Vəkil ani susur… Üzünü prokurorlara və hakimə tutur:
– Başa düşürəm ki, bu, sizdən asılı deyil. Əgər bu sözləri deyə bilmirsinizsə, bizim kimi vəkillik edin, bənnalıq edin, küçələrdə iş axtarın…
Elton müdafiə nitqində hüquqi məsələlərə toxunmur. Onun çıxışı müttəhimləri vətənə xəyanətdə ittiham edən prokurorları, onlarla razılaşan hakimləri peşəyə, vicdana xəyanət etməməyə çağırışdır. Eltonun bütün vəkillik fəaliyyətinin məğzində daha çox bu çağırış dayanır: məhkəmə sistemində, hüquq-mühafizə orqanlarında çalışanların içində hələ ölmədiyinə ümid etdiyi İNSANA ÇAĞIRIŞ…
***
Pula gözünün ucu ilə də baxmır Elton:
– Ölən çoxdur, günahı varsa, gedəcək.
– Elton, yaxşı fikirləş, xeyli puldur.
– Məni tanıyırsan…Günahı varsa, gedəcək.
İstintaq imkanlı tanışın günahsız olduğunu təsdiqləyir. Dostu buna baxmayaraq, yenə pulu götürməyi təklif edəndə Elton təmkinli tövrünü pozmur:
– Adamın günahı yoxdur, bu pulu necə yeyə bilərsən?
Müsahibim illər öncə olmuş əhvalatı danışanda gözləri dolur:
– Götürmədi e pulu. O qədər pulu… Atası da elə idi. Heç bilirsiniz, Xalq Nəzarəti Komitəsinə necə pullar gəlirdi? Bir manatda da gözü yoxu idi…
O, süzülmüş arağı başına çəkir, hiss edirəm ki, içməsə, danışa bilmir.
– Elə bil yadplanetli idi Elton… Çox nəcib adam idi. Bilirsiniz heç, nəciblik nə deməkdir?
***
Təklikdə mübarizə Eltonun ilk təcrübəsi deyildi. Müstəntiq işləyəndə də ədalət uğrunda mücadilədə bir neçə dəfə təklənmişdi. Tək də bacarmışdı.
1978-ci ildə Bədən Tərbiyəsi İnstitutunun qarşısında yol qəzası baş verir. Xanlar Abdullayevin sürdüyü avtobus “Jiquli” markalı maşınla toqquşur. Daha doğrusu, sərxoş sürücü maşını avtobusun üstünə sürür. Nəticədə “Jiquli”dəki iki nəfər həlak olur. Ölənlərdən biri erməni, digəri isə yəhudi idi. Hadisə yerinin müayinəsi üçün universiteti yenicə bitirmiş gənc müstəntiqi yollayırlar…
***
…Şuşanın işğalının səbəblərini araşdırmaq yanğısının altında təkcə Eltonu ora bağlayan tellər – əsli-kökü, uşaqlıq xatirələri, ailəvi istirahətlər və s. dayanmırdı, həm də özəl dünyasında açıb-ağartmadığı başqa səbəb də vardı – hər halda mən belə ehtimal edirəm. Bölüşmək istəmədiyi sızıltı anası Kübra xanımla bağlıydı. Və mənə elə gəlir ki, Eltondan ötrü Şuşa hər şeydən əvvəl Kübra xanım idi…
***
Atasının “Ömrümün Kübrasız keçən günlərindən” adlı gündəliyindən:
“Axşam Eltonla birtəhər söhbət edirəm, anası ilə söhbətini soruşuram. Çox qısa deyir: “Mama deyir ki, özünüzü ələ alın, kişi kimi aparın. Papana denən, özünü yaxşı saxlasın. Onun ağır dəqiqələrində mən özümü nə təhər aparmışamsa, o da elə etsin”. Nə edim, əlacım nədir? Elimə görə özümü nisbətən toxtaq tuturam”.
***
Onun çıxışı qurultayda iştirak edən Mircəfər Bağırovun xoşuna gəlir. “Kommunist” qəzetinin 1935-ci il 10 yanvar tarixli sayında Rasimın çıxışı belə təsvir olunur: “Rasim ən yaxşı natiqlərə məxsus olan bir sakitlik və cəsarətlə danışmışdır. O öz sözlərində bir hərf belə yanlışlığa yol verməyərək, seçilmiş bədii sözlərlə Ağdam rayonu pionerlərinin tapşırığını qurultay nümayəndələrinə yetirmişdir”.
***
Bir ay sonra “Yeni Müsavat” qəzetinin 2002-ci il 25 fevral tarixli sayında yenidən bu məsələyə qayıdılır. Eltonun hüquq müdafiəçilərinin və müstəqil ekspertlərin Rəhim Qazıyevi müxtəlif cinayətlərdə suçlaması haqda suala cavabı kəskin olur:
“Rəhim Qazıyevlə bağlı Avropa Şurasının tələbləri səslənəndən sonra onun barəsində ittihamlarla çıxış edənləri mən hüquq müdafiəçisi yox, hüquq hücumçusu sayıram. Rəhim Qazıyevin müdafiəçisi kimi hətta onu deyə bilərəm ki, bu mərhələdə bunların hamısı çox məsuliyyətsiz çıxışlardır. Qəti söyləyə bilərəm ki, burada daha çox emosionallıq və şəxsi qərəz var. İş materiallarının çox az hissəsi ilə tanış olmağıma baxmayaraq, bu adamların hər biri ilə ayrı-ayrılıqda və hamısı ilə bir yerdə polemikaya girməyə hazıram. Bu adamların bəziləri Rəhim Qazıyevi “vətən xaini” adlandırır, bəziləri satqınlıqda qınayırlar və s. Onların heç birinin bu barədə danışmağa mənəvi haqqı yoxdur. Rəhim Qazıyev bu gün məhkumdur və bu çıxışların heç birinə cavab vermək iqtidarında deyil. Ona görə bunları bir qədər qeyri-etik hesab edirəm. Yaxşı olardı ki, tutarlı arqumentləri olanlar açıq məhkəməyə gəlsinlər və media qarşısında debata girsinlər. Bu cür çıxışlar nə hüquqi, nə də mənəvi cəhətdən düzgündür. Həmin ittihamları söyləyənlərə yalnız onu demək istəyirəm ki, bir qədər gözləsinlər. Əgər onlar öz üzərlərinə götürdükləri funksiyaları yerinə yetirə bilmirlərsə, buna başqa don geyindirməsinlər. Söhbət cinayət işindən və Rəhim Qazıyevə verilən ittihamların düzgünlüyündən gedir. Burada heç kim Rəhim Qazıyevin yaxşı adam olub-olmadığını müzakirə etmir. İndi məhz bu sualların üzərində dayanmaq lazımdır: ona qarşı irəli sürülən ittihamlar nə qədər qanunidir? Amma “Rəhim Qazıyevi azadlığa buraxmaq olmaz” kimi ifadələr hüquqşünasa yaraşmır. Bu barədə danışanlar gərək əvvəlcə özləri qarşısında hesabat versinlər”.
Torpaqların işğalına görə ittiham olunan, tərk edilmiş, toplumun özünə bəraətini dinləmək istəmədiyi məğlub bir adamın yanında sonadək və təmənnasız qalmaq…
Belə bir ürəyin, cəsarətin sahibi Elton ola bilərdi. Müstəqillik dönəminin ən mübahisəli, ən ziddiyyətli proseslərindən biri olan Rəhim Qazıyevin məhkəməsinin tarixi əhəmiyyəti hər şeydən əvvəl burada Şuşa və Laçın rayonlarının işğalının əsas araşdırma predmeti olmasında idi. Məhkəmə çoxmənalı, paradoksal situasiyaları ilə diqqət çəkir…
***
Vəkilin növbəti sualı elə gözlənilməz olur ki, zabit karıxır:
– Bəs niyə asmadılar?
O, baxışlarını qaçırır:
– İndi o… Bu sual mənə deyil.
***
“Bir dəfə materialları oxuya bilmədi. Amma o ağrıları ilə həmin işdə qaldı. Nə qədər mümkündüsə, o qədər qaldı. Türkiyədən zəng edirdi, bir gündən bir işi soruşurdu, neylədin, filan vəsatəti verdinmi və s. O, gedəndə çox həyəcanlanmışdım ki, məni tərk edir. Deyirdi ki, narahat olma, özüm nəzarət edəcəm: “Mən işi qoyub gedirəm, amma rahat gedirəm, bilirəm ki, bacaracaqsan”. Bu sözdən sonra bacarmaya bilməzdim”.
***
O, hər dəfə çətin vəziyyətlərdən çıxmağa bir özünü sınaq kimi baxırdı, özü qarşısında imtahan verirdi.
Çünki Eltondan ötrü hesabat verməli olduğu ən vacib adam elə özü idi. Və Elton bizə mümkünsüzlük şəraitində sonadək sınmamaq qanununu isbatladı. Onun həyat təcrübəsi ölkəni saran ləyaqətsizliyin qırılma nöqtələrindən biri idi.
***
Kitabın dramaturgiyası üzərində düşünəndə uzun müddət onu necə quracağımı bilmirdim. Düşündüyüm fəndlərsə Eltonun hekayəsinə heç cürə uymurdu. Nəhayət, hekayəni klassik bir fənd vasitəsilə, sadə adamın axtarışı üzərində qurmağı qərara alıram. Bunun üçün Eltonun unuda bilmədiyi, xüsusən, son vaxtlarında sıx-sıx xatırladığı Seyiddən daha uyğun variant ola bilməzdi. Elton, adətən, müdafiə elədiyi işlərdən çox danışmazdı. Amma Seyiddən sevgiylə, sevinclə söz açardı və yeganə iş idi ki, təfərrüatınadək nəql edərdi. Halbuki Seyid adi bir sürücü idi. Seyidin Eltonun yaddaşında qalmasının özəl nədəni də vardı. O nədəni irəlidə oxuyacaqsınız…
Eltonun şəxsiyyətinə, vəkil kimliyinə bir də gücün əzdiyi balaca insanın həyat hekayəsindən keçərək baxmaq qərarına gəldim…
***
Dünya xalqlarının mifologiyasını incələyən amerikalı araşdırmaçı, mifoloq Cozef Kempbell “Min üzlü qəhrəman” əsərində bu nəticəyə gəlir ki, bütün miflərdə süjetinstrukturu ümumidir. Araşdırılan miflərdə qəhrəmanlar səyahət edir, yol gedir, eyni sınaqlardan keçirlər. Burada yol təkcə fiziki yox, həm də mənəvi, psixoloji anlamlar daşıyır. Qəhrəman proses zamanı yenilənir, seçimlər edir, bir vəziyyətdən başqa vəziyyətə yol alır. Mənim qəhrəmanımın hekayəsinin əsasında da YOL dayanır. Elton evdən, kabinetdən, qapalı məkandan çox yolda yaşayırdı. Qardaşı Rövşən hələ uşaqlıqdan evdə olmağı, anasına məişət işlərində yardım eləməyi xoşlayırdı. Elton isə əksinə, daim harasa gedirdi… getmək istəyirdi. Sözün bütün mənalarında yol adamı idi Elton. Və bu yol adamı keçmiş SSRİ məkanında yol-nəqliyyat hadisələri üzrə ən yaxşı müstəntiq sayılırdı.
Eltonun müstəntiqlik fəaliyyətini araşdıranda bir neçə maraqlı faktı öyrəndim.
Birinci fakt. 1970-ci illərin sonunadək bütün SSRİ ərazisində yol-nəqliyyat hadisələri üzrə protokollar sərbəst qaydada tərtib olunurmuş. Nazirlikdə işə yenicə başlayan Elton protokol qaydalarının üzərində işləyərək onu konkretləşdirir, təkmilləşdirir. Həmin protokol qaydaları təsdiqlənmək üçün Moskvaya göndərilir. Onun təklifi Moskvada bəyənilir, bütün SSRİ ərazisində 1990-cı illərin əvvəllərinədək o qaydalar tətbiq olunur.
***
Rəhbərlik onun işdən çıxmaq barədə ərizəsinə yalnız bu işi öhdəsinə götürüb-bitirəndən sonra qol çəkəcəyini bildirir. Beləliklə, Aydın Məmmədovun və Dilarə Əliyevanın həlak olduğu avtomobil qəzasının araşdırılması Eltonun müstəntiq kimi son işi olur. O, hadisənin sırf qəza olduğunu sübuta yetirir. İsgəndər Həmidov həmin dönəmdə Eltonu Əbülfəz Elçibəylə də görüşdürür: “Kimsə Eltona irad tuta bilməz ki, o, istintaqı düz aparmayıb. Mən o işin içində idim. İstintaqda heç bir əyinti olmayıb”.
***
Professor Firudin Səməndərov mühazirələrinin birində Elton Quliyevi “yol-nəqliyyat hadisələri ilə bağlı cinayətlərin açılmasının Allahı” adlandırmışdı. Eltonun bu qiymətləndirməyə münasibətinin sizin üçün də maraqlı olacağını güman edirəm…
***
Cürbəcür kədərlər var: qışqırıb-bağıran kədər, insanı biganələşdirən kədər, yoran kədər… Bir də emosiyaları içinə sıxışmış QADIN kədəri: susqun, sirli, sadəcə bədən dilinin anlatdığı kədər. Qadın təbiətinin mahir kino tədqiqatçısı, Pedro Almodovar “Parçalanmış ağuş” dramında susqun qadın hüznünü sıradan məişət situasiyasında, ancaq son dərəcə sarsıdıcı ifadə vasitələriylə təsvir eləyir: qadın mətbəxdə pomidor doğrayır və gözlərindən axan bir damla yaş yanağından süzülərək şirəli pomidor qırmızısına qarışır. Qadının səssizliyi qırmızı rəngin iddialı parlaqlığını solğunlaşdırır, intensivliyini öldürür, onu öz dinməz, kədərli dünyasına təslim eləyir.…
Qapıda bizi Mehparə xanımın susqun, təmkinli kədəri qarşılayır.
***
Qəribədir ki, Elton eyni sözləri Mehparə xanıma da yuxuda deyibmiş: Sağam, buralardayam.
Maraqlı yuxulardan birini Eltonun qohumu, jurnalist Asəf Quliyev danışır…
***
Elə il olmazdı ki, Elton Rasimin ad gününü qeyd eləməsin, ona hədiyyələr almasın. 1991-ci ildə hüquq-mühafizə orqanlarından gedəndən sonra bir müddət işsiz qalır. Oktyabrın 25-i Rasimin ad günündə ancaq peçenye almağa pulu çatır. Uşaq olsa da, Rasim onu anlayır. Və o gün Rasimdən ötrü həyatının ən unudulmaz, ən kövrək doğum günüdür.
***
“Adı yaşıl işıqdır mənim üçün. Nəyi nəzərdə tuturam? Hamı ona hörmət edirdi, buna bir daha atamın mərasimində şahid oldum. Amma heç vaxt istəməmişəm ki, atama görə mənə hörmət etsinlər, indi də istəmirəm. Hər bir insan öz hörmətini özü qazanmalıdır”.
***
Eltonun həyatındakı qəribə təsadüflər bir növ yenilənmək kimi baş verirdi bəzən. Beşinci sinifdə oxuyurdu. Uşaqlarla həyətdə futbol oynayırmışlar. Top yola çıxanda Elton arxasınca qaçır. Bu zaman qarşıdan maşın gəlirmiş. Dəhşətli səs eşidilir, maşın Eltonu vurur, o, güclü təkandan qalxır və zərblə yerə dəyir…
***
Əsgər ölümlərinə etiraz aksiyası reklam anturajını xatırladan brend dükanların, butiklərin fonunda baş verir. Bir də etinasız, soyuq, avtomobildəki rahatlığı həlak olan əsgərlərin hesabına təmin olunan, boyunbağısı parıldayan qadının fonunda…
Əlində portret tutan kişini dinləyərkən o qadının nə düşünə biləcəyini tapmağa çalışıram… İstər-istəməz yenə yadıma sevgili Bunuelin “Azadlıq kabusu” filmindəki stul əvəzi unitazlarda oturub biganəliklə əhalinin çoxalmasından, gün ərzində insanın nə qədər təbii tullantı istehsal etməsindən danışan meşşanlar düşür… Kadr dəyişir. Polis əlində şəhid şəkli tutmuş kişini sürüyür. Naməlumluğa baxan əsgər şəkli asfalta çırpılır…
…Həmin ilin noyabrında səkkiz gəncin məhkəməsi başlayır. Onların müdafiəsinə digər vəkillərlə yanaşı Elton Quliyev də qatılır. O, bu prosesdə Rəşad Həsənovun, Zaur Qurbanlının, Rəşadət Axundovun və İlkin Rüstəmzadənin müdafiəsinə qalxır.
Düz on il əvvəl Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Elton 2003-cü ilin oktyabrında seçkinin nəticələrinə etiraz edən ataları müdafiə eləmişdi. On il sonra isə mübarizəyə qoşulan oğulların yanındaydı…
***
Anlayış bir tərəfə, mərhəmətli olmağı da bacarırdı. 2000-ci illərdə müxalifət partiyalarının üzvlərinin məhkəməsində sədrlik edən hakimin ard-arda bir neçə yaxın qohumu dünyasını dəyişir. Müxalifətçilərin vəkillərindən olan Elton hakimə zərfdə pul verir: “Bilirəm ki, indi çətin vəziyyətdəsən, köməyi olar”. Müqabilində hakimdən heç nə xahiş eləmir, müdafiə elədiyi adamların cəzasını yüngülləşdirməyi belə…
“Onsuz da həyat mürəkkəbdir, onu bir az da mürəkkəbləşdirməyin yeri yoxdur, – deyirdi, – biz çalışırıq sadələşdirək, bunu sadələşdirməyə borclu olanlar onu daha da mürəkkəbləşdirirlər”.
O, doğrudan da, dəyərlərinə uyğun yaşayırdı, mürəkkəb vəziyyətləri sadələşdirərək, çətinlikləri yüngül nəfəsdərməyə çevirərək…
***
Bir dəfə də boşanmaq istəyən gənc qadın Eltona müraciət edir:
– Elton müəllim, necə edək ki, ərim daha böyük məbləğdə aliment ödəsin?
– Onda gərək ərinizi əvvəlcə yaxşı işə düzəldək.
***
…Ancaq asan uşaq olmayıb Elton. Valideynlərini incitməyi, şıltaqlıqları vardı. Hər xörəyi yemirdi, anası bəzən onu zülmlə yedizdirirdi. Birinci sinifə belə əmziklə getmişdi. Ona heç cürə əmziyi tərgitmək olmurdu, həmişə də boynundan asırdı. Valideynləri onun bu inadkarlığını ram edə bilmirdilər…
***
Eltonun konflikti rastlaşdığı ədalətsizliklərdən çox özüyləydi, öz içindəydi. Bəlkə də onun üçün ən çətin döyüş daxilindəki emosionallığını, qəzəbini üzə çıxarmamaqla soyuqqanlılığını itirməmək arasında gedirdi: ədalətsizliyə coşan qəzəbini yenmək, içində qışqıran sözləri boğmaq və ümumi işin faydası naminə susaraq təmkinlə hüquq müstəvisində danışmaq. Təsadüfən demirdi: “Özüm-özümə dözürəm. Yəni artıq özümü öyrəşdirmişəm ki, özümə dözüm, özümün əsəblərimə dözüm, özümü sakitləşdirə bilim”.
***
— Elton Puşkini çox sevərdi. Onu rusca da, azərbaycancada əzbər bilirdi. Mən Puşkini onun dilindən öyrənmişəm, – qardaşı Rövşən, Eltonun Puşkindən sevdiyi şeirlərdən birini söyləyir:
-Я памятник себе воздвиг нерукотворный,
К нему не зарастёт народная тропа,
Вознёсся выше он главою непокорной
Александрийского столпа.
Şeir özüylə gərgin, emosional sükut gətirir. Hamı susur. Hər birimiz sükutun ağırlığından sıxılıb əzilirik. Gərilmiş duyğular altında müsahiblərim, gərginliyi yüngülləşdirmək üçün, deyəsən, Eltonun zarafatlarını, yumorunu xatırlamağa çalışırlar. Birdən gözlərim Rövşənin əlindəki fotoya sataşır. Yadıma düşür ki, bayaq Rasimdən bu fotonu gətirməsini istəmişdim.
***
Hər birimizin ürəyində haqqında danışmaq istəmədiyimiz, kimsənin toxunmasına izn vermədiyimiz intim ərazi mövcuddur. Eltonda o gizli ərazi daha böyük, sərhədləri daha möhkəmiydi. O özünün yalnız bir tərəfini göstərirdi, qəlbini, düşüncələrini tamlıqla anlatmırdı, kiməsə özünü sonadək tanımağa izn vermirdi. Hər sirrini bölüşmürdü. Bölüşəndə də ancaq çox yaxın bildiyi adamlara güvənirdi.
Yeniyetməlik illərindən Eltonla dostluq edən Rəsulun ürəyinin dibində onun çox sirləri yatır: “Elə sirləri var ki, onu özümlə qəbrə aparacağam”.
***
Dostlara elə təmənnasız köməkliklər edirdi ki… Xahişə ehtiyac belə yoxuydu, dərhal anlayardı, duyardı və edərdi. Başqa cür duyarlıydı Elton.
Universitet illərində tələbə yoldaşlarının məişət problemləri çıxanda, bürokratik əngəllərlə rastlaşanda necə olurdusa, nə baş verirdisə, sorunları həll olunurdı. Sanki sehrli bir çubuq əngəlləri aradan qaldırırdı. Sonralar bilmişdilər ki, Elton atasından, onların problemlərinin həlli üçün xahiş edirmiş.
Şaiq rayondan gəlmişdi, kirayədə qalırdı. Necə olmuşdusa – Şaiqin özü də bunu indi dəqiq xatırlaya bilmir – biri-birlərinə mehrlərini salmışdılar. Elton dərsə pencəkdə gələn Şaiqə dəbdə olan, bahalı plaşını vermişdi ki, üşüməsin. Özü isə pencəkdə gəzirdi.
– Bilirsiniz, nə plaş idi… “Tehran 43” filminə baxmısınız? Orada Alen Delonun geyindiyi plaşdan…
***
2001-ci ilin iyununda başlayan məhkəmədə Qarabağ Əlillər Cəmiyyətinin beş üzvü və daha on nəfər keçmiş döyüşçü ictimai qaydanı pozmaqda, hakimiyyət nümayəndələrinin qanuni tələblərinə tabe olmamaqda, hüquq mühafizəçilərinə qarşı zor işlətməkdə ittiham olunur. Elton onlardan üçünün – Gündüz Rəhimovun, Elməddin Səfərovun və “Əlillər” qəzetinin əməkdaşı Rahim Namazovun vəkilliyini öhdəsinə götürür. Məhkəmədə qazilər indi də aktuallığını itirməyən haqlı sual səsləndirirlər: “Niyə erməni qarşısında sınmayanlar ailələri qarşısında sınmalıdır?”
Prokurorun: “Özünüzü təqsirli bilirsiniz?”, – sualına qazilərdən Əlizamin Dərgahovun cavabı adamın canına üşütmə salır: “Bəli, təqsirli sayıram, ona görə ki, əlil olmuşam. Ona görə ki, mən Moskvada “uçilişi” yarımçıq buraxıb Qarabağ uğrunda gedən döyüşlərə atılmışam. Öz səhhətimlə əlaqədər ata-anamı imkansız qoyduğuma görə onların qarşısında təqsirliyəm”.
***
Kitabın son nöqtəsi qoyulanadək tanışlarından, dostlarından Elton haqda maraqlı faktlar eşidirdik. Ona görə, hərdən mənə elə gəlirdi ki, bu kitabı ömrümün axırınadək yazacağam.
Elton həm də bu mənada son deyil…
***
Rasim danışdıqca düşünürəm ki, məsələn, o hakim zəng etməyə də bilərdi. Bir çox hakim onun hüzr mərasiminə getməyə də bilərdi. Amma Eltonun itkisi elə yandırırdı ki, onunla vidalaşmağa mənəvi borc kimi baxırdılar. Elton məhkəmələrdə içlərindəki insana çağırış elədiyi hakimlərin qapatdıqları o insaniliyi həmin anda yoxluğuyla çıxara bilmişdi.
***
Məktəbdə vaxtaşırı bizə vətən haqda inşa yazdırırdılar. “Vətən hardan başlayır!” kimi basmaqəlib suala, adətən, eyni cür cavablar verirdik: sərhəddən, anadan, doğulduğumuz torpaqdan. Ölkədə baş verənlər, yaşadığım təcrübələr önəmli, mühüm bir həqiqəti anlatdı: Vətən – peşəsinə, vicdanına xəyanət eləməyən dürüst, fədakar, üstəlik, dürüstlüyünü və fədakarlığını heç bir halda topluma xatırlatmayan, şüarlaşdırımayan insanlardan başlayır. Vətən onlarla mənalanır, vətən olmaq haqqını qazanır.
Elton kimi…
Elton Vətəndir…
VƏTƏN ELTONDAN BAŞLAYIR…
Sevda Sultanova
cover fotosu: Əziz Kərimov