Slovakiya və Fransa 73 yaşlı özbək-rus metall maqnatı Alişir Usmanovun Rusiya ilə sıx əlaqələri səbəbindən salındığı sanksiya siyahısından çıxarılmasına cəhd edir. Bu barədə Financial Times qəzeti məlumat yayıb. Hər 6 ayda bir yenilənən sanksiya siyahısının yenilənmə müddəti 16 sentyabrda bitməlidir, lakin Avropa İttifaqı üzv dövlətləri son yenilənmə tarixini 1 həftə də uzadıb.
Nə baş verib?
Avropa İttifaqının qara siyahısında 3000 şəxs və qurum var. Diplomatlar sanksiya siyahısını Rusiyanın müharibə maşınını zəiflətməyə davam etmək, buna dəstək verən, şərait yaradan və bundan faydalanan şəxs və qurumları təzyiq altında saxlamaq üçün vacib hesab edirlər.
Financial Times qəzetinin xəbərinə görə, üzv dövlətlərin diplomatları Usmanovun siyahıdan çıxarılması istiqamətində Slovakiyanın cəhdlərinə Fransanın da dəstək olmasına təəccüblənib. Diplomatlar deyir ki, Fransa bu addımı ilə bağlı aydın səbəb göstərməyib və bunun sadəcə “milli təhlükəsizlik” məsələsi olduğunu bildiriblər.
Məsləhətləşmələr davam edəcək və əlavə müzakirələrin keçiriləcəyi gözlənilir – Avropa İttifaqının növbətçi sədrliyini icra edən İrlandiyanın sözçüsü bildirib.
Fransa nə deyir?
Fransa rəsmiləri Usmanovun siyahıdan çıxarılmasını istədiklərini təsdiqləyiblər, lakin bu istəyin səbəbini açıqlamayıblar. Xarici İşlər naziri Jan Noel Baro AFP-ə açıqlamasında bildirib ki, hazırda Brüsseldə texniki səviyyədə danışıqlar gedir və onlar bu danışıqların tezliklə yekunlaşacağını gözləyir.
Financial Times isə öz mənbələrinə isitnadən xəbər verir ki, rəsmi Paris bu addımı Azərbaycanda həbsdə olan bir neçə Fransa vətəndaşının azad olunmasını da nəzərdə tutan razılaşmanın tərkib hissəsi olaraq atıb.
Avropa İttifaqı ölkələrinin diplomatları blokun rəsmi Moskvaya qarşı sanksiyalarını zəiflətmiş kimi görünməyindən narahatdır. Ukrayna prezidenti Volodimir Zelenski isə deyib ki, sanksiyaları ləğv etmək üçün indi qətiyyən doğru vaxt deyil.
Alişir Usmanov kimdir?
Özbəkistanda doğulan rusiyalı iş adamı Alisher Usmanov Arsenal futbol klubunun keçmiş səhmdarıdır. O, Krem ilə sıx əlaqələri səbəbindən 2022-ci ildə sanksiya siyahısına daxil edilib. Bu sanksiya siyahısında oliqarxlar və qurumlarla yanaşı, Rusiya Prezidenti Vladimir Putin və Xarici İşlər naziri Sergey Lavrov da var.








