Azərbaycanda prezident seçkiləri 2017-ci ilin sentyabrında baş tutan referenduma qədər hər 5 ildən bir keçirilirdi. Həmin referendumda isə Konstitusiyaya təklif olunan dəyişikliklər qəbul olundu və bu ildən etibarən prezident seçkisi 7 ildən bir baş tutacaq. Bununla yanaşı prezident seçkilərinə aid Konstitusiyada yer alan daha bir dəyişikliyə görə növbədənkanar seçki keçirmək səlahiyyəti prezidentə verildi. Üstəlik də heç bir açıqlama verməmək imkanı ilə.
Bu il prezident seçkisinin oktyabrın 17-də baş tutacağı gözlənilirdi, amma prezident İlham Əliyev səlahiyyətindən istifadə edərək seçki vaxtının dəyişdirilməsi ilə bağlı sərəncam imzaladı. Həmin sərəncama əsasən prezident seçkiləri aprelin 11-də baş tutacaq.
Bəs əgər bir şəxs prezidentliyə namizəd olmaq istəyirsə, nə etməlidir? Bu barədə Konstitusiya, Seçki Məcəlləsi, “Seçki haqqında” Qanun nə deyir?
Kim prezidentliyə namizəd ola bilər?
Azərbaycanda prezidentliyə namizəd olmaq istəyən şəxs aşağıdakı tələblərə riayət etməlidir.
Olmalıdır;
1. Ölkə ərazisində ən azı 10 il daimi yaşayış
2. Ali təhsil
3. Seçkilərdə iştirak hüququ
4. Yaş həddi yoxdur
5. Azərbaycan vətəndaşlığı
Olmamalıdır;
1. Başqa dövlətlər qarşısında öhdəlik
2. Ağır cinayətə görə məhkum olunmaq
3. İkili vətəndaşlıq
Namizədliyi irəli sürmək üçün hansı sənədlər lazımdır?
Namizəd olmaq istəyən şəxs əvvəlcə Mərkəzi Seçki Komissiyasında namizədliyinin qeydə alınması üçün bir neçə sənəd toplamalı və seçki gününə ən çox 50, ən azı da 30 gün qalmış müvafiq seçki komissiyasına təqdim etməlidir:
1. Namizədin müdafiəsi üçün toplanan seçici imzaları olan imza vərəqələri
2. Seçici imzaları toplanmasının yekunu haqqında Mərkəzi Seçki Komissiyasının müəyyənləşdirdiyi formada tərtib edilmiş protokolun 2 nüsxəsi
3. Gəlirlərin miqdarı və mənbələri haqda məlumat
4. Namizədə məxsus əmlak barədə məlumat
5. İllik maliyyə hesabatı. (Bura seçici imzalarının toplanmasına sərf olunan vəsait də daxil edilməlidir.)
Namizəd müvafiq seçki dairəsində namizədliyinin qeydə alınması üçün müvafiq seçki komissiyasına yazılı bildiriş verir. Bu bildirişdə namizədin soyadı, adı, atasının adı, doğum tarixi, yaşayış yerinin ünvanı, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriya və nömrəsi, bundan başqa, irəli sürülən namizədin əsas iş və ya xidmət yeri, tutduğu vəzifə (bu olmadıqda — fəaliyyət növü) göstərilməlidir. Bununla yanaşı həmin bildirişdə namizəd üzərinə öhdəlik də götürür ki, prezident seçiləcəyi halda bu vəzifəylə uzlaşmayan fəaliyyətinə xitam verəcək. Bu öhdəliklə bağlı yazılı ərizədə namizəd olmaq istəyən şəxsin tərcümeyi-halına aid məlumatlar da yer alır.
Eyni zamanda ərizəyə namizədin siyasi partiya mənsubiyyəti haqqında məlumat da daxil edilə bilər.
QEYD: Tələb olunan protokolun 2 nüsxəsi və namizədin illik maliyyə hesabatı barədə sənədlərdə qəsdən buraxılmayan səhvlər aşkarlanarsa, onda namizədə 48 saat ərzində məlumat verilməlidir və buraxılan səhvlərin düzəldiməsi təklif edilməlidir.
Müvafiq seçki komissiyası təqdim edilmiş sənədlərə 5 gün müddətində müraciətə baxır və namizədə, ya da onun rəsmi nümayəndəsinə qərar barədə məlumat verir. Bundan sonra da namizədə imza vərəqələri təqdim olunur.
Namizədliyin qeydə alınması prosesinin digər mərhələsi də namizədi müdafiə üçün imza toplanmasıdır.
1. Minimum 40 min seçici imzası
2. Bu imzalar ən azı 60 seçki dairəsi ərazisindən toplanmalı və hər ərazidən minimum 50 imza vərəqəsi olmalıdır
3. Bir seçici ancaq bir namizəd üçün imza ata bilər
4. Hər bir imza vərəqəsində namizədin soyadı, adı, atasının adı, doğum tarixi, əsas iş və ya xidmət yeri və ya tutduğu vəzifə (bu olmadıqda — fəaliyyət növü), yaşadığı yerin ünvanı, irəli sürüldüyü seçki dairəsinin adı (sıra nömrəsi) göstərilməlidir.
İmza toplanması zamanı riayət edilməli olan qaydalar:
• Dövlət orqanların, bələdiyyələr mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslərin imza toplanmasında iştirak edə bilməz.
• İmza toplanması prosesində seçiciləri imzalamağa məcbur etmək, imza atmağa imkan verməmək və ya buna görə onları hər hansı formada mükafatlandırmaq olmaz. Əks halda imzalar etibarsız sayılır.
• 18 yaşına çatmayan şəxslər seçici imzaları toplaya bilməz
• Seçici imzaları tədris müəssisələrində, yaşayış yerlərində toplana bilər. Eləcə də seçkiqabağı təşviqatın qadağan edilmədiyi digər yerlərdə də imza yığıla bilər.
• İmza verən seçici bu zaman soyadını, adını, atasının adını, doğum tarixini, yaşayış yerinin ünvanını, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyasını və nömrəsini, verilmə tarixini, imza etdiyi tarixi göstərir. Bu məlumatlar əl yazısı ilə yazılır və onların yayılmamasına təminat verilir.
• İmza toplanması bitdikdən sonra namizədin nümayəndələri nəticələri hesablayır və bu barədə protokol tərtib edirlər.
• Müvafiq seçki komissiyalarına təqdim edilən imza vərəqələri nömrələnməli və qovluq formasında səhifələnməlidir.
Prezidentliyə namizəd necə qeydə alınır?
Müvafiq seçki komissiyası imza vərəqələri və namizədin qeydə alınması üçün lazımi sənədlər qəbul olunandan sonra 7 gün ərzində namizədlə bağlı qərar qəbul edilir. Əgər namizəd qeydə alınıbsa, bu barədə qərarın surəti onun qəbul edilməsindən ən azı 1 gün müddətində namizədə təqdim olunmalıdır. Qeydə alınan hər namizədə qeydiyyat vəsiqəsi verilir.
Namizədliyin qeydə alınmaması üçün əsaslar:
• İmzaların toplanması zamanı qanunun tələblərinin pozulması
• Namizədlik üçün tələb olunan sənədlərin düzgün rəsmiləşdirilməməsi, ya da ümumiyyətlə olmaması
• Təqdim edilən məlumatların düzgün olmaması
• Etibarlı seçici imzalarının lazımi saydan az olması
• Seçki fondunun yaradılması qaydasının və müvafiq seçki fondunun vəsaitinin xərclənməsi qaydasının pozulması
• Namizədin hərəkətlərində cinayət məsuliyyətinə və ya inzibati məsuliyyətə səbəb olan hüquq pozuntusu əlamətləri aşkar olunması
Seçkiqabağı təbliğat-təşviqat kampaniyası necə aparılır? Namizədin hansı hüquqları var?
Seçkiqabağı təşviqat aşağıdakı üsullarla aparıla bilər:
• Kütləvi informasiya vasitələri ilə
• Kütləvi tədbirlər, yəni yığıncaqlar, vətəndaşlarla görüşlər, kütləvi müzakirələr, söhbətlər və s. keçirilməsi yolu ilə
• Çap olunmuş, audiovizual və digər təşviqat materiallarının buraxılması və yayılması yolu ilə;
Ümumiyyətlə, qeydə alınmış namizəd qanunla qadağan edilməyən üsullarla təbliğat kampaniyası apara bilər. Amma seçki günü təbliğat-təşviqat aparılması qadağandır. Namizədin təbliğatı kampaniyası seçkiyə 23 gün qalmış başlayır və səsvermə gününə 24 saat qalmış bitir. Həmçinin namizədin televiziya, radio və dövri nəşrlərdə həm pulsuz, həm də ödənişli efir vaxtından istifadə etmə hüququ da var.
Seçkinin nəticələrindən narazı olan prezidentliyə namizəd nə edə bilər?
Seçki Məcəlləsinə görə, MSK səsvermə günündən etibarən 10 gündən gec olmayaraq Prezident seçkilərinə yekun vurur və nəticələrini təsdiq olunmaq üçün Konstitusiya Məhkəməsinə təqdim edir. Qanun icazə verir ki, seçkinin nəticəsindən narazı olan namizəd bununla bağlı Konstitusiya Məhkəməsinə ərizə ilə müraciət etsin.
Şikayət olmadığı halda isə əgər namizədlərdən seçicilərin yarıdan çoxunun səsini toplaya bilibsə, o, prezident seçilir.
Konstitusiya Məhkəməsi Seçkinin nəticələrini rəsmi elan etdiyi gündən etibarən 3 gün ərzində isə artıq prezident seçilmiş namizəd and içir.