Müsavat Partiyası fevralın 10-da keçirdiyi partiya Məclisinin növbədənkənar sessiyasında qəbul olunan qərarın tam mətnini açıqlayıb. “Bastainfo”nun dərc etdiyi açıqlamada deyilir ki, ölkədə keçirilməsi planlaşdırılan növbdənkənar Prezident seçkiləri ləğv olunmalıdır:
Partiya Məclisi bunu “Prezidenti seçkilərinin keçirilməsi haqqında Sərəncamın saxta referendumun nəticələrinə əsaslandığı, hakimiyyət tərəfindən əsaslı, inandırıcı izahatın verilmədiyi, ölkədə seçkiqabağı demokratik şəraitin olmamağı” ilə əsaslandırır.
Məclisin 7 tələbinin yer aldığı qərar mətnində digər tələb isə seçki komissiyalarında iqtidar və müxalifət nümayəndələrinin bərabər sayda, paritet əsasda təmsil olunması müzakirəyə qəbul edilməsidir.
Digər maddələr:
Prezident seçkilərində iştirak etmək niyyətini bəyan etmiş bütün namizədlərə imkanlar tanınsın.
Beynəlxalq müşahidəçilərin seçki prosesində iştirakı təmin edilsin.
Söz, ifadə, mətbuat və sərbəst toplaşma azadlıqları təmin edilsin.
Siyasi məhbuslar azad edilsin.
2018-ci il aprel ayının 11-nə təyin olunan növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinə qarşı mübarizənin təşkil edilməsi istiqamətində real müxalifət qüvvələri ilə müzakirələrin başlanması məqsədəuyğun hesab edilsin.