Bu gün 16 iyunda Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında 2 qurumun birləşdirilməsi və vahid qurumun – Media və Yayım Şurasının yaradılması müzakirə edilib.
Qanun layihəsinə əsasən, yeni qurum Medianın İnkişafı Agentliyi (MEDİA) və Audiovizual Şuranın funksiyalarını birləşdirən səlahiyyətli dövlət orqanı olacaq.
Şuraya veriləcək səlahiyyətlər:
- Media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi istiqamətində tədbirlərin görülməsi
- Dövlət orqanları ilə media subyektləri arasında əməkdaşlığın genişləndirilməsi
- Jurnalistlərin peşəkarlığının artırılması üçün təlimlər və seminarların təşkil edilməsi
- Cəmiyyətdə baş verən hadisələrin və dövlət siyasətinin mediada ədalətli, balanslı, obyektiv işıqlandırılmasına yönəlmiş layihələrin həyata keçirilməsi
- Dezinformasiyanın yayılmasının qarşısının alınması, aşkarlanması və qiymətləndirilməsi istiqamətində tədbirlərin görülməsi
- Dövlət orqanları ilə birgə operativ əlaqələndirmə mexanizmlərinin qurulması
- İnformasiya mühitinin təhlili və sosioloji sorğular əsasında ictimai rəyin öyrənilməsi
Milli Məclisin deputatı Zahid Oruc bu qurumun yaradılması ilə media sahəsində qərarların qəbulu, onların icrası və nəticələrinin təhlili arasında vaxt itkisi və idarəetmə boşluqlarının minimuma endiriləcəyini deyir.
Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktorunun müavini Natiq Məmmədli isə deyir ki, bu gün sadəcə iki qurumun birləşməsi ideyası müzakirə olunmur, eyni zamanda, Azərbaycanda media islahatları yeni institusional mərhələyə qədəm qoyur.
“İki qurumun birləşməsindən sonra Azərbaycan mediası artıq yeni çağırışlara daha çevik reaksiya verəcək. Rəqəmsal təhdidlər, ölkəmizə yönələn dezinformasiyaya qarşı birgə mübarizə daha çevik bir formada olacaq. Həm tənzimləmə, həm də dəstək funksiyaları birgə həyata keçiriləcək”.
Bu qurum niyə yaxşı heç nə vəd etmir:
2021-ci il yanvarın 12-də İlham Əliyevin “Media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı ilə Media İnişaf Agentliyi (MEDİA) yaradılıb və fərmana əsasən MEDİA yeni qanun layihəsini hazırlayıb.
Həmin Media Haqqında Qanun Azərbaycanda müstəqil jurnalistlərin fəaliyyətini mümkünsüz edir. Qanun media və jurnalistlərin vahid reyesterdən keçməsini tələb edir. Həmin reyesterdən keçməyən jurnalistlərin və mediaların Azərbaycan ərazisində fəaliyyət göstərməsi isə demək olar ki, mümkün deyil.
Mikroskop Media-nın bu mövzuda daha əvvəl yazdığı 2 yazını buradan oxuya bilərsiniz.


