Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri, Müsavat Partiyasının prezident seçkilərində namizədi İsa Qəmbər də prezident seçkilərinin apreldə keçirilmə qərarını şərh edib. O hesab edir ki, bu qərar hakimiyyətin vəziyyətin ağırlığını dərk etməsindən irəli gəlir.
“Amerikanın Səsi”nə müsahibə verən İsa Qəmbər deyib ki, hakimiyyət tələm-tələsik seçki keçirib hakimiyyətin uzatmağa cəhd edir:
“Başa düşürlər ki, seçki keçirmək üçün bu ilin oktyabr ayını gözləsələr, həmin dövrdə cəmiyyətdə sosial-iqtisadi və siyasi narazılıq bugünkündən qat-qat çox olacaq. Seçkiləri saxtalaşdırmaq və saxta üsullarla, zorakı yollarla hakimiyyətdə qalmaq daha da çətinləşəcək. Bir tərəfdən böhranın dərinləşməsi və hakimiyyətin böhrana qarşı düzgün vasitələr və üsullar seçə bilməməsi, digər tərəfdən cəmiyyətdə narazılıqların artması, üçüncü tərəfdən də beynəlxalq birliyin, qərbin sistemli fəaliyyəti nəticəsində Rusiyada Putin rejiminin vəziyyətinin ağırlaşması Azərbaycandakı hakim rejimin də vəziyyətinin ağırlaşmasına gətirib çıxarır. Ona görə də tələsirlər”.
İsa Qəmbər vurğulayıb ki, növədənkənar prezident seçkilərində o da iştirak edəcək:
“Mənim prezidentliyə namizədliyim 2014-cü ilin sentyabrında Müsavat Partiyasının 8-ci qurultayında irəli sürülüb. Ona görə namizədliyim qüvvədədir. Konkret detallarla bağlı müzakirələr aparacağıq”.