Həftələrdir ki, Gürcüstan parlamenti “Xarici təsirin şəffaflığı haqqında” Qanun layihəsini müzakirə edir. Bu müzakirə həm parlament daxilində yumruq döyüşləri, müxalif deputatlar təhlükəsizlik yoxlamasından keçənə qədər baş tutmuş tələsik səsvermə, həm də küçədə minlərlə insanın etiraz aksiyaları ilə müşayiət olunur.
Mayın 28-də hakim Gürcü Arzusu partiyası “Rus qanunu” kimi də tanınan layihənin parlamentdən keçməsinə nail ola bildi.
Qanuna qarşı etiraz aksiyalarında iştirak edən onlarla jurnalist və vətəndaş cəmiyyəti fəalı isə bu günlər ərzində bəzilərinə qarşı fiziki zorakılıq da daxil olmaqla, müxtəlif növ təzyiqlərlə üzləşib. Onların fotoları əks olunan və üzərində “xarici agent” və ya “vətən xaini” yazılan posterlər evlərinin və iş yerlərinin yaxınlığındakı divarlara yapışdırılıb və hətta onlara naməlum şəxslərdən təhdid və təhqir məzmunlu telefon zəngləri gəlməyə başlayıb.
Onlara zənglər təkcə Gürcüstan mobil operatorlarına məxsus nömrələrdən yox, həm də Azərbaycan, Türkiyə, Ukrayna və hətta Sinqapur nömrələrindən gəlib.
OCCRP və iFact əməkdaşları Azərbaycan və gürcü nömrələrindən jurnalist və fəallara edilən təhdid zənglərini kimin etdiyini və bunun necə baş tutduğunu araşdırıb. Reportyorlar həmin təhdid qurbanlarından telefon nömrələrini alıb və bu zənglərin arxasında kimin dayandığını öyrənmək üçün onlara zəng edib.
Kimlərə zəng gəlir?
10 gün əvvəl Edo Cavaxidze tanımadığı nömrədən gələn zəngə cavab verəndə “xarici agent” qanununa qarşı olduğuna görə saysız-hesabsız söyüşlər eşitməyə başlayıb. Həm Edo, həm də onunla həmfikir gürcülər hesab edir ki, bu qanunun qəbulu Gürcüstanı Rusiya kimi avtokratiyaya çevirə bilər, ona görə də etiraz aksiyalarında iştirak edirlər.
Telefondakı naməlum şəxsin vulqar sözlərini daha sonra təhdidlər əvəz etsə də həmin şəxslər bununla yekunlaşmayıb. “Söhbətin” davamında o, Cavaxidzenin ölmüş atasının adını çəkib, onu belə oğul yetişdirdiyinə görə söyüb.
Daha bir detal: Zəng edən şəxs Edoya rəsmi sənəddəki adı – Eldar adı ilə müraciət edib. Cavaxidze isə deyir ki, ətrafındakı hər kəs illərdir onu Edo kimi tanıyır və heç kim ona Eldar adı ilə xitab etmir.
Zəng edənlərin onun barəsində bütün məlumatlara sahib olduğunu deyən Edo hesab edir ki, bunun arxasında hökumət dayanır: “Bu, terrordur” o deyir.
Cavaxizde bu qanuna qarşı çıxanları susdurmaq üçün təhdid məzmunlu telefon zəngləri alan onlarla etirazçı, fəal və jurnalistdən sadəcə biridir. Gürcüstanda özəl ali məktəbdə müəllim kimi çalışan Davit Breqadze özü, həyat yoldaşı və anası da oxşar zənglər alıb, onların hamısı təhqir olunub:
“Mənə ilk zənglər Ukrayna və Sinqapur nömrələrindən gəlirdi. Səhv etmirəmsə, onların arasında Azərbaycan nömrəsi də var idi, qalanların hamısı Gürcüstan nömrələri idi” – Breqadze OCCRP-ə deyib.
Etiraz aksiyalarının daha bir iştirakçısı Salome Çxaidze OCCRP-ə deyib ki, ona tanımadığı Azərbaycan nömrəsindən zəng gəlib və həmin şəxs gürcü dilində danışıb. Daha sonra Salome həmin nömrəyə özü zəng etsə də operator rusca danışıb və zəng kəsilib.
Müxalif Vahid Milli Hərəkat Partiyasının Vətəndaş İnteqrasiyası katibi Edo Javakhidze hesab edir ki, bu təhdid zənglərinin arxasında hökumət dayanır.
Gürcüstanın Daxili İşlər Nazirliyi OCCRP-nin sorğusunu cavablandırmayıb.
Təhdid zənglərinin gəldiyi Azərbaycan nömrələri kimə məxsusdur?
OCCRP əməkdaşları həmin Azərbaycan nömrələrini toplayıb və onların kimə məxsus olduğunu və bu zəngləri kimlərin etdiyini öyrənməyə çalışıb. Həmin telefon nömrələrinin hamısı Bakcell mobil operatoruna məxsusdur. Onların bir qismində ölkə kodundan sonra “005”, “004” və ya “006” ilə başlayan nömrələr görünüb ki, onlara geri zəng edilsə də hazırda aktiv olmadığı məlum olub.
Digər telefon nömrələrini araşdıranda isə məlum olub ki, onlar sıravi vətəndaşlara məxsusdur və biləndə ki, onların nömrəsindən təhdid zəngləri edilib buna təəccübləniblər.
“Mən bu nömrəni iki gün əvvəl almışam. Mənim belə şeylərlə əlaqəm yoxdur. Heç evdən çıxmıram” – azərbaycanlı qadın OCCRP əməkdaşı ilə söhbətində deyir.
Azərbaycan vətəndaşı olan 84 yaşlı Kapitolina Sergeyevna da gürcü fəal Nina Tuquşiyə zəng etmədiyini, əksinə özünün gürcü nömrələrindən zəng aldığını deyib.
“And içirəm ki, mən zəng etməmişəm” – o deyib və əlavə edir ki, gürcü dilində danışan şəxslərdən qəribə zənglər alır.
“Gürcü dilində danışdı, mən dedim ki, başa düşmürəm və dəstəyi asdı. Müxtəlif nömrələrdən zəng edirlər. Bir nəfər dedi ki, ona məndən zəng gedib, mən isə bildirdim ki, bu, mümkün deyil” – Sergeyevna OCCRP-ə deyib.
Bakcell nə deyir?
Bakcell mobil operatoru OCCRP-ə açıqlamasında bildirib ki, onlar da Gürcüstan mobil operatorları ilə birlikdə araşdırma aparıb və aşkarlayıblar ki, həmin zənglər zamanı aldatma metodu kimi “CLİ Spoofing” istifadə olunur və mobil operatorların bu zənglərə nəzarəti yoxdur.
CLİ Spoofing və ya saxta adla zəng etmə nədir, necə edilir?
Gürcüstanın Şəxsi Məlumatların Qorunması Xidməti bir neçə gün əvvəl məlumat yayıb ki, qurum 3 mobil operatoru ilə bağlı yerində yoxlama aparıb.
“Ortaya çıxıb ki, saxta adla zəngdən istifadə edilib” – deyə agentlik bildirib və əlavə edib ki, mobil operator şirkətlərinin bu cür zənglər üzərində nəzarəti olmayıb. Agentliyin açıqlamasına görə, zəng edənlər vətəndaşları qorxutmaq məqsədilə təhdid və təhqir etdiyindən iş Gürcüstan Prokurorluğuna göndərilib.
Saxta adla zəng etmə bunu edən şəxsə imkan verir ki, zəng edilənin telefonunda görünən informasiyanı qəsdən saxtalaşdırsın. Yəni, zəng gələndə telefonun monitorunda görünən nömrə əslində istifadə edilən telefon nömrəsindən tamamilə fərqli olur.
Gürcüstan nömrələrindən kim zəng edir?
Jurnalistlər təhdid zəngləri edən gürcü nömrələri ilə də əlaqə saxlamağa çalışıb. 26 nömrədən 20-inə edilən zəng nəticəsiz qalıb, çünki operator həmin nömrənin aktiv olmadığını, ləğv edildiyini deyib.
Digərlər nörmələrdən birinə zəngə cavab verən şəxs deyib ki, o, Davit Breqadzeni tanımır və ona zəng etməyib.
“Mən bu nömrəni 14 mayda “Magti”dən almışam və heç kimə zəng etməmişəm. Dediyiniz şəxsi də tanımıram” – o, OCCRP əməkdaşına deyib.
“Rus qanunu” nədir?
“Xarici Təsirin Şəffaflığı haqqında” Qanun, əhali arasında “Rus qanunu” kimi tanınan layihənin müzakirəsi həftələrlə parlamentdə davam edib. Aprel ayındakı birinci oxunuşda qəbul olunmasından sonra kütləvi etiraz aksiyaları daha da artıb və etirazçılar layihənin ləğv olunmasını tələb edib.
Qanun parlamentdə bütün oxunuşlardan keçib qəbul olunandan sonra ölkə prezidenti Salome Zurabişvili ona veto qoyub və yenidən baxılması üçün layihəni Baş nazirə geri qaytarıb. Lakin 28 mayda parlament həmin vetonu ləğv edərək qanunu qəbul edib.
Qanun qüvvəyə minəndən sonra, Gürcüstanın xaricdən maliyyələşən müstəqil media orqanları və qeyri-hökumət təşkilatlarından “xarici qüvvələrin maraqlarını güdən” subyektlər kimi qeydiyyatdan keçmələri tələb olunacaq və bu, onları hökumətin tam nəzarəti altına salacaq. Oxşar qanun bir neçə il əvvəl Rusiyada qəbul olunub və tətbiq olunur.