Bakıda “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda VI Qlobal Bakı Forumu işə başlayıb. Forumda dünyanın bir çox ölkəsinin rəsmiləri iştirak edir. Azərbaycan prezidenti İlham Əliyevin forumun açılışındakı nitqindən çıxarışları təqdim edirik.
Bütün dinlərin və etnik qrupların nümayəndələri Azərbaycanda bir ailə kimi sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Hesab edirəm ki, bu, indiki dünyada böyük zənginlikdir. Biz, həmçinin öz təcrübəmizi bölüşmək istərdik. Fikrimcə, müasir Azərbaycanın bugünkü inkişafı bunun yeganə düzgün siyasət olduğunu göstərir.
İqtisadi və sosial inkişafımız rəqəmlərdə, vətəndaşlarımızın bugünkü həyat tərzində, şəhərlərimizin simasında əks olunur. Biz insan kapitalına böyük həcmdə sərmayə yatırmışıq.
Hazırda Azərbaycan yoxsulluğun və işsizliyin səviyyəsinin az olmasına görə dünyada ən öncül ölkələr sırasındadır.
Son 15 il ərzində iqtisadi artım üç dəfədən çox olub. Dəqiq desək, iqtisadiyyat 3,2 dəfə artıb. Fikrimcə, bu, bir növ dünya rekordudur.
Bu gün Azərbaycan nefti bəzi Avropa dövlətlərinin enerji balansının 40 faizini təşkil edir və Azərbaycanın təbii qazı da Avropa ölkələrinin enerji təhlükəsizliyini gücləndirəcək.
Bir daha qeyd edirəm ki, bizim siyasətimiz əməkdaşlığa, dostluğa və tərəfdaşlığa nail olunmasına yönəlib. Dediyim kimi, müasir Azərbaycanın nailiyyətləri sübut edir ki, biz düzgün yoldayıq.
Hesab edirəm ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları müasir Azərbaycanın inkişafının şahidi ola bilsəydilər, bizimlə fəxr edərdilər. Biz isə onlarla fəxr edirik və həm özümüzə, həm də dünyaya nümayiş etdiririk ki, insanlar yalnız müstəqillik dövründə, öz taleyinin sahibi olanda uğura nail olurlar.