Bu il baş tutacaq növbədənkənar seçki Azərbaycan seçki təcrübəsində ilk deyil. Müstəqilliyin ilk illərində də iki dəfə növbədənkənar seçki baş tutub ki, bunlardan birində Əbülfəz Elçibəy, digərində isə Heydər Əliyev qalib olub.
“Azadlıq Radiosu” həmin dövrdəki seçki mühiti, ölkə əhalisinin fəallığı və seçki ənənəsini araşdırıb.
1992-ci ilin martında, Xocalı faciəsinin doğurduğu etirazlardan sonra, prezident Ayaz Mütəllibov kütləvi mitinqlərin təzyiqi altında istefa verdiyini elan etdi. Müxalifətin parlament respublikasına keçid təklifini rədd edən parlament çoxluğu növbəti prezident seçkisinin keçirilməsinə qərar verdi.
Mayın 14-də eks-prezident Mütəllibov yenidən vəzifəsinə qayıtdığını elan etsə də, növbəti kütləvi etirazlardan sonra vəzifəsini və ölkəni tərk etməyə məcbur qaldı.
Bundan üç həftə sonra, iyunun 7-də keçirilən prezident seçkisinə beş namizəd qatılmışdı. Onlardan Azərbaycan Xalq Cəbhəsinin sədri Əbülfəz Elçibəy səslərin 59.4 faizini almaqla qələbə qazandı. Azərbaycan tarixinin ən gərgin siyasi yarışması kimi yadda qalan bu seçkidə Elçibəyin rəqibi Nizami Süleymanov səslərin 33 faizini toplayıb. Bu seçkidə seçici fəallığı 76.3 faiz olub.
1993-cü il prezident seçkiləri də ölkədəki siyasi gərginliyin nəticəsi kimi baş verdi. 4 iyun Gəncə qiyamından sonra prezident Ə.Elçibəy Bakını tərk etdi və avqustda keçirilən referendum Elçibəyin de-fakto hakimiyyətsizliyinə de-yure son qoydu.
Oktyabrdakı prezident seçkisinə üç namizəd qatıldı: Yeni Azərbaycan Partiyasının rəhbəri və Ali Sovetin sədri kimi prezident səlahiyyətlərini icra edən Heydər Əliyev, siyasi dairələrdə çox az tanınan Karrar Əbilov və biznesmen Zakir Tağıyev.
1993-cü il oktyabrın 3-də keçirilən və H.Əliyevin tam üstünlüyü ilə başa çatan səsvermə Azərbaycan prezident seçkiləri tarixinin iki rəsmi rekordunu vurdu. Rəsmi məlumatlarda H.Əliyevə seçicilərin 98.8%-nin səs verdiyi, seçici fəallığının isə 97.6% həddinə çatdığı deyilirdi.
Siyasi şərhçi Şahin Hacıyev hesab edir ki, ümumiyyətlə ölkədə normal seçki ənənəsi elə 90-cı illərdə qalıb.
“Məsələn, 1992-ci ildə normal seçkilər keçirilmişdi, mübarizə getmişdi. Populyar olmayan, hətta mən deyərdim, buna layiq olmayan namizəd ikinci yer tutmuşdu. 1993-cü il seçkilərində, Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra keçirilən seçkilər zamanı da mühit fərqli idi, siyasi mübarizə vardı. O zaman Əliyevə münasibət də başqa idi. O vaxt Xalq Cəbhəsi hakimiyyətini gözdən salmışdılar, cəmiyyətin xeyli hissəsi isə Heydər Əliyevə xilaskar kimi baxırdı. Ona etimad böyük idi və Əliyevə səs verənlər az deyildi”.
Heydər Əliyevin ikinci dəfə namizəd olduğu 1998-ci il seçkilərindən də danışan şərhçi deyir ki, bu dəfə ona münasibət dəyişir və daha ciddi rəqiblə mübarizə aparırdı:
“Müşahidəçilərin dediyinə görə, ilk ciddi saxtakarlıq o zaman oldu və seçkilərin ikinci mərhələsinin keçirilməsi gözlənilsə də, bu baş vermədi. O dövrdən başlayaraq seçkilər anti-demokratik şəraitdə keçirilməyə başlandı. İndiki seçkiləri isə «seçki» adlandırmaq olmaz. Çox sönük, maraqsız keçir. Cəmiyyətin bu seçkilərdə heç bir rolu yoxdur. Bunu da hamı aydın başa düşür ki, seçkidə iştirak mənasızdır. Elə bir şərait yaradılıb ki, seçki formal xarakter daşıyır. Seçki sözündən istifadə edilməsi artıq düzgün deyil”.
Azərbaycan Xalq Cəbhəsinin hakimiyyəti dövründə prezident səlahiyyətlərini əvəz edən, Ali Sovetin o vaxtkı sədri İsa Qəmbər isə hesab edir ki, 1992-ci ildə baş tutan seçkini növbədənkənar hesab etmək olmaz. Bu, daha çox zərurətdən doğan seçki idi:
“Xalq inqilabı nəticəsində yaranmış vəziyyətdən doğan seçkiləriydi. Bəlkə də 11 aprel seçkilərini daha çox “növbədənkənar” adlandırmaq olar. Hamı oktyabr seçkilərinə hazırlaşarkən birdən-birə hakimiyyət seçkiləri altı ay irəli çəkdi. Ancaq 1992-ci il seçkilərinə həm ölkə daxilində, həm də beynəlxalq miqyasda növbədənkənar seçki kimi yox, zərurətdən doğan seçki kimi yanaşılırdı”.
İ.Qəmbər həmin zərurəti belə izah edir: “Biz Xalq Cəbhəsi olaraq kommunistlərə təklif etdik ki, seçki keçirməyə tələsməyək, koalision hökumət yaradıb Qarabağ məsələsini həll etməyə çalışaq, müharibə bitdikdən sonra prezident seçkisi keçirərik. Təəssüf ki, kommunistlər bizim təklifimizi qəbul etmədilər və 1992-ci il iyunun 7-nə seçki təyin etdik”.
AXCP sədri Əli Kərimlinin sözlərinə görə, indiyə qədər ən demokratik seçki 1992-ci ildə keçirilib:
“O, həmin dövrdə keçmiş SSRİ məkanında keçirilən ən yaxşı seçkilərdəniydi. Deyə bilmərəm ki, mükəmməl beynəlxalq müşahidə təşkil edilmişdi. Amma ümumi rəy vardı seçkilərlə bağlı. Bu rəyi dağıtmaq olmaz. Nizami Süleymanov kimi adam 33 faiz səs almışdı. Necə demək olar ki, bu seçki demokratik deyildi? MSK-nın tərkibini əvvəlki hakimiyyət formalaşdırmışdı, orada cəbhəçilər yox idi. Ona görə 1992-ci il seçkiləri həm azərbaycanlıların, həm dünyanın, həm də tarixin yaddaşında yeganə demokratik seçki kimi qalıb”.
Milli İstiqlal Partiyasının keçmiş sədri, o dövrün nüfuzlu siyasətçilərindən Etibar Məmmədov isə hesab edir ki, 1992-ci il seçkilərinə “ən demokratik seçki” demək olmaz. Onun qənaətincə, Azərbaycanda bütün seçkilər zamanı hakimiyyətdəkilər inzibati resurslardan yararlanıblar və bu baxımdan AXC hakimiyyətini də istisna saymır:
“Mayda AXC hakimiyyəti ələ keçirəndən sonra seçkiyəqədərki qısa dövrdə edilən özbaşınalıqlar, cəmiyyətdə qarşıdurma yaratmaq istiqamətində hərəkətlər Elçibəyin nüfuzuna çox böyük zərbələr vurdu. Ona görə bir ay sonra keçirilən seçkilərdə bəzi çətinliklərlə üzləşdilər. Buna görə də Elçibəyin rəqibi olan Nizami Süleymanov 33 faiz səs toplaya bildi. Bu, heç bir təşkilatı, partiyası olmayan bir adam üçün böyük rəqəmdir. Onun böyük bir təşkilatın başında duran Elçibəyə qarşı bu qədər səs toplamasının səbəbi bir ayda olan neqativ hərəkətlər idi”.
1993-cü il seçkilərinə gəlincə, E.Məmmədov etiraf edir ki, həmin dövrdə Heydər Əliyevə alternativ olmayıb. “Cəmiyyətdə böyük eyforiya var idi və ona böyük ümid bəslənirdi, ona görə də o seçkilər bu şəkildə baş tutdu”, – deyir.
Yeni Azərbaycan Partiyasının üzvü, deputat Elman Məmmədov da Heydər Əliyevin yekdilliklə, demokratik seçkilər nəticəsində seçildiyini deyir. 1992-ci il seçkilərindən isə danışmaq istəmir. “O, mənim yadımda qalmayıb, yadımda qalanlardan danışmaq istəyirəm”, – söyləməklə kifayətlənir.
Ümumiyyətlə, E.Məmmədov da İ.Qəmbər kimi 1990-cı illər seçkiləriylə indiki arasında müqayisə aparmağı doğru saymır. Hesab edir ki, hər dövrün öz tələbləri, spesifik xüsusiyyətləri var:
“1992-1993-cü illərdə ölkədə çox gərgin vəziyyət idi. Müharibə gedirdi, daxili sabitlik pozulmuşdu, iqtisadiyyat acınacaqlı idi. Təbii ki, indiki dövr o dövrlə müqayisə edilə bilməz. Ölkədə çox vacib şərtlərdən biri – dayanıqlı, etibarlı sabitlik təmin edilib. İndi güclü iqtisadiyyat var. Ölkə dünya miqyasında nüfuzuna, hörmətinə görə tanınır, inkişafda olan ölkədir. Siyasi partiyaların sayı o dövrdən indi daha çoxdur”.
2018-ci ildə baş tutacaq növbədənkənar seçki öncəsi hazırlıqsız yaxalanan bəzi müxalifət partiyaları və siyasi təşkilatlar seçkiləri boykot edib. Onlardan biri olan AXCP-nin sədri Ə.Kərimli hesab edir ki, 1998-ci ildən bəri keçirilən seçkilərin heç birində hüquqlar bu qədər məhdudlaşdırılmayıb:
“2018-ci il aprel seçkiləri tarixə hüquqların ən çox məhdudlaşdırıldığı seçkilər kimi düşəcək. Hamı bilir ki, budəfəki seçkilər saxtalaşdırılacaq. Amma indiyə qədərki seçkilərin saxtalaşdırıldığını və aprel seçkilərinin də saxtalaşdırılacağını bilə-bilə beynəlxalq ictimaiyyət indiki Azərbaycan hakimiyyətini rəsmən qəbul edir. Bu da beynəlxalq münasibətlərin xoşagəlməz, acı reallığıdır”.