Bazar ertəsi, 23 İyun 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Azərbaycan teatrının ilk ili necə keçib?

10 Mart 2019
A A
Azərbaycan teatrının ilk ili necə keçib?

“Kafkaz” qəzetinin 1873-cü il 25 mart tarixli sayında yazıldığına görə, Novruz bayramı münasibətilə “Nəciblər klubu” binasında şəhərin azərbaycanlı ziyalıları teatr tamaşası oynayıblar. Oynanılan tamaşa Mirzə Fətəli Axundzadənin “Lənkəran xanının vəziri” komediyasının bir neçə hissəsi olub. Nəcəf bəy Vəzirovun təşəbbüsü və iştirakı ilə baş tutan bu tamaşa peşəkar teatrın əsası sayılır.


Həmin dövr Azərbaycanda teatrı yaratmaq istəyən ziyalılar üçün xeyli çətin olub.

Hələ teatr yaranmadan əvvəl də kütləvi seyretmə sarayları olub. Hətta 1848-ci ildə Şuşada, 1858-ci ildə isə Şamaxıda oyunlar göstərmək, mərasim və yığıncaqlar keçirmək üçün memarlıq abidələri olan binalar tikilib. O dövrün mətbuatının yazdığına görə, həmin binaların yaraşıqlı lojaları, geniş salonları, əlvan tərtibatlı səhnələri olub.

Amma peşəkar teatrın yaradılması, tamaşanın hazırlanması, məşqlər və nümayiş üçün məkanlar, dekorasiya, aktyorların geyimi, qrimi, bilet satışı, maddi çətinliklər və s. şeylərin öhdəsindən gəlmək o qədər də asan olmayıb.

İlk tamaşanın nümayişi

1850-1856-cı illərdə artıq Mirzə Fətəli Axundov pyeslər yazsa da onların tamaşaya qoyulmağı üçün 20 ildən çox vaxt lazım oldu. Əbdürrəhim bəy Haqverdiyev “Azərbaycanda teatr” məqaləsində yazır ki, Bakıda 1873-cü il tamaşasına gələnlər yalnız məmurlar və bir оvuc Azərbaycan məmur ziyalıları idi.

İlk tamaşanın afişası

Həmin ərəfədə tamaşanın göstərilməsinin təşəbbüskarı Nəcəf bəy Vəzirov Bakı Real Məktəbinin son sinfində oxuyurdu. Onun müəllimi, Həsən bəy Zərdabi isə məşqlərdə pedaqoq kimi, nəzarətçi sifətilə iştirak edirdi və hazırlıq prosesinə məsuliyyəti öz öhdəsinə götürmüşdü.

İlk tamaşanın afişasında əsərin adı “Sərgüzəşti-vəziri-xani Sərab” yazılıb. Tamaşada əsas rolları isə Bakı Real Məktəbinin şagirdləri Əlyar (Lənkəran xanının vəziri), Səməd (vəzir Mirzə Həbib), Nəcəf (Ziba xanım), Əsgər (Nisə xanım) oynayıblar.
İlk tamaşa – “Lənkəran xanının vəziri”indən cəmi 150 manat pul yığılıb. Həmin pul da xeyriyyə məqsədilə yoxsul şagirdlərə paylanıb.

Teatrın yarandığı ilk illərdə təkcə texniki baxımdan çətinlik olmayıb, ən böyük maneələrdən biri mühafizəkarların çoxluq təşkil etdiyi əhalinin teatra mənfi münasibəti idi.

Əbdürrəhim bəy Haqverdiyev deyir ki, İlk dəfə meydana çıxarkən bu pyeslər bоmba partlayışı təsiri bağışladı:

Ruhanilər vahid bir cəbhə tutaraq Axundоv kоmediyalarına qarşı cahad elan etdilər. Pyesdən bir nüsxə almaq və оnu yandırmaq savab iş hesab edilirdi. Şahidlər danışırlar ki, Gəncənin şəhər meydanında nəhəng bir tоnqal qalanmışdı, burada Axundоvun pyesləri təntənəli bir surətdə yandırılırdı. Ruhaniliyin təsiri altında оlan Azərbaycan əhalisinin düşmən münasibəti ucbatından Azərbaycan pyeslərinin kütləvi tamaşasını təşkil etmək nəinki çətin, hətta qоrxulu idi.

Teatrın yaranmağa başladığı ilk illərdə ziyalıların yaşadıqları çətinliklər sırasında teatr binası məsələsi də var idi. Aktyorlar məcbur qalıb səhnəsi, dekoru olmayan klublarda tamaşa göstərirdilər. Bakıda vəziyyət nisbətən asan olub, amma ümumilikdə aktyorlar, teatr yaratmaq həvəsində olan insanlar uzun müddət bina baxımından əziyyət çəkiblər.

Tamaşa üçün məşqlərə də kifayət qədər vaxt ayırmaq imkanı olmurdu. Rol bölünüb, 1-2 gün ötəri məşq ediləndən sonra oynanılırdı. Sözləri səhnədə suflyor deyir və ifaçılar təkrarlayırdılar. Tamaşalar, əsasən, Novruz, Orucluq, Qurban bayramlarında, ayrı-ayrı məktəblərin müxtəlif mərasimlərində oynanılırdı.

Teatr binasının kirayəsi

Tamaşalar üçün bina tapmaq, onu nisbətən ucuz qiymətə kirayələmək lazım idi ki, buna da nail olmaq çətin idi. Məsələn, Naxçıvan şəhərində ilk tamaşa Hacı Nəcəf Zeynalovun evinin böyük salonunda göstərilib. Azərbaycanca tamaşalar İrəvanda müxtəlif varlıların evlərində, Təbrizdə adi binada oynanılıb. Azərbaycanın böyük şəhərlərində iyirminci əsrin əvvəllərində xüsusi “Cəmiyyət yığnağı” binaları tikilmişdi və el arasında, mətbuatda “Obşestvennoye sobraniye” adlanan həmin mədəniyyət mərkəzləri tamaşalar oynamaq üçün ən münasib yerlər idi.

Tağıyev teatrı – XX əsrin əvvəlləri

Tamaşa üçün bina almaq çоx çətin idi: rus antreprenyоrları teatr binasını Azərbaycan tamaşaları üçün çоx könülsüz verirdilər və əgər razılıq verirdilərsə də, çоx yüksək qiymət (gecəsi 300 manata qədər) qоyurdular. Sonralar, yəni 1883-cü ildə milyonçu Hacı Zeynəlabdin Tağıyev özünün taxıl anbarının üstündə Bakıda ilk dəfə teatr binası tikdirsə də onu 1918-ci ilə qədər rus əsilli Polonski idarə edib. Həmin bina yalnız cümə günləri, ayda ümumilikdə 1-2, ən çoxu isə 4 dəfə azərbaycanlı teatr truppalarına verilib. Həftənin qalan 6 günü isə həmin teatrda rusdilli tamaşalar göstərilib. Həmin teatr binası o vaxt “Tağıyev teatrı”, yaxud da “Şəhər teatrı” kimi tanınırdı.

Daha sonra digər milyonçu Musa Nağıyev də 1890-cı ildə teatr binası tikdirir. Bu binanı isə azərbaycanlı teatr truppaları daha ucuz qiymətə kirayələyə bilirdi.

Dekorasiya, qrim, aktyorların geyimi və musiqi

Həmin illərdə aktyorlar, həvəskarlar üçün çətinlik o qədər çox idi ki, tamaşanı göstərməyə yer tapanda belə dekorasiya, qrim və aktyorlar üçün geyim problemi ortaya çıxırdı.

Klublarda, müxtəlif cəmiyyət yığnaqlarında oynanılan tamaşalarda bir-iki detal bütün tərtibatı əvəz edirdi. Həmin detallar da ən müxtəlif əsərlərdə təkrar-təkrar istifadə edilirdi. Dekorlar müxtəlif otaqlardan ibarət idi və hər tamaşa üçün yalnız bircə otağı kirayələmək mümkün idi. İllərlə işləndiyinə görə sökülüb-dağılan dekorlar da əsasən rus yox, azərbaycanlı teatr dəstələrinə verilirdi.

Məsələn, Tağıyevin tikdirdiyi teatrın icarədarı Polonski uzun müddət azərbaycanlı aktyorlara ancaq bir otaq-dekorasiya ayrılmasına icazə verib. Buna görə də həm Mirzə Fətəli Axundzadənin “Hacı Qara”, həm Nəcəf bəy Vəzirovun “Müsibəti-Fəxrəddin”, həm Əbdürrəhim bəy Haqverdiyevin “Ağa Məhəmməd şah Qacar”, həm də Vilyam Şekspirin “Otello”, həm Jan Batist Molyerin “Zorən təbib”, həm Nikolay Qoqolun “Müfəttiş” əsərlərinin tamaşalarında hadisələr eyni otaqda vaqe olurdu. Polonskinin özünün rus truppası isə bu teatrda həftədə 5-6 tamaşa göstərirdi.

Həbib bəy Mahmudbəyovun rəhbərlik etdiyi həvəskar truppa

Aktyorların obraza uyğun qrimlənməsi, parik, saqqal və s. kimi şeylərin təşkili də çətin idi. Teatrda bərbərlər yox idi, kimsə bərbərlik etsə də onların qrimdən başı çıxmırdı. Ona görə də əksər hallarda aktyorlar pariksiz oynayırdı, bığ və saqqal lazım olanda isə bunu qoyun yunundan hazırlayırdılar. Ən əsas məsələ isə qadın obrazlar üçün paltar tapmaq idi. Məlumdur ki, ilk illərdə səhnədə qadın rollarını kişi aktyorlar ifa edirdilər və səhnə üçün qadın paltarı borc almağı heç kəs boynuna götürmürdü. Ona görə də bu paltar üçün adətən fahişəxanalara gedirdilər.

Bölgələrlə müqayisədə Bakıda dekor və lazımi aksessuarları tapmaq daha asan idi. Amma tamaşa üçün paltar problemi bütün Azərbaycanda eyni idi.

Peşəkar teatrın formalaşmasından sonra təxminən 50 il ərzində tamaşalarda bədii musiqi tərtibatı anlayışı olmayıb. Teatrın təkmilləşməsi prosesi yavaş-yavaş gedib, müxtəlif səhnə vərdişləri formalaşdıqca əvvəllər Tiflisdə, sonralar Bakıda, İrəvanda, Şuşada həvəskar aktyorların oynadıqları tamaşaların fasilələrində məşhur xanəndələr muğam dəsgahları oxuyurdular. Bəzən də aşıqlar və sazəndə dəstələri pərdəarası müddətlərdə xüsusi proqramlarla çıxış edirdilər.

Bilet satışı və tamaşalardan əldə olunan gəlirlər

Azərbaycanda teatrı yaratmaq istəyənlər üçün hər tamaşanın hazırlanması silsilə şəkildə çətinlikləri geridə qoymaqdan ibarət idi. Tamaşalar üçün teatr binası, dekorasiya, qrim, geyim kimi çətinlikləri geridə qoyandan sonra növbəti mərhələ bilet satışı idi. Əhali teatrın kassasından bilet almırdı, ona görə də yerli məktəblərin şagirdləri həmin biletləri bazarda satırdılar. Onda da çox vaxt satıcılar həmin şagirdlərlə ədəbsiz rəftar edirdilər.

Tamaşalardan əldə olunan gəlir isə xeyriyyə işlərinə sərf olunurdu. Əsasən də kasıb uşaqların oxutdurulmasına.

Əlavə çətinliklər

Gövhər Qazıyeva

Yazının əvvəlində də qeyd olunduğu kimi teatrın ərsəyə gəlməsini, inkişafını ləngidən bütün texniki və maddi çətinliklərdən əlavə olaraq mühafizəkar kəsimin təzyiqi var idi. Ruhani təbəqə bəzən ya bütövlükdə hansısa tamaşaya, ya da tamaşadakı hansısa detala etiraz edirdi.

Bu vəziyyətə görə 1890-cı illərin sonlarına qədər kişilər səhnədə qadın obrazları canlandırmağa davam etməli oldular. Yalnız 1890-cı illərin sonlarından etibarən azərbaycanca bilən rus, ya da erməni qadınlar qadın obrazlarını canlandırmağa başladılar. Azərbaycanlı aktrisa isə səhnəyə ilk dəfə 1906-cı ildə çıxıb. “Göyərçin” adı ilə tanınan Gövhər Qazıyevanın ilk rolu Nəcəf bəy Vərizovun “Müsibəti-Fəxrəddin” əsərinin tamaşasında olub. Tamaşa Tiflis Zadəgan Teatrında səhnəyə qoyulub. Tamaşa göstərən həvəskarların da vəziyyəti pis idi. Həvəskarların əksəriyyəti pulsuz oynayırdılar. Amma həm də küçədə, bazarda çoxlu nalayiq sözlər eşitməli olurdular.

Şuşadakı həvəskarların vəziyyəti isə daha da pis idi. Belə ki, 1892-ci ildə iki qastrolçu – Safrazyanların iştirakı ilə bu şəhərdə Azərbaycan tamaşası təşkil olunur. Bu zaman qumar səhnəsində hadisələrin gedişində mübahisə yaranır və qumar oynayanlardan biri özünün haqlı olduğunu sübut etmək üçün imamlardan birinə and içir. Həmin an zaldakı fanatiklər əllərində tapança və xəncərlə səhnə arxasına – kənd müəllimlərindən ibarət olan artistlərə hücum edirlər. Nəticədə tamaşa pozulur və aktyorlar qrim və səhnə paltarında küçəyə qaçır, sonra da hərəsi bir kənddə gizlənməli olur. Buna baxmayaraq pyes müəllifi və kənd müəllimlərinin təqibi bir neçə gün davam edir. Yalnız pyes müəllifi mollanı pyesin əlyazmasında elə mətn yazılmadığına inandırandan sonra təqib dayanır. Bu hadisədən sonra isə Şuşa həvəskarları 1899-cu ilə qədər tamaşaya göstərməyə cürət etmirlər.

Yazıda istifadə olunan mənbələr:
İlham Rəhimli – “Azərbaycan teatr tarixi” (dərslik)
Əbdürrəhim bəy Haqverdiyev – “Azərbaycanda teatr” məqaləsi
İlham Rəhimlinin müsahibəsi
Sevda İsmayıllı – “İlk tamaşa belə baş tutdu”
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025
Bəylər Eyyubovun qardaşının 4 ölkədə 60 milyonluq mülkləri və biznes fəaliyyəti – ARAŞDIRMA
Araşdırma

Bəylər Eyyubovun qardaşının 4 ölkədə 60 milyonluq mülkləri və biznes fəaliyyəti – ARAŞDIRMA

10 Mart 2025
Frank Peloniyə qarşı aksiya keçirən QHT-lər Azərbaycan hökumətindən 3 il ərzində 124 min manatdan çox qrant alıblar
Detallı

Frank Peloniyə qarşı aksiya keçirən QHT-lər Azərbaycan hökumətindən 3 il ərzində 124 min manatdan çox qrant alıblar

18 Noyabr 2024
Azərbaycan hökumətinin yeni propaqanda maşını: ANEWZ – 11 milyon manata yaranan televiziya
Detallı

Azərbaycan hökumətinin yeni propaqanda maşını: ANEWZ – 11 milyon manata yaranan televiziya

12 Noyabr 2024
Dövlət büdcəsi hesabına “SeaBreeze” üçün 4 milyon 700 min manata yol çəkilib
Detallı

Dövlət büdcəsi hesabına “SeaBreeze” üçün 4 milyon 700 min manata yol çəkilib

11 Noyabr 2024

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia