2022-ci ilin 7 aprelində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “Şuşa İli”nə həsr etdiyi qrant müsabiqəsini elan edir. İyunun 28-də isə Şuşa şəhərində müsabiqənin nəticələrini açıqlayır. Ümumi büdcəsi 585 min manatdan artıq olan müsabiqədən 22 QHT qalib çıxır.
Hələ müsabiqənin nəticələri elan ediləndə Mikroskop Media həmin layihələrin bəzilərini qeyd etmişdi. Hökumətin nəzarətindəki medialar mütəmadi olaraq müstəqil mediaları xaricdən qrant aldığı üçün ittiham etdiyi bu günlərdə Mikroskop Media dövlətin ayırdığı qrant layihələrinin necə icra edildiyini və həmin 100 minlərlə manatın hansı layihələrə xərcləndiyini araşdırıb.
shushainfo.com saytına daxil olsanız görərsiniz ki, bu sayt artıq çoxdan öz təyinatından kənara çıxıb. Sədri Anar Xəlilov olan “Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyinə məxsus sayt hazırda Azərbaycan hakimiyyətinin tezisləri ilə xəbərlər dərc edir.
22 570 manatlıq layihənin ilk ideyası Şuşa barədə virtual mərkəz yaratmaq olsa da, sonradan xəbər portalı kimi fəaliyyət göstərməyə başlayıb.
İctimai birlik Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mütəmadi olaraq qrant ayırdığı təşkilatlardandır.
İctimai birlik Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mütəmadi olaraq qrant ayırdığı təşkilatlardandır.
2021-ci il
İnsan alverinə qarşı mübarizə üzrə ictimai müzakirələrin təşkil edilməsinə dair video çarxların hazırlanması
9 800 manat
2023-cü il
“Şuşaya qayıdış” internet resursları üçün video çarxların hazırlanması
8 000 manat
2024-cü il
“İnsan alveri əleyhinə maarifləndirmə”
10 000 manat
Təsəvvür edin ki, Dövlət Agentliyisiniz və sizə bir layihə təqdim edilir. “Azərbaycanda təhsil alan xarici tələbələri “Biz Şuşanın səfiriyik!” sözlərini deyəcək, Şuşanı gəzəcək, bütün bunlar videoya çəkiləcək və bunun üçün 25 min manatdan artıq pul istəyirik”. Cavabınız nə olardı? Bu layihə QHT-lərə dəstək agentliyinin ağlına batıb. Layihə qalib olub. Xarici tələbələrin 20 dəqiqə ərzində “Biz Şuşanın səfiriyik!” sözünü deməsi üçün “İqtisadi və Sosial Araşdırmalara Yardım” İctimai Birliyinin sədri Əyyub Kərimov 25 350 manat dövlət dəstəyi alıb.
Video qara fonda Şuşanın işğal edilməsi barədə olan ağ rəngli mətnlə başlayır və bu yazılar 2 dəqiqəyə qədər davam edir.
Ümumilikdə 36 ölkədən 44 nəfər xarici tələbə “Biz Şuşanın səfiriyik!” sözlərini deyib. “Sənədli film” kimi təqdim edilən video barədə deyilir ki, o, beynəlxalq media qurumları vasitəsi ilə paylaşılacaq. Lakin videonu internetdə ingiliscə “We are the ambassadors of Shusha” cümləsi ilə axtaranda hər hansı xarici mediada paylaşıma rast gəlinmir.
“İqtisadi və Sosial Araşdırmalara Yardım” ictimai birliyi də QHT-lərə dəstək agentliyinin “sevimli” təşkilatdır.
2021-ci il
Plastik və polietilen qablaşdırmaların sağlamlığa və ekologiyaya zərərləri barədə maarifləndirmə tədbirlərinin keçirilməsi
9 800 manat
2023-cü il
“Danış səni tanısınlar” adlı səlis nitq və özünüifadə imkanları istiqamətində, o cümlədən sosial şəbəkə platformaları vasitəsilə yerli və xarici ölkə ictimaiyyətlərinə təqdim ediləcək
10 000 manat
30 150 manat alıb, “xaricdə konsert təşkil edəcəyik” deyən Bəyimxanım Verdiyeva “Qarabağ Azərbaycandır” adlı konsert proqramını Bakıda Muğam Mərkəzində keçirməklə kifayətlənib.
Maraqlısı odur ki, layihənin nəticələri 28 iyunda elan edilsə də konsert proqramı nəticələrdən təxminən 3 ay əvvəl 16 apreldə baş tutub.
“Xan Şuşinski Fondu”nun təşkil etdiyi konsertə giriş xüsusi dəvətlə olub. Xan Şuşiniskinin fonda rəhbərlik edən qızı Bəyimxanım Verdiyeva hər dəfə yeni layihə düşünmək əvəzinə eyni məzmunda layihələrlə minlərlə manatlıq qrantların qalib olur.
Eyni layihələr, minlərlə manatlıq qrantlar.
2021-ci il
“Qarabağ Azərbaycandır” adlı tədbirlərin təşkili
9 900 manat
2023-cü il
Milli musiqimizin və musiqi alətlərimizin qorunması və dünyada tanıdılması
10 000 manat
2024-cü il
Musiqi ilə eldən elə
12 000 manat
“ADDIM” Yaradıcı Gənclər Assosiasiyası İctimai Birliyi seçimin necə edildiyi, seçilən blogerlərin kimlər olduğu və onların paylaşımlarına 9.3 milyondan çox izlənməni sübut edən heç bir informasiya paylaşmadan layihə icra edib.
Yunanıstan, Türkmənistan, Qazaxıstan, Türkiyə, Rusiya və başqa ölkələrdən xarici blogerləri Azərbaycana gətirərək “Welcome to Shusha” – Beynəlxalq Səyahət Bloger və İnflunserlərin Multikultural Forumu təşkil edən “Addım” ictimai birliyi bu fəaliyyəti üçün dövlətdən 35 000 manat qrant alıb.
Cəmi 3 mediada bu layihə barədə informasiya almaq mümkündür. Fotolardan görünür ki, icra edilən layihə ilə bağlı AZTV çəkiliş aparıb. Lakin həmin görüntüləri tapmaq mümkün olmayıb.
Medialara göndərilən press relizdəki son cümləni hərf səhvləri də daxil olmaqla olduğu kimi təqdim edirik:
“ADDIM” Yaradıcı Gənclər Assosiasiyası İctimai Birliyinin sədri Hüseyn Cavadzadənin sözlərinə görə, Qarabağ həqiətlərinin düynaya çatdırılması istiqamətində fəallıq göstərən blogerlərdə ölkəmiz haqqında müsbət fikirlər formalaşıb. “Onlar hər paylaşımda “mütləq Azərbaycana gəlməlisiniz” fikrini izləyicilərinə ötürürdülər. Bu isə həm də turizm sektorunda müsbət gerdönüşlərin olmasına şərait yaradır”.
Məqsədi Şuşada və azad olunmuş digər ərazilərdə əlilliyi olan və hərəkət məhdudiyyətli şəxslərin sərbəst hərəkətinə yardım etmək olan layihəni Əlil Təşkilatları İttifaqı həyata keçirib.
Layihə çərçivəsində edilənləri sıralayırıq:
- Şuşa şəhərinin mərkəzi hissəsində modul tipli duş və sanitar qovşağı yerləşdirilib.
- Küçələrdə məlumatlandırma nişanı quraşdırılıb.
- Cıdır düzünə giriş yeri təyin olunub və əlilliyi olan şəxslər üçün avtomobil dayanacaq yeri qaydalara uyğun nişanlanıb.
- Şəhərin mərkəzi hissələrindən birində (harasında olduğu qeyd edilməyib — red.) avtomobillər üçün dayanacaq yeri yaradılıb.
- Məişət obyektinin bir hissəsinə (harasında olduğu qeyd edilməyib — red.) çıxış uyğunlaşdırılıb.
- Şuşada fəaliyyət göstərən dövlət, xidmət və şirkət nümayəndələri üçün “Əlilliyin dərki, universal dizayn və müyəssərlik” mövzularında seminar-təlimlər keçirilib.
İttifaqın sədri Davud Rəhimli hətta gördüyü bu işlərlə bağlı İlham Əliyevi də məlumatlandırıb. O, 2023-cü ilin fevralında prezidentə məktub göndərərək qrant aldığını, bunun üçün prezidentə təşəkkür etdiyini, gördüyü işlərin xülasəsini qeyd edib, prezidentə və ailəsinə cansağlığı arzulayıb.
Aşağıda layihə ilə bağlı paylaşılan fotoları təqdim edirik:



“Şuşa Azərbaycanın Mədəniyyət beşiyidir” adlı layihəni “İnnovativ Təşəbbüslərə Dəstək” ictimai birliyi həyata keçirib. Olduqca “innovativ” olan layihənin məqsədi “Şuşanın tarixi Azərbaycan diyarı olduğunu ingilis, rus və Azərbaycan dillərində geniş təbliği”ni təmin etmək olub.
İnternətdə açıq yerləşdirilən layihənin detalları belədir:
- 15 yerli blogerin Şuşada əyani və praktiki seminarlara cəlb edilməsi
- “Wikipedia”da yer alan kontentlərin aparılan araşdırmaların nəticəsi olaraq mənbələri göstərməklə Azərbaycan, ingilis və rus dillərində yenilənməsi
- “Facebook” və “X”da 2 günlük “Şuşa Azərbaycanın Mədəniyyət beşiyidir” aksiyasını təşkil etmək.
- Blogerlərlə sosial şəbəkələrdə təsir yaratmaq və dünya trendinə salınmasına nail olmaq.
2022-ci ilin dekabrında 15 550 manata başa gələn bu layihə barədə yekun tədbir keçirilərək nəticələri elan edilib. İdda edilir ki, 6-9 sentyabr tarixlərində blogerlərin iştirakı ilə Instagram-da“#shusha“ həştəqi ilə paylaşımlar edilib. Həmin paylaşımlar 37.2 milyon istifadəçiyə çatıb və 400 000-dən artıq bəyənmə olub.
Rəqəmlərin necə əldə olunduğu, hansı paylaşımlar edildiyi, blogerlərin kimliyi və neçə seçildiyi açıqlanmır.
“Wikipedia” “Şuşa ili”ndə populyar mövzu olub. “İnnovativ Təşəbbüslərə Dəstək” İctimai Birliyi bu platforma sayəsində qrant alan yeganə təşkilat deyil. Bu təşkilatdan başqa 20 000 manatlıq qrant alan “Azərbaycan Vikimedia Könüllüləri” İctimai Birliyi də bənzər layihəni icra edib. Onlar Şuşanın 270 illiyi ilə əlaqədar olaraq “Wikipedi”da 270 məqalə yerləşdirib.
227 layihə arasından seçilən azı 8 layihə bir birinin təkrarıdır. Məsələn Şuşada yay məktəbinin və düşərgələrinin təşkili ilə bağlı olan layihələr kimi.
35 400 manatlıq qrant layihəsi “Aprel döyüşləri”ndə həlak olmuş polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşının təsis etdiyi “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinə verilib.
20 000 manatlıq layihə isə “Karvan” gənclərin inkişafına dəstək ictimai birliyinə verilib.
- Bu yazıda biz 22 layihədən 9-u barədə yazmışıq. Digər 22 layihə də bu layihələrdən çox da fərqlənmir. Əgər həmin layihələrə nəzər salmaq istəsəniz, bu linkdən istifadə edə bilərsiniz.


