– Kiçik zabit Prişibeyev! Bu il sentyabrın üçündə siz öz sözləriniz və hərəkətlərinizlə uryadnik Jigini, volost yüzbaşısı Alyapovu, kəndxuda Yefımovu, şahidlərdən İvanovu və Qavrilovu, altı nəfər də kəndlini təhqir etməkdə təqsirləndirilirsiniz. Bunlardan Jigini, Alyapovu və Yefimovu vəzifə başında təhqir etmişsiniz. Özünüzü müqəssir hesab edirsinizmi?
Kiçik zabit Prişibeyev tük basmış üzünü qırışdıraraq və əllərini yanına salaraq şax dayanır, xırıltılı, boğuq səslə, komanda verirmiş kimi, hər kəlməni aydınca söyləyərək cavab verirdi.
– Zati-aliləri, cənab hakim! Lazım gəlir ki, qanunun bütün maddələri nəzərə alınıb tərəflər arasında araşdırılsın. Müqəssir mən deyiləm, onlardır. Bütün bunlar hamısı, Allah ona rəhmət eləsin, bir meyitin üstündə baş vermişdir. Mən bu ayın üçündə arvadımla sakitcəsinə və mərifətlə yol ilə gedirdim. Bir də gördüm ki, çay qırağında bir dəstə adam toplaşıb. Nə haqla camaat buraya toplaşıb? Niyə toplaşıb? Hansı qanunda deyilir ki, adamlar ilxı kimi bir yerdə toplaşsın? “Dağılın!” – deyə çığırdım. Adamları dağıtmağa başladım ki, çıxıb evlərinə getsinlər, yüzbaşıya da əmr etdim ki, onları qovsun…
– Bağışlayın, siz nə uryadniksiniz, nə də kəndxuda… Adamları dağıtmaq sizin vəzifənizdir?
– Onun vəzifəsi deyil! Onun vəzifəsi deyil! – deyə kameranın hər tərəfindən səslər eşidildi.
– Zati-aliləri, onun əlindən göz aça bilmirik! On beş ildir ki, bizi cana gətirib! Hərbi qulluqdan qayıdandan bəri bizi elə incidir ki, adam lap baş götürüb kənddən qaçmaq istəyir. Hamını təngə gətirib!
Şahid kəndxuda dedi:
– Elədir ki var, zati-aliləri! Onunla yola getmək mümkün deyil! Əllərimizdə müqəddəs surətlər gedəndə, ya toyda, ya da hadisə baş verəndə o çığırmağa başlayır, qayda-qanun qoyur. Uşaqların qulağını çəkir, arvadlara göz qoyur ki, bəlkə, bir şey elədilər, elə bil, qayınatalarıdır. Bu günlərdə daxmaları gəzib əmr edib ki, mahnı oxumasınlar və işıq yandırmasınlar. Deyir ki, qanunda nəğmə oxumaq yoxdur.
Hakim dedi:
– Dayanın, siz sonra danışarsınız. İndi qoy Prişibeyev sözünü desin. Prişibeyev, davam edin!
Kiçik zabit xırıltılı bir səslə:
– Baş üstə! – dedi. – Siz, zati-aliləri, buyurursunuz ki, adamları qovmaq mənim vəzifəm deyil… Çox yaxşı… Əgər nizamsızlıq əmələ gəlirsə, onda necə? Camaatın şuluqluq eləməsinə yol vermək olarmı? Hansı qanunda yazılıbdır ki, camaata sərbəstlik verilsin? Mən buna yol verə bilmərəm. Mən onları qovub dağıtmasam, mən tələb etməsəm, bəs kim edəcək? Əsl qayda-qanunu heç kəs bilmir; kənddə bilən təkcə mənəm, zati-aliləri, qara camaatla necə rəftar etməyi, zati-aliləri, mən hər şeyi başa düşə bilirəm. Mən mujik deyiləm, mən kiçik zabitəm, istefaya çıxmış kaptenarmusam1 (Kaptenarmus – hərbi hissələrdə anbar müdiri deməkdir). Varşavada qərargahda xidmət eləmişəm. Sonra isə, ərz olsun ki, oradan çıxandan sonra yanğın dəstəsində işləmişəm. Bundan sonra da canım xəstə olduğu üçün yanğın dəstəsindən çıxmışam, gedib iki il klassik kişi progimnaziyasında qapıçı olmuşam. Bütün qayda- qanunları bilirəm. Mujik isə sadə adamdır, o heç nə başa düşmür və buna görə mənə qulaq asmalıdır, çünki bu, onun öz xeyrinədir. Misal üçün, elə bu işi götürək… Mən camaat dağıdıram, çay qırağında – qum üstündə suda boğulmuş bir adamın meyiti atılıb qalmışdır. Soruşuram ki, hansı əsasa görə meyit burada atılıb qalmışdır? Belə də qayda-qanun olar? Bəs uryadnik nəyə baxır? Ay uryadnik, deyirəm, bəs nə üçün bu barədə yuxarıya xəbər vermirsən? Bəlkə, bu boğulub ölmüş adam özünü suya atb boğub, bəlkə, buradan Sibir qoxusu gəlir… Bəlkə, burada cinayət var, onu öldürüblər… uryadnik Jigin isə mənim sözümə heç əhəmiyyət vermir, dayanıb papiros çəkir. Deyir: “Siz haradan bizə yol göstərən olmusunuz? Bu əmr haradandır? Yoxsa, biz sizsiz nə eləmək lazım gəldiyini bilmirik?..” Mən deyirəm: “Ay axmağın biri, sən ki burada durub heç bir şey eləmirsən, deməli, bilmirsən!” Deyir ki, mən hələ dünən nahiyə pristavına xəbər vermişəm. Soruşuram ki, nə üçün nahiyə pristavına? Qanun məcəlləsinin hansı maddəsinə əsasən? Adam suda batanda, ya boğulanda və bu kimi başqa işlərdə nahiyə pristavına xəbər verirlər? Deyirəm ki, bu, cinayət işidir, mülki işdir… Belə hallarda, deyirəm, cənab müstəntiqə və hakimlərə xəbər göndərmək lazımdır.
Əvvəla, deyirəm, sən akt tərtib edib cənab hakimə göndərməli idin, uryadnik isə mənim sözlərimə qulaq asıb gülürdü. Mujiklər də gülürdülər. Hamı gülürdü, zati-aliləri. Mən and içə bilərəm. Bu da gülürdü. Bax, bu da, Jigin də! Mən də onlara dedim ki, nə dişinizi ağardırsınız? Uryadnik isə gör mənə nə deyir: “Məhkəmə belə işlərə baxmır”. Bu sözləri eşidəndə üstümə, elə bil, qaynar su tökdülər.
Kiçik zabit, uryadnik Jiginə müraciətlə dedi:
– Uryadnik, sən belə demədinmi?
– Elə dedim.
– Hamı eşitdi ki, sən qara camaatın yanında dedin: “Belə işlərə məhkəmə baxmır”. Hamı eşitdi ki, sən bunu… Zati-aliləri, üstümə, elə bil, qaynar su tökdülər, hətta qorxdum da… Dedim ki, filan- filan şüdə, bir də təkrar elə, təkrar elə, görüm nə dedin? O, yenə də həmin sözü dedi… Mən ona yaxınlaşdım. Dedim ki, sən hakim haqqında bu cür sözləri necə deyə bilərsən? Sən polis uryadnikisən, özü də hökumətin əleyhinəsən? Hə? Sən bilirsənmi ki, əgər cənab hakim istəsə, bu sözlərinə, bu nankor hərəkətinə görə quberniya jandarm idarəsinə xəbər verə bilər?! Sən bilirsənmi ki, belə siyasi sözlərə görə cənab hakim səni hara göndərə bilər? Kəndxuda isə deyir: “Hakim öz sərhədindən kənar heç bir iş görə bilməz. O ancaq xırda işlərə baxır”. Lap beləcə də dedi, hamı da eşitdi… Deyirəm: “Sən nə cəsarətlə hökuməti alçaldırsan? Bax, mənimlə zarafat eləmə, yoxsa işin xarab olar”. Varşavada, və ya klassik oğlan progimnaziyasında qapıçı olduğum zaman belə lazımsız sözlər eşidəndə dərhal küçəyə baxırdım ki, görüm jandarma var, ya yoxdur, elə ki gördüm, deyərdim: “Kavaler, bura gəl”. Eşitdiklərimin də hamısını ona xəbər verirdim. Burada isə, kənddə kimə deyəsən?.. Acığım tutdu. İndiki adamların özbaşınalığı və itaətdən çıxması mənə toxundu, əl qaldırdım… Əlbəttə, bərkdən yox, elə-belə, yavaşcadan vurdum ki, zati-aliləriniz haqqında bir də belə sözlər deməyə cürət etməsin… Uryadnik də kəndxudaya havadar çıxdı. Mən uryadnikə də çəkməli oldum… Beləliklə, iş uzandı. Mən qızışdım, zati-aliləri, bir də ki axı döyməmək olmaz. Axmaq adamı döyməsən, sən günah etmiş olarsan. Xüsusilə bir iş üstündə… qayda-qanun üstündə ola…
– Bağışlayın! Qayda-qanuna baxmağa adam var. Bu iş üçün uryadnik var, kəndxuda var, yüzbaşı var…
– Uryadnik hər şeyə göz ola bilməz. Bir də ki uryadnik mən başa düşdüyüm şeyləri anlaya bilməz.
– Bir başa düşün ki, bu, sizin işiniz deyil!
– Nə dediniz? Necə yəni bu mənim işim deyil? Çox qəribədir… Adamlar biabırçılıq eləyəcək, bu da mənim işim olmayacaq? Yoxsa, onlara bir sağ ol da deməliyəm? Budur, onlar sizə şikayət eləyirlər ki, mən mahnı oxumağı qadağan edirəm… Axı mahnıda yaxşı nə var ki? Bir işlə məşğul olmaq əvəzinə, mahnı oxuyurlar… Bir də ki gecələr işıq yandırmağı dəb salıblar. Yıxılıb yatmaq lazımdır, amma onlar oturub laqqırtı vurur, gülüşürlər. Mən bunları qeyd etmişəm!
– Nə qeyd etmisiniz?
– İşıq yandıranların adlarını…
Prişibeyev cibindən yağlı bir kağız çıxartdı, gözlüyünü taxıb oxudu:
– İşıq yandırıb oturan kəndlilər: İvan Proxorov, Sava Nikiforov, Pyotr Petrov. Dul qalmış soldat arvadı Şustrova əxlaqsızlıq edərək və qeyri-qanuni olaraq Semyon Kislovla yaşayır. İqnat Sverçok sehrbazlıq edir, arvadı Mavra da cadugərdir, gecələr gedib başqalarının inəyini sağır.
Hakim:
– Bəsdir! – deyib şahidləri dindirməyə başladı.
Kiçik zabit Prişibeyev gözlüyünü alnına qaldırıb təəccüblə hakimə baxdı: aydın görünürdü ki, hakim onun tərəfində deyil. Onun bərəlmiş gözləri parıldayırdı, burnu qıpqırmızı qızarmışdı. O, hakimə və şahidlərə baxırdı, hakimin nə üçün belə həyəcanlı olmasının, kameranın hər tərəfində adamların nə üçün gah deyindiklərinin, gah da yavaşcadan güldüklərinin səbəbini başa düşə bilmirdi. O, “bir ay həbs cəzası kəsilir” hökmünün səbəbini anlaya bilmədi. Əl-qolunu ata-ata heyrətlə dedi:
– Nə üçün? Hansı qanuna görə?
Ona indi aydın idi ki, dünya dəyişmişdir, yaşamaq daha heç mümkün deyil. Qorxunc, kədərli fikirlər onu bürüyürdü. Lakin kameradan çıxarkən bir yerə yığışıb danışan kəndliləri görən kimi, hələ də tərk edə bilmədiyi əvvəlki adəti üzrə, əllərini yanına salaraq şax dayandı və xırıltılı, acıqlı səslə dedi:
– Camaat, dağılın! Bir yerə yığışmayın! Hər kəs öz evinə!
1885
cover fotosu: moiarussia.ru