Daim tərif və təlqin etdiyiniz bu mədəni Avropada gör nə nümayiş etdirirsiniz? – Opponentlərin ünvanına söyüş və təhqirlər yağdırmaq, dövlət simvollarını aşağılamaq, siyasi rəqibləri mənəvi və fiziki təhqirlərə məruz qoymaq, mənəviyyatsız söyüş və çağırışlar etmək…
Bu sözləri öz facebook səhifəsində prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov yazıb. Əli Həsənovun yazdığı statusdan maraqlı hesab etdiyimiz 7 fikri təqdim edirik:
1 Müsəlman Şərqi və Şərqi Avropada qadınlara ilk dəfə bərabər hüquqları tanıyan, Şərqdə ilk əlifba və dil islahatı aparan, seçki sistemini liberallaşdıran, ilk yeni teatr və müasir musiqi ənənəsi yaradan və digər ilklərə imza atmış ölkə və etnos olmağımızla necə fəxr etməyək?!..
2 Məsələn, Əlimərdan bəy Topçubaşov Azərbaycan Cümhuriyyətinin süqutundan keçən illər ərzində çəkdiyi məşəqqətlərə, düçar olduğu çətinliklərə, düşdüyü maddi sıxıntılara baxmayaraq cəmi 23 ay yaşamış AXC-yə sədaqətini ömrünün sonunadək qoruyub saxlamışdır. Hərçənd şirnikləndirici təkliflər yetərincə idi. Hələ XX əsrin əvvəllərində qonşu ölkələrdən biri ona hüquqi təhsilinə uyğun olaraq ən yüksək post- nazir postu da təklifi etmişdi.
3 Bu və ya digər səbəblərdən Vətəndən uzaq düşmüş çoxsaylı həmvətənlərimizin əksəriyyəti keçmiş illərdə və günümüzdə bəhs olunan müsbət ənənəni yaşatsa da, təəssüf ki, heç də hamı haqqında eyni fikirləri söyləmək mümkün deyil. Bəzən bu və ya digər yüksək postu tutmaq müqabilində deyil, sadəcə “komfortlu iaşə obyektindən istifadə imkanı” qazandığına görə milli ideallarımıza xəyanət yolu tutan və milli maraqlarımıza qarşı çıxanlar da tapılır…
4 Daha komfortlu iaşə obyektlərindən istifadəni reklam etmək, bu və ya digər kuluarlarda, kulislərdə görünmək, doğrudanmı, insanları Qərb dəyərlərinin, liberalizmin, müasirliyin simvoluna çevirir?
Özünü Qərb dəyərlərinin daşıyıcı olduğuna inandırmaq milli idealları, dəyərləri, dövlətçiliyi, milli savaşı inkar etməyə əsas verirmi? Komfortlu iaşə obyektlərinin üzərinə şüarlar yazıb, şəkil yapışdırmaq, sosial şəbəkələrin verdiyi imkanlardan sui-istifadə insanı azadlıq mücahidinə çevirirmi?..
5 Neçə illərdir Avropada yaşayırsınız və yaşadığınız ölkələrdə əxz etməyə çoxsaylı müsbət nümunələr var: vətənpərvərlik nümunəsi, vətəni və xalqı sevmək və təmsil etmək nümunəsi, dinc siyasi mübarizə nümunəsi, həqiqi ictimai fəallıq və s. Amma siz daim tərif və təlqin etdiyiniz bu mədəni Avropada gör nə nümayiş etdirirsiniz?- Opponentlərin ünvanına söyüş və təhqirlər yağdırmaq, dövlət simvollarını aşağılamaq, siyasi rəqibləri mənəvi və fiziki təhqirlərə məruz qoymaq, mənəviyyatsız söyüş və çağırışlar etmək…
6 Bu gün İlham Əliyevin təmsil etdiyi hakimiyyətə qarşı opponentlik edənlər öz mübarizələrini sərbəst formada Azərbaycanda – yerli informasiya resurslarında, sanksiyalaşdırılmış aksiyalarda, parlament tribunalarında aparırlar. O mübarizənin sərtliyi heç də iaşə müxalifətçiliyindən daha aşağı tonda deyil. Amma buna görə kimsə təqib olunmur, 25 illik müxalifət yenə də öz ampluasındadır və yoluna davam edir.
7 Təəssüf ki, xaricdə yaşayan bəzi azərbaycanlılar bu gün bizim mili davanın sıra əsgərləri deyil, düşmənlərimizin sırasında və ön cərgəsində dayanıblar. Onların Azərbaycan dövlətinə qarşı aksiyaları belə sinxrondur – eynilə bu gün ABŞ-da iaşə müxalifəti və separatçı qurumun planlaşdırdığı aksiyalar kimi. Vətənpərvərlik duyğusunu, Vətən əxlaqını itirmək böyük faciədir. Bu, sadəcə bir fərdin və onun mənsub olduğu ailənin problemi deyil, belələri anti-Azərbaycan dairələrin əlində alətə çevrildikləri üçün bütün xalqımızın problemidir. Bu problemin çözümü ilə ilk növbədə ailələr və xaricdə yaşayan, Vətən əxlaqını qoruyan, Cümhuriyyətin qurucularının mühacir irsinin mənəvi varisi deyə biləcəyimiz diaspor nümayəndələrimiz məşğul olmalıdır…
Bütün statusu oxumaq istəsəniz:
https://www.facebook.com/permalink.php?story_fbid=1812770045433772&id=280972885280170