Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov blogger Mehman Qələndərovun intiharı ilə bağlı açılan cinayət işinə xitam verilib. O, novator.az saytına açıqlamasında qeyd edib ki, Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə başlanan cinayət işi üzrə istintaq aparılıb: “İstintaqın davam etdirilməsi Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsinə tapşırıldıqdan sonra həmin idarədə zəruri istintaq tədbirləri davam etdirilib. Yekunda cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq başlanmış cinayət işinin icraatına cinayət hadisəsi olmadığına görə xitam verilib”.
Eldar Sultanov qeyd edib ki, cinayət işinə 2017-ci il iyulun 26-da xitam verilib.
- Facebook sosial şəbəkəsində tənqidi statuslar yazan, eləcə də Qiyas İbrahimov və Bayram Məmmədovu müdafiə edən blogger 2017-ci il fevralın 7-də həbs olunub. O, Cinayət Məcəlləsinin 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham olunub.
- İstintaq hələ başa çatmamış, aprelin 28-də Mehman Qələndərov Bakı İstintaq Təcridxanasında dünyasını dəyişib.
Mehman Qələndərov ailəli olmayıb. O, 2017-ci il aprelin 30-da Bakı İstintaq Təcridxanasının yaxınlığındakı qəbiristanlıqda valideynlərinin yanında torpağa tapşırılıb.