2023-cü ilin oktyabrında İspaniyanın Qranada şəhərində Fransa prezidenti Emanuel Makron, Ermənistanın Baş naziri Nikol Paşinyan, Avropa Şurası prezidenti Şarl Mişel və Almaniya Kansleri Olaf Şoltzun da iştirakı ilə baş tutacaq görüşə getməkdən imtina edib.
DFRLab Fransanın Ermənistana silah satması, “Azərbaycana qarşı proksi müharibəyə başlaması” iddialarının necə yayıldığını araşdırıb və bu iddianı tirajlayan Fransa medialarından birinin Azərbaycanla əlaqəsini aşkarlayıb.
Mikroskop Media DFRLab-ın araşdırmasını təqdim edir.
Silah satışı iddiası necə yayılıb?
2023-cü ilin aprelində Fransanın biznes sahəsində ixtisaslaşmış nəşri “Intelligence Online” bu ölkənin Yerevana müdafiə ateşesi təyin edəcəyini iddia edən material dərc edib və bunun ola biləcək nəticələrini araşdırıb. Növbəti həftələrdə “Intelligence Online”-da dərc olunmuş material təhrif olundu və internetdə yayılan səhv məlumatlarda qeyd olundu ki, artıq Fransa Ermənistanı öldürücü silahlarla təmin edir və bu silahlar Rusiya və ya İrana ötürülə bilər.
Azərbaycan mediaları, eləcə də rusdilli Azərbaycan Telegram kanalı olan “AZFront” bu iddiaları yaydı və Fransanı proksi müharibə yaratmaqda ittiham etdi. Eləcə də İsrailin “i24NEWS” televiziya kanalı “AZFRont” və digər mənbələrə istinadən bu iddianı işıqlandırıb.
“Intelligence Online” nəşrində həmin materialın dərc olunmasından bir müddət əvvəl, 2023-cü ilin aprelində Fransanın silah tədarükünə nəzarət edən dövlət orqanı olan Silahlanma üzrə Baş Nümayəndəliyinin (DGA) təmsilçiləri Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb. Aprelin sonunda isə Fransanın Xarici İşlər naziri Ketrin Kolonna Ermənistanda səfərdə olarkən yerli mətbuata açıqlamasında Fransanın Ermənistandakı səfirliyi nəzdində müdafiə missiyasının yaradılması barədə danışıb.
“Intelligence Online”nın elə bu vaxtda dərc etdiyi məqalədə yazılırdı ki, Fransa “həm arxayınlıq, həm də Moskva ilə təkbətək qalmamaq üçün, Ermənistana hərbi açılım verməyi üstün tutur”. Media bunu Fransa silahlarının ermənilər tərəfindən alınmasına nəzarət etmək üçün ikitərəfli silahlanma komitəsinin yaradılması ilə əsaslandırıb, amma həm də qeyd edib ki, Ermənistanın gərgin maliyyə vəziyyəti silah satın alınmasını məhdudlaşdıra bilər.
Məqalə onu da xatırladır ki, Ermənistanın keçmiş prezidenti Armen Sarkisyanın Fransanın hərbi şirkətləri ilə əvvəllər əlaqələri olub.
Azərbaycan Telegram kanallarında tirajlanan ittiham
2023-cü il 13 mayda Telegram kanalı “AZFront” Fransadan Ermənistana silahın ilk partiyasının, o cümlədən əlli zirehli transportyorun (BTR) artıq göndərildiyi barədə post paylaşıb. AZFront bu paylaşımında “Intelligence Online” nəşrinin məqaləsini də qeyd edib və bildirib ki, bu nəşr “Fransa xüsusi xidmət orqanlarının gizli ruporudur” (“негласный рупор спецслужб Франции”). “Telegram” kanalı həm də Rusiyanın IA REX və Ukrayna Müdafiə Kəşfiyyat İdarəsindən (GUR) olan mənbələrə istinad edib.
Mayın 15-i və 16-ı İsrailin televiziya kanalı i24NEWS Fransanı Ermənistana silah verməkdə ittiham edən və biri ingilis, biri fransız dilində olmaqla iki material yayımlayıb. Həm GUR, həm də “AZfront”a istinad edən bu materiallar iddia edib ki, Fransa silahlarının Ermənistana çatdırılmasından İran və ya Rusiya faydalana bilər.
“Böyük ehtimal Fransa silahları iranlıların əlinə keçəcək” – materiallardan birində deyilir.
Qarabağdakı ermənilərin hüquqlarını müdafiə edən onlayn bloq “Nouvelles d’Arménie Magazine” buna cavab olaraq i24NEWS telekanalının yayımını uydurma adlandırıb.
Bu iddialar daha sonra daha kiçik iki media tərəfindən də i24NEWS kanalına istinadla, eyni foto və oxşar başlıq yazılmaqla yayılıb. “Musulmans en France” nəşri məqaləni “Fransanın Cənubi Qafqazdakı siyasətinin əsl qazananı İran olacaq?” başlığı ilə, “La Gazette du Caucase” isə “Fransanın Cənubi Qafqazdakı təhlükəli siyasətindən İran faydalana bilər” başlığı ilə paylaşıb.
Linkedin hesabında qeyd olunan məlumata görə, hər iki saytın baş redaktoru Jan Mişel Brandır (Jean-Michel Brun).
Banner şəklinin “Musulmans en France”dakı metadatası göstərir ki, şəkil “Photoshop”da 18 may 2023-cü ildə yaradılıb. “La Gazette du Caucase” məqaləni elə həmin gün dərc edib, material “Musulmans en France”da bir gün sonra paylaşılıb. Metadata həm də göstərir ki, arxa fon şəkli generativ-AI alqoritmi Adobe Firefly istifadə edərək yaradılıb.
Bununla yanaşı “ La Gazette du Caucase” Azərbaycanın Trend İnformasiya Agentliyinin saytı trend.az ilə eyni Google AdSense kodunu paylaşdığından Fransa mediası bu agentliklə əlaqələndirilir. Eyni kod həm də Avstriyada mənzillənmiş və 2021-ci ildə yaradılmış Das Fazit (Nəticə) mediasında da görünür.
AdSense kodunun eyni olması nə deməkdir?
Google Adsense veb sayt sahibi olan şəxslərin Google vasitəsilə pul qazanmasına imkan verən platformadır. Google Adsense qeydiyyatdan keçməklə Google həmin veb saytda reklam yerləşdirə bilir və sayt sahibi də bundan pul qazana bilir. Hər hesab üçün ayrı Google Adsense kodu verilir. Eyni kodu naşir ya sahib olduğu, ya da nəzarət etdiyi bir neçə veb saytda istifadə edə bilir. DFRLab-ın “La Gazette du Caucase” və “Trend informasiya agentliyi”nin eyni kodu istifadə etdiyini aşkarlaması buna görə əhəmiyyətlidir.
Əlavə olaraq, La Gazette du Caucase ilə əlaqəli DNS qeydləri onun IP ünvanının Azərbaycanda yerləşdirildiyini göstərir. Jan-Mişel Brun tez-tez Azərbaycan xəbər kanallarında çıxış edir və “Fransada [Beynəlxalq Media Agentliyi] Trend tərəfindən təsis edilmiş “Lagazetteaz.fr” qəzetinin baş direktoru” kimi təqdim olunur.
i24NEWS məqaləsinin ingilis dilində olan versiyasını xarici siyasət şərhçisi Maykl Doran X platformasında daha geniş auditoriyaya yayıb və onun paylaşımı 63.000-dən çox baxış toplayıb.
Oxşar ittiham fərqli ölkələrin medialarında
“i24NEWS”da məqalələrin müəllifi Ariel Koqan həm də ABŞ mediası üçün “Fransanın İranın müttəfiqinə yardımı: İsrail və Ukrayna üçün ağır nəticələr” başlıqlı yazı dərc edib. Həmin məqalədə Koqan ABŞ-da yerləşən beynəlxalq təhlükəsizlik orqanı “Global Security Review”ə istinad edir və yazır:
“Fransa Azərbaycanın istifadə etdiyi, İsrail və Türkiyə istehsalı olan pilotsuz təyyarələrlə mübarizə aparmaq üçün Ermənistana “Mistral” zenit-raket komplekslərini təhvil verməyi ciddi şəkildə nəzərdən keçirir”.
Halbuki, “Global Security Review”-dəki məqalədə nə bu silahların verilməsinin ciddi nəzərdən keçirildiyi, nə də İsrail və Türkiyənin də qeyd olunur. Məqalə həmin silah sistemlərini yalnız potensial seçim kimi təqdim edir:
“Azərbaycanın təhdidlərinə qarşı çıxa bilmək üçün Yerevanın yeni IADS (inteqrasiya edilmiş hava hücumundan müdafiə sistemləri) üçün seçim Fransanın MANPADS-i Mistral ola bilər”.
Mayın 19-da “AZFront” Telegram kanalı “Fransanın Ermənistana silah tədarükü: Ukrayna və İsrailin maraqlarına zidd olaraq Rusiya Federasiyası və İranın əlinə oynayır” başlıqlı post paylaşıb. “BuzzSumo” link axtarışı sistemi müəyyən edib ki, “AZFront”un paylaşımına Azərbaycan, Bolqarıstan və Ukraynada fəaliyyət göstərən medialar istinad edib, amma onların sosial mediadakı çatımlılığı məhdud olub.
DFRLab-ın araşdırması zamanı AZFront Telegram kanalı bağlanıb, yenidən açılıb və bəzi postlar silinib. DFRLab “TGStat” vasitəsilə müəyyən edib ki, silinən postlar Fransa silahları ilə bağlı olan narrativləri yayan paylaşımlar olub. “TGStat” nəticələrinə görə, “AZFRont” 2023-cü ilin 13-24 may tarixləri aralığında ən azı 8 post paylaşıb.
Mayın 13-də “Kiyev narahatdır: Fransa Ermənistana silah tədarük etməyə başlayıb (AZfront eksklüziv)” başlıqlı ilk yazıda 50 ədəd BTR-nin çatdırılmasından bəhs edilir; bu post artıq silinib. Sonrakı yazılar isə bunlar olub:
- “Fransa silahlarının Ermənistana çatdırılması Parisin Moskva və Tehrana hədiyyəsidir” (16 may);
- “Fransadakı müsəlmanların ruporu: Fransa silahları Ermənistandan iranlılara gedəcək” (19 may);
- “Fransanın Ermənistana silah tədarükü: Ukrayna və İsrailin maraqlarına zidd olaraq Rusiya Federasiyası və İranın əlinə oynayır” (19 may) və digərləri.
Bundan başqa Ukrayna müxalifətinin yayım orqanı olan “Channel 5” də mayın 15-də “Kiyev narahatdır: Fransa Ermənistanı silahla təchiz etməyə başlayıb – Azfront” başlıqlı məqalə dərc edib. Media iddia edib ki, Rusiya Fransa silahlarını Ukraynaya əks-hücum üçün istifadə edə bilər. Eyni iddianı Litva media orqanı “Alfa.lt”də oxşar başlıqla paylaşıb: “Kiyev narahatdır: Fransa Ermənistanı silahla təchiz etməyə başlayıb.”
Əlavə olaraq, Ruminyanın 3 media orqanı – əvvəllər dezinformasiya yaymış media da daxil olmaqla – Alfa.lt saytındakına oxşar başlıqla və “Channel 5” ilə eyni mənbələrə istinad edərək məqalələr paylaşıb.
Azərbaycan dövlət televiziyası Fransanı proksi müharibə yaratmaqda ittiham edir
2023-cü il mayın 13-də Azərbaycanda dövlətin maliyyələşdirdiyi telekanallar AZTV və İTV, eləcə də özəl televiziya kanalı ATV (Azad Azərbaycan) “Fransa proksi müharibəyə başlayıb” başlıqlı reportaj yayımlayıb. Materiallarda mayın 12-də Qarabağda çəkildiyi iddia edilən partlayışı əks etdirən dron kadrları yayımlanıb. Həm AZTV, həm də ATV iddia edib ki, həmin kadrlarda ermənilərə təlim keçmək üçün göndərilən fransız hərbi təlimçilər əks olunub. Reportajdakı kadrlarda yalnız bir şəxsə diqqət yetilir, onun partlayışdan sonrakı davranışı təhlil edilir və kadrlardakı digər iki şəxsdən fərqli olaraq həmin 1 nəfərin “peşəkar” və “yerdə sürünərkən səbrli” davrandığı vurğulanır.
“Onun davranışında NATO standartlarına uyğun olaraq nəzərəçarpacaq dərəcədə yüksək hazırlıq səviyyəsini görmək olar”, – AZTV aparıcısı bildirib.
Video 2021-ci ildə yaradılmış və Azərbaycana məxsus Global Media Group-un nəzdində erməni, ingilis və rus dillərində fəaliyyət göstərən Caliber xəbər saytında yaradılıb. Caliber bildirib ki, onlar görüntünü özləri əldə edib. Azərbaycanın digər media orqanları da Caliber-in X platformasındakı paylaşımı ilə həddindən artıq oxşar dildən istifadə edərək bu iddianı yayıblar.
DFRLab əvvəlki araşdırması aşkarlamışdı ki, Caliber Telegram kanalı Dağlıq Qarabağdakı döyüşlər zamanı nifrət nitqi yayan Telegram kanallarından qrupda olub.
Meta-nın CrowdTangle adlı axtarış alətinin verdiyi nəticələrə görə, video may ayı ərzində Instagram və Facebook-da ən azı 24 dəfə paylaşılıb və ümumilikdə 2680 reaksiya alıb.
Azərbaycan media orqanlarının və sonrakı sosial media hesablarının paylaşımları Fransanın proksi müharibə başlatması iddiasını dəstəkləyəcək sübut göstərmir. Sübut kimi təqdim olunan yalnız Caliber-in paylaşdığı videodur.
Bu iddiaların sülh prosesinə necə təsir etdiyi hələ də məlum olmasa da, amma bunun sülh danışıqlarına zərbə vurmaq potensialı var.
Nə baş verib?
Azərbaycanla Ermənistan arasında 2020-ci ildə davam edən 44 günlük müharibədən sonra uzun müddətdir sülh danışıqları barədə müzakirələr getsə də yekun nəticə əldə olunmayıb. Sonuncu dəfə 2023-cü ilin iyununda danışıqların davam etdiyi vaxtda Fransanın Ermənistana silah satması barədə təsdiqlənməmiş məlumatlar yayılıb. Bu narrativlər həm də heç bir sübut olmadan spekulyasiya edirdi ki, Fransa silahları Rusiya və ya İrana transfer edilə bilər.
İlham Aliyevin Qranada görüşündən imtinası ilə yanaşı Azərbaycan Prezident Administrasiyası bəyanat yayıb:
“Fransanın Ermənistana silah verməsi sülhə xidmət etmək deyil, regionda yeni münaqişə alovlandırmaq niyyətidir və əgər regionda yenu münaqişə yaranarsa, buna səbəb olduğuna görə Fransa məsuliyyət daşıyacaq”.
2023-cü ilin sentyabrında Azərbaycan Dağlıq Qarabağda “anti-terror əməliyyatı” keçirdiyini açıqlayıb. 10 aydan çox davam edən blokadadan sonra Dağlıq Qarabağdakı əraziyə də tam nəzarət Azərbaycan ordusuna keçib və buradakı etnik erməni əhalinin böyük hissəsi buranı tərk edərək Ermənistana gedib.
Sentyabrın 27-də Fransa elan edib ki, Ermənistanın cənubunda, Sünik rayonunda konsulluq açıla bilər. Bir həftə sonra isə Azərbaycana qarşı müdafiə qalxanını gücləndirmək üçün Ermənsitanın müdafiə silahları ilə təmin oluna biləcəyini bəyan edib. Oktyabrın 23-də Ermənistan və Fransa silah tədarükü üçün müdafiə sahəsində əməkdaşlığa imza atıblar.
Mikroskop Media 2023-cü ilin oktyabr ayında Fransa Ermənistana silah satacağını açıqladıqdan sonra Azərbaycanda hökümət yönümlü medianın məsələni necə işıqlandırdığını araşdırmışdı. Materialı buradan oxuya bilərsiniz.