Ölkədə yüngül sənayenin inkişafı, korrupsiyaya qarşı mübarizə, dəm qazından boğulmalar bugünkü (06 mart, 2018-ci il) medianın aparıcı mövzularındadır.
Turan İnformasiya Agentliyinin media icmalını təqdim edirik.
“Böyük bəla”- büdcə korrupsiyası yerində…
“Exo” qəzetində isə “Azərbaycanda məişət korrupsiyasının kökü kəsildi, amma büdcə korrupsiyası unuduldu” sərlövhəli məqalə oxumaq olar.
Müəllif ölkədə korrupsiyaya qarşı aparılan mübarizənin səviyyəsini iqtisadçı-ekspert Natiq Cəfərli ilə müzakirə edir: “Azərbaycanda məişət korrupsiyası ilə mübarizə aktivdir, ASAN-xidmətin fəaliyyətilə bu korrupsiya növünün kökü demək olar ki, kəsilib. Amma büdcə korrupsiyası çox yüksək səviyyədə qalmaqda davam edir”. Ekspert korrupsiya və ona qarşı mübarizə sahəsindəki durumu qəzetə belə şərh edir.
N.Cəfərli büdcə, eləcə də bir sıra dövlət qurumlarının xərcləmələrində şəffaflığın olmadığını iddia edir və uzun illərdir ki, davam edən büdcə korrupsiyasını Azərbaycan xalqının əsas bəlası adlandırır:
Bəzi dövlət sektorları var ki, korrupsiya həmişə yüksək səviyyədə olub. Bu hüquq- mühafizə orqanları, məhkəmə sistemidir ki, burada köklü dəyişikliklər edilməlidir. Gömrük, vergi sistemində bəzi müsbət hallar olsa da onların fəaliyyətini tam şəffaf saymaq hələ tezdir.
Ekspert vurğulayır ki, ASAN xidmətin fəaliyyətinə qədər məişət korrupsiyası 500-600 milyon manat idi, bu isə büdcə korrupsiyası ilə müqayisəyə belə gəlməz və Maliyyə Bazarlarına Nəzarət Palatası ölkədə büdcə korrupsiyası olmasını hesabatlarında təsdiq edir, amma bu sahədə əhəmiyyətli irəliləyiş hələ ki yoxdur.
Müəllif vurğulayır ki, “Beynəlxalq Şəffaflıq” təşkilatının hesabatına görə, Azərbaycan korrupsiya səviyyəsi üzrə 2017-ci ildə 180 ölkə arasında 31 balla 122-ci yeri tutub.
Yazı müəllifi deyir ki, “Şəffaflıq-Azərbaycan” təşkilatı son 6 ildə Azərbaycanın bu sahə üzrə reytinqdə 21 pillə irəlilədiyini, 2017-ci ildən iqtisadi və dövlət xidməti sahəsindəki islahatların buna müsbət təsir göstərdiyini bildirir.
Müəllif vurğulayır ki, təşkilat bu sahədə tədbirlərin miqyasının daha da genişləndirilməsini təklif edir və “Milli korrupsiyanın barometri” adlı hesabat hazırladığını nəzərə çatdırır.
Yazı müəllifi deyir ki, təşkilatın ölkədə korrupsiyanın səviyyəsi ilə bağlı keçirdyi sorğuda əksəriyyət bu hala qarşı uğurlu mübarizənin aparıldığını deyiblər.
Eyni zamanda rəyi soruşulanlar korrupsiyaya qarşı mübarizədə daha səmərəli nəticələrə malik ola bilmək üçün ASAN-xidmətin fəaliyyət sahələrinin genişləndirilməsi, cəzaların sərtləşdirilməsi, maarifləndirmənin artırılması, kadr islahatlarının aparılması, vəzifəli şəxslərin gəlirlərinin cəmiyyətə açıqlanması kimi tədbirlərin tətbiqini zəruri sayıblar.
Regionun yüngül sənaye mərkəzi
“Azərbaycan” qəzeti “Regionun yüngül sənaye mərkəzi yaradılır” sərlövhəli məqalədə ölkədə pambıq istehsalının artması və bunun yüngül sənayenin inkişafına əsas olmasını dəyərləndirir.
Müəllif 2017-ci ildə ölkədə 207 min 395 ton pambıq toplandığını, “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”na əsasən 2022-ci ilədək xam pambıq istehsalının 500 min tona çatdırılmasının hədəfləndiyini bildiririr.
Yazı müəllifi pambıq istehsalı artımının yeni istehsal və emal sahələrinin yaradılmasını gündəmə gətirdiyini və hazırda ölkədə illik istehsal gücü 24,6 min ton olan 6 iplik fabrikinin fəaliyyət göstərdiyini deyir:
Bu günlərdə Mingəçevir Sənaye Parkında daha iki iplik istehsalı fabrikinin açılışı olub. Bu fabriklər parkın ərazisində 14,5 hektar sahədə yaradılan “Mingəçevir Tekstil” Məhdud Məsuliyyətli Cəmiyyətin müəssisələridir. Yeni fabriklərdə pambıq mahlıcından ildə 20 min ton müxtəlif iplik istehsalı nəzərdə tutulur. Beləliklə, Mingəçevirdə işə başlayan iki fabriklə birlikdə ölkədə iplik müəssisələrinin sayı 8-ə çatıb.
Müəllif bu ipliklərin müxtəlif geyimlər hazırlamağa imkan verdiyini, hazır məhsulun ixracının isə Azərbaycana əlavə valyuta qazandıracağını, sənaye sahəsində idxaldan asılılığın azalacağını, milli tekstil brendlərinin hər yerdə tanınacağını vurğulayır.
İplik istehsalının gələcəkdə sənaye parkında digər sənaye məhsullarının istehsalında istifadə olunacağını deyən müəllif bunu qeyri-neft sektorunun daha da inkişafı və şaxələndirilməsi adlandırır, iki fabrikin işə düşməsinin 700 nəfərin məşğulluq problemini həll edəcəyini söyləyir.
Müəllif vurğulayır ki, Mingəçevir Sənaye Parkının təməli 2016-cı ilin sentyabr ayında qoyulub, parkda yüngül sənaye məhsulları, o cümlədən iplik, boyama, toxuma, tikiş, corab, ayaqqabı və tibbi kosmetika istehsalı üzrə 9 fabrik yaradılacaq.
Müəllifə görə, yeni müəssisələrin fəaliyyəti ilə Mingəçevir Sənaye Parkı Cənubi Qafqazın ən böyük yüngül sənaye parkına çevriləcək.
Yazı müəllifi hazırda ölkənin bir sıra şəhər və rayonlarında sənaye parkları və məhəllələrinin fəaliyyət göstərdiyini, ən böyüyünün Sumqayıt Sənaye Parkı olduğunu, parka 2,7 milyard dollar investisiya yönəldildiyini deyir, ölkənin müxtəlif bölgələrində sənaye parkları, məhəllələri yaradıldığını xatırladır.
Günahkar təkcə “dəm qazı”dır?
“Novoye Vremya” qəzetində isə “Qaz öldürməkdə davam edir” sərlövhəli məqalə oxumaq olar.
Müəllif dəm qazının vətəndaşları öldürməkdə davam etməsini, bunun səbəblərini araşdırmağa çalışır.
Yazı müəllifi martın 4-də Sumqayıtın 5-ci məhəlləsinin 1811 saylı binasının zirzəmisindən yaşayış evi kimi istifadə edən 3-ü uşaq olmaqla 6 nəfərlik ailənin dəm qazından boğularaq həlak olduqlarını xatırladır.
Müəllif yada salır ki, bu, ilk və ya son hadisə deyil, bu günlərdə dəm qazı “Femida 007” saytının redaktoru və hüquqşünas Əyyub Kərimovun ömrünə son qoyub, bütün qış fəsli ərazində “sakit qatil” 40 zəhərlənməyə səbəb olub.
Bu hadisələrdə müəllif diqqəti belə bir məqam üzərinə fokslayır ki, məişət qazından zəhərlənmələr artdıqca dövlət qurumları “nə edək?” mənasında çiyinlərini çəkirlər:
Təbii ki, burada dövlət qurumlarının da, sayıqlığı itirən vətəndaşların da təqsiri var. Məsələn, martın 4-də Sumqayıtdakı faciənin qurbanları olan ailənin zirzəmidə yaşamalarına görə kim məsuliyyət daşıyır? Məlum olur ki, bu şəxslər Füzuli rayonundan qaçqın düşənlərdir. Bəs qaçqınkom hara baxırdı, əgər mənzillərdə texniki təhlükəsizliyə əməl edilmirsə, zirzəmilər haqda nə danışmaq olar?
Müəllifə görə, hakimiyyətin müəyyən səbəblərdən qaçqın və məcburi köçkünlərin hamısını evlə təmin edə bilmədiyi aydındır, amma belə zirzəmilərdə yaşamaq növbəti faciələrə açılan birbaşa yoldur.
Müəllif hesab edir ki, dəm qazından boğulmaların ilbəil artması şübhəsizdir, bu “fövqəaldə hallar”ın səbəbi öz vəzifələrinə məsuliyyətsiz, səhlənkar yanaşan məmurların fəaliyyətidir: “Paytaxtın bir çox rayonlarında artıq qaz cihazlarının yoxlanılması tədbirlərini unudublar, digər tərəfdən, vətəndaşlar özləri də təhlükəsizlik qaydalarına əməl etmirlər, ildə bir dəfə təmizlənməsi məcburi olan bacaları təmizləmirlər.
Yazı müəllifi deyir ki, mənzillərdə istilik sisteminin olmaması səbəbindən çoxlarının mənzilləri qazla qızdırmağa vadar olması, qaz verilməsində fasilələrin yaranması vətəndaşın həyatına birbaşa təhlükədir: “Digər tərəfdən, “mavi yanacaq”ın aşağı keyfiyyətli olması da zəhərlənmələrin mənbələrindən biridir.
Evlərə aşağı keyfiyyətli qaz verilməsini isə “Azəriqaz” məmurları da etiraf edirlər. Amma belə zəhərlənmələr baş verən zaman qazın keyfiyyətini yoxlamırlar”.
Müəllif yada salır ki, bu günlərdə Energetika Nazirliyi nəzdində məişət qazının keyfiyyətinin yoxlanılması laboratoriyası yaradılıb və ümid etmək istəyir ki, bu qurum keyfiyyətsiz qazdan zəhərlənmələri aradan qaldıra biləcək.
Yazı müəllifi vurğulayır ki, haqqında danışılan Sumqayıt faciəsindən hamı nəticə çıxarmalıdır.