Moskvanın 2016-cı ildə Birləşmiş Ştatlarda seçkiyə müdaxiləsinə cavab olaraq varlı rusiyalılara “yaxın gələcəkdə” yeni sanksiyalar qoyulacaq.
Bunu ABŞ Xəzinədarlığının rəhbəri Steven Mnuchin fevralın 14-də Senatın maliyyə komitəsində çıxışında deyib. Əlavə edib ki, “Həmin sanksiyalar üzərində fəal işləyirik. Onları yaxın gələcəkdə gözləyin”.
Ötən yay konqres Rusiyaya yeni sanksiyalarla bağlı qanun layihəsinə yekdilliklə səs verib. Donald Trump da həmin sənədi imzalayıb.
Qanunun icrasından ötrü Xəzinədarlıq ötən ay Rusiyanın 114 aparıcı siyasətçisinin və 96 oliqarxının siyahısını dərc edərək, onların prezident Vladimir Putinlə yaxınlıq hesabına sərvət qazandığını bildirdi. Amma o zaman yeni sanksiyalar elan olunmadı.
ABŞ konqresmenləri və digərləri Xəzinədarlığı siyahıdakı bəzi şəxslərə dərhal sanksiya qoymadığına görə tənqid etdi.
Mnuchin yanvarın 30-da yeni sanksiyaların hazırlandığını, onların “yaxın bir neçə aya, ola bilsin, bir aya” elan olunacağını açıqlayıb.