Bir ilə yaxındır ki, Azərbaycan BMT-nin İqlim Konfransı COP29-u keçirmək üçün hazırlıqlara başlayıb. Bu hazırlıqlar əsasən tədbirin keçiriləcəyi məkanda hazırlıq və yenidənqurma işləri, və bir neçə həftə əvvəl elan olunmağa başlanan məhdudiyyətlər olub. Bu müddət ərzində həm də beynəlxalq ictimaiyyət iqlim dəyişikliyinin dünya liderləri tərəfindən müzakirə olunduğu konfransa ev sahibliyinin daha bir neft ölkəsinə verilməsini tənqid edib. Amma Azərbaycanda həmin vaxt ərzində tənqid olunacaq daha bir şey də var idi – son illərdə müşahidə olunan ən böyük həbs dalğasından biri.
Ötən ilin noyabrından başlayaraq ölkədə fəaliyyət göstərən onlarla jurnalist, siyasi fəal, sülh fəalı həbs olundu və onlara qarşı cinayət işi açıldı. Siyasi Məhbusların Azadlığı Uğrunda İttifaqın açıqlamasına görə, hazırda Azərbaycanda 319 siyasi məhbus var ki, onlar arasında jurnalistlər, siyasətçilər, siyasi fəallar, professorlar var.
Hazırda hökumət COP29-u, həbsdə olanlar isə məhkəmə prosesinin nə vaxt başlayacağını gözləyir. Prezident İlham Əliyev isə COP29-a ev sahibliyi imkanının Azərbaycana verilməsini “hörmət əlaməti” hesab edir:
“Biz bunu beynəlxalq ictimaiyyətin Azərbaycana və gördüyümüz işlərə, o cümlədən yaşıl enerji sahəsindəki fəaliyyətimizə hörmətinin əlaməti hesab edirik”.
Həm siyasi repressiya, həm də enerji ölkəsi – Azərbaycan
Azərbaycan hökuməti yaşıl enerji ilə bağlı proyektlərə başlasa da hələ də ölkənin dövlət büdcəsinin əsas gəlir mənbəyi neft-qaz satışından əldə olunan gəlirdir. 2020-ci il 31 dekabrdan başlayaraq Azərbaycan İtaliya, Yunanıstan və Bolqarıstan Trans Adriatik Boru xətti (TAP) vasitəsilə qaz ixrac etməyə başlayıb. Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci ildə ixrac olunan qazın həcmi 6,1 milyard kubmetr olub və 2022-ci ildə bu rəqəm 8,21 milyard kubmetrə qalxıb. Hökumət hesab edir ki, 2027-ci ilə qədər ixracın həcmi 20 milyard kubmetrə çatdırıla bilər.
NİDA vətəndaş hərəkatının üzvü Araz Əliyev isə hesab edir ki, məhz bu enerji ticarəti Azərbaycandakı repressiyaları görünməz edir:
“Rusiya-Ukrayna müharibəsi fonunda Azərbaycan özünü Avropanın enerjisi təchizaçtısına çevrildiyini düşünür və Avropanın enerji təhlükəsizliyi Azərbaycanın önəmi artmağa başlayır. Bu, Azərbaycan hakimiyyətinə də daha çox imkan verir ki, ölkə daxilindəki demokratika azadlıqları, demokratik qrupları, o cümlədən vətəndaş cəmiyyəti fəallarını və hətta azad medianı açıq-aşkar susdursun. Çünki bunların müdafiəçisi olan beynəlxalq təşkilatlar, o cümlədən Qərb dövlətləri, sırf enerji məsələsinə görə hakimiyyətə güzəştə getməyə başlayırlar. Azərbaycanın enerjisinə olan ehtiyac sanki ölkə daxilindəki həbsləri, repressiyaları görünməz edir”. – Araz Əliyev vurğulayır.
Noyabr ayından başlayaraq davam edən həbs dalğası zamanı 10-dan jurnalist saxlanılıb və onların bir qisminin ittiham olunduğu maddələr sonradan ağırlaşdırılıb. Hazırda o jurnalistləri azı 7-12 il azadlıqdan məhrumetmə cəzası gözləyir. Müstəqil media və jurnalistlərə qarşı siyasi təzyiq və həbs təhlükəsi davam etsə də hələ də bəzi müstəqil jurnalistlər ölkədəki fəaliyyətini davam etdirir.
Jurnalist Ülviyyə Əli deyir ki, o, 2013-cü ildə də ölkədə çox ağır repressiya dövrü olub:
“Ondan sonra 2014-cü ildə QHT-lərə qarşı repressiyalar oldu. Bunları artıq görmüşəm. İndiki dövrdə prosesə qoşulan insanlar üçün bu, qorxulu gələ bilir ki, bu qədər həbslər baş verir, amma mənim yadımdadır ki, 2013-2014-cü illərdə də oxşar şeylər baş verirdi”.
Jurnalistin sözlərinə görə, Azərbaycanda müstəqil jurnalist kimi fəaliyyət göstərmək həmişə təzyiq altında olmaq deməkdir:
“Sadəcə əvvəllər məhkəməyə gedib rahat çəkiliş edə bilirdinsə, indi vəziyyət fərqlidir. Polis cərgəsi həm jurnalistlərin həm də məhkəməyə gətirilən şəxsin önünü kəsir. Bu tipli maneələr var”.
Yaşıl enerji layihlərinin tərkib hissəsi kimi isə Azərbaycan Birləşmiş Ərəb Əmirliklərinin Masdar şirkəti və Səudiyyə Ərəbistanının ACWA Power şirkətləri ilə müqavilələr imzalayıb. Bu enerji də Avropaya satılacaq.
Milyardlarla dollar gəlir gətirən neft-qaz istehsalı hansı pozuntular hesabına başa gəlir?
Lakin dövlət büdcəsinin əsas hissəsini təşkil edən neft-qazın çıxarılması zamanı işçilərin hüquqları pozulur və neftlə çirklənmiş ərazilərdə yaşayan insanların sağlamlığına ziyan dəyir. Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı deyir ki, neft-qaz çıxarılması zamanı hər il bədbəxt hadisə baş verir, amma qohumbazlıq imkan verir ki, səbəbkarlar cəzasız qalsın.
“Neft sahəsində insanlar ölə bilir. 2015-ci ildə ən dəhşətli qəza baş verdi 10-cu platformada və 30-dan çox insan öldü, 15 nəfərin cəsədi tapılmadı. 2016-cı ildə Nərimanovda 16 nəfər itmişdi. Buna görə heç kim cəzalanmadı, amma halbuki cinayət olmuşdu. Bunu yalnız bizim ekspertlər araşdırdı ki, qəza niyə baş verdi. Amma hökumət və prokurorluq bunun səbəbini açıqlamadı” – M.Qəhrəmanlı müsahibəsində deyir.
Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı (NHMT) hər il neft-qaz istehsalı, bu zaman işçilərin hüquqlarının pozulması və ətraf mühitin çirklənməsi ilə bağlı apardığı monitorinq nəticələrini hesabat kimi dərc edir. Təşkilatın 2023-cü ilə dair hesabatında deyilir ki, zərərli maddələrin birbaşa dənizə axıdıldığı müşahidə olunub:
“Neft Daşlarında estakada meydançalarında neft, qaz, su, mexaniki qarışıqlar neft çənlərinə yığılır oradan da nasoslar vasitəsilə neft yığım çənləri parkına ötürülür. Monitorinq zamanı müşahidə olundu ki, meydançada yerləşən neft yığım çənlərinin dibində yığılan çöküntü və lay sularından təmizləmək üçün, çənin alt hissəsində olan siyirtmə açılıb həmin zərərli maddələr birbaşa dənizə axıdılıb”. – hesabatda qeyd olunub.
Təşkilatın sədrinin sözlərinə görə, neft-qaz istehsalında tək problem ətraf mühitin çirklənməsi yox, həm də işçilərin həyatına təhülkə yarada biləcək köhnəlmiş texnikadan istifadə edilməsidir.
“Məsələn, köhnə helikopterlərdən istifadə edirlər deyə bu yaxınlarda az qala 20 işçi həlak olacaqdı. İstifadə olunan helikopterlər 60-cı illərin istehsalıdır, amma rəhbərlik üçün 8 nəfərlik təzə vertolyotlar istifadə edirlər” – o, müsahibəsində deyir.
NMHT-nin sonuncu hesabatında işçilərin üzləşdiyi əsas çətinliklərin bir qismi:
- “Bahar Energy” Əməliyyat Şirkətində 1 ildən çox müddət ərzində işçilərin maaşı mütəmadi gecikib
- Türkiyə şirkəti olan “İLK İnşaat”ın Azərbaycan filialındakı işçilərə 3 aydan çox maaş verilməyib
- “Şirvan” Əməliyyat Şirkətində çalışan işçi qəza keçirib və nəticədə azı 2 barmağını itirsə də ona kömək edən olmayıb
- İşçilər bəzi hallarda siyasi fikirlərinə görə təqib olunur və işdən çıxarılır
Mirvari Qəhrəmanlı deyir ki, ölkədə COP-a hazırlıq gedir deyə bəzi işlər görülsə də, o, COP-un Azərbaycandakı ətraf mühit problemlərinə müsbət təsir edəcəyinə inanmır:
“Tək xeyri odur ki, dənizin üstü tərtəmizdir. Əvvəllər çox çirkli olurdu. Mən öz nəvələrimi dənizə getməyə qoymuram. COP29-un işçilərin hüquqlarına bir aidiyyatı yoxdur. Bilmirəm ki, COP29-dan sonra bu necə davam edəcək. Çox arzulayardım ki, indiki vəziyyət, dənizin üzərinin təmizliyi həmişə davam etsin.”
COP29-un qazananı kimdir; hökumət, yoxsa vətəndaşlar?
COP29 Azərbaycanda keçirilən ilk beynəxlalq tədbir deyil və ən azından Formula 1 ilə davam edən müqaviləyə əsasən ethimal etmək olar ki, sonuncu da olmayacaq. COP290dan öncəki illərdə ölkədə Avropa Olimpiya Oyunları, İslam Həmrəyliyi Oyunları kimi tədbirlərə də Azərbaycan ev sahibliyi edib. Formula 1 isə 2016-cı ildən hər il keçirilir və 2023-cü ildə müqavilə 2026-cı ilə qədər uzadılıb.
Bu tədbirlər zamanı da ölkədə təzyiq və təqib davam edib. 2011-ci ildə isə Azərbaycan “Eurovision” mahnı müsabiqəsində qalib olandan sonra bu hətta adi insanların da həyatına təsir edib. Müsabiqənin 2012-ci ildə Bakıda keçiriləcəyi Crystal Hall-un tikintisi üçün onun olduğu ərazidə yaşayan insanların mülkiyyət hüququ pozulub.
Siyasi fəallar həmin vaxt siyasi məhbusların azadlığa buraxılması tələbi ilə aksiya keçirib. “Demokratiya üçün Oxu” layihəsi və İctimai Palata siyasi blokunun aparıcı olduğu həmin aksiyalar daha çox adamın saxlanılması, həbsə atılması ilə nəticələnib. ATƏT-in həmin şəxslərin azadlığa buraxılması ilə bağlı tələbinə də Azərbaycan hökuməti məhəl qoymayıb.
Bütün bu tədbirlərin sıravi Bakı sakinləri, Azərbaycanın adi vətəndaşları üçün ortaq olan tərəfi odur ki, hər belə tədbir onların gündəlik həyatını dəyişdirir. Məsələn, hər il Formula 1 yarışları üçün salının Bakı Şəhər Halqasının hazırlanması üçün şəhər əsas mərkəzi küçələri bağlanır, piyada gediş-gəlişi çətinləşir. Bir neçə həftə davam edən bu çətinlik artıq 8 ildir ki, Bakıdakı həyatın bir parçasına çevrilib.
Bu dəfə isə oxşar vəziyyət, hətta daha ciddi məhdudiyyətlər COP29 zamanı müşahidə olunacaq. Tədbirin tarixi yaxınlaşdıqca, hökumət tədbirin keçiriləcəyi günlərdə tətbiq olunacaq məhdudiyyətləri artıq açıqlamağa başlayıb. Bildirilib ki, şəhərə gediş-gəliş üçün bəzi alternativ yollardan istifadə olunmalıdır. Bununla yanaşı tələbələr, şagirdlər noyabr ayı ərzində distant təhsil alacaq, bəzi dövlət qurumlarının əməkdaşları evdən işləyəcək.
Tədbirə hazırlıq təkcə adi insanlar üçün elan olunan məhdudiyyətlər, vətəndaş cəmiyyəti üçün başlayan həbs dalğası ilə yekunlaşmır. Sentyabrdan başlayaraq COP29-un korporativ tərəfdaşlarının adları açıqlanmağa başlanıb. Lakin OCCRP-nin sonuncu araşdırmasında məlum olub ki, həmin tərəfdaş şirkətlər birinci ailəyə o qədər də uzaq deyil.
Hökumət tədbirdən gəlir əldə etməyi gözləsə də, bir çox Bakı sakini yalnız tədbirin bitməsini gözləyir ki, normal gündəlik rejimlərinə qayıda bilsinlər.
Bu material JournalismFund Europe tərəfindən verilən dəstək əsasında hazırlanıb.