İyun-avqust ayları ərzində Azərbaycandakı siyasi fəallar, jurnalistlər və vəkillər müxtəlif səbəblərdən təzyiq və təqiblərlə üzləşib. Bu müddət ərzində ən azı 7 nəfər barədə inzibati həbs, 6 nəfər barədə isə müxtəlif ittihamlarla həbs-qətimkan tədbiri qərarı çıxarılıb. Həmin şəxslər arasında partiya fəalları, işçi hüquqları müdafiəçiləri və professorlar var. Jurnalistlərdən 3 nəfərin peşə fəaliyyətini yerinə yetirməsinə əngəl törədilib və onlar olduqları ərazidən zorla uzaqlaşdırılıb. Bundan başqa müxtəlif problemlərə etiraz olaraq aksiyalar keçirilib və bu aksiyalar polis zorakılığı ilə dağıdılıb.
Söyüdlü hadisələri – polis zorakılığı, jurnalist və fəallara təzyiq
İyunun 20-də Gədəbəyin Söyüdlü kəndi sakinləri ərazidə fəaliyyət göstərən qızıl mədəni üçün ikinci süni gölün tikilməsinə etiraz olaraq aksiya keçirib. Sakinlərin narazılığı qızıl emalı nəticəsində artıq birinci gölə axıdılan sianidin onların səhhətinə mənfi təsir etməsi ilə bağlı olub. Həmin ərazidəki qızıl mədənini işlədən “Anglo-Asian Mining” şirkətinin rəhbəri Rza Vəziri isə Azadlıq Radiosu-na iyunun 26-da verdiyi açıqlamasında bildirib ki, nazirlik nümayəndələri ərazidə olub və yoxlayıb.
Monitorinq keçirmək istəyən varsa, gələ bilərlər. Ekologiya Nazirliyinin nümayəndələri orada olublar, yoxlayıblar və bildiriblər ki, heç bir pozuntuya yol verilməyib.
Kənd sakinlərinin aksiyası polis zorakılığı ilə dağıdılıb və bu zaman etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə olunub. Nəticədə 10 nəfər xəsarət alıb. Turan İnformasiya Agentliyinin 26 iyunda yaydığı məlumata görə, hadisələr zamanı 5 nəfər saxlanılıb və onlara 20 sutka inzibati həbs cəzası verilib. Bundan başqa sakinlərdən biri 1500 AZN məbləğində cərimələnib. Sonradan da aksiya iştirakçıları saxlanılsa da onların sayı barədə rəsmi məlumat verilməyib.
Rəsmi qurumlar iddia edib ki, aksiya iştirakçıları “WhatsApp” vasitəsilə təşkilatlanıb və bunu təşkil etməkdə ittiham olunan şəxslər barədə hökumət medialarında da materiallar hazırlanıb. “Yeni Müsavat” qəzetinin aksiyadan bir neçə gün sonra dərc etdiyi yazıda təkcə rayon sakinləri yox, eləcə də AXCP üzvləri ittiham olunub. Yerli televiziyalar isə həmin yazı əsasında oxşar reportajlar hazırlayıb. Onlar aksiyanın təşkilatçısının AXCP üzvü Saleh Rüstəmli və onun oğlu olduğunu iddia edib.
Gədəbəylə yekunlaşmayan həbslər
Etiraz aksiyalarında təkcə Söyüdlü sakinləri yox, eləcə də polis zorakılığını tənqid edən fəallar həbs olunub. İyunun 22-də NİDA Vətəndaş Hərəkatının üzvü Elmir Abbasov 20 sutka, siyasi fəal Qiyas İbrahim isə 32 sutka inzibati həbs cəzası alıb. Elmir Abbasov narkotik maddədən qanunsuz istifadə etməkdə, Qiyas İbrahim isə polisin əmrinə tabe olmamaq və internetdə qadağan olunan məlumatı yaymaqda təqsirli bilinib.
Aksiyadan bir neçə həftə sonra da həbslər davam edib və Türkiyənin Orta Doğu Texnik Universitetinin (ODTÜ) tələbəsi və “Demokratiya 1918” hərəkatının üzvü Məhərrəm Ələkbərov 1 ay inzibati həbs cəzası alıb. İyulun 15-də Xətai Rayon Məhkəməsinin qərarına əsasən gənc fəal İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə təqsirli bilinib.
Keçmiş deputat Nazim Bəydəmirli də Söyüdlü hadisələri nəticəsində həbs olunanlar sırasında olub, amma daha uzun müddətə və fərqli ittihamlarla. İyulun 5-də Nərimanov Rayon Məhkəməsinin qərarı ilə Nazim Bəydəmirli barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Keçmiş deputat Cinayət Məcəlləsinin 182.2.4 maddəsi – zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla hədə-qorxu ilə pul tələb etməkdə ittiham olunur. Onun vəkili Aqil Layıc isə hesab edir ki, həbsin əsl səbəbi keçmiş deputatın Söyüdlüdəki polis zorakılığını tənqid etməsi olub.
Həbsindən sonra Nazim Bəydəmirlinin üzləşdiyi digər təzyiq onun ailə üzvləri ilə görüşə bilməməsi olub. “Amerikanın səsi” yazır ki, keçmiş deputat həyat yoldaşı Fəridə Bəydəmirli ilə həbsindən 40 gün sonra cəmi 20 dəqiqə görüşə bilib.
Aksiyalar zamanı kənddə peşə fəaliyyətini yerinə yetirən jurnalistlər də zorakılıqla üzləşib. Polis Nərgiz Absalamova və Nigar Mübarizi hadisə yerindən zorla uzaqlaşdıraraq Bakıya göndərib və aksiyanı işıqlandırmağa icazə verməyib. Jurnalist Elməddin Şamilzadə isə möhlət hüququ olduğu halda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə çağırılıb. Növbəti gün isə o, saxlanılıb və polis bölməsində zorakılığa məruz qalıb. Jurnalist Gədəbəydən paylaşdığı videonu silməyə məcbur edilib və bildirib ki, polis onu təhdid edib.
Gədəbəydəki polis zorakılığına etiraz olaraq Bakıda da aksiya keçirilib. Feminist fəallar Gülnara Mehdiyeva, Nərmin Şahmarzadə və Sənubər Heydərova ABŞ-ın müstəqillik günü ilə bağlı bu ölkənin Azərbaycandakı səfirliyində keçirilən tədbirdə aksiya keçirib. Polis fəalları səfirlikdən çıxarıb və bölməyə aparıb, onlar bir müddət sonra sərbəst buraxılıb.
Polis zorakılığına prezident nə deyir?
Söyüdlüdəki etirazlardan təxminən 20 gün sonra bu barədə danışan prezident İlham Əliyev aksiya zamanı polislərin işini yüksək qiymətləndirib və onlara daş atan sakinləri təqsirli bilib, Söyüdlüdə özünü yalnız polisin ləyaqətli apardığını da əlavə edib.
Əgər Azərbaycan polisi dözümlülük göstərirsə, o demək deyil ki, kim istəyir polisə daş ata bilər. Bu, qətiyyən mümkün deyil.
prezident deyib.
Halbuki iyulun əvvəlində Daxili İşlər Nazirliyinin rəsmi açıqalamasında bildirilib ki, Söyüdlüdəki aksiyada bəzi polis əməkdaşları vəzifələrinin icrasında pozuntuya yol verib. Həmin halların gələcəkdə təkrarlanmaması üçün tərəfimizdən davamlı təşkilati-praktiki tədbirlər görülür.
Son olaraq isə iyulun 13-də Baş nazir Əli Əsədovun qərarı ilə Söyüdlüdəki şirkətin fəaliyyəti müvəqqəti dayandırılıb.
“Siyasi Partiyalar haqqında” yeni Qanundan sonra nə dəyişdi?
Təxminən 3 il davam edən hazırlıqdan sonra “Siyasi Partiyalar haqqında” yeni Qanun 2022-ci il noyabrın 29-da Milli Məclisdə birinci oxunuşda qəbul edilib. Yeni qanunun tələblərinə görə, siyasi partiyanın ən azı 50 nəfər təsisçisi olmalı və üzv sayı 5000-dən az olmamalıdır. Partiyalar üzvlərinin adı, soyadı, atasının adı, doğulduğu tarix, qeydiyyat ünvanı, qeydiyyatda olduğu partiyanın yerli təşkilatı və əlaqə telefon nömrəsini əks etdirən reyestri Ədliyyə Nazirliyinə təqdim etməlidir.
Yeni qanunun qəbulundan sonrakı vaxt ərzində Azərbaycanda əvvəllər qeydiyyatdan keçmiş 50-dən çox siyasi partiyadan 31-i ləğv olunduğu barədə bəyanat yayıb. İyulun 18-də Ədliyyə Nazirliyinin yaydığı rəsmi məlumatda həmin partiyaların bu qərarı qəbul etməsinin səbəbi belə göstərilib:
Bəyanatlarda bu qərarların verilməsi Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə ölkədə həyata keçirilən hərtərəfli uğurlu islahatlar, təşviq olunan siyasi dialoq, bərqərar olunmuş siyasi sabitlik və milli həmrəylik mühiti, həmçinin Vətən müharibəsində əldə olunmuş Qələbə nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi ilə əlaqələndirilib.
məlumatda deyilir.
Həmin məlumatda o da qeyd olunub ki, 27 siyasi partiya qeydiyyata alınmaq üçün Ədliyyə Nazirliyinə müraciət edib. Nazirlik təqdim olunan siyahıları yoxlayıb və bu yoxlama zamanı bir çox partiya üzvü nazirlikdən ona zəng gəldiyini, partiya üzvü olub-olmadığını dəqiqləşdirmək istədiklərini deyib. Bunun nəticəsində bəzi partiyalar, o cümlədən Müsavat, AXCP və REAL ilk müraciətlərində qeydiyyata alınmayıb.
Qeyd: Hər üç partiya sentyabrda Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alındı.
Nazirliyin qeydiyyata almadığı digər partiya isə iqtisadçı ekspert, Qubad İbadoğlunun təsisçisi olduğu Azərbaycan Demokratiya və Rifah Partiyası olub. Qubad İbadoğlu deyib ki, dəfələrlə müraciət edilsə də onların qeydiyyata alınmasından imtina edib.
Partiya fəalları hansı təzyiqlərə məruz qalıb?
115 gün aclıq aksiyasını davam etdirən AXCP üzvü Əlizamin Salayev iyunun 1-də aclıq aksiyasını dayandırdığını açıqlasa da təxminən 40 gün sonra o, yenidən aclığa başlayıb. Partiya fəalı deyib ki, ona işinə yenidən baxılacağı barədə söz verilsə də iyulun 6-da keçirilən apellyasiya məhkəməsindən sonra o, şikayətinə ədalətli baxılmayacağı qənaətinə gəlib. Fəalın vəkili Nemət Kərimlinin sözlərinə görə, iclasda jurnalistlər zala buraxılmayıb və müdafiə tərəfinin vəsatətləri təmin edilməyib.
Aclıq aksiyasından sonra Əlizamin Salayevin səhhətində problem yaranıb. Onun vəkili Nemət Kərimlinin sözlərinə görə, aclıqdan sonra Salayevin ayaqlarında şiş yaranıb, böyrəklərində və ürəyində problemlər ortaya çıxıb.
AXCP-nin təşkilat şöbəsinin müdir müavini Elxan Əliyev iyulun 26-da Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsilə şübhəli şəxs qismində saxlanılıb. Partiya fəalı saxlanmadan öncə “Facebook”da yaydığı videoda deyib ki, bir neçə gündü tanımadığı adam ondan ev almaqla bağlı kömək istəyir:
O, məndən əl çəkmir. On gündür ki, ona bir ev və ya bağ tapmağımı xahiş edir. Bu gün də ona ev göstərdim, amma bu variantı da bəyənmədi. Bütün bunlar məndə şübhə doğurur. İndi onunla görüşə gedirəm, bilmirəm, bu, hakimiyyətin təxribatıdır, yaxud başqa bir şeydir.
E.Əliyev deyib.
İyulun 27-də Sabunçu Rayon Məhkəməsinin qərarı ilə Elxan Əliyev barəsində 3 ay həbs-qətimkan tədbiri seçilib. Onunla yanaşı daha iki nəfərə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 320.1 (hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə qanunsuz hazırlama) və 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanılıb.
AXCP sədrinin hazırda həbsdə olan mühafizəçisi Niyaməddin Əhmədovun kassasiya şikayəti təmin edilməyib. 2020-ci ildə həbs olunan N.Əhmədov Bakı Ağır Cinayətlər Məhkəməsinin onun barəsində çıxardığı 13 il azadlıqdan məhrumetmə qərarından narazı olub. Onun Apelyasiya şikayəti də təmin olunmayıb.
AXCP-nin həbsdə olan digər fəalı Aqil Hümbətovun isə həyat yoldaşı Aygün Hümbətova təzyiqə məruz qalıb. Onun sözlərinə görə, tənqidi fikirlərinə görə hədə-qorxuya məruz qalıb.
Mənim evimə gəlib izahat alan polis bundan öncə məni hədələyən şəxs idi. O dəfələrlə məndən ölkə başçısı ilə bağlı tənqidlərimi dayandırmağı tələb etmişdi. Mən onunla polis bölməsinə getdim. Dedilər hədə-qorxu gələn şəxsi tapıblar. Onun ruhi xəstə Murad Əlizadə adlı, 21 yaşında şəxs olduğunu dedilər. Amma, həmin şəxsin səsi mənə zəng edib hədə-qorxu gələn şəxsin səsinə oxşamırdı
Aygün Hümbətova deyib.
Azərbaycan Demokratiya və Rifah Partiyasının üzvü Hüseyn Məlik isə iyulun 14-də 20 sutka inzibati həbs cəzası alıb. Partiya sədri Qubad İbadoğlu bunla bağlı açıqlamasında deyib ki, Hüseyn Məlikin Əlizamin Salayevin məhkəməsi qarşısında jurnalistlərə verdiyi müsahibəyə görə həbs olunduğunu güman edir.
ADR-in digər bir üzvü Ziyafət Abbasova 1 saylı Maştağa ruhi əsəb dispanserinə salınıb və Qubad İbadoğlu bu barədə verdiyi məlumatda qeyd edib ki, partiya üzvü iyunun 6-da oğurlanraq dispanserə zorla yerləşdirilib.
Ziyafət Abbasovanın sağlamlığı qaydasındadır, səhhəti normaldır, onun ruhi-əsəb dispanserində müalicəyə ehtiyacı yoxdur. Bütün bu baş verənlər də yalnız xalqı qorxutmağa, tənqidi fikirləri susdurmağa, hakim ailənin və onun ortaqlarının oğurluqlarının ifşa olunmasının qarşısını almağa yönəlib.
partiya sədri deyib.
DİN-in mətbuat xidmətindən isə deyilib ki, Z.Abbasova öz müraciəti əsaslnda dispanserə yerləşdirilib.
FETÖ ittihamı ilə həbs olunan azərbaycanlı professorlar
London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin (LSE) qonaq baş elmi işçisi, iqtisadçı ekspert, professor və Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu iyulun 23-də həyat yoldaşı İradə Bayramova ilə birlikdə saxlanılıb. Bir müddət sonra sərbəst buraxılan İradə Bayramova bildirib ki, saxlanılan zaman onların hər ikisi kobud rəftar və zorakılıqla üzləşib. Növbəti gün Nərimanov Rayon Məhkəməsinin qərarı ilə professor barəsində 3 ay 26 gün həbs-qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 204.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma), 204.3.1-ci (eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə və eləcə də FETÖ ilə əlaqədə ittiham olunur.
Qubad İbadoğlunun salxanılmasından sonra Azərbaycanda Daxili İşlər Nazirliyinin yaydığı rəsmi məlumatda qeyd olunub ki, o, Türkiyə Daxili İşlər Nazirliyindən daxil olan məlumat əsasında əməliyyat keçirilib və bu əməliyyat zamanı professor saxlanılıb.
Qubad İbadoğlunun həbsindən dərhal sonra Türkiyə hökumətinə yaxın medialarında “Azərbaycanda FETÖ əleyhinə əməliyyat” keçirildiyi və 5 nəfərin saxlanıldığı barədə xəbərlər yazılmağa başlandı. Həmin xəbərlərdə saxlanılanlardan birinin siyasi partiya rəhbəri olduğu qeyd edilirdi.
Professorun həbsindən sonra onun elmi işçi kimi çalışdığı London İqtisadiyyat və Siyasi Elmlər Məktəbi Qubad İbadoğlunun müqaviləsini daha iki il uzadıb və eləcə də onun azadlığa buraxılması tələbi ilə bəyanat yayıb.
Müdafiə tərəfi partiya sədrinin ev dustaqlığına buraxılması ilə bağlı vəsatət versə də Bakı Apellyasiya Məhkəməsi bunu təmin etməyib.
Ailə üzvlərinin yaydığı məlumata görə, Qubad İbadoğlunun səhhətində problemlər var və onun dərmanla təmin olunmasına, eyni zamanda da ailə üzvləri ilə görüşünə icazə verilmir. Qubad İbadoğlunun vəkillərinin yaydığı məlumata görə, yalnız 28 gün sonra ona ailə üzvləri ilə görüşə icazə verilib. Görüşdən sonra onun qardaşı Qalib Toğrul deyib ki, Qubad İbadoğlu kəskin şəkildə arıqlayıb:
Qardaşım həbsxanada yeni xəstəliklər “qazanıb”. O, qalxanabənzər vəzdə düyünlərin əmələ gəlməsindən, böyrəklərin funksiyalarının pozulmasından, öddə və mədəaltı vəzdə gedən neqativ proseslərdən əziyyət çəkir.
Həbsdə olduğu müddətdə Qubad İbadoğlunun fiziki vəziyyətindəki digər çətinlik onun saxlanma şəraiti ilə bağlı olub. Ailə üzvlərinin açıqladığı məlumata görə, təcridxanada gecə saatlarında işıqlar söndürülmədiyinə görə o, yata bilmir və bu da səhhətində əlavə problemlər yaradır. Qubad İbadoğlu həbs olunandan 28 gün sonra, avqustun 19-da ailə üzvləri ilə görüşə bilib. Onunla görüşən qardaşı Qalib Toğrul deyib ki, şüşə arxasından telefon vasitəsilə danışa biliblər.
İlkin təəssüratlarımız qorxuludur: Qubad müəllim kəskin şəkildə arıqlayıb, sifətinin rəngi təbii deyil, həbsxanada yeni xəstəliklər “qazanan” qardaşım qalxanabənzər vəzdə düyünlərin əmələ gəlməsindən, böyrəklərin funksiyalarının pozulmasından, öddə və mədəaltı vəzdə gedən neqativ proseslərdən əziyyət çəkir.
Qalib Toğrul deyib.
Avqustun 25-də isə professorun qızı Jalə Bayramova məlumat yayıb ki, Qubad İbadoğluna Cinayət Məcəlləsinin 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddəsi ilə yeni ittiham irəli sürülüb.
Guya ofisdən axtarış zamanı Fethullah Gülenə aid kitablar çıxdı. Amma bu cəfəngiyatdır. Çünki axtarış olanda sənədləri torbaya yığıblar və adbaad qeyd etmədilər.
Jalə Bayramova deyib.
Avqustun əvvəlində isə FETÖ ilə əlaqədə ittiham olunan daha bir azərbaycanlı professor Fazil Qasımov Türkiyədə saxlanılaraq Azərbaycana gətirilib və Nərimanov Rayon Məhkəməsi onun barəsində 3 ay 12 gün həbs-qətimkan qərarı verib. F.Qasımov Cinayət Məcəlləsinin 204.3.1-ci (mütəşəkkil dəstə tərəfindən saxta pul hazırlama) maddəsi ilə ittiham olunur.
Onun qardaşı Nazim Qasımov “Turan”a açıqlamasında bildirib ki, Fazil Qasımov Azərbaycanda Qafqaz Universitetini bitirib, daha sonra təhsilini Türkiyənin İstanbul Universitetində davam etdirib. Professor həmçinin Türkiyənin Özyeğin və Hollandiyanın Tilburq universitetlərində “Beynəlxalq biznes idarəçiliyi” ixtisası üzrə təhsil alıb.
Həbslə nəticələnən işçi hüquqları müdafiəsi
Avqustun əvvəlindən etibarən Azərbaycanda işçi hüquqlarını müdafiə edən azı 4 fəal saxlanılıb və onlardan 2-nə cinayət işi açılıb və barələrində həbs-qətimkan tədbiri seçilib. Həbslər moped sürən kuryerlərin yol hərəkəti qaydalarına edilən dəyişikliklərlə bağlı etiraz aksiyasına həmin fəalların da dəstək verməsindən sonra baş tutub.
“Demokratiya 1918” Hərəkatı yanında Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədov avqustun 2-də saxlanılıb və ona 30 sutka inzibati həbs cəzası verilib. Daxili İşlər Nazirliyindən “Turan”a verilən məlumata görə, A.Məmmədov “məhkəmə tərəfindən müəyyən edilmiş borc öhdəliklərini ödəmədiyi üçün axtarışa verilməsi ilə bağlı saxlanılıb”.
“Demokratiya 1918” Hərəkatının rəhbəri Əhməd Məmmədli hesab edir ki, həbsin səbəbi siyasidir, çünki Afiəddin Məmmədov borcunun bir hissəsini ödəyib qalan məbləğin isə hissə-hissə ödənilməsi ilə bağlı məhkəmə icraçısı ilə rəsmi razılığa gəlinib.
Həbsinə etiraz olaraq Afiəddin Məmmədov iki gün aclıq aksiyası keçirib. Avqustun 31-də həbs müddəti bitdiyi üçün fəal azadlığa buraxılıb.
2022-ci il martın 1-də təsis edilən İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının üzvlərinin həbsi davam edib və növbəti günlərdə daha 2 nəfər həbs olunub, onlar barədə cinayət işi açılıb.
Ayxan İsrafilov barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs-qətimkan tədbiri seçilib. “Demokratiya-1918” Hərəkatının sədri Əhməd Məmmədli “Azadlıq Radiosu”na deyib ki, A.İsrafilov Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsi ilə ittiham olunur. O, barəsindəki həbs-qətimkan tədbiri qərarının dəyişdirilməsi ilə bağlı avqustun 23-də Bakı Apellyasiya Məhkəməsinə müraciət etsə də, şikayəti təmin olunmayıb.
Elvin Mustafayev Ayxan İsrafilovdan bir neçə gün öncə saxlanılıb və onun barəsində də cianyət işi açılıb. E.Mustafayev Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) maddəsi ilə ittiham olunaraq barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Turan”a bildirilib ki, “Mustafayev əməlini etiraf edib”.
Avqustun 12-də işçi hüquqları fəallarından daha bir nəfər, Orxan Zeynalov təzyiqə məruz qalıb. O, “Facebook” hesabında gecə saatlarında paylaşdığı postda və videoda təqib olunduğunu deyib və kömək istəyib.
Qaçdım, arxamca düşdülər, GPS ilə izlənilirəm, çünki tupik, qaranlıq yerdə belə gəlib çatdılar mənə. Hazırda hara gəldi, necə gəldi qaçıram mopedlə, yollarda qorxumdan, sürətdən qəza edib ölə bilərəm. Nə edəcəyimi bilmirəm.
deyə Orxan yazıb
Daha sonra Daxili İşlər Nazirliyindən verilən açıqlamada bildirilib ki, polis əməkdaşları Orxan Zeynalovla bağlı hər hansı əməliyyat keçirməyib.
Kuryer kimi çalışan Orxan Zeynalova qarşı 2012-ci ildə banka olan 3 min manat borcuna görə ona qarşı ittiham irəli sürülüb. O, Cinayət Məcəlləsinin 306.1-ci və İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddələri ilə təqsirli bilinir.
Həmin məbləği ödəməyim üçün 10 gün vaxt veriblər, əgər ödəməsəm həbs olunacağımı dedilər.
Jurnalistlərə təzyiqlər
Söyüdlüdəki jurnalistlərlə yanaşı paytaxtda da aksiya işıqlandırmağa çalışan jurnalistlərdən biri təzyiqə məruz qalıb və nəticədə xəsarət alıb. Həmin vaxt Toplum TV-də çalışan Fatimə Mövlamlı inanclı insanların yaxınlarının Milli Məclisin qarşısında keçirdiyi aksiyanı işıqlandırarkən onun ayağının üstündən polis maşını keçib:
Hazırda ayağım şişib, əlil arabası vasitəsi ilə hərəkət edirəm. Mən Travmatologiya Xəstəxanasında rentgen müayinəsindən keçdim. Amma xəstəxana nədənsə rentgen müayinəsinin nəticələri və diaqnozla bağlı mənə məlumat vermir.
DİN-in hadisə ilə bağlı rəsmi açıqlamasında isə bildirilib ki, ərazidəki müşahidə kameralarına baxılıb və jurnalist diqqətiszilikdən hərəkət edən avtomobilin yoluna çıxıb:
Hadisədən sonra əlaqə saxlanılıb, onun vəziyyəti ilə maraqlanmışıq. Təəssüf edirik ki, belə xoşagəlməz hadisə baş verib.
İyulun 24-də “Hürriyət” qəzetinin baş redaktoru Vüqar Məmmədov saxlanılıb. Baş Prokurorluğun yaydığı məlumata görə, o, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanununun tələblərini pozub. Binəqədi rayon Məhkəməsində onun haqqında 1 aylıq inzibati həbs qərarı çıxarılıb.
Həbsdə olan digər jurnalist Osman Nərimanoğlu isə etiraz olaraq aclıq aksiyasına başlayıb. Turan yazır ki, aclıq aksiyasında əvvəl, iyulun 7-də “demokratik.az” saytının redaktoru ictimaiyyətə müraciətində deyib ki, onun həbsi əsassız olaraq 7 ay uzadılıb. Jurnalistin sözlərinə görə, o, Göygöl rayonunun vəzifəli şəxsləri ona qarşı böhtan kampaniyası başladıb və bunun nəticəsində o, 2022-ci ilin iyulundan həbsdədir.
Jurnalistə qarşı Cinayət Məcəlləsinin 182.2.2-ci (hədələmə yolu ilə pul tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb.
İyulun 23-də Osman Nərimanoğlu əsassız cinayət təqibinə etiraz olaraq aclıq aksiyasına başlayıb. Jurnalist 12 gün sonra aclıq aksiyasını dayandırıb və hüquqi müstəvidə mübarizəni davam etdirəcəyini deyib. Həyat yoldaşı Arzu Rzayeva “Turan”a deyib ki, həmin müddət ərzində nə Ombudsman Aparatından, nə də Baş Prokurorluqdan onun tələbləri ilə bağlı heç kəs maraqlanmayıb.
Azərbaycanın şimal bölgəsində fəaliyyət göstərən jurnalist Cəmil Məmmədli avqustun 24-də, ona qarşı açılan cinayət işi ilə əlaqədar keçirilən məhkəmənin hazırlıq iclasında həbs olunub. Sumqayıt Şəhər Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda hakim Fəhmin Hümbətov onun barəsində məhkəmə istintaq ptrosesi müddətində həbs-qətimkan tədbiri seçib.
Cəmil Məmmədli Cinayət Məcəlləsinin 221.2.2 ((xuliqanlıq, bir qrup şəxs tərəfindən törədildikdə), 182.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə), 178.2 (dələduzluq, eyni əməllər bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə təqsirləndirilir.
İnanclı fəalların həbsi
Yay ayları ərzində inanclı fəallara qarşı da təzyiqlər davam edib. Bir neçə ay ərzində 100-dən çox inanclı şəxs narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı ilə həbs olunub. “Turan”ın məlumatına görə, bu həbslər “İran casusları”nın ifşa olunması barədə informasiya kampaniyası ilə müşayiət edilib.
Həmin şəxslərin ailə üzvləri iyunun 2-də Azərbaycan Baş Prokurorluğunun binası qarşısında etiraz aksiyası keçirib. Onlar tələb edib ki, yaxınları azadlığa buraxılsın.
İyulun 7-də isə Müsəlman birliyi Hərəkatının üzvü Mahir Əzimovun işi üzrə məhkəmə prosesi başa çatıb və dindar fəala hökm oxunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarına əsasən o, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib və 4 il azadlıqdan məhrum edilib.
Müsəlman Birliyi Hərəkatında hesab edirlər ki, Mahir Əzimovun təqib edilməsi siyasi motivlidir və hərəkatın ümumilikdə 60-dan çox fəalı həbsdədir.
Hərəkatın 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan fəalı Ceyhun Balaşovun iyulun 17-də fiziki zorakılığa məruz qalması barədə məlumat yayılıb. Fəalın oğlu Arif Balaşovun verdiyi məlumata görə, atası iyulun 11-də nəzarətçilər tərəfindən döyüküb və bundan sonra Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb:
Onun qollarında qançırlar gördüm. Bədəninin qalan hissələrini görə bilmədim. Atam çox halsız vəziyyətdə idi, çox arıqlamışdı.
Arif Balaşov deyib.
Penitensiar Xidmətin mətbuat xidmətindən isə bildirilib ki, o, “psixi vəziyyəti ilə əlaqədar” Müalicə Müəssisəsinə köçürülüb.
Avqustun 23-də Müsəlman Birliyi Hərəkatının Turan-a verdiyi məlumata görə, Balaşovun vəziyyəti ağırlaşdığına görə o, Bakı Sağlamlıq Mərkəzinə köçürülüb:
Xəstəxanadan bizə bildirilib ki, Ceyhun süni nəfəs aparatına qoşulmuş vəziyyətdə daxil olub. Aldığı travma nəticəsində başında hematoma (bədən boşluqlarına və ya dəri altına yığılmış qan kütləsi) və çuxurlar yaranıb.
Ceyhun Balaşov 2023-cü il fevralın 2-də Cinayət Məcəlləsinin 234.4.3 maadəsi (Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorları hazırlama, əldə etmə, saxlama, göndərmə, daşıma və ya satma – külli miqdarda törədildikdə) ilə həbs olunub.
Müsəlman Birliyi Hərəkatının digər bir üzvü, Əbülfəz Bünyadovun evində isə avqustun 26-da axtarış aparılıb və hətəkatdan verilən məlumata görə, axtarış zamanı onun evindən müxtəlif ədəbiyyat, mobil telefon və planşet götürülüb.
Axtarış aparanlar Ə.Bünyadovun yaxınlarına vəkilə zəng vurmağa imkan verməyiblər, onların əlindən də telefonları alıblar, özlərini isə evdən çıxarıblar.
hərəkatdan Azadlıq Radiosuna bildirilib.
Bəxtiyar Hacıyevin bitməyən həbsi
Ötən həftələr ərzində hazırda həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin həm həbs müddəti uzadılıb, həm də ona qarşı irəli sürülən ittihamlar artırılıb. Azadlıq Radiosunun iyunun 16-da yaydığı məlumata görə, Cinayət Məcəlləsinin 192 (qanunsuz sahibkarlıq), 193-1 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 206 (qaçaqmalçılıq), 320 (saxta sənədlərdən istifadə) və başqa maddələri ilə yeni ittihamlar irəli sürülüb.
Fəala qarşı yeni ittihamlar irəli sürülməsinin ardınca onun həbs müddətinin uzadılması ilə bağlı ümumilikdə iki dəfə məhkəmə qərarı olub. İyunun 22-də Xətai Rayon Məhkəməsi həbs müddətinin 1 ay uzadılması barədə qərar qəbul edib və bu, istintaq orqanının vəsatəti əsasında olub.
Növbəti dəfə isə həbs müddətinin uzadılması barədə qərar 22 iyulda verilib və qərara əsasın o, oktyabrın 8-dək həbsdə qalacaq.
Onun vəkili Rövşanə Rəhimli avqustun 12-də məlumat yayıb ki, Bəxtiyar Hacıyevin psixoloji vəziyyəti gərgindir və yeni ittihamlarla əlavə edilən əsassız cinayət işi onda ruh düşkünlüyü yaradır.
Bəxtiyarın dostları şahid qismində istintaqda dindirilir. Bütün bunlar onu çox narahat edir. Bəxtiyar insanların onun ucbatından incidilməsindən çox narahatdır.
– deyə vəkili bildirib.
Daha sonra fəalın ev dustaqlığına buraxılması ilə bağlı qaldırılan vəsatət də təmin edilməyib.
Üç ay ərzində ayrı-ayrı faəllara, eləcə də narazı olduqları problemlərlə bağlı etiraz aksiyası edən vətəndaşlara təzyiqlər davam edib. İyunun 6-da fəal Əmrah Təhməzov xuliqanlıqda ittiham olunaraq 30 sutka inzibati həbs cəzası alıb. O, AXCP üzvü Əlizamin Salayevə azadlıq tələb etdiyi Facebook statusundan sonra həbs edilsə də, DİN rəsmi açıqlamasında bunu təkzib edib və deyib ki, həbs səbəbi fəalın yazdığı postla bağlı deyil. Növbəti ay isə digər bir fəal, Lətif Məmmədov saxlanılıb və 100 AZN cərimə edilib. Polisə müqavimətdə ittiham olunan fəal deyib ki, mülki geyimli şəxslər onu oğurlayıb və Nəsimi Rayon Polis İdarəsinə aparıb. L.Məmmədov həbsinin İlham Əliyevin Söyüdlü ilə bağlı paylaşımına yazdığı tənqidi şərhlə bağlı olduğunu bildirib.
Daşkəsən rayonunun Xoşbulaq kəndi sakinlərinin problemləri ilə bağlı sosial şəbəkədə tənqidi fikirlər səsləndirən Anar Sülyemanov saxlanılıb və ona 30 sutka inzibati həbs cəzası verilib. Rayon icra hakimiyyəti ilə bağlı tənqidi fikirlər paylaşan digər sakin Sahib Məmmədzadə bir neçə gün sonra polisə çağırılıb.
Saxlanılan və barəsində cinayət işi açılan müxalif fəalların hüquqlarını müdafiə edən daha bir vəkil – Elçin Sadıqov iyul ayında Vəkillər Kollegiyasından çıxarılıb. Kollegiyanın Rəyasət Heyətinin iyulun 7-də keçirilən iclasında üzvlüyündən xaric olunması üçün məhkəməyə müraciət barədə qərar qəbul olunub.
Elçin Sadıqov iclasın onun iştirakı olmadan keçirildiyini deyib və bunu siyasi qərar hesab etdiyini bildirib.
Qeyd: Materialda qeyd olunan məlumatlar 1 iyun – 31 avqust tarixləri ərzində baş verən hadisələri əhatə edir.