10 min üzv tələbi. 200 təsisçi məcburiyyəti. Hər bir təsisçinin ən azı 20 il Azərbaycanda daimi yaşamaq zərurəti. Bunlar “Siyasi Partiyalar haqqında” yeni qanun layihəsi ilə bağlı gedən müzakirələrin, etirazların, narazılıqların açar sözləridir.
Hazırda qüvvədə olan qanunla müqayisədə yeni layihə həcmcə daha böyükdür, o, 6 fəsil 30 maddədən ibarətdir. Yeni qanun layihəsinin ilkin versiyası Milli Məclisə təqdim olunandan sonra onunla bağlı müzakirələr, eləcə də narazılıq və etiraz aksiyaları olsa da əslində 3 ilə yaxındır ki, “Siyasi partiyalar haqqında” yeni qanunun qəbul olunmasına hazırlıq gedir. Bununla bağlı ilk təkliflər 2019-cu ildə dilə gətirilib.
Həmin ərəfədə müzakirələr daha çox müəllif yazılarında və müsahibələrdə yer alıb və yeni qanunun qəbul olunması rəsmi təklif və ya təşəbbüs kimi ortaya çıxmayıb.
Məsələn, 2019-cu ilin dekabrındaAna Vətən Partiyasının (AVP) sədr müavini Elçin Ağamalının demokrat.az saytına müsahibəsində siyasi partiyalar haqqında qanun müzakirə olunub. Təklif olunub ki, hazırda qüvvədə olan qanun ümumiyyətlə dəyişdirilsin.
Birinci kim başlayıb; Prezident Administrasiyası, yoxsa Milli Məclis?
Yeni qanun layihəsi ilə bağlı müzakirələrə 2020-ci ildə daha çox yer verilib və Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev siyasi partiya rəhbərləri ilə həm ümumi, həm də təkbətək görüşlərində bir neçə dəfə bunu müzakirə edib. Məsələn, Ümid Partiyasının sədri İqbal Ağazadə ilə 21 iyul 2020-ci ildə, sayca üçüncü görüşündə Ədalət Vəliyev bunu müzakirə edib. İ.Ağazadə deyib ki, “Siyasi partiyalar haqqında” Qanunun yenidən hazırlanması siyasi konfiqurasiyanın inkişafına, iqtidar-müxalifət arasında dialoqun uğurla davam etdirilməsinə müsbət təsir göstərə bilər.
Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu ilə 27 iyul 2020-ci ildəki görüşdə də PA rəsmisi yeni qanunu müzakirə edib. Görüşdə qeyd olunub:
Partiyaların hesabatlılığı, qeydiyyat məsələləri, fəaliyyəti və digər məsələlər qanunvericiliyin tələblərinə uyğun olmalıdır. Yeni siyasi sistemin formalaşmasında bu qanunvericiliyin təkmilləşdirilməsinə də böyük ehtiyac var.
Ədalət Vəliyevin bir neçə siyasi partiya rəhbərinin iştirak etdiyi digər görüşündə də “Siyasi partiyalar haqqında” yeni qanunun hazırlanması müzakirə mövzusu olub. 2020-ci il dekabrın 18-də baş tutan həmin görüşdə 12 siyasi partiyanın rəhbəri iştirak edib, amma onların müzakirəsinin detalları barədə ətraflı məlumat yoxdur.
Ədalət Vəliyevdən əvvəl isə prezident İlham Əliyev, 2020-ci il əvvəlində siyasi partiyalarla bağlı qanunvericiliyi tənqid edib. Martın 10-da Altıncı Çağırış Milli Məclisin ilk iclasında çıxış edən prezident deyib ki, qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis addımlar atacaq:
Hazırda siyasi partiyanı yaratmaq üçün heç bir ciddi meyar tələb olunmur. Hesab edirəm ki, bu praktikaya son qoyulmalıdır. Əgər biz doğrudan da istəyirik ki, Azərbaycanda çoxpartiyalı sistem inkişaf etsin, – biz bunu istəyirik və iqtidar partiyası kimi bunu təqdim edirik, – onda, əlbəttə, siyasi partiyaların fəaliyyəti üçün lazım olan bütün alətlər spektri mövcud olmalıdır. Bu, hesab edirəm ki, Milli Məclisin gündəliyində duran məsələlərdən biri olacaqdır.
Hazırda Milli Məclisdə ictimai müzakirələrinin keçiriləcəyi gözlənilən yeni qanun layihəsinin üzərində işin 2020-ci ildən etibarən getdiyini Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyev də təsdiqləyib. O, 6-cı çağırış Milli Məclisin ilk iclasında AzTV-yə müsahibəsində bu barədə danışıb. S.Mirzəyev deyib ki, Milli Məclis yeni qanun layihələri hazırlayacaq:
Məsələn, siyasi partiyalarla bağlı qanun yeni variantda hazırlanır. Cənab prezident də bu gün qeyd etdi ki, pozitiv fəaliyyətdə olan bütün siyasi partiyalar ölkədəki proseslərə cəlb olunmalıdır.
Siyasi partiya rəhbərlərinin Ədalət Vəliyevlə həm görüşləri, həm də yeni qanun layihəsi ilə bağlı müzakirələri 2021-ci ildə də davam edib. Təkcə müzakirələr yox, həm də qanun layihəsi üzərində hazırlıq da gedib. 2021-ci ilin mayında Vəhdət Partiyasının sədri Tahir Kərimli mətbuata açıqlamasında deyib ki, qanun yenidən işlənilir və Milli Məclisin gələcək sessiyalarında müzakirəyə çıxarılacaq.
Yeni qanun layihəsi ilə bağlı ən geniş formatda müzakirə 2021-ci il sentyabrın 10-da 45 siyasi partiya rəhbərinin Ədalət Vəliyevlə “Siyasi partiyalar: Zəfər, yeni reallıq və dialoq” adlı görüşündə keçirilib. Onlar siyasi partiyaların yeni qanun layihəsilə bağlı təkliflərini müzakirə edib.
Xülasə, Milli Məclisin sədri Sahibə Qafarova qanun layihəsi barədə tapşırıq verənə qədər onun üzərində uzun müddət hazırlıq gedib. Yeri gəlmişkən, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə ötən ilin sentyabrında deyib ki, layihənin üzərində işçi qrup çalışır. Lakin həmin işçi qrupun nə vaxt, necə təsis olunduğu və kimlərin həmin qrupa daxil edildiyi barədə heç bir məlumat verilməyib. Partiya sədri Meydan TV-yə müsahibəsində bildirib ki, qanun layihəsi üzərində iş davam etdiyindən onun barədə danışmaq hələ tezdir.
Azərbaycan Xalq Partiyasının PA rəsmisi ilə görüşlərdə iştirak edən sədri Pənah Hüseyn isə İşçi Qrupdan xəbərsiz olub.
Bildiyimə görə nə İşçi Qrup, nə də layihə var. Ədalət Vəliyev bizə dedi ki, partiyalara təkliflərin verilməsi haqda müraciət olunub. Amma yeni qanunun konsepsiyası məlum olmadığı üçün partiyamız təklifərini verməyib. Əgər İşçi Qrup olsa, təkliflərimizi verərik.
Sahibə Qafarovanın qanunla bağlı işlərin başlaması barədə tapşırıq verməsi isə 2022-ci ilin 26 iyuluna təsadüf edir. Parlamentdə təmsil olunan bütün siyasi partiyaların nümayəndələri həmin tarixdə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması ilə bağlı Milli Məclis sədrinə müraciət ediblər. Bundan sonra parlament sədri müvafiq tapşırıqlar verib və Milli Məclisin yaydığı məlumatda qeyd olunub ki, sənədin hazırlanması işlərinə başlanıb. Həmçinin dövlət qeydiyyatına alınmış siyasi partiyaların layihə ilə bağlı təkliflərini parlamentə təqdim etməsinə çağırış edilib.
İndiyə qədər ümumilikdə 39 siyasi partiya, o cümlədən hakim Yeni Azərbaycan Partiyası Milli Məclisə yeni qanun layihəsi ilə bağlı təkliflərini göndərib. Bu partiyaların hansı təklifləri göndərdiyi və o təkliflərin yeni layihədə nə dərəcədə yer aldığı isə açıqlanmayıb.
Yeni qanun layihəsinin qəbulu həm də növbəti referendum üçün zəmin ola bilər
Yeni qanun layihəsi barədə müzakirələrlə paralel həmçinin yeni seçki sistemi – proporsional seçki sisteminə keçid barədə də təkliflər səslənib. Milli Məclisin bir neçə deputatı bunun zəruri olduğu barədə fikirlər səsləndirib. Hüquq müdafiəçisi Sübhan Həsənli Mikroskop Mediaya müsahibəsində deyib ki, yeni qanun layihəsinin müddəaları, bütövlükdə layihənin özü proporsional seçki sisteminin qanunu olduğu təəssüratı yaradır. Onun sözlərinə görə, xüsusilə də partiyalara dövlətin maliyyə yardımının ayrılması barədə müddəalar proporsional sistem üçün real görünür:
Qanun layihəsindəki maddələr və siyasi partiyalara yüklənən missiya, 2019-cu ildən bu tərəfə davam edən dialoq məsələsi onu göstərir ki, yenidən proporsional sistemə keçid olacaq və referendumun ardınca da yenidən parlament seçkilərinin olması gözləniləndir.
Yeni qanuna niyə ehtiyac olduğunu kim necə əsaslandırıb?
“Siyasi partiyalar haqqında” yeni qanun layihəsinə niyə zərurət yarandığı barədə Milli Məclisin deputatlarının ayrı-ayrı vaxtlarda çıxışları, açıqlamaları olub. Bu çıxışların əksəriyyətində onlar hazırda qüvvədə olan qanunun çox köhnə olduğunu və yeni dövrün tələbi kimi yeni qanuna ehtiyac olduğunu deyiblər. Hazırda qüvvədə olan qanunun konkret hansı maddələrinin hazırda siyasi partiyaların fəaliyyətinə imkan vermədiyi barədə isə xüsusi qeyd və ya misal yoxdur.
Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı 28 iyul 2022.
Uzun müddət idi ki, həm Milli Məclisin plenar və komitə iclaslarında, həm də ictimai rəydə “Siyasi partiyalar haqqında” Qanuna əlavə və dəyişikliklərin kifayət olmadığı deyilərək, yeni qanunun işlənib, hazırlanmasının zəruriliyi ortaya qoyulurdu. Bu, kifayət qədər əsaslara malikdir. Çünki 1992-ci ildə qəbul edilmiş qanun, sonradan edilən dəyişikliklər və əlavələr müasir tələblər səviyyəsində deyildi, bu tələblərə cavab vermirdi.Bəlli olduğu kimi, ölkə Prezidentinin 2018-ci ildən başlayaraq həyata keçirdiyi islahatlar içərisində siyasi islahatlar xüsusi yer tutur. Yeni siyasi konfiqurasiyanın yaradılması üçün ölkə Prezidenti olduqca mühüm addımlar atdı.
Milli Məclis sədrinin 1-ci müavini Əli Hüseynli, 7 sentyabr, 2022
Ötən dövr ərzində müxtəlif vaxtlarda “Siyasi partiyalar haqqında” qanuna 70-dək əlavələr və dəyişikliklər edilib. Amma 2018-ci il növbədənkənar prezident seçkilərindən sonra cənab İlham Əliyev tərəfindən bəyan edilmiş yenidənqurma kontekstində siyasi və demokratik islahatlar, o cümlədən yeni siyasi konfiqurasiyanın formalaşması xüsusi yer tutmuşdur.
Deputat Ceyhun Məmmədov, 9 sentyabr 2022
Qanun 30 il bundan əvvəl – 1992-ci il 3 iyun tarixində qəbul edilib. Ölkədə formalaşan yeni siyasi konfiqurasiya, müasir çağırışlar, dünyada baş verən yeni tendensiyalar qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımların atılmasını və “Siyasi partiyalar haqqında” yeni qanunun hazırlanmasını zəruri edir.
YAP İdarə Heyətinin üzvü Cavid Osmanov, 7 sentyabr 2022
“Siyasi partiyalar haqqında” mövcud qanun 1992-ci il 3 iyun tarixində, 30 il bundan bundan əvvəl qəbul edilib və artıq müasir dövrün tələblərinə bir o qədər də adekvat deyil. Bu baxımdan Milli Məclisdə təmsil olunan bütün siyasi partiyaların nümayəndələri “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması üçün Milli Məclisin sədrinə müraciət ediblər.
REAL Partiyasından deputat Erkin Qədirli, 28 iyul 2022
İndiki qanun 1992-ci ilin qanunudur. Həmin qanun düzgün tədbiq olunsaydı, onunla da yaşamaq olardı. Amma prinsip etibarilə köhnəlmiş məqamlar da var orda. O vaxtdan bu yana seçki sistemi, bir neçə qanunvericilik dəyişilib, amma “Siyasi partiyalar haqqında” Qanun eyni şəkildə qalıb.
Qanunu kim və ya hansı qurum hazırlayır?
Yeni qanun layihəsi ilə bağlı ilkin müzakirələr Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə siyasi partiya rəhbərlərinin görüşlərində başlayıb. Əvvəl də qeyd olunduğu kimi ayrı-ayrı görüşlərdə təkliflər müzakirə olunub və partiya sədrlərindən biri qanun layihəsi üzərində İşçi Qrupun çalışdığını da deyib.
Qanunvericiliyə görə, Prezident Administrasiyası qanun layihəsi hazırlamaq səlahiyyətinə malikdir. Administrasiyasının gördüyü işlərə dair siyahıda qeyd olunub ki, o, Milli Məclisə təqdim olunan qanun layihələrini, prezidentin fərman, sərəncam, tapşırıq və müraciətlərinin, habelə digər sənədlərin layihələrini hazırlayır.
Prezident Administrasiyası ilə yanaşı Milli Məclisin də qanun layihəsi hazırlamaq səlahiyyəti var və 2022-ci ilin iyulunda siyasi partiya rəhbələrinin müraciətindən sonra Sahibə Qafarova tapşırıq verib ki, “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi hazırlansın. İşlərə bundan sonra başlandığı deyilsə də bu tarixə qədər paylaşılan məlumatlar və görüşlərdəki müzakirələr göstərir ki, ona qədər layihə üzərində xeyli müddət iş gedib.
Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyev də 2020-ci il martın 10-da, 6-cı çağırış Milli Məclisin ilk iclasında AzTV-yə açıqlamasında deyib ki, həm Milli Məclisdə, həm Prezident Aparatında yeni qanun layihələri hazırlanır. O, misal olaraq Siyasi partiyalar haqqında yeni qanun layihəsini göstərsə də, onun konkret hansı qurum tərəfindən hazırlandığını deməyib.
Dejavu yaşadan yeni layihə
“Siyasi partiyalar haqqında” Qanun layihəsindən əvvəl başqa bir qanun uzun müddət ictimaiyyətə açıqlanmadan hazırlanıb qəbul olunub. Bu, “Media haqqında” Qanun olub. Həmin qanun layihəsini əsasən jurnalistlər müzakirə edib və onların bir qismi etiraz aksiyası keçirib.
Həmin qanunun hazırlanması ilə bağlı prezident İlham Əliyev 2021-ci il yanvarın 12-də “Media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərman imzalayıb. Həmin fərmanla Media İnişaf Agentliyi (MEDİA) yaradılıb və agentliyə iki ay ərzində yeni qanun layihəsini hazırlayıb prezidentə təqdim etmək tapşırılıb.
Layihə Milli Məclisə təqdim olunana qədər bu barədə yalnız bir qrup sayt redaktoru danışıb və onu şərh edib. “Siyasi partiyalar haqqında” Qanun layihəsi barədə də uzun müddətdir ki, yalnız bir qrup partiya rəhbəri müzakirə edir və onun qəbul olunmasının vacibliyi barədə fikir səsləndirir.
2021-ci il dekabrın 10-da “Media Haqqında” Qanun layihəsi Milli Məclisin komitələrinə təqdim edilib və onla bağlı müzakirələr başlayıb. Bundan sonra Vətəndaş Cəmiyyəti nümayəndələri qanun layihəsinin ictimaiyyəti müzakirə testindən keçmədən parlamentə təqdim olunub, birinci oxunuşdan keçməyi ilə bağlı açıq müraciət imzalayıblar.
Müstəqil jurnalistlər 2021-ci il dekabrın 24-ü Milli Məclisin qarşısında Media haqqında yeni qanun layihəsinə etiraz olaraq aksiya keçirib. Polis aksiyanı dağıdıb və bu zaman aksiya iştirakçılarından bəziləri xəsarət alıb.
“Media haqqında” qanun layihəsi ictimaiyətə açıqlanandan sonra bir ay ərzində, 2021-ci ilin dekabrında Milli Məclisdə qəbul olundu və prezident İlham Əliyevin imzası ilə 2022-ci il fevralın 8-də qüvvəyə mindi.
Hazırda “Siyasi partiyalar haqqında” yeni qanunla bağlı da oxşar vəziyyət yaranıb. İki ildən çoxdur qapalı müzakirəsi gedən layihə qısa müddət bundan əvvəl ictimaiyyətə açıqlanıb və hazırda müzakirələr gedir. Bu müzakirələrin nə vaxt bitəcəyi və Milli Məclisdə nə vaxt qəbul olunacağı bəlli deyil. Həmin müzakirələrdə Vətəndaş Cəmiyyətinin, müxalifət partiyalarının rəyinin nə dərəcədə nəzərə alınacağı da məlum deyil. Hələ ki, müzakirələr gedir.